Etiket arxivi: Monoqrafiya

GÜL ƏTİRLİ KİTAB

Əvvəli burada: >>> GÜL ƏTİRLİ KİTAB – BAYATILAR

GÜL ƏTİRLİ KİTAB

(Qəndabın “Ətirli güllər”i haqqında)

ÜÇÜNCÜ YAZI – ŞEİRLƏR

Salam olsun, çox dəyərli oxucum! Söhbətimiz qaldığımız yerdən davam edəcək.

Tanınmış alim-şair Qəndab xanımın şeirləri çağdaş Azərbaycan poeziyasının həm düşüncə, həm də duyğu qatlarını eyni anda hərəkətə gətirən, publisistik tutumu güclü olan poetik nümunələrdir. Onun şeirləri zahirən fərdi bir “mən”in daxili halını ifadə etsə də, əslində müasir insanın, xüsusilə də zamanla üz-üzə qalan ziyalının (nəcib xanımın) psixoloji, mənəvi və intellektual durumunu ümumiləşdirir.

“Hər yer başqa, Vətən başqa!”

Bəşər övladının mənəvi yaddaşında Vətən anlayışı hər zaman xüsusi, toxunulmaz bir mövqedə dayanıb. Bu anlayış təkcə coğrafi məkan deyil, ana südü kimi halal, ilk söz kimi müqəddəs, məzar daşı kimi əbədi bir dəyərdir. Tanınmış şair və alim Qəndab xanımın “Hər yer başqa, Vətən başqa!” adlı şeiri məhz bu ali dəyərin poetik-fəlsəfi təcəssümüdür.

Şairin şeirə başlıq formasında təqdim etdiyi bu fikir oxucunu qəti bir həqiqətlə üz-üzə qoyur:
“Hər yer başqa, Vətən başqa!”
Şair bu ifadə ilə dünyanın nə qədər rəngarəng, cazibədar olmasına baxmayaraq, Vətənin yeri heç nə ilə əvəz olunmayan mənəvi zirvə olduğunu vurğulayır.

Qəndab Vətəni ulduzla, işıqla, yol göstərən mənəvi mayakla eyniləşdirir:

“Göylərində ulduz olan,
Yollarıma işıq salan…”

Burada Vətən insan taleyinin istiqamətverici qüvvəsi kimi təqdim olunur. O, insanı həm fiziki, həm də mənəvi zülmətdən çıxaran işıqdır. Şair üçün Vətən – bu dünyadan insana qalan ən qiymətli mirasdır, “cananın gözü”, yəni sevgilinin baxışı qədər əzizdir.

Şeirin ən təsirli qatlarından biri Vətən–Ana obrazıdır:

“İlk dil açıb söylədiyim,
O ANA sözüdür VƏTƏN!”

Bu misralar Vətənin ana ilə eyniləşdirildiyi klassik, lakin heç vaxt köhnəlməyən milli düşüncə modelini əks etdirir. Burada Vətən bioloji yox, mənəvi ana kimi təqdim olunur. İnsan dil açanda ilk dəfə “ana” dediyi kimi, Vətəni də şüurunun ən ilkin, ən saf qatında daşıyır.

Qəndabın poetik dünyasında Vətən həm həyatın başlanğıcı, həm də son nöqtəsidir. Qəbir daşı obrazı bu mənada xüsusi simvolik yük daşıyır:

“Qəbir daşım ağac ola,
Çiçək aça, bir gün sola…”

Bu misralar Vətənin insan ömrünü doğumdan ölümə qədər əhatə etdiyini göstərir. Ölüm belə Vətəndə bir gözəlliyə çevrilir; qəbir daşı ağac olur, çiçək açır. Bu, torpaqla insan arasında müqəddəs bir dövriyyənin poetik ifadəsidir.

Şair Vətəni körpənin üzündəki təbəssümə, saflığa, gələcəyə bağlayır. Körpə obrazı Vətənin sabahı, davamı və ümididir. Bu yanaşma Qəndabın Vətəni yalnız keçmişin xatirəsi kimi deyil, gələcəyin məsuliyyəti kimi də dərk etdiyini göstərir.

Şeirin digər qatında Vətən artıq passiv sevgi obyekti deyil, aktiv qoruyucu, mübariz ruhdur:

“Ocaqlara alov çatan,
Bəd gözlərə ox tək batan…”

Burada Vətən həm istilik verən ocaq, həm də düşmənə qarşı sipərdir. Qəndab xanım Vətəni sevgi ilə yanaşı, müqavimət, qeyrət və mənəvi güc rəmzi kimi təqdim edir. Bu, xüsusilə müasir Azərbaycan tarixinin yaşadığı sınaqlar fonunda son dərəcə aktual və təsirlidir.

Şeirin sonluğa doğru artan emosional gərginliyi Vətənin adının çəkilməsi ilə yerin-göyün titrəməsi obrazında kulminasiya nöqtəsinə çatır. Bu, Vətənin təkcə bir anlayış deyil, kosmik miqyasda mənəvi güc olduğunu ifadə edir.

Qəndab xanımın “Hər yer başqa, Vətən başqa!” şeiri sadəcə poetik nümunə deyil, bu şeir oxucunu təkcə duyğulandırmır, onu düşünməyə, dəyərləri yenidən ölçməyə vadar edir. Qəndab bir daha sübut edir ki, əsl poeziya yalnız söz oyunu deyil, xalqın ruhunun səsidir.

“Qədərə inanmasaydım”

Qəndab xanımın “Qədərə inanmasaydım” şeiri Azərbaycan poeziyasında insanın alın yazısı ilə apardığı ağır, dramatik və eyni zamanda fəlsəfi mübarizənin poetik salnaməsi kimi oxunur. Bu şeir təkcə şəxsi taleyin etirafı deyil, bütövlükdə insanın qismət, ilahi hökm, ağrı və dözüm qarşısında daxili üsyanının, sarsıntısının və sonda gəldiyi mənəvi nəticənin bədii ifadəsidir.

Şeirin ilk misralarından oxucu güclü emosional gərginliklə üz-üzə qalır. “Qədərə inanmasaydım” deyimi şeirin leytmotivinə çevrilərək həm etirazın, həm də etirafın rəmzi olur. Şair sanki öz-özünə hesabat verir: əgər qismət olmasaydı, bu qədər ağrıya, bu qədər sınağa dözmək mümkün olmazdı. Burada “dəli olana qədər başına döymək” ifadəsi insanın çıxılmazlıq qarşısında yaşadığı ruhi böhranın son həddini göstərir. Qəndab taleyin qarşısında aciz qalan, amma bu acizliklə barışmayan insan obrazını yaradır.

Şeirin mühüm məziyyətlərindən biri onun obrazlı dilidir. Göz yaşı ilə daşlanmaq, daş olub göyərmək, daşların göz yaşının ürəyin başına düzülməsi kimi metaforalar yalnız fərdi kədərin deyil, daşlaşmış dərdin, sözə çevrilmiş iztirabın poetik mənzərəsini yaradır. Daş burada həm sərt taleni, həm də susqun ağrını təmsil edir. Şair göstərir ki, bəzən insan daş kimi görünür, amma daxilində göz yaşı axır, ağrı böyüyür, dərd dərin yuva salır.

Qəndab xanımın şeirində taleyə münasibət birmənalı deyil. Burada nə kor-koranə təslimçilik var, nə də üsyanın son həddi. Şair qismətə etiraz edir, onu çağırır, ona “əlini çək” deyir, bağırır, söyür, hayqırır. Bu hayqırtılar insanın Allaha ünvanlanan suallarını, içində yığılıb qalan narazılıqları xatırladır. Lakin bütün bu emosional partlayışların fonunda dərin bir inam da gizlənir: “İkimiz də Allahın, / Mənsə Sənin qulunanm!” Bu misra şeirin fəlsəfi kulminasiyasıdır. İnsan taleyə qarşı çıxsa da, onun ilahi mənşəyini inkar etmir.

Şeirin son hissələrində ağrının başqa bir mərhələsinə keçid hiss olunur. Artıq bu, təkcə fəryad deyil, həm də öyrəşmə, bəzən hətta uyuşma halıdır. “Zəhərli ilan kimi / Hər şeyə bircə damla / Zəhərimi qatmağa, / Şirin yuxu yatmışam!” misraları dərdin insan ruhunda necə adiləşdiyini, ağrının həyatın ayrılmaz hissəsinə çevrildiyini göstərir. Bu, faciənin ən ağır mərhələsidir – ağrı ilə yaşamağı öyrənmək.

Qəndab xanımın “Qədərə inanmasaydım” şeiri oxucunu sadəcə duyğulandırmır, onu düşünməyə vadar edir. İnsan nədir? Qismət nədir? Harada üsyan başlayır, harada iman bitir? Bu suallar şeirin alt qatında daim yaşayır. Şair öz şəxsi taleyindən çıxış etsə də, ümumbəşəri bir problemə – insanın yazısı ilə münasibətinə işıq salır.

Bu şeir Qəndabın yalnız şair kimi deyil, həm də alim təfəkkürlü düşünən, həyatın mahiyyətini sorğulayan bir söz adamı olduğunu sübut edir. “Qədərə inanmasaydım” – həm ağrının etirafı, həm insanın öz taleyi ilə dialoqu, həm də poeziyada dərdin, dözümün və inamın dərin bədii ifadəsidir. Belə əsərlər oxucunun yaddaşında qalır, çünki onlar təkcə oxunmur, yaşanır.

“Sevgi ilə baxsan, əgər!”

Qəndabın “Sevgi ilə baxsan, əgər!” şeiri oxucunu sadəcə poetik mətnlə deyil, dərin fəlsəfi düşüncə ilə üz-üzə qoyan, insanın həyata, cəmiyyətə və öz daxilinə münasibətini yenidən nəzərdən keçirməyə çağıran sanballı bir ədəbi nümunədir. Bu şeir Qəndab poeziyasının əsas cizgilərini – humanizm, həyatın ziddiyyətli mahiyyəti, sevgi prizmasından baxış və dəyişən dünyanın dərki kimi mövzuları özündə bütöv şəkildə ehtiva edir.

Şeirin ana xətti baxış fəlsəfəsi üzərində qurulub. Müəllif oxucuya israrla xatırladır ki, dünya insanın baxışından asılı olaraq dəyişir. “Diqqətlə baxsan, əgər, / Sevgi ilə baxsan, əgər!” misraları sadə çağırış deyil, mənəvi mövqe manifestidir. Qəndaba görə, sevgi ilə baxmaq – anlamaq, bağışlamaq, duymaq və hiss etmək deməkdir. Bu baxış insanı təkcə ətraf aləmlə deyil, özü ilə də barışdırır.

Şeirdə xüsusi diqqət çəkən məqamlardan biri insanın daxili ikililiyinin bədii ifadəsidir:

“Hər böyüyün gözündə
Hüzünlü bir uşaq var,
Hər uşağın köksündə
Sevinc məşəli yanar!”

Bu misralarda şair yaşın bioloji anlayışdan daha çox mənəvi kateqoriya olduğunu vurğulayır. Böyüklərin içində sönməyən uşaq kədəri, uşaqların qəlbində alışan sevinc məşəli həyatın paradokslarını poetik dillə təqdim edir. Qəndab bu yolla oxucuya insan ruhunun mürəkkəb, lakin canlı bir sistem olduğunu anlatmağa nail olur.

Şeirin davamında həyatın dəyişkənliyi və qaçılmaz sonluq mövzusu ön plana çıxır. “Həyat dəyişimdədır” fikrinin təkrarı sadəcə zamanın axışını deyil, insan taleyinin də fasiləsiz transformasiyada olduğunu göstərir. Bu dəyişkənlik fonunda “mənim kimi doğulub, mənim kimi ölərsən” misrası ümumbəşəri taleyin bərabərliyini vurğulayır. Burada nə rütbə, nə ad, nə də sosial status fərq yaradır – insan doğulur və ölür, amma bu iki məqam arasında necə yaşadığı əsasdır.

Qəndabın poeziyasında ağrı və ümid yanaşı addımlayır. “Hər titrəyən dodaqdan / Həsrət nidasi qopar” misrası insan iztirabının səssiz fəryadını simvolizə edirsə, “Hər açılan çiçəklə təzə-tər arzu açar” misrası həyatın yenilənmə gücünü göstərir. Bu qarşıdurma şeirin publisistik ruhunu gücləndirir, onu təkcə fərdi duyğuların deyil, cəmiyyətin mənəvi durumunun bədii aynasına çevirir.

Şeirdə diqqətçəkən mühüm məqamlardan biri də sözə və şeirə münasibətdir:

“Hər canlıda, cansızda
Neçə-neçə şeir var!
Hər yazılan şeirə
Neçə-neçə ürək yar!”

Bu misralar Qəndab xanımın şair məsuliyyətinə verdiyi yüksək dəyəri ortaya qoyur. Şeir onun üçün sadəcə estetik mətn deyil, insan qəlbinə toxunan, onu yaralaya və ya sağalda bilən güclü bir mənəvi alətdir. Burada publisistik düşüncə açıq şəkildə hiss olunur: söz məsuliyyətdir, söz taledir.

“Sevgi ilə baxsan, əgər!” şeiri oxucunu dünyaya, insana və həyata yeni gözlə baxmağa çağıran dərin mənalı, ictimai-fəlsəfi yükü ağır olan bir poetik çağırışdır. Qəndab bu əsərdə sevginin yalnız romantik hiss deyil, düşüncə tərzi, həyat fəlsəfəsi olduğunu sübut edir. Şeir bizi biganəlikdən uzaqlaşdırır, diqqətli olmağa, hiss etməyə və ən əsası – sevgi ilə baxmağa səsləyir.

“Yeni dünya”

Ədəbiyyat bəzən zamanın aynasına çevrilir, bəzən də o aynanı sındırıb yeni bir baxış yaradır. Tanınmış alim-şair Qəndab xanımın “Yeni dünya” adlı bu şeiri məhz ikinci missiyanı daşıyan mətnlərdəndir. Bu şeir təkcə poetik düşüncənin məhsulu deyil, eyni zamanda müəllifin həyat, insan və cəmiyyət haqqında formalaşdırdığı mənəvi mövqenin poetik təcəssümüdür.

Şeir ilk misralardan oxucunu sarsıdır:

“İndi şeirlərimi
mən yuxuda yazıram,
iynəylə gor qazıram!”

Burada “yuxu” romantik rahatlıq yox, əksinə, ağrılı bir hal kimi təqdim olunur. Şair üçün yuxu – reallıqdan qaçış deyil, reallığın içində yaşanan ağır psixoloji gərginlikdir. “İynəylə gor qazıram” metaforası yaradıcılığın nə qədər əzablı, nə qədər incə və səbr tələb edən bir proses olduğunu göstərir. Qəndab xanım poeziyanı komfort zonası yox, vicdan sınağı kimi dərk edir.

Şeirin davamında müəllif yuxularla gerçəklik arasında sərt bir xətt çəkir:

“Gözümü açan kimi
yuxuları unudub
Gerçəklərə yozuram,
Yuxulardan küsürəm!”

Bu misralarda şairin romantik xəyallardan imtina edib, acı gerçəkliklə üz-üzə dayanmaq iradəsi görünür. Qəndab xanım üçün poeziya xəyalların bəzəyi deyil, həqiqətin açıq ifadəsidir. O, yuxulara yox, gerçəklərə üz tutur və bu seçim onun şair mövqeyinin əsas sütununu təşkil edir.

Şeirin ən sarsıdıcı məqamlarından biri insan obrazının təqdimatıdır:

“Bədənim dişlək-dişlək,
Ruhum didik-didik…
İnsanlıqdan küsürəm!”

Bu misralar artıq təkcə fərdi ağrının deyil, ümumbəşəri məyusluğun ifadəsidir. Şair insanın insanı incitdiyi, mənəviyyatın parçalandığı bir mühitdə yaşamağın ağrısını poetik dildə qışqırır. “İnsanlıqdan küsürəm” demək asan deyil; bu, dərin müşahidənin, uzun düşüncənin və böyük ruh sarsıntısının nəticəsidir.

Qəndab xanımın şeirində cəmiyyət obrazı çox kəskin, lakin dəqiq metaforalarla təqdim olunur. İtlər obrazı simvolik xarakter daşıyır:

“Təklikdə hər biri
quyruq bulayan,
Yal görəndə yalayan,
Birlikdə diş qıcayan, …”

Burada müəllif riyakarlığı, qorxaqlığı, fürsət düşəndə vəhşiləşən kütlə psixologiyasını ifşa edir. Bu, təkcə sosial tənqid deyil, əxlaqi diaqnozdur. Şair cəmiyyəti ittiham etmir, onu göstərir – olduğu kimi.

Şeirin son hissəsi isə artıq ümidsizlik yox, mənəvi qərar mərhələsidir:

“Tərəzimi qururam!..
Zəm-zəm suyun içirəm,
Ədaləti biçirəm, / Buraxıb dünyaları
Yeni dünya seçirəm!..”

Bu misralar Qəndab xanım poeziyasının fəlsəfi zirvəsidir. “Tərəzi” – vicdanın, “Zəm-zəm suyu” – mənəvi paklığın, “ədalət” isə ilahi və insani məsuliyyətin rəmzidir. Şair bu dünyanın eybəcərliklərini qəbul etmədiyini bildirir və öz daxili dünyasında yeni, təmiz, ədalətli bir aləm seçir.

“Yeni dünya” şeiri Qəndab xanımın yalnız şair yox, alim düşüncəsinə sahib bir ziyalı olduğunu bir daha təsdiqləyir. Bu şeir oxucunu düşündürür, narahat edir, öz daxili tərəzisini qurmağa vadar edir. Qəndab xanım poeziyada sözlə yox, məsuliyyətlə danışan sənətkarlardandır.

Bu şeir göstərir ki, əsl poeziya oxşamaq üçün deyil, oyatmaq üçün yazılır. Və Qəndab xanımın “Yeni dünya”sı oxucunu məhz bu oyanışa çağırır.

“İşıqda kölgə”

Tanınmış alim-şair Qəndab xanımın “İşıqda kölgə” adlı şeiri çağdaş Azərbaycan poeziyasında həm məzmun, həm də düşüncə dərinliyi baxımından xüsusi yer tutan poetik nümunələrdəndir. Şeir təkcə fərdi duyğuların ifadəsi deyil, eyni zamanda insan taleyinə, yaddaşa, vicdana və zamanla üz-üzə qalan ruhun halına yönəlmiş geniş publisistik-fəlsəfi düşüncə mətnidir.

Şeirin əsas ideya oxu “işıq” və “kölgə” anlayışlarının qarşılaşdırılması üzərində qurulub. Burada işıq klassik mənada yalnız ümid, aydınlıq, xeyir anlamı daşımır. Qəndab işığın içində gizlənən kölgəni göstərir. Bu, həyatın paradoksudur: insan ən parlaq anlarında belə keçmişin ağrısını, xatirələrin sarsıntısını, taleyin ağır izlərini özündə daşıyır.

“Necə ki,
yaşar işıqda kölgə!”

misraları şeirin ideya yekunudur. Şair açıq şəkildə bildirir ki, kölgə işığın yoxluğu deyil, onun ayrılmaz hissəsidir. İnsan da belədir – sevinci ilə kədəri, inamı ilə şübhəsi yanaşı yaşayır.

Şeirin başlanğıcında təqdim olunan ana əlləri, körpəlik xatirələri, “qara, şəvə tellər” obrazı insan yaddaşının ən saf, eyni zamanda ən həssas qatına toxunur. Ananın titrəyən əlləri burada təkcə fiziki hal deyil, zamanın, həyatın ağır sınaqlarının simvoludur.

“Sən mənim dəyərimi
hardan biləsən?!”

misrası ictimai çalar daşıyır. Bu sual təkcə konkret bir ünvana deyil, ümumən insanın insanı anlamamasına, dəyərin çox vaxt gec və ya heç dərk olunmamasına ünvanlanır.

Şeirin ortasında kənd həyatına aid təsvirlər – ocaq başı, çatırtı, qoca köpəyin səsi, günahsız ulduzlar – milli-mənəvi yaddaşı oyadır. Bu səhnələr sadəcə nostalji deyil, xalqın köklərinə, sadə, saf dəyərlərinə qayıdışdır. Qəndab bu detallar vasitəsilə urbanlaşmış, sürətlənmiş dünyaya qarşı mənəvi müqavimət nümayiş etdirir.

“Ümidli yollarıma” ifadəsi göstərir ki, şair üçün keçmiş xatirələr geriyə baxış yox, gələcəyə aparan mənəvi yol xəritəsidir.

“Düşməni uzaqda arama!” misrası artıq açıq publisistik çağırışdır. Şair burada cəmiyyətə səslənir: düşmən bəzən xaricdə deyil, insanın öz içində – qorxularında, laqeydliyində, vicdansızlığındadır.

“Sağ gözünlə, sol gözün kimi.
Elə bax özün kimi,”

misraları insanı dürüstlüyə, özünüdərketməyə, ikili standartlardan uzaq olmağa çağırır. Bu, yalnız poetik deyil, həm də etik mövqedir.

Qəndabın “İşıqda kölgə” şeiri şəxsi taledən ümumbəşəri həqiqətə yüksələn bir poetik düşüncə nümunəsidir. Alim təfəkkürü ilə şair duyumunun vəhdəti bu mətndə aydın hiss olunur. Şeir oxucunu yalnız duyğulandırmır, düşündürür, suallar qarşısında qoyur və insanı öz iç dünyası ilə üz-üzə gətirir.

Bu əsər sübut edir ki, əsl poeziya işıq göstərməklə kifayətlənmir, o işığın içindəki kölgəni də cəsarətlə göstərir. Məhz bu cəsarət Qəndab poeziyasını dəyərli və yadda qalan edir.

“Yan-yana”

Şeirin mərkəzində duran əsas məqam “Gedək” kəlməsidir. Bu sadə, gündəlik söz Qəndab poeziyasında adi çağırış deyil, taleyüklü qərarın, həyat yolunun başlanğıc nöqtəsidir. Lirik qəhrəman bu sözü eşidərkən tərəddüd edir:

“Sənmi yanlış söylədin,
Mənmi yanlış eşitdim?”

Bu misralar insan münasibətlərində tez-tez rast gəlinən psixoloji halı – eşitmək istədiyini eşitmək qorxusunu ifadə edir. Burada şair oxucunu düşündürür: biz doğrudan da eşitdiyimizə inanırıqmı, yoxsa inanmaq istədiyimizə?

Şeirin ən təsirli məqamlarından biri səsin təqdimatıdır:

“Səsin elə əziz, elə doğma
Səsləndi ki qulağımda
Elə bildim qovuşmuşam
İllər ilə axtardığım öz yarıma!”

Bu misralarda bəzi texniki problemlər olsa da, “səs fiziki eşidilmə vasitəsi deyil, ruhun tanınma alətidir” prinsipinə əsaslanaraq, ifadə etdiyi bədii-estetik mənanı yüksək qiymətləndirir və münasibət bildirmək istəyirəm. Qəndab xanım burada insanın daxili yaddaşına, genetik və mənəvi tanışlıq hissinə toxunur. “İllərlə axtardığım öz yarım” ifadəsi şeiri sırf romantik çərçivədən çıxararaq fəlsəfi müstəviyə daşıyır: insan bəzən bir səsdə, bir kəlmədə öz tamamlanmasını tapır.

Şeirin strukturunda diqqətçəkən məqam təkrarlar və daxili dialoqdur. “Gedək” kəlməsi dəfələrlə səslənir, lakin hər dəfə yeni məna qazanır. Əvvəl sual yaradır, sonra qorxu, daha sonra isə qətiyyət:

“Ancaq o an anladım ki,
Bir də belə “Gedək” desən,
Sözümü də, özümü də itirəcəm!”

Burada sevginin və yaxınlığın insanı necə tamamilə öz ixtiyarından çıxara biləcəyi poetik dillə ifadə olunur. Bu artıq sevinc yox, taleyə təslim olmaqdır.

Şeirin sonluğu sadə, lakin dərin mənalıdır:

“O gün–bu gün yeriyirik yana-yana,
Yan-yana…”

Bu “yana-yana” yalnız iki insanın bir yolda addımlaması deyil. Bu, həyatın çətinliklərini, sevinclərini, məsuliyyətini paylaşmaqdır. Qəndab burada oxucuya ailə, dostluq, yol yoldaşlığı anlayışlarının poetik modelini təqdim edir.

“Yan-yana” şeiri Qəndab xanımın yaradıcılığında sözə verilən dəyərin, insan ruhuna olan dərin bələdliyin parlaq nümunəsidir. Bu şeir sübut edir ki, bəzən insanın bütün həyatı bir kəlmənin səmimiyyətindən asılıdır. Şair oxucunu düşünməyə vadar edir: biz “gedək” deyəndə doğrudan da hara getdiyimizi bilirikmi?

Qəndab bu şeiri ilə bir daha göstərir ki, əsl poeziya ucadan danışmır, səssizcə insanın içində yeriyir – yan-yana…

“İndi”

Şeirin əsas semantik yükünü daşıyan “İndi!” sözü sadəcə zaman zərfi deyil. Bu nida şeirin ritmini, daxili dramatizmini və fəlsəfi mahiyyətini müəyyən edir. Qəndab üçün “indi” keçmişlə gələcəyin toqquşduğu, insanın öz vicdanı, yaddaşı və həqiqəti ilə təkbətək qaldığı məqamdır. Bu “indi”də artıq gecikmək olmaz, susmaq təhlükəlidir, düşünməmək günahdır.

Şairin “Yatılmayır; / Uzun-uzun gecələr” misraları ilə başlanan psixoloji gərginlik oxucunu dərhal daxili bir narahatlığın içinə çəkir. Bu, adi yuxusuzluq deyil – bu, düşüncənin yatmaması, vicdanın susmaması, zamanın insanı sıxmasıdır

Şeirdə tez-tez rast gəlinən “qarışıq”, “kasık-kasık nəfəs”, “işığım zəifləyir”, “yarasalar uçuşur dövrəmdə” kimi obrazlar insanın daxili dünyasındakı xaosu, ümidsizliklə ümidin, işıqla qaranlığın mübarizəsini simvolizə edir. Buradakı yarasalar təkcə gecənin canlıları deyil – onlar qorxuların, tərəddüdlərin, zamanın gətirdiyi mənəvi yorğunluğun metaforasıdır.

Qəndab yaradıcılıq aktını da ağrılı bir proses kimi təqdim edir. “Sənə yazdıqlarımı / Çevirirəm özümə!” misralarında şairin söz qarşısında məsuliyyəti, yazının müəllifdən əvvəl müəllifin özünü sınağa çəkməsi aydın hiss olunur. Bu, alim-şair mövqeyidir: söz təkcə ifadə vasitəsi deyil, həm də hesabatdır.

Şeir sırf lirik çərçivədə qalmır. Onun publisistik gücü məhz fərdi hisslərin ictimai məna qazanmasındadır. “Bir alımlıq nəfəs göndər / Yoxsa, havan zəhər olar” misraları müasir dünyanın ekoloji, mənəvi və informasiya çirklənməsinə işarə kimi də oxuna bilər. Burada nəfəs – azadlıq, təmizlik, həqiqət rəmzidir.

“Hər şey qarışır gözlərimdə, / Əgər qarışırsa düşüncə – / Günah həqiqətin özündə” fikri isə müasir dövrün ən kəskin publisistik tezislərindən biridir. Şair məsuliyyəti yalnız insanda yox, həm də təqdim olunan “həqiqət”lərin saxtalaşdırılmasında, qarışdırılmasında görür.

Qəndab xanımın dili sadə, lakin çoxqatlıdır. Şeir sərbəst vəznlə yazılsa da, daxili ritm, təkrarlar və “İndi!” nidası ona güclü musiqililik verir. Rəng, işıq, səs və nəfəs obrazları şeirin estetik bütövlüyünü təmin edir. “Bu da bir rəng, / Bu da bir biçimdir” deyən şair, sənətin nisbi, amma zəruri seçim olduğunu vurğulayır.

“İndi” şeiri Qəndab xanımın həm alim təfəkkürünü, həm şair həssaslığını, həm də publisist mövqeyini eyni mətndə birləşdirən sanballı poetik əsərdir. Bu əsər oxucunu rahatlamağa yox, düşünməyə, öz “indi”si ilə üzləşməyə çağırır. Şeir sübut edir ki, söz zamanında deyiləndə təkcə ədəbiyyat hadisəsi olmur, həm də mənəvi mövqeyə çevrilir.

Qəndab xanım bu şeiri ilə bir daha göstərir ki, həqiqi poeziya zamanın içində yox, zamanın qarşısında dayanmağı bacarandır.

“An”

Zaman bəzən saatın əqrəblərində ölçülmür. Elə anlar var ki, bir ömür qədər ağır, bir nəfəs qədər qısadır. Təsadüfi deyil ki, tanınmış alim-şair Qəndab xanım “An” adlı şeirində məhz bu metafizik məqamı – zamanın ruhda yaratdığı izləri poetik düşüncənin mərkəzinə çəkir. Bu şeir təkcə lirizm nümunəsi deyil, həm də insan varlığının, daxili parçalanmasının, ruh-zaman münasibətinin fəlsəfi-poetik təhlilidir.

Şeir ilk misralardan oxucunu sualların içinə çəkir:

“Haralara apardın,
Haralardan gətirdin məni
Belə uzaq, belə mübhəm?!”

Burada “aparmaq” və “gətirmək” felləri sadəcə fiziki hərəkəti deyil, insanın öz iç dünyasında keçdiyi yolu simvolizə edir. Şair zamanla, taleylə, bəlkə də sevdiyi bir “an”la dialoqa girir. Bu dialoqda cavablardan çox suallar var. Çünki Qəndab poeziyasında sual vermək düşünməyin özüdür.

Şeirin əsas gücü onun daxili psixoloji dərinliyində və ruhi ağrının poetik ifadəsindədir. “Yoxsa, ruhumun dərininə / çəkildik bahəm?!” misrası insanın öz varlığından da uzaq düşə biləcəyini göstərir. Burada “baham” – yəni birlik, bərabərlik anlayışı ironik çalar qazanır: birlik var, amma bu birlik ağrılıdır, sarsıdıcıdır.

Qəndab xanımın poeziyasında bədən və ruh bir-birindən ayrılmazdır. “Toxunursan gözümə, /didilir beynim, / qanayır ürəyim” misralarında fiziki toxunuş ruhi parçalanmaya səbəb olur. Bu, sevginin də, xatirənin də, zamanın da ağrı verən tərəfidir. Şair burada oxucuya açıq mesaj verir: insan hiss etmirsə, yaşamır; hiss edirsə, ağrıyır.

Şeirdə zaman anlayışı klassik xronoloji ölçüdən çıxarılaraq poetik simvola çevrilir:

“Ruzigarlar əsdikcə / varaqlarında,
Həyatım oxunur / Bir nağıl kimi.”

Burada həyat kitabdır, zaman isə səhifələri çevirən külək. İnsan öz taleyini yazmır, onu oxuyur. Bu yanaşma Qəndab xanımın alim təfəkkürünün poetik təzahürüdür. Şeir sadəcə hisslərin axını deyil, düşünülmüş, fəlsəfi qənaətlərlə zəngin bir mətnə çevrilir.

Əsərin kulminasiya nöqtəsi “An” müraciətidir. Şair bu anlayışı abstrakt zaman vahidi kimi yox, canlı varlıq kimi təqdim edir:

“Düşüncəm qədər uzaq,
Ruhum qədər yaxın
Ömür payımsan!”

Bu misralar göstərir ki, insan həyatında hər şeyi dəyişən məhz anlardır. Böyük qərarlar, böyük peşmanlıqlar, böyük sevgilər – hamısı bir anın içində doğulur. Qəndab xanım bu həqiqəti yüksək poetik səviyyədə ümumiləşdirir.

Şeirin sonluğunda verilən “Həyatda hər şey bir an məsələsi…” fikri artıq bədii ifadədən çıxaraq publisistik çağırışa çevrilir. Oxucuya mesaj aydındır: zamanı dəyərsizləşdirmə, anı itirmə, çünki həyat özü bir anın cəmidir.

Qəndab xanımın “An” şeiri müasir Azərbaycan poeziyasında zaman, ruh və insan münasibətlərini dərinliklə ifadə edən sanballı nümunələrdəndir. Bu əsər həm şairin lirizmini, həm də alim təfəkkürünü bir nöqtədə birləşdirir. Şeir oxucunu sadəcə duyğulandırmır, düşündürür, öz daxili aləminə boylanmağa vadar edir.

“Alışmışdım”

Qəndab xanımın “Alışmışdım” şeiri müasir Azərbaycan poeziyasında insanın daxili sarsıntılarını, mənəvi itkilərini və ruhun alışdığı bir gözəlliyin qəfil dağılmasını dərin lirizm və publisistik kəskinliklə ifadə edən təsirli nümunələrdən biridir. Bu şeir təkcə fərdi hisslərin poetik etirafı deyil, eyni zamanda müasir insanın aldadılmış duyğularının, sarsılmış inamının bədii salnaməsidir.

Şeirin əsas semantik oxu “alışmaq” anlayışı üzərində qurulub. “Alışmışdım” sözü burada adi vərdiş deyil, ruhun, qəlbin, baxışın bir insana, bir duyğuya, bir mənəvi halın gözəlliyinə bağlanmasını ifadə edir. Lirik qəhrəman sevdiyi insanı körpə gülüşləri, məsum baxışları ilə tanıyıb və onu bu saflıqda görməyə öyrəşib. Bu alışma sevginin ən yüksək mərhələsidir — qarşı tərəfi ideal kimi qəbul etməkdir.

Lakin şeirin dramatizmi məhz buradan başlayır. Artıq həmin gözəllik yoxdur. Baxışlar dəyişib, gülüşlər saflığını itirib. Şair bu dəyişimi emosional suallarla oxucuya çatdırır:
“Hanı körpə gülüşlərin,
Hanı məsum baxışların?”

Bu suallar cavab gözləmir; onlar ittihamdır, iç sızısıdır, mənəvi hesabatdır.

Şeirdə diqqət çəkən əsas məqamlardan biri budur ki, lirik qəhrəman sevginin bitməsini deyil, gözəlliyin ölməsini yaşayır. “Bütün sevgilərim / Bitdi sənin üzündən” misrası şəxsi eqoizm deyil, mənəvi xəyanətin nəticəsidir. Sevilən insan dəyişdikcə, dünya da dəyişir, gözəllik anlayışı da çökür.

Burada Qəndab xanım sevginin yalnız iki nəfər arasında qalmadığını, insanın bütün həyata, bütün gözəlliklərə münasibətini formalaşdırdığını poetik şəkildə göstərir. Bir insanın xəyanəti bütün kainatın rəngini soldura bilər.

Şeirin üçüncü hissəsində mövzu daha da dərinləşir. “Sözün bitdiyi yeri” ifadəsi artıq dialoqun, izahın, bəhanənin qalmadığını göstərir. Lirik qəhrəman gecələr qarışıq xəyallarla dolaşır, xəyanətlər gözə “ləkə” salır. Bu obraz son dərəcə güclüdür: artıq problem sevilənin kimliyində deyil, baxanın gözündədir. Gözəllik görmək qabiliyyəti zədələnib.

Bu məqamda şeir publisistik mahiyyət qazanır. Müəllif təkcə bir sevgi hekayəsini deyil, insan münasibətlərində saflığın itirilməsini, etibarın aşınmasını, daxili təmizliyin qorunmasının çətinliyini qabardır.

“Alışmışdım” şeiri sadə, lakin dərin poetik dillə yazılıb. Süni bədii yüklərdən uzaq, təmiz lirika oxucunu sarsıdır. Təkrarlar (“Oysa, alışmışdım…”) psixoloji vurğunu gücləndirir və lirik qəhrəmanın daxili təkrarlanan ağrısını əks etdirir. Bu təkrarlar həm də oxucunun yaddaşında şeirin emosional izini dərinləşdirir.

Qəndab xanımın “Alışmışdım” şeiri sevgi mövzusunda yazılmış sıradan bir lirika deyil. Bu, aldanmış saflığın etirafı, mənəvi xəyanətə qarşı səssiz üsyan, daxili gözəlliyin müdafiə manifestidir. Şeir oxucunu düşündürür: biz kiməsə alışanda nəyə alışırıq — onun sözlərinə, baxışına, yoxsa yalnız öz yaratdığımız xəyala?

Bu əsər Qəndab xanımın alim düşüncəsi ilə şair duyğusunun vəhdətini bir daha təsdiqləyir. O, hissləri sadəcə yaşatmır, onları ictimai, mənəvi və fəlsəfi müstəviyə çıxarır. Məhz buna görə də “Alışmışdım” təkcə oxunmur — yaşanır.

“Doğrular”

Qəndab xanımın “Doğrular” şeiri müasir Azərbaycan poeziyasında sevgi, inam, insanın mənəvi sığınacaq axtarışı və Tanrıya doğru yol mövzularını dərin publisistik-estetik müstəvidə ifadə edən nümunələrdəndir. Şeir həm lirizmi, həm də fəlsəfi-ictimai yükü ilə seçilir və oxucunu təkcə duyğular aləminə deyil, düşüncə və vicdan mühakiməsinə də çağırır.

Şeir ilk misralardan etibarən oxucunu sarsıdan bir həqiqətlə üz-üzə qoyur:

“Çox sevmə, bir gün
Heç sevməmiş olarsan!”

Bu çağırış zahirən paradoksaldır. Sevginin insan varlığının əsas mənası olduğu bir dünyada “çox sevmə” demək nə deməkdir? Qəndab burada sevgidən imtina etməyi yox, kor-koranə, ölçüsüz, özünü itirəcək dərəcədə sevməyin təhlükəsini qabardır. Sevgi insanı ucaldan dəyər olduğu kimi, insanı özündən alan, mənliyini aşındıran bir sınağa da çevrilə bilər.

Şair bu fikri daha da dərinləşdirərək bildirir ki, insan kimliyini itirdiyi an sevgisi də mənasını itirir:

“Sən də mənim kimisən,
Ondan bilirəm!”

Bu misralar sevginin güzgü funksiyasını ortaya qoyur: sevdiyimiz insanda özümüzü görürük, amma o güzgü sınarsa, insan özü ilə də üz-üzə qala bilməz.

Şeirin növbəti hissəsində Qəndab xanım insan davranışlarına, məsuliyyətsiz sözə və düşüncəsiz addıma diqqət çəkir:

“Bir gecə yuxuda
Dilini dişləyərsən,
Saçlarını yolarsan!”

Bu misralar təkcə fərdi peşmançılığı deyil, cəmiyyətin yaşadığı mənəvi sarsıntıları da simvolizə edir. İnsan dediyi sözün, yaşadığı sevginin, qurduğu münasibətin nəticəsini gec də olsa dərk edir. Burada şair oxucuya xəbərdarlıq edir: emosiya ilə deyil, ağıl və vicdanla yaşamaq lazımdır.

Şeirin ən güclü publisistik-fəlsəfi qatlarından biri Tanrı obrazının təqdimatıdır:

“Sən mən sevmədin ki,
Göylər yazdı alnına.
Rahat ol,
“Vəfasız” da deyilsən!”

Burada Qəndab xanım sevgini yalnız iki insan arasında qalmayan, ilahi mühakiməyə tabe olan bir dəyər kimi təqdim edir. Sevgi insanın alnına yazılan tale ilə, Tanrının hökmü ilə bağlıdır. İnsan sevmədikdə belə, bunun günahı insanda deyil… Bu hökmü Qəndab xanım elmin, məntiqin gücü ilə verir. Yenə şair ruhu ilə alim düşüncəsinin vəhdətini görürük.

Şeirdəki “Sus…” çağırışı isə xüsusi diqqətə layiqdir. Bu sükut qorxaqlıq deyil, daxili təmizlənmə, düşüncənin saflaşmasıdır. Şair deyir ki, bəzən söz yox, sükut insanı xilas edir. Necə deyərlər: bəzən sözün əsl mənasında həqiqətən “Danışmaq gümüşdürsə, susmaq qızıldır!” məsəli çox yerinə düşür.

Şeirin son bölməsində Qəndab xanım ümidsizliyin içində belə işıq axtaran insanın portretini yaradır:

“Hər gecə yanağıma
Toxunanda nəfəsin,
Ümidlərimi görsən…”

Gecə burada qaranlıq həyat mərhələsini, sınaqları simvolizə edir. Amma gecənin içində belə ümid var, çünki insanın içində Tanrıya bağlılıq və inam yaşayır:

“Aydın-aydın parlar…”

Şeirin finalı isə publisistik baxımdan çox güclüdür:

“Sən – Ürəksiz,
Sən – Allahsız,
Sən – Kitabsız deyilsən…”

Bu misralar bir cəmiyyətə ünvanlanmış açıq mesajdır. Şair bildirir ki, insan nə qədər sarsılsa da, inancını, mənəvi kitabını, vicdanını itirmədikcə hələ yaşayır. Burada “Kitab” həm müqəddəs mətnləri, həm də insanın həyat dərslərini simvolizə edir.

Qəndab xanımın bu şeiri sırf lirika deyil, xüsusilə sonluq möhtəşəmdr. O, sevgi adı altında özünü itirən insana xəbərdarlıq edir, Tanrıya bağlılıqla yaşamağın, sükutun, ölçülü sevginin və ümidin əhəmiyyətini önə çəkir. Şeir müasir insanın daxili dramını, cəmiyyətin mənəvi yorğunluğunu və eyni zamanda çıxış yolunu göstərir.

Bu əsər Qəndabın yalnız şair yox, alim təfəkkürlü müdrik söz adamı olduğunu bir daha sübut edir. Onun poeziyası oxucunu oyadır, düşündürür və məsuliyyətə çağırır.

“Hər gecə”

Ədəbiyyat bəzən bir xalqın susdurulmuş səsini, bəzən də bir evin dörd divarı arasında boğulan ahını dilləndirir. Qəndabın “Hər gecə” şeiri məhz bu cür poeziya nümunələrindəndir: sakit oxunur, amma gur səs kimi içimizdə əks-səda verir. Bu şeir bir gecənin deyil, hər gecənin, yəni davamlı ağrının, bitməyən sarsıntıların – faciənin poetik salnaməsidir.

Şeirin ilk misralarından oxucu sərt və amansız bir reallıqla üz-üzə qalır:

“Hər gecə bir körpə ağlayır divarın o üzündə;
Anasını istəyir!”

Burada “divarın o üzü” ifadəsi təkcə fiziki məkanı yox, həm də sosial, mənəvi, psixoloji baryeri simvolizə edir. Bu divar laqeydlik divarıdır, biganə cəmiyyətin səssizliyidir. Körpənin ağlaması isə təkcə ana həsrəti deyil — bu, himayəsizliyin, sevgi aclığının, təhlükəsizliyin pozulmasının hayqırtısıdır.

Şeir irəlilədikcə körpənin ağlaması qızın hıçqırtısı ilə əvəzlənir:

“Hər gecə bir qız hıçqırır divarın o yanında;
Ürəyi əllərində;
Utanır, ağlamayır, səsini qısır.”

Bu misralar qadın taleyinin daha dərin, daha faciəvi qatlarını açır. Qızın “utanması”, “səsini qısması” — cəmiyyətin qadına yüklədiyi susmaq məcburiyyətinin poetik ifadəsidir. Burada göz yaşı belə günah sayılır. Şair qadının daxili qırılmasını “ürəyi əllərində” obrazı ilə son dərəcə təsirli şəkildə təqdim edir — sanki ürək artıq sinədə deyil, müdafiəsiz halda açıqdadır.

Təbiət obrazları — qar, sel, yağış — şeirdə təsadüfi deyil:

“Hər gecə üstünə qarlar yağır, sellər yuyur aparır
Səsləri ağır, ağır…”

Bu təbiət hadisələri zamanın və taleyin amansız axarını, ağrıların üst-üstə yığılmasını simvolizə edir. Qar soyuyur, sel aparır — sanki bu qadın taleləri də yavaş-yavaş görünməz olur, izsiz silinir.

Şeirin ən sarsıdıcı nöqtələrindən biri çağırışla müşayiət olunan misralardır:

“Susma, var gücünlə bağır, bağır!
Bu sel fərqli seldir, bu qar fərqli yağır!”

Bu çağırış şairin mövqeyini açıq göstərir. Qəndab təkcə müşahidəçi deyil, mövqe bildirən, etiraz edən, səslənən bir ziyalıdır. Bu sel — zorakılıqdır, bu qar — laqeydlikdir. Onlar adi deyil, çünki insan taleyini boğur.

Şeir ən ağır, amma bir o qədər də real bir nəticə ilə bitir:

“Hər gecə bir qadın ölür içimdə;
Ondan geriyə:
Bir cüt təzə qondara, bir ipək yaylıq,
Bir güllü kofta qalır…”

Burada ölüm fiziki yox, ruhi və mənəvi ölümdür. Qadının arxasında qalan əşyalar — qondara, yaylıq, kofta — onun varlığının necə səssizcə silindiyini göstərir. İnsan gedir, əşyalar qalır. Bu isə cəmiyyətin yaddaşsızlığına yönəlmiş acı bir ittihamdır.

Qəndabın “Hər gecə” şeiri qadın taleyinə, uşaqların müdafiəsizliyinə, cəmiyyətin susqunluğuna qarşı yazılmış poetik etiraz manifestidir. Bu əsər oxucuya rahatlıq vermir — əksinə, onu düşündürür, silkələyir, vicdanla üz-üzə qoyur.

Bu şeir bir daha sübut edir ki, Qəndab təkcə şair deyil, həm də ictimai məsuliyyət daşıyan alim-ziyalıdır. Onun poeziyası gözəllik üçün deyil, oyatmaq üçün yazılır. “Hər gecə” isə yaddaşımızda bir sual kimi qalır:
biz bu səsləri nə vaxt eşidəcəyik?

Bu poeziya sübut edir ki, söz zamanın fövqünə qalxa bilirsə, o artıq ədəbiyyatdır. Qəndab xanımın yaratdığı poeziya isə məhz belə sözlərin məcmusundan ibarətdir – ötüb keçmir, insanın yaddaşında iz qoyur. Tarix olur, yaddaşa çevrilir. Yaşayan insana çevrilir. “İnsan sözü yaşadıqca yaşayır ” ifadəsi Qəndab xanımın yaratdığı poeziya nümunələri timsalında həyat qazanır, həqiqətə çevrilir.

Növbəti yazımızda Qəndab xanımın bir-birindən maraqlı etüdlərindən söhbət açacağıq. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.

Ardı burada: >>> GÜL ƏTİRLİ KİTAB – ETÜDLƏR

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

GÜL ƏTİRLİ KİTAB

Əvvəli burada: >>> GÜL ƏTİRLİ KİTAB – GİRİŞ

GÜL ƏTİRLİ KİTAB

(Qəndabın “Ətirli güllər”i haqqında)

İKİNCİ YAZI – BAYATILAR

Salam olsun, çox dəyərli oxucum! Söhbətimizi qaldığımız yerdən davam edirik.

Azərbaycan xalq poeziyasının ən qədim və ən təsirli janrlarından biri olan bayatı, zamanın sınağından keçərək bu günə qədər gəlib çıxmış mənəvi xəzinədir. Bayatı – dörd misraya sığan bir ömür, bir nisgil, bir ümid, bir dua, bəzən də bir fəryaddır. Qəndab xanımın gül ətirli bu kitabında yer alan bayatılar “Anamın bayatıları” sərlövhəsilə təqdim olunur. Bu bayatıların içərisində ən çox diqqətimi cəlb edən 13-cü səhifədə ən aşağıdakı bayatı oldu:

Araz, Araz, xan Araz,
Soltan Araz, xan Araz
Ayırmısan elləri
Eyləmisən qan Araz!

bu bayatını bir neçə variantda eşitmişəm. Xüsusilə cənublu qardaş və bacılarımızın dilində son iki misranın fərqli olduğu variantlar mövcuddur. Mən isə bu bayatını aşağıda təqdim etdiyim variantda xatırlayıram:

Araz, Araz, qan Araz,
Sultan Araz, xan Araz,
Otun, suyun qurusun
Mənim kimi yan Araz!

bəzən isə;

Araz, Araz, xan Araz,
Sultan Araz, xan Araz,
Otun, suyun qurusun
Alış, Araz, yan, Araz!

yeri gələndə bütün tədbirlərdə səsləndirdiyim, haqqında yazdığım bu bayatı mənim əzbərimdə qalan ilk nəzm nümunəsidir. Gözümü açandan gün ərzində ən azı 10-15 dəfə nənəmin (ana nənəm Ağgül – Ağdam rayonu, Yusifcanlı kəndi – Əfkərli) ağzından eşitdiyim bu bayatını hələ oxumağa başlamazdan çox əvvəl şifahi əzbərləmişdim. Nəzərə alsaq ki, 5 yaşımda Yaman əmim mənə əlifbanı öyrətmişdi və artıq sərbəst oxuya bilirdim, deməli bu bayatını 5 yaşımdan əvvəl əzbərləmişdim. Bütün sözlər eyni qalsa da, nənəm hərdən birinci misranın sonunda da “xan Araz” deyərdi, ancaq əksərən təqdim etdiyim kimi söyləyirdi. Bir də “Mənim kimi yan Araz!”ı və ya “Alış, Araz, yan, Araz!”ı sonda dəfələrlə təkrar edərdi. Nənəmin bu məqam üçün tutarlı səbəbləri çox idi. Ancaq onu ən çox yandıran gün ərzində dəfələrlə: “can ay bala”, “can ay balalarım”, – deyə xatırladığı müharibə (1941-45) vaxtı aclıq və xəstəlikdən tələf olmuş təxminən 5-11 yaş arası dörd qızının vaxtsız ölümü idi.

HAŞİYƏ

Mürşüd və Ağgül cütlüyün vaxtsız tələf olmuş qızları; Təra, Emla, Şayə, Səringül bacıların dağıdılmış məzarları son illərdə məlum hadisələr zamanı, xüsusilə torpaqlarımız işğaldan azad ediləndən sonra ortaya çıxan bir-birindən ayrı salınmış bacıların qəbri məsələsində (Ağdam rayonu, Yusifcanlı kəndi qəbiristanlığında ortasından səngər keçən dörd bacının məzarı) xeyli müddət yerli və dünya mediasında gündəmi zəbt etmişdi. Həmin bacıların – doğmaca xalalarımın Mürşüd babam 1941-45-ci il müharibəsində olduğu vaxt həyətin doqqazına çıxıb ataları üçün dediyi bayatını da diqqətinizə çatdırmaq istəyirəm:

Qoyun qoyun gəlsin,
Dərisin soyun gəlsin,
Ay ordakı camaat
Qaqamı* qoyun gəlsin.

Kimisi mənim kimi nənəsinin adı ilə, kimi də Qəndab xanım kimi anasının adı ilə xatırladığı bu bayatılar məhz xalq yaddaşının içindən doğan, ana laylası kimi könül oxşayan, eyni zamanda taleyin ağır yükünü daşıyan poetik nümunələrdir.

Qəndab xanımın yaradıcılığında bayatı, sadəcə folklor forması deyil, həyatın özüdür. Onun bayatılarında ana taleyi, ayrılıq ağrısı, Vətən nisgili, övlad həsrəti, zamanın amansızlığı və qadın qəlbinin səssiz fəryadı iç-içə keçir. “Anamın bayatıları” başlığı altında təqdim olunan nümunələr bunu açıq-aydın göstərir. Burada saz, aşıq, dağ, yol, gül, fal, şərbət kimi obrazlar sırf poetik bəzək deyil – bunlar xalqın minillik düşüncə sisteminin simvollarıdır.

“Əlində sazın nədi,
Tutmusan sazın nədi?”
– misralarında saz təkcə musiqi aləti deyil, sözün, taleyin, dərdin ifadə vasitəsidir. Qəndab üçün saz həm yol yoldaşı, həm sirdaş, həm də həyatın ağır yükünü daşıyan bir rəmzdir. Aşıq obrazı isə xalqın vicdanı, sözün keşiyində duran mənəvi keşikçidir.

Qəndab xanımın bayatılarında qadın baxışı xüsusi yer tutur. Bu baxış nə pafosludur, nə də süni romantikdir. Bu baxış həyatın içindən gəlir. “Baladan ayrı düşmək”, “günlərin, ayların keçməməsi”, “gül balam qala yalqız” kimi ifadələr ana qəlbinin ən dərin qatlarından qopan səssiz fəryaddır. Bu bayatılarda ağrı qışqırmır, sadəcə danışır – sakit, təmkinli, amma sarsıdıcı bir dillə.

Qarabağ, Araz, ayrılıq mövzuları Qəndab xanımın bayatı dünyasında xüsusi poetik yük daşıyır. “Araz, Araz, xan Araz, / Ayırmısan elləri” misraları təkcə coğrafi ayrılığı deyil, tarixi ədalətsizliyi, parçalanmış taleləri ifadə edir. Araz burada çay olmaqdan çıxır, milli yaddaşın qanayan yarasına çevrilir. Qəndab bu ağrını hay-küylə deyil, bayatı sakitliyi ilə təqdim edir və məhz bu sakitlik oxucunu daha dərindən sarsıdır.

Qəndab xanımın bayatıları həm də bir dövrün sosial portretidir. “Aşıq yamanca döyül, / Halım yamanca döyül” deyən şairə, zamanla barışmayan, amma ümidini də itirməyən xalqın səsini çatdırır. Burada nə ümidsizlik var, nə də saxta nikbinlik. Burada həyatın olduğu kimi qəbulu və ona sözlə dirəniş var.

Ümumi götürəndə isə, Qəndab xanımın bayatıları Azərbaycan xalq poeziyasının şah damarına bağlıdır. Bu bayatılar oxunmur, yaşanır; öyrədilmir, ötürülür; yazılmır, danışılır. Onlar ana laylası kimi qulaqda qalır, Vətən nisgili kimi ürəkdə sızlayır. Qəndab bu bayatılarla təkcə söz demir, xalq yaddaşını qoruyur, ana dilinin kövrəkliyini və gücünü eyni anda nümayiş etdirir.

Bu bayatı dünyası bir daha sübut edir ki, böyük poeziya üçün bəzən bir kitab yox, dörd misra kifayətdir.

İstər tərtibatçı qismində, istərsə də, müəllif olaraq Qəndab xanımın seçib təqdim etdiyi bayatı nümunələri milyon illik söz yaddaşımızın qorunması və təbliği baxımından ən zərif, ən duyğusal, ən ibrətamiz nümunələr kimi təqdirə layiqdir. Bayatıları “Anamın bayatıları” adı altında təqdim etməsi isə, kitab boyu janrından asılı olmayaraq bütün əsərlərində qırmızı xətt kimi keçən “Ana obrazı”nı yaşatmaq və təbliğ etmək baxımından əhəmiyyətlidir. “Ana” adı, “Ana” obrazı, anaya-anasına bağlılıq (1963 – bir fərd kimi) Qəndab xanımın bütün həyat və fəaliyyətində hiss olunur:

Aman fələy, dad fələy,
Olma səni şad fələy.
İçirdiyin şərbətdən
Bir özün də dad fələy.

Yeri gəlmişkən bu bayatını olduğu kimi dəfələrlə nənəmdən eşitmişəm. Qəndab xanımın seçib bu kitabına daxil etdiyi bayatilar hamısı mənə çox doğma gəldi. Böyük əksəriyyətini kiçik söz dəyişikliklərilə lap körpəlikdən çox eşitmişəm.

İnanıram ki, Qəndab xanımın təqdim etdiyi bu bayatılar və gələcəkdə tanış olacağımız digər əsərləri milli kimliyimizi xatırlatmaq baxımından çox faydalıdır.

Ümumiyyətlə oturuşmuş ailə institutumuzun, milli-mənəvi dəyərlərimizin qorunması yolunda çağırışlar və təbliği Qəndab xanımın həm alim, həm də şair kimi bütün fəaliyyətində əsas missiya kimi görünür.

Növbəti yazımızda Qəndab xanımın sirli-sehirli şeir dünyasına səyahət edəcəyik. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.

*-“Qaqa” – biz tərəflərdə “Ata”ya “Qaqa” (“Qağa”) deyirdilər.

Ardı burada: >>> GÜL ƏTİRLİ KİTAB – ŞEİRLƏR

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Folklordan müasirliyə uzanan poetik yol

Folklordan müasirliyə uzanan poetik yol

(Asif Yusifcanlı yaradıcılığına publisistik baxış)

Salam olsun, çox dəyərli oxucum. Bu dəfə söhbətimizi müasir Azərbaycan poeziyasında mənəvi-əxlaqi dəyərləri xalq təfəkkürü, atalar sözü və dini-etik düşüncə ilə yoğuraraq təqdim edən qələm sahiblərindən biri olan pedaqoq-şair Asif Yusifcanlının yeni çapdan çıxmış “Qəlbimin səsi” kitabı əsasında qurmağa çalışacağam.
HAŞİYƏ
“Qəlbimin səsi” kitabı 2025-ci də Bakı şəhərində yerləşən “Gənclik” nəşriyyatında “Kredo” qəzetinin baş redaktoru, şair-publisist, Beynəlxalq Rəsul Rza mükafatı laureatı Əli Rza Xəlfəlinin ön sözü və redaktorluğu ilə nəfis şəkildə çap olunmuşdur. Kitabın tərtibatı ilə məzmunu uyğunluq təşkil edir. Bu münasibətlə müəllifi və yaradıcı heyəti təbrik edirəm.
Təfsilata keçməzdən əvvəl onu qeyd etmək istəyirəm ki, Asif Yusifcanlı Ağdam rayonu, Yusifcanlı kənd orta məktəbində 1984-91-ci illərdə mənim müəllimim olub. Mən bu barədə 2016-cı ildə işıq üzü görmüş “Ustadnamə” kitabımda xüsusi olaraq qeyd etmişəm. Şübhəsiz ki, bu hal  qələmə aldığım yazıya ancaq informasiya xarakterli məlumat kimi daxildir və məzmuna heç bir təsiri yoxdur. Sinif yoldaşım Arzumanın mənə hədiyyə etdiyi “Qəlbimin səsi” şeirlər kitabını əlimə  alanda ilk olaraq haqqında yazmaq üçün bir şeir seçmək istədim.  Bütün şerlərin bir-birindən dəyərli, ibrətamiz olduğunu gördükdən sonra, sıra ilə şeirlər haqqında yazmaq qərarına gəldim. Əli Rza müəllimin ön sözündən və bayatılardan sonra gələn kitabda ilk şeir nümunəsi – gəraylı (səh. 11 – “Gərəkdir”) üzərində dayandım. Şairin sözləri haqqında söhbətə başlamazdan əvvəl bu qəbildən olan bütün yazılarımda olduğu kimi ənənəyə sadiq qalaraq ümumi məlumat vermək istəyirəm.

Azərbaycan poeziyası daim iki əsas mənbədən qidalanıb: xalqın minillik yaddaşı olan folklordan və zamanın ruhunu ifadə edən müasir poetik düşüncədən. Bu iki xəttin vəhdəti bir çox şairlərin yaradıcılığında öz əksini tapsa da, onları üzvi şəkildə birləşdirə bilən sənətkarların sayı azdır. Tanınmış pedaqoq-şair Asif Yusifcanlı məhz belə qələm sahiblərindəndir. Onun yaradıcılığı folklorun saf qaynaqlarından süzülüb gələn ruhu müasir poetik forma və düşüncə ilə bir araya gətirməsi baxımından diqqətəlayiqdir. Asif Yusifcanlı Azərbaycanın dilbər guşələrindən biri olan Ağdam rayonunun Yusifcanlı kəndinində dünyaya gəlib. Müharibədən sonra böyük bir ölkənin ən çətin dövrlərinə təsadüf edən uşaqlıq dövrünun yeganə mükafatı bəlkə də elə Yusifcanlı kimi unikal bir kənddə ziyalı ailəsində doğulmağı olub:
QISA ARAYIŞ
Tanınmış pedaqoq-şair Asif Yusifcanlı – Asif Abbas oğlu Abbasov 10 sentyabr 1948-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində ziyalı ailəsində anadan olub. Orta təhsilini əvvəlcə  Yusifcanlı kənd səkkizillik, sonra isə qonşu Novruzlu kənd orta məktəbində alıb.1969-cu ildə M.Ə. Sabir adına Bakı Pedoqoji Texnikumunu bitirib, doğulduğu Ağdam rayonunun Yusifcanlı kəndində müəllim kimi əmək fəaliyyətinə başlayıb. Asif Abbasov 1971-1973-cü illərdə sovet ordusu sıralarında hərbi xidmət keçib və bölük komsomol təşkilatının katibi olub. Paralel olaraq “Krasnıy bayets” ordu qəzeti ilə əməkdaşlıq edib. Hərbi xidmətini başa vurduqdan sonra Asif müəllim M.F. Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutuna (indiki Bakı Slavyan Universiteti) daxil olaraq ali təhsil alıb. Səmərəli müəllimlik fəaliyyətinə görə 1988-ci ildə Azərbaycan SSR Təhsil Nazirliyi tərəfindən Asif Abbasova “metodist müəllim” adı verilib. Qarabağda baş verən ağrılı proseslər nəticəsində Asif müəllim Zərdab şəhərində məskunlaşıb.1993-2003-cü illərdə Zərdab rayonunun Dəkkəoba kənd orta məktəbində ali kateqoriyalı müəllim və dərs hissə müdiri vəzifəsində çalışıb. 2003-cü ildən 2015-ci ilədək Zərdab şəhər 124 saylı texniki peşə-liseyində dərs hissə müdiri işləyib. Zərdabda yaşadığı müddətdə yerli ədəbi mühitdə öz layiqli yerini tutan Asif Yusifcanlının şeirləri “Kür damlaları”  antologiyasında yer alıb. “Ömrümü uzadır vətən həsrəti”  və “Qəlbimin səsi” adlı şeir kitablarının müəllifidir. “Qəlbimin səsi” adlı yeni kitabın işıq üzü görməsi münasibətilə “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə təqdim olunan “Ziyadar” mükafatı ilə təltif olunub. Şeirləri dövri mətbuatda və elektron kütləvi informasiya vasitələrində müntəzəm olaraq  dərc olunur.

Asif Yusifcanlı öz doğma kəndində uzun qış gecələrinin söhbətlərində və dəyərli müəllimlərimdən yığdığı söz ehtiyatı ilə uzun bir yola çıxdı. Asif müəllim bu gün də bu yolda inamla addımlayır. Bu yolda onun tükənməz azuqəsi xalqımızın min illiklərə söykənən yaddaşı – qədim və zəngin folklorumuzdur.

Asif Yusifcanlı poeziyasında folklor sadəcə mövzu və ya bəzək elementi deyil, daxili poetik strukturun özəyidir. Onun şeirlərində xalq deyimləri, atalar sözləri, mifoloji obrazlar, qədim inanclar və milli təfəkkürün dərin qatları təbii şəkildə yaşayır. Bu folklor motivləri müəllifin şeirlərində süni görünmür; əksinə, sanki şair həmin mühitin içində böyümüş, xalq sözünün ritmini və ahəngini ruhən mənimsəmişdir.

Folklora bu yaxınlıq onun poetik dilini də müəyyənləşdirir. Asif Yusifcanlının şeirlərində sadəliklə dərinlik qoşa addımlayır. Xalq danışıq dili, aşıq poeziyasına xas axıcılıq və obrazlı ifadə müasir poetik fikirlə qovuşaraq oxucuda həm tanışlıq, həm də yenilik hissi yaradır.

Şairin yaradıcılığında xalq aşıq şeirinin əsas formaları olan gəraylı və qoşma xüsusi yer tutur. Bu poetik formalar Azərbaycan ədəbiyyatında yüzillərlə sınanmış, lakin hər dövrdə yenidən yozulmağa ehtiyac duyan janrlardır. Asif Yusifcanlı bu çətin və məsuliyyətli yolu seçərək klassik forma çərçivəsində müasir insanın düşüncəsini, ağrılarını və ümidlərini ifadə etməyə nail olur.

Onun gəraylıları və qoşmaları forma baxımından ənənəyə sadiq qalsa da, məzmun baxımından müasir zamanın poetik salnaməsidir. Bu şeirlərdə Vətən, torpaq, insan taleyi, mənəvi məsuliyyət, zamanla hesablaşma kimi mövzular xalq şeirinin ritmində səslənir. Beləliklə, şair klassik formaları muzey eksponatına çevirmir, əksinə, onları yaşadan və çağdaşlaşdıran sənət nümunələri yaradır.

Asif Yusifcanlı yalnız folklorla kifayətlənmir. Onun yaradıcılığında sərbəst şeir, fəlsəfi düşüncəyə əsaslanan modern poetik nümunələr də mühüm yer tutur. Bu şeirlərdə obrazlılıq daha çox simvolik və metaforik müstəvidə qurulur. Şair zamanın sosial-mənəvi problemlərinə, insanın daxili təlatümlərinə, yaddaş və məsuliyyət anlayışlarına publisistik kəskinliklə yanaşır.

Bu baxımdan onun poeziyası həm lirika, həm də düşüncə poeziyasıdır. Müasir formalarla yazılmış şeirlərində belə folklor təfəkkürünün izləri sezilir; bu da şairin üslub bütövlüyünü təmin edir.

Asif Yusifcanlının pedaqoji fəaliyyəti onun yaradıcılığında xüsusi etik və mənəvi çalarlar yaradır. O, poeziyaya yalnız estetik hadisə kimi deyil, tərbiyəvi və maarifləndirici missiya daşıyan söz sənəti kimi yanaşır. Şair üçün söz məsuliyyətdir, oxucu ilə mənəvi dialoqdur. Bu mövqe onun şeirlərində açıq didaktikadan uzaq, lakin dərin mənəvi çağırışlarla ifadə olunur.

Asif Yusifcanlı yaradıcılığı Azərbaycan poeziyasında ənənə ilə müasirliyin ahəngdar sintezinin bariz nümunəsidir. Folklora söykənən poetik yaddaş, aşıq şeirinin gəraylı və qoşma kimi klassik formalarına yaradıcı yanaşma, müasir poetik düşüncə və pedaqoji məsuliyyət onun sənət dünyasını bütöv və fərqli edir.

Bu yaradıcılıq nə keçmişə kor-koranə bağlılıqdır, nə də ənənəni inkar edən modernizm. Bu, xalq ruhundan doğan və müasir zamanla danışan poeziyadır. Asif Yusifcanlı məhz bu keyfiyyətləri ilə oxucunun yaddaşında qalır və Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur. Bu hal özlüyündə çox vacib və gərəklidir. Söhbətimizi məhz bu qəbildən olan nümunələrdən biri və kitabda birincisi artıq yuxarıda qeyd etdiyim “Gərəkdir” gəraylısı ilə davam etdirəcəyik.

Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.

25.12.2025. Şəki.

Müəllif: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

ASİF YUSİFCANLININ YAZILARI

ASİF YUSİFCANLI HAQQINDA

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

İlqar İsmayılzadə – Nəşr olunmuş yeni monoqrafiya

Nəşr olunmuş yeni monoqrafiya
Nəşr olunmuş əsərlərimdən biri də bir neçə il öncə araşdıraraq qələmə aldığım, eyni halda Muğan tarixi və mədəniyyəti ilə sıx əlaqədə olan olduqca maraqlı bir monoqrafiyadır.

Kitabın adı: Maddi-mədəniyyət nümunələrində Svastika simvolu” (Maddi-mədəniyyət nümunələrində mövcud olan Svastika simvolu barədə araşdırma)
Müəllif: İlqar İsmayılzadə
Naşir: “Həməşəra” Mətbu Orqanı
Çapxana: “Qazi” Çap Mərkəzi, Cəlilabad
Nəşr olunduğu il: 2025
Çap növbəsi: Birinci
Kağız formatı: 60×90 1/16
Səhifə sayı: 44 səhifə.

Kitab barədə:
Odlar Yurdu Azərbaycanın bir parçası sayılan sirli Muğan ellərindən tapılmış bir sıra maddi-mədəniyyət nümunələri barədə araşdırma apardıqda, onların üzərində Svastika simvolunun mövcudluğu diqqət və maraq doğurur.
Məlum monoqrafiya uyğun mövzuya həsr edilərək aşağıdakı fəsillər əsasında araşdırılmış və təqdim edilmişdir:
Birinci fəsil: Svastika simvolu barədə ümumi məlumatlar;
İkinci fəsil: Muğan diyarından tapılmış svastika simvolları;
Üçüncü fəsil: Svastika simvolu müxtəlif maddi-mədəniyyət nümunələrində.
Beləliklə də əziz oxuculara təqdim edilən bu araşdırmada yuxarıda qeyd edilən fəsillər əsasında svastika simvolundan söz açılmış, barəsində əhatəli məlumatlar verilmişdir. Bu monoqrafiyada həm də bu günədək Muğan ellərindən aşkarlanmış dörd Svastika sivmolları barədə fotoşəkillər və lazım olan izahlar da yer almışdır.
Bu elmi əsərin qədim və sirli tariximizin qaranlıq səhifələrinə işıq sala biləcəyi ümidi ilə!
Sonda indiyədək işıq üzü görmüş sayca 49-cu məlum əsərimin nəşrində təmənnasız dəstək olmuş dəyərli insanlara səmimi minnətdarlığımı bildirir, bu monoqrafiyanın qədim və sirli Muğan tarixi və mədəniyyəti ilə maraqlananlar və uyğun sahədə araşdırma aparan tədqiqatçılar üçün faydalı bir məxəz olacağına inanır, onu bütün səmimi və vətənpərvər insanlara ithaf edirəm.
09.12.2025

İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, yazıçı-publisist

İLQAR İSMAYILZADƏNİN YAZILARI

ŞƏHLA RƏVANIN YAZILARI

ZAUR USTACIN YAZILARI


YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Yadın yadı” – yaddaşın işığı

YETMİS ALTINCI YAZI
“Yadın yadı” – yaddaşın işığı
(Bəhruz Niftəliyev sözünün işığında)
Gərçi məndən surətin qaibdir, ey huricamal,
Sanma kim, gözdən camalın nəqşi pünhan oldu, gəl!

İmadəddin Nəsimi

Salam olsun, çox dəyərli oxucum! “Xoş gəlmisən…” Gəl, lap yaxın gəl ki, bir-birimizi yaxşı eşidək. İlk işarə, ilk söz “Tanrı” olduğu kimi, şübhəsiz ki, ən gözəl mükalimə də məhz Tanrı ilə olan söhbətdir. Ən doğru mütalib isə bütün sualların cavabınıdan agah olan intəhasız elm,  güc və qüdrət sahibi uca Tanrıdır. Bu dəfəki söhbətimiz tanınmış alim, şair Bəhruz Niftəliyevin “Tanrıya məktublar” kitabında yer alan Tanrı ilə söhbətlərindən seçdiyim fraqmentlər üzərindən olacaq. Bu söhbətimiz üçün yuxarıda adı çəkilən kitabdan  “Yadın yadı”  şeirini seçmişəm. Mətləbə keçməzdən əvvəl müəllif haqqında qısa arayış təqdim edirəm:
QISA ARAYIŞ
Bəhruz Niftəliyev 8 may 1987 – ci ildə – təbiətin ən gözəl çağında, şairlər ilində – Bakı şəhərində anadan olub. Ali təhsillidir. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Mütalibi Tanrı olan şairdir. Onun özünü özüm, sözünü sözüm kimi tanıyıram. Ümumiyyətlə 1987 (…., 1951, 1963,1975, 1987, 1999, …) -ci ildə anadan olan insanlar bir başqadır –seçilmişlər – Tanrının sevimliləridir. Məhz bu baxımdan Tanrını özünə həmsöhbət seçməkdə qeyri-adi (təsadüf) heç bir şey görmürəm. Şair sadəcə Tanrının cagrışına cavab verib.
Bəhruz Niftəliyevin “Yadın yadı” şeiri insan ruhunun dərin qatlarına toxunan əsərlərdən biridir. Bu şeir təkcə unudulmuş bir xatirənin poetik hekayəsi deyil, həm də yaddaşın insan həyatında oynadığı möhtəşəm rolu göstərən mənəvi bir güzgüdür. Əslində, şairin bu əsəri keçmişlə bu gün, sevgi ilə nisgil, ağrı ilə iradə arasında körpü yaradır. Bu körpüdən keçdikcə oxucu həm öz daxili dünyasına boylanır, həm də insan taleyinin ümumbəşəri həqiqətlərini duyur.
Şeir elə ilk misradan oxucunu dərin bir paradoksal, sirli-sehirli aləmə çəkir:
“Bir yadın yadıyla dərdləşə adam…”
Bu misra unudulmuş bir insanın, bəlkə də çoxdan uzaqlara getmiş bir simanın hələ də kiminsə içində yaşamaqda olduğunu göstərir. “Yad” sözü həm uzaqlığı, həm qəribliyi, həm də keçmişi bildirir. Lakin “yadın yadı” ifadəsi daha dərin məna daşıyır ― yad olanın belə yaddaşdan silinə bilməyən izidir. Deməli, şair üçün yaddaş təkcə xatırlamaq deyil, həm də yaşamaq, nəfəs almaq, bəzən də dərdləşməkdir.
Bu fikrin davamında şair insanın daxili gücünü vurğulayır (yaddaşın dərin qatlarına enir):
“Nur ola, çevrilə günəşə adam…”
Yadın itkisi, iztirabı olsa da, insanın içində bir işıqlanma var. Bu o deməkdir ki, acı keçmiş belə adamın ruhunu oyadan, işıqlandıran bir hikmətə çevrilə bilər. Bu misralar həyat fəlsəfəsi daşıyır. İnsan yalnız əzablardan keçməklə paklana, nurlana, ziyadar ola bilər. Kainatın əfəndisi, yaradılmışların əşrəfi olduğunu bu yolla isbatlamaq mümkündür. Nəsimi hikmətindən qidalanan irfan şairi Bəhruz Niftəliyev hər bir düşüncə adamını  insanın (Tanrı-bəndə çuğlaşmasının) qatmanlı iç dünyasına səyahətə dəvət edir.
Şeirin ikinci bəndində şair emosional yükü daha da artırır:
“Yıxıldım ruhuma dəydi izlərin,
Puç oldu, heç oldu nəydi hisslərin?”

Burada xatirənin adamı necə sarsıtdığı poetik şəkildə göstərilir. Keçmiş hisslər nə qədər böyük olursa-olsun, zaman qarşısında puç ola bilir. Xatirənin izləri isə bəzən həmin hisslərin özündən ağır olur. Şairin ruhuna dəymiş “izlər” təkcə emosional yara deyil, həm də insanın həyat yolunu dəyişən bir hadisə kimi görünür. Düşüncənin alt qatlarına endikcə hisslərin ruha tərcüman olduğunu görürük:
“Vaxt gəldi qüruru əydi dizlərin”
Bu misra insanın ən sərt tərəfi olan qürurun belə sevgi qarşısında diz çökə bildiyini poetik dillə təsvir edir. Münasibət bitər, insan ayrılar, amma qürur zədəsi uzun müddət öz sözünü deyər. Bu yara hey su verər. Heç sağalmaz.
Üçüncü bənd şeirin fəlsəfi yükünü daha da genişləndirir (dərinliyi artır):
“Çəkilər ləpələr qayıtmaq üçün,
Qaydar şübhələr ayıltmaq üçün…”

Ləpələrin çəkilib yenidən sahilə qayıtması kimi, insanın yaddaşında da hadisələr, duyğular, suallar daim geri dönür. Bu geri dönüş bəzən sakitləşdirir, bəzən yandırır, bəzən də insanı ayıldır. Şair burada dərin psixoloji həqiqəti ifadə edir. Mərkəzdən qaçma effektlərinin izlərini görürük. İnsan təbiətin bir parçası olduğu üçün daim Ayın və Günəşin cəzbindədir. Qabarmalar və çəkilmələr labüd və təbiidir. Keçmişdən xilas olmaq mümkün deyil, çünki o daima insanın arxasınca gəlir. Çünki bütün həyatımız (insan ömrü) dairəvi hərəkətlər məcmusudur (Bəhmənyar). Keçdiyimiz yolları təkrar-təkrar mütləq keçirik. İzimiz izimizi çəkir.
Ən maraqlı məqamlardan biri isə “Mən qalxan, mən qaya, sən döşə adam” misrasıdır. Bu, sevgidəki rolların təsviri kimi görünür. Əslində ülvi məhəbbətin hər iki tərəfin qarşılıqlı hisslərinin, duyğularının, fəaliyyətlərinin çuğlaşmış məcmusundan ibarət olmalı olduğu halda, şair özünü fədakarlıq göstərən tərəf kimi təqdim edir, qarşı tərəfi isə duyğularını, hisslərini döşəyə (diktə edə) biləcəyi bir insan kimi göstərir (nə desən, nə etsən qəbulumdur – döşə, gəlsin): Ruhum təbəliyi özü üstənib, qəlbimdə qurduğun taxtın mübarək!* Ümumi məzmundakı paradoksallıq öz pik həddinə, kuliminasiya nöqtəsinə çatır. Şair birinci, birbaşa mənasında sərtlik, dirəniş, müqavimət, müdafiədə olmaq anlamına gələn ifadələr işlətməklə, əslində yumşaqlığın, kövrəkliyin, ürəyi yuxalığın, özünü qurban etməyin ən uğurlu, optimal sayıla biləcək mənzərəsini yaradır. Bu misra ən ülvi hissləri tərənnüm etməklə bərabər, eyni zamanda çox incə ironiya ilə də yüklənmişdir. Burada həm məhəbbətin, həm güvənin, həm də ümidsizliyin paralelliyi var. Bu bir misra fikrin (ifadənin, ifadə tərzinin) sahibini yəni, məlum şeirin müəllifi Bəhruz Niftəliyevi də bir insan, şəxsiyyət olaraq tam xarakterizə edir (tipik …, 1987, … özünü ifadə tərzi, təbii xarekter göstəricisidir). Yəni, heç bir nə 1986, nə də 1988-ci il doğumlu şəxs bu misranı yazmağı, onun ifadə etdiyi özünü fəda etmə, qurban vermə anlamına gələn məqamı ozünə rəva bilməz. Yuxarıda qısa arayış bölümündə qeyd etdiyim kimi hər şeyin ən mükəmməlini etməyə çalışırmaq (bu fədakarlığın ən son mərtəbəsinə də aiddir), ən ali məqsədlərə xidmət, uca könüllülük yalnız Tanrı tərəfindən seçilmişlərə məxsusdur.
Son bənddə şair daha hikmətli, daha irfanlı bir düşüncə ortaya qoyur:
“Eybi yox odun da istisi olar,
Yanarsa, mütləq bir tüstüsü olar…”

Bu misralarda insan həyatının qanunu (tərifi) verilir. Hər sevginin yanğısı, hər yanğının tüstüsü var. Heç bir duyğu tam ağrısız, tam saf olmur.  Həyatın hər istiqamətində bir acı, bir tüstü öz yerini tutur. Bu, həm barışmaq, həm də təslim olmamaq fəlsəfəsidir.
Şair burada insanın qəmli alın yazısının əslində qismətin bir parçası olduğunu deyir. Kim kədərlərdən uzaq düşürsə, deməli, həyatın böyük dərslərindən də uzaqdır. Qəm burada yük yox, təcrübədir, çətinlik yox, yüksəlişdir.
“Yadın yadı” şeiri insana bir həqiqəti xatırladır. Yaddaş zamanla silinmir, əksinə, dərinləşir. İnsan yad olandan belə dərd alır, nur alır, yol alır. Şair bu şeirdə keçmişin ağrısını yumşaq, fəlsəfi dillə təsvir edir. Poetik axıcılıq, misraların bədii ritmi, duyğunun səmimiyyəti şeiri həm oxunaqlı, həm də yaddaqalan edir.
Bəhruz Niftəliyev bu əsərlə göstərir ki, insanın ən böyük dərmanı yenə öz qəlbinin içindədir ― həm yadların izi, həm də özünün nurudur. Bu şeir həm unudulanlara salam, həm xatırlayanlara dərs, həm də ruha verilən bir məktub kimidir.
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm, əziz və çox dəyərli oxucum! Bu mövzuda birinci söhbətimizin sonuna gəldik. Hələlik.

04-05.12.2025. Bakı .

*– bu iki misra “Ülyahəzrət” şeirimdəndir.

Müəllif:  Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü.

ZAUR USTACIN YAZILARI

Bəhruz Niftəliyevin yazıları

Bəhruz Niftəliyev haqqında

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<l

Mahirə Nağıqızının 65 illiyinə

Mahirə Nağıqızı – 65

İNSAN, YURD VƏ ANA DİLİ

(birinci yazı – giriş)

Salam olsun, çox dəyərli oxucum! Budəfəki söhbətimizin mövzusu tanınmış Azərbaycan şairi, ədəbiyyatçı alim, xanım-xatın ana, yurdsevər ziyalı, ictimai xadim (ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor, Qərbi Azərbaycan İcmasının İdarə heyətinin üzvü, AYB-nin üzvü) Mahirə Nağıqızı (Hüseynova) yaradıcılığında “insan”, “yurd” və “ana dili” anlayışlarının cuğlaşması nəticəsində ortaya çıxan özünəməxsus ifadə tərzinin – yurdsevərliyin təcəssümnün araşdırılması və təbliği olacaq. Bu mövzuya həsr etdiyim birinci – giriş yazımda gələcəkdə davam edəcək silsilə yazılarım  üçün struktur sxem – növbəti monoqrafiyamın möhtəviyyatını təqdim etməyə çalışacağam.

Mahirə Nağıqızı müasir Azərbaycan ədəbiyyatının diqqət çəkən, eşidilən və oxunan səsi, qəbul edilən avazıdır. Dədə Qorqud öyüdü, ulu ozanların nəsihətləri, qədim tariximizin ən dərin qatlarından (min illərin ötəsindən – bəlkədə milyon illərin) süzülüb gələn ana hökmü, xanım zərifliyi onun yaradıcılığının (nitqinin, bayatılarının, şeirlərinin, hekayələrinin, publisistikasının, metodikasının) əsas məziyyətlərindənidir. Onun şeirləri ənənə ilə çağdaş duyğular arasında körpü qurur, sadə və eyni zamanda qatmanlı dil ilə oxucunu daxili səyahətə çıxarır:

İbadətdir şeirlərim,
Hər sətrində sənin yerin.
Kağız üstə düşən tərim,
Bir cəhlil-cəlal, yığıram. (“Yığıram”)

Bu məqalədə (silsilə yazımda) Mahirə Nağıqızının yaradıcılığını — bədii-estetik xüsusiyyətlərini, əsas mövzularını, poetik üslubunu, ictimai və mədəni təsirini, həmçinin oxucu ilə münasibətini geniş şəkildə araşdırmaq istəyirəm.

Mahirə Nağıqızı həm fərdi, həm də kollektiv yaddaşın şeir dili ilə təcəssümü olan şairdir. Onun şeirlərində şəxsi xatirələr, qadın təcrübəsi, ailə və məişət, vətən (yurd)  və tarixi yaddaş elə bir ahənglə verilir ki, oxucu onları həm öz həyatında tapa bilir, həm də ümumbəşəri səviyyədə qəbul edir. Mahirə xanımın poeziyası həm incə duyğuya, həm də prinsipial ictimai mövqeyə malikdir; o, kiçik insan hekayələrindən böyük mənalar çıxarmağı bacarır. İstənilən məzmunlu (janrda)  və həcmli yazılarında (dördlükləri, bayatılar da daxil olmaqla) insan, onun yaşayışı, yurd yeri, dili əsas mövzu predmeti kimi ortaya çıxır:

Bu səhra dünyamın yuxularının
Hər gecə gəzdiyi ormanı sənsən.
Yaralı qəlbimin, xəstə canımın,
Yeganə davası, dərmanı sənsən. (“Sənsən”)

Mahirə Nağıqızının yaradıcılığında bir neçə dominant mövzu aydın görünür:

Ailə və ana: Şairənin anaya, analığa həsr olunmuş nüanslı şeirləri onun yaradıcılığında xüsusi yer tutur. Bu şeirlərdə həm təşəkkür, həm də qürur, həm də itki və həsrət duyğuları paralel şəkildə işlənir:

Doğulandan ruhun oldu beşiyim,
Abrın oldu, həyan oldu keşiyim.
Halallığa ocaq, evim-eşiyim,
Sabahıma inam oldun, Nazlı, sən. (“Nazlı, sən”)

Qadın təcrübəsi və önəri: Mahirə xanımın şeirləri qadınların gündəlik məişəti, daxili dünyası, arzuları və məhdudiyyətləri üzərində düşünməyə sövq edir. O, qadın obrazını stereotiplərdən azad etməyə çalışır, onun gücünü və incəliyini eyni zamanda təqdim edir.

Yurd və tarix: Şair həm yerli-landşaftın, həm də tarixi yaddaşın şeir dilində canlandırılmasına meyllidir. Vətənə bağlılıq onun poetikasında nostalji və ümid qatları ilə verilir. Mahirə Nağıqızının bu mövzuda olan şeirlərindən əlavə maraqlı nəsr nümunələri də var. Yazarın  “Mənim çəkmələrim” hekayəsi yurd – vətən həsrətini təcəssüm etdirən çox qiymətli əsərlərdən biridir.

Ana dili və milli mənsubiyyət məsələsi: Mahirə Nagıqızına görə Azərbaycan xalqının milli mənsubiyyətinin, mənəvi varlığının ən böyük dayaqlarından biri onun dilidir. Ana dilimiz təkcə bir ünsiyyət vasitəsi deyil, xalqımızın keçdiyi tarixi yolun, formalaşdırdığı zəngin mədəni irsin, yaratdığı bənzərsiz ədəbi və elmi əsərlərin daşıyıcısı, min (bəlkə də milyon) illərin ötəsindən günümüzədək gəlib çatan ən müqəddəs əmanət – genetik yaddaşımızdır. Onu qorumaq və gələcək nəsillərə ötürmək borcumuzdur.

Mühacirət və qayıdış: Modern dünyanın köçərilik, tənhaqalmışlıq və yeni məkanlarda özünü yenidən kəşf etmə kimi problemləri Mahirə xanımın müasir şeirlərində rast gəlinir:

Kimə doğma dedin, kimə yad dedin,
Nə haray istədin, nə imdad-dedin?
Qürbətin havası verməz dad-dedin,
Adının hər adı-sanı vətəndir. (“Vətəndir”)

Günlük həyatın poetikləşdirilməsi: O, adi məişət səhnələrindən, gündəlik məsələ və münasibətlərdən, yaşlı və cavanlardan, övladlardan (nəvələrdən), əşya və hadisələrdən nümunələr götürərək universalla çevirir. Fərdi məziyyətləri poetik dillə ümumiləşdirir:

Bu vətən deyilən torpaq deyil ki,
Ananın dizinin yanı-vətəndir.
Başını qoymağa bir sinə varsa,
Ruhuna beşiksə, tanı, vətəndir. (“Vətəndir”)

Əsərlərin dili və üslubu: Mahirə Nağıqızının dili həm sadə, həm də mürəkkəbdir. O, gündəlik danışıq intonasiyasını şeir formasına gətirir, amma dilin sadəliyinin arxasında dərin metaforik qatlar gizlənir.Doğma ana dilimizin zənginliyini, ecazkarlığını hər sözündə, hər misrasında vurğulayır. Milli mənsubiyyətimizin əsas daşıyıcı və qoruyucusu məhz sərhəd tanımayan hakim ana dilimizin olduğunu göstərir.Biz bu yanaşmanın nə qədər doğru olduğunu son illərdə bird aha şahidi olduq (uzun illər özünü düşmən kimi təqdim edən mənfur – rəzil qonşularımız belə əslində dilimizdə necə bülbül kimi cəh-cəh vurduqlarının şahidi olduq.)

HAŞİYƏ: Son günlərdə minaya düşərək şəhid olan Xanı ləqəbli döyüşçünün yayılmış videoların birində belə bir epizod var; ərazinin tərk edən qonşu millətin nümayəndəsi ona  “Qardaş” deyir…. Və ya digər məşhur bir videoda isə: – “ə vallah e….i..r adam döylü” – yaşlı kişi elə yaxşı danışır ki,.. bütün bunlar onu göstərir ki, bu regionun, coğrafiyanın bir  hakim – əsas dili var, o da mənim ana dilimdir. Məgər biz  onları bizim dildə danışmağa məcbur etmişik? Yoxsa, biz onlara dil öyrətmişik?

  Üslubu isə janrından asılı olmayaraq bütün mətnlərində fərdi xüsusiyyətlərilə seçilir. O müasir ədəbiyyatımızın öz fərdi üslubu olan qələm sahiblərindən biridir.

Təsvir və detalların gücü: Mahirə xanım kiçik detalı böyük bir simvola çevirə bilir — adı bir yarpaq, saz, yol, karvan kimi elementlər şeirə geniş mənalar gətirir.

Səmimiyyət və açıq nitq: Onun şeir dili danışıq tonuna yaxın olduğundan, oxucu ilə birbaşa dialoqa girirmiş kimi təsir bağışlayır.

Mahirə Nağıqızının şeirlərinin əksəriyyəti insanın yaddaşına həkk olunur (düşündürür) — çox vaxt bir misra, bir mənzərə (təsvir) uzun müddət qalan təsir yaradır: “Təkcə bizim deyil, el anasıydın…” və ya “Ürəyə can verən qanı vətəndir.” Bu cür cümlələr oxucuda həm vizual, həm də emosional reaksiya doğurur.

Mahirə Nağıqızının şeirləri yalnız ədəbiyyat güzgüsündə deyil, həm də cəmiyyətin dilində səslənir. Onun yaradıcılığı gənc şairlər üçün nümunədir, ədəbi müzakirələrdə tez-tez istinad edilir və mətbuat-ictimai platformalarda oxucular arasında müzakirə mövzusu olur. Xüsusilə qadın təcrübəsinin ədəbiyyatda görünməsi və bu təcrübənin ehtiramla ifadəsi Mahirə xanımın yaradıcılığını sosial məna daşıyan bir sənət növünə çevirir.

Ayrı-ayrı (fərqli təbəqələrdən olan) oxucuların və müxtəlif nəsillərdən olan ədəbiyyat tənqidçilərinin Mahirə Nağıqızının şeirləri barədə olan qənaətləri müxtəlifdir. Bəzi tənqidçilər onun dilinin bəzən həddindən artıq emosional olması və ya çox şəxsi motivləri poetik ümumiyyətə çevirməyə çalışmasının mübahisəli tərəflərini vurğulayırlar. Lakin əksər oxucular və tənqidçilər onun duyğulara sədaqətli qalmasını, saf və kəskin hisslərini, gələcəyə inamını qiymətləndirirlər:

Kəsik duaları sığışmaz yerə,
Ün salmaz, sakitcə hopar göylərə.
Dur ayaq üstündə, yeri, Mahirə,
Qış çıxıb gedəcək, bahar gələcək. (“Gələcək”)

Ədəbiyyatsevərlər Mahirə Nağıqızının səmimiyyətini, emosional dürüstlüyünü və insan təcrübəsini incəliklə göstərməsini əsas müsbət cəhət hesab edir.

Gələcəkdə Mahirə xanımın yaradıcılığının (fikirlərinin, ideyalarının) daha geniş oxucu (tamaşaçı – izləyici) auditoriyasına çatması üçün, fərqli ədəbi janrlara — məsələn dramaturgiya müraciət etməsi faydalı ola bilər. Onun səsi çağdaş ədəbiyyatda bir nəsil üçün referans nöqtəsinə çevrilə bilər: həm dil, həm dəyər, həm də mövzu baxımından. Əgər o, poeziya məclislərində (tədbirlərdə), ədəbi festivallarda və tərcümə layihələrində daha aktiv iştirak edərsə, onun təsiri region sərhədlərini asanlıqla aşaraq ümumbəşəri dəyər qazana, genişlənə bilər.

Bütün bu yuxarıda sadalanan amillərə əsaslanaraq bu silsilə yazılarımda (gələcək məqalələrimdə) Mahirə Nağıqızının yaradıcılığını dörd əsas istiqamətdə; bayatılar, şeirlər, hekayələr və publisistika olmaq üzrə araşdıracağıq. Janrından asılı olmayaraq təhqiqat mövzusu olacaq əsərlərdə insan, yurd, ana dili, həsrət, inam kimi anlayışlar araşdırılacaq. Bu yazılarda yurd həsrətli yazarın (şairin, yazıçının, publisistin, … Mahirə Nağıqızının) yazdıqlarını digər bir yurd həsrətli yazarın (bəndənizin – Zaur Ustacın) gözü ilə seyr etmək, qəlbi ilə duymaq imkanı əldə edəcəksiniz.

Bayatılar

Mahirə Nağıqızının bayatıları ilk növbədə xalq ruhunun daşıyıcısıdır. Onun bayatılarını oxuyanda elə bil qədim ozan nəfəsi, aşıq səsi duyulur. Hər misrada səmimiyyət, hər ifadədə təbiilik özünü göstərir. Bu bayatılarda sevgi də var, həsrət də, qəhrəmanlıq da, ana torpağa bağlılıq da. Şairə xalqın yaratdığı bu miniatür formanın imkanlarından məharətlə istifadə edir, az sözlə dərin mənanı çatdırmağı bacarır:

Eləmə,naşı dillənər
Hər kəlməbaşı dillənər
Deməyə kəlmə tapmaram
Gözümün yaşı dillənər.

Filologiya elmləri doktoru, professor Zahid Xəlil bu dörd misra haqqında belə yazır: -“Oxudum və düşündüm.Yadıma saldım ki,bayatı poetikasının başlıca xüsusiyyətlərindən biri geniş və ibrətamiz bir hadisəni cəmi dörd misraya yerləşdirmək bacarığıdır.” – Zahid müəllimin fikirləri ilə daha geniş formada bayatılar haqqında olan ikinci yazımda ətraflı tanış olacaqsınız.

Şeirlər

Mahirə Nağıqızı poeziyasında insanın taleyi, zamanın axarı, qadın qəlbinin çırpıntıları, Vətən sevgisi, ana obrazı və sevgi motivləri ön plandadır. O, adi hadisələrə belə fərqli poetik baxışla yanaşır, gündəlik həyatın ən sadə məqamlarında belə bədii məna tapır. Şairin misralarında səmimiyyət, doğmalıq və ruhun saf çırpıntıları üstünlük təşkil edir:

…Bu ayları onsuz gördük deyilməz,
Üzbəüzdə Həsən Mirzə yaşayır.
O nə sirdir, nə hikmətdir, bilinməz,
Yüzə-yüzdə Həsən Mirzə yaşayır.

…Gedib çıxıb haralara sədası,
Azərbaycan – ora, bura obası.
Cild-cild kitablarda yuvası,
Qalıb sözdə Həsən Mirzə yaşayır.

Tanınmış ədəbiyyatşünas (vurğunşünas) – tənqidçi Qurban Bayramov Mahirə Nağıqızının “Həsən Mirzə yaşayır” şeirindən olan bu parça haqqında yazır: – “Mahirə Nağıqızının şeir yaradıcılığının çoxçeşidli, özünəməxsus mövzu sistemi mövcuddur. Onun yaradıcılığının əsas leytmotivinin birini də xalqın milli-mənəvi tərəqqisində, ictimai, mədəni düşüncəsinin yeniləşməsində böyük xidmətlər göstərən, xalqın taleyi qarşısında şəxsiyyətin rolu və məsuliyyəti məsələsi kəskinliyi ilə qoyulur.” – Qurban Bayramovun və digər ədəbiyyatçıların fikirləri ilə daha geniş formada şeirlər – Mahirə xanım haqqında olan bu silsilə yazımın poeziyaya həsr olunmuş bölümündə ətraflı məlumat veriləcək.

Mahirə xanımın şeirləri haqqında ayrıca bir neçə bölmədə söhbət açmaq olar. Ancaq bu birinci – giriş yazımın təyinatına uyğun ümumi məlumatla kifayətlənməli olacağıq.

Hekayələr

Mahirə Nağıqızının hekayələrində (hekayətlərində)  diqqəti çəkən əsas xüsusiyyət mövzuların həyatın özündən götürülməsidir. Onun qəhrəmanları sadə insanlar – kənd qadınları, ziyalı xanımlarımız,  ailəsinin yükünü çiyinlərində daşıyan analar, həyatın keşməkeşləri ilə mübarizə aparan övladlar, vətən həsrəti ilə yaşayan insanlar və gündəlik qayğıların arasında yaşamağa çalışan sadə insanlardır. Yazıçı oxucuya tanış olan bu obrazlarla sanki hər kəsi öz hekayəsinə qoşur, oxucunun həyat təcrübəsi ilə bədii mətn arasında körpü yaradır: “Hamı nənəyə təskinlik verməklə bərabər, hökmən qurban kəsməli olduğumuzu xatırladırdı və mən təəccüblənirdim ki, nəyə görə qurban kəsilməlidir idi. Ağamdan bir az sonra Şərəf arvad gəldi. Ucaboy, qadınlarda nadir hallarda rast gəlinən qartalburunlu Şərəf arvad, görünür, yol boyu Validədən lazım olan məlumatları almışdı deyə, kiməsə əlavə sual vermədən ərik ağacının altında, xırda kilimin üstündə uzadılmış Vəliyə yaxınlaşdı.  …” (“Sandal”)

Mahirə xanımın “İpək köynək”, “Saz havası”, “Sandal”, “Mənim çəkmələrim” və digər bu qəbildən olan hekayətləri necə deyərlər, “adamın iliyinə işləyir.”

Hekayələr (hekayətlər) haqqında olan yazıda bu barədə daha ətraflı söhbət edəcəyik.

Məqalələr

Mahirə Nağıqızının publisistik məqalələrinin əsas məziyyəti onların oxucu ilə canlı ünsiyyət qurmasıdır. Onun yazılarında quru faktlardan daha çox hadisələrin arxasındakı mənalar, insan taleləri, milli yaddaşın izləri ön plana çəkilir. Müəllif oxucunu hadisənin sadəcə şahidi deyil, həm də iştirakçısı kimi görür.

Xüsusilə son dövrlərdə Qərbi Azərbaycan mövzusunda yazdığı publisistik məqalələri (çıxışları) soydaşlarımızın maarifləndirməsi və gələcəyə ümidlə baxması yolunda atılan uğurlu addımlardan biri kimi qəbul olunmalıdır. Milli mənsubiyyət məsələsi, yurd həsrəti və qayıdışa inam, dil problemləri (ana dilimizin qayğıları) onun yazılarının (çıxışlarının) özəyini təşkil edir:

“Hər bir xalqın milli kimliyini, tarixi keçmişini, mədəniyyət və adət-ənənəsini nəsildən-nəsilə ötürən ən vacib vasitə onun ana dlidir. Azərbaycan xalqının da milli kimliyinin, mənəvi varlığının ən böyük dayaqlarından biri onun dilidir. Azərbaycan dili təkcə bir ünsiyyət vasitəsi deyil, xalqımızın keçdiyi tarixi yolun, formalaşdırdığı zəngin mədəni irsin, yaratdığı bənzərsiz ədəbi və elmi əsərlərin daşıyıcısıdır.” (25  aprel 2025, adpu.edu.az)

Məqalələrdən bəhs edən bölümdə bu barədə daha detallı şəkildə məlumat verməyə çalışacağam.

Mahirə Nağıqızı oxucunu həm sakitləşdirən, həm də düşündürən şairdir (yazardır). Onun yaradıcılığı müasir əhvalatları, şəxsiyyətin incə məqamlarını və cəmiyyətin dəyişən üzünü poetik bir dillə, rəvan təhkiyə ilə səlis şəkildə ifadə edir. Mahirə xanımın şeirləri və hekayələri adi həyat fraqmentlərindən başlayıb özündə böyük mənalar ehtiva edən dəyərli əsərlərə çevirilə bilir. Oxucu hər dəfə o əsərə müraciət edəndə yeni qatlar kəşf edir. Bu səbəbdən də onun yazdıqları sadəcə oxunmamalı — hiss edilməli, danışılmalı və nəsillər arasında ötürülməlidir.

Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Bu mövzuda ikinci – bayatılar haqqında olan yazımızı oxumağı unutmayın! Hələlik.

Ardı burada: Mahirə Nağıqızının bayatıları

Müəllif:  Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü.

MAHİRƏ NAĞIQIZININ YAZILARI

ZAUR USTACIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru