Etiket arxivi: Nurlana Telmanqızı

Təbrik edirik, əziz Fəridə xanım!

Təbrik edirik, əziz Fəridə xanım!

Filologiya elmləri üzrə fəlsəfə doktoru, “Məhsəti” jurnalının təsisçisi və baş redaktoru, şair-publisist Fəridə Ləmanın doğum günüdür.
Fəridə xanımı ürəkdən təbrik edir, ona uzun sağlıqlı ömür və gələcək fəaliyyətində bol-bol uğurlar, sevinclər arzulayırıq!

Qısa arayış:
Fəridə Ləman 26 noyabr 1953-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. O, Kəmərli kənd orta məktəbini bitirdikdən sonra ADPU-nun Azərbaycan dil və ədəbiyyat fakültəsində təhsil almışdır.

O, 2008-ci ildə Həcc, 2009-cu ildə Kərbala ziyarətlərində olmuşdur.
Hazırda AMEA-nın Nəsimi adına Dilçilik institutunda baş elmi işçidir. Fəridə Ləman bununla yanaşı “Məhsəti” jurnalının təsisçisi və baş redaktorudur.

Fəridə Ləman bədii yaradıcılığa 1980-ci illərdən başlamışdır. O, “Tale adlı yazı varmış” (1991), “Suya danışılan yuxu” (1994), “Torpağın yaddaşı” (1995), “Azərbaycan Bədii Dilinin Epitetlər lüğəti” (1995), “Qazax mahalının şəhidləri” (1995), “Həsən ağa Qiyasbəyli” (1996), “Oğlundan qızından yarısa vətən (1996), “Əminə Dilbazi” (1999), “Ürəyimi sabahlara açıram” (2004), “Can Azərbaycan” ( 2006), “Sönməyən ulduzlar,” (2017), “Ocaq daşı” (2018), “Donmuş təbəssüm” (2019), “Tale adlı yazı varmış” (1992), “Mübarizim bir dünya” (2015), “Bülbül və qadın” (2017) və s. olmaqla 50-dan çox kitabın müəllifidir.

Fəridə Ləman dəfələrlə yaxın İran və Türkiyədə dövlət tədbirlərində, 1998-ci ildə Müstəqil Azərbaycanın Qadınlar qurultayında, 1999-cu ildə Türk dünyası Qadınlarının ilk qurultayında (İstanbul), 2005-ci ildə Dünya Azərbaycanlıları Konqresinin VIII qurultayında (Ankara) nümayəndə kimi iştirak etmişdir.

Fəridə Ləman 1997-ci ildə “Sevil” Qadınlar Məclisi poeziya klubunun rəhbəri, 1998-ci ildə “Xatun” ədəbi Məclisinin sədri olmuşdur; 2001-ci ildə “Məhsəti” Şairlər Məclisini yaradıb; 2003-cü ildə eyni adlı “Məhsəti” jurnalını təsis edib, həmin jurnalın baş redaktorudur.

Fəridə Ləman Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinə üzv və Qadınlar Şurasına sədr seçilib (2007–2017).
İİR-nin Mədəniyyət Mərkəzinin İmam Rzanın doğum günü və Həzrəti Məsumə ilə bağlı keçirdiyi şeir müsabiqəsində qalib olmuş, Urmiyada şeir festivalında iştirak etmişdir (2007); Uluslararası Yunus Emre Kültür və sanat haftasında iştirakçı olmuşdur (6–10 may 2008).

Fəridə Ləman Azərbaycan diaspor himninin, Türk marşının (hər iki mahnı 2005-ci ildə Ankarada DAK-ın VIII qurultayında xalq artisti Lütfiyar İmanov tərəfindən səslənmişdi) və İctimai Televiziyanın himninin müəllifidir.
O, 2010-cu ildə Osmanqazi Universitetində 2-ci Ulusal simpoziumda və IV Uluslararası Kıprıs simpoziumda (Türkiyə) iştirak etmişdir.

2012-ci ildə Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş “Mübarizli vətən” əsəri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnələşdirilmiş, teatrın özündə və sərhəd bölgələr — Gədəbəy, Qazax, Ağstafa bölgələrində əsgərlərin və rayon ictimaiyyətinin iştiraki ilə göstərilmişdi.

Fəridə Ləman 2013-cü ildə yaradıcılıq xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülmüşdür.
2014-cü ildə (14–17 aprel) Eskişehir Türk Dünyası Çocuk- Edebiyyatı Sempoziyumunun iştirakçısı olmuşdur.
2014-cü ildə Türkiyədə “Bayraklarda Hilalımız” Güldeste (Eskişehir) şeirləri işıq üzü görmüşdür.
2014-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Vətən sevgisi sərhəddə başlamır, sərhəddə bitmir” kitabında şeirləri dərc olunmuşdur.

Fəridə Ləmanın jurnalistlik fəaliyyəti də maraqlıdır. O, “Azad Azərbaycan” qəzetində Gəncə-Qazax bölgəsi üxrə xüsusi müxbir (1992–1993), “Gənclik” jurnalında korrektor, “Azərbaycan” qəzetində müxbir, “Azərbaycan qadını” jurnalında müxbir, “Xatun” jurnalında baş redaktor, “Məhsəti” jurnalında baş redaktor, “Azad Azərbaycan” qəzeti müxbirlər şöbəsinin müdiri, “Respublika” qəzetində müxbir və “Dəli Kür” qəzetində baş redaktor vəzifələrində çalışmışdır.

Fəridə Ləmanın xidmətləri dövlətimiz tərəfindən dəyərləndirilmişdir. O, “General Həzi Aslanov” adına (fəxri diplom, 1995), “Xanqızı Natəvan” adına (diplom, 1995), “Araz” ali ədəbi mükafatı (1999), “Qızıl qələm” mükafatı (2000), “Həsənbəy Zərdabi” mükafatı (2000), “Əliağa Şıxlinski” adına diplom (2004), “Milli Heysiyyət” və “Qopuz” (2006) fəxri diplomları, Cəfər Cabbarlı mükafatı (2010), “General Əliağa Şıxlinski” yubiley medalı (2016), “Vətən naminə” medalı —(2016), “Səməd Vurğun Mükafatı” diplomuna layiq görülmüşdür.
Fəridə Ləman hım də Azərbaycan Prezidentininn Sərəncamı ilə 2019-cu ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası
Milli Məclisinin Mədəniyyət Komitəsinin təbrik məktubundan:
“Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin qurucusu və ilk sədri olmuş filoloq-alimi 70 illik yubileyi münasibəti ilə təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirik!
Xanım şairin xəlqi duyğuların təcallası olan poeziya örnəkləri ilə yanaşı, hərbi-vətənpərvərlik mövzulu əsərləri də ona ün qazandırıb, O, şəhidlər haqqında kitablar yazıb, qəhrəman Vətən oğullarının səngər həyatını, döyüş yolunu uğurla ədəbiyyata gətirib.”

Çoxsaylı kitablar, məqalələr müəllifi olan əziz Fəridə xanımı yaradıcılıq uğurları və ad günü münasibəti ilə bir daha təbrik edir, ona gləcək fəaliyyətində daha böyük uğurlar arzulayırıq!

Müəllif: Nurlana Telmanqızı

Nurlana Telmanqızının yazıları

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Mənbə: Sultan Əhmədova

Mustafa Müseyiboğlu adına kitabxana

SÜLEYMAN ABDULLANIN DİGƏR YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“ONA YANIRAM Kİ, YANA BİLMİRİK…”

“ONA YANIRAM Kİ, YANA BİLMİRİK…”

deyən tanınmış Azərbaycan şairi, Müəllimim qədər çox sevdiyim
ŞAHMAR ƏKBƏRZADƏnin xatirə günüdür.
Məkanınız cənnət olsun, Şahmar müəllim!
Ehtiramla xatırlayaq.
Ruhu şad olsun.

Bu gün Azərbaycan ədəbiyyatında, publisistikasında, poeziyasında öz yeri, öz sözü, öz nəfəsi, fərqli yaradıcılıq üslubu olan şair-publisist Şahmar Əkbərzadəni qəfil itirdiyimiz gündən 24 il keçir.
O bu dünyada öz ömrünü, öz qismətin
yaşadı. Cəmi 59 baharın içində yazdı, yaratdı, sevdi, sevildi, ucaldı, duydu, düşündü, kövrəldi, yandı…

Ona yanıram ki, xeyiri şərdən
Ayıra bilmirik, qana bilmirik.
Mən ona yanıram, ona yanıram,
Ona yanıram ki, yana bilmirik…

“ONA YANIRAM Kİ, YANA BİLMİRİK…”
Tələbəlik illərində ən çox oxuduğum şairlərdən biri. Yanar ürəkli gözəl İnsan.
“Azərbaycan gəncləri”nin ŞAHMAR ƏKBƏRZADƏSİ…
Məğrur boy-buxunlu görkəminin arxasında tərtəmiz, məsum bir uşaq gizlənmişdi sanki. İşıqlı gözləri, gülər siması vardı. Elə bil həmişə nə haqqındasa düşünürdü. Hətta səninlə danışanda da. Yəni əsil Şair idi!…
Gur səsi, şimşirin ləhcəsi, özünəməxsus danışıq tərzi hələ də qulaqlarımdadır.
O vaxtlar “Azərbaycan gəncləri” qəzetində publisistika şöbəsinin müdiriydi. Mən də təcrübəçi tələbə kimi hər həftənin ikinci günü həmin qəzetin redaksiyasında olurdum. Xətrimi çox istəyirdi. Niyəsə, adımı deməzdi. Görən kimi zarafatla soruşurdu: “Telmanqızı, necəsən?”
Bir neçə ildən sonra indiki “AZƏRTAC”ın binasında yerləşən “Kommunist” qəzetində şöbə müdiri işləyirdi. Yenə görüşdük. 2-ci mərtəbədən məni görən kimi eyni sualı verdi…
Sonrakı illərdə, “Mədəniyyət” qəzetinin redaktor olduğu vaxtlarda “Azərbaycan” nəşriyyatında rastlaşardıq. Yenə də üzündə eyni təbəssüm, eyni şirinlik…
Qəribə, heç kəsə bənzəməyən adam idi Şahmar müəllim! Özünəməxsus müraciətləri vardı: dədə, nənə… Lap çox istədiklərinə, ürəyinə yatanlara belə deyirdi…

Onun şeirlərində də həmin şirinlik, təmizlik, uşaq saflığı, kövrəklik vardı.
Anasını erkən itirmişdi Şahmar müəllim. Bu ağrı onu yaman təsirləndirmişdi:

Geyimlər görəndə Ana hər dönə
48 ölçüdə qalar gözlərim,
Cibim pullarımın qəbrinə dönər
Titrəyər dizlərim, ağlar gözlərim.

Ana sevgisini, itkinin ağrısını bundan yanğılı daha necə ifadə etmək olardı ki?!…
Və ya:
Tufandım, bir əsim yelə dönmüşəm,
Suları səngiyən selə dönmüşəm,
Sonası perikən gölə dönmüşəm,
Sonam ol, sonam ol, ay Bəyim xala!…

Dilimdən var gəlmir dil acib dinəm.
Əcəlin əliylə dağlanib sinəm.
Anasi ölmüşün biri də mənəm,
Anam ol, anam ol, ay Bəyim xala!…

Qısa arayış:
Şahmar Əkbər oğlu Əkbərzadə 1941-ci il 30 dekabrda Azərbaycan Respublikası Ağdam rayonunun Çəmənli kəndində ziyalı ailəsində anadan olmuşdur.
1958-ci ildə Mahrızlı kənd orta məktəbini bitirdikdən sonra həmin il Şuşa Pedaqoji Texnikumuna daxil olub və 1960-cı ildə texnikumu bitirmişdir. Elə həmin il M.F.Axundov adına Dillər İnstitutunun Rus dili və ədəbiyyatı şöbəsinə daxil olmuş, 1960-cı ildə Rus dili müəllimi ixtisasını bitirmişdir.
Bir neçə il Çəmənli kənd orta məktəbində müəllim işləmiş, 1968-ci ildə Bakı şəhərinə köçüb “Azərbaycan gəncləri” qəzetində jurnalist kimi fəaliyyətə başlamışdır. Sonralar həmin qəzetdə şöbə müdiri vəzifəsində çalışmışdır. “Kommunist” qəzetində müxbir və şöbə müdiri olmuşdur.
1990-cı ildə “Mədəniyyət” qəzetini təsis etmiş və ömrünün sonunadək qəzetin baş redaktoru olmuşdur.
Şahmar Əkbərzadə 2000-ci il avqust ayının 30-da Bakı şəhərində dünyasını dəyişmişdir.
10 fevral 2014-cü ildə adını daşıyan “Şahmar Ədəbi Məclisi” (ŞƏM) təsis olunmuşdur.
“Anama layla” (Yazıçı, Bakı 1978), “Sevgi borc verilməz” (Yazıçı, Bakı 1982), “Ona yanıram ki” (Yazışı, Bakı 1988), “Haqqa pəncərə” (Dünya, Bakı 1998) kitablarının müəllifidir.

“Şahmarlardan secən olsa Şahmarı
Bu dünyanin qara daşi göyərər…”

Dəyərli publisist, vaxtilə “Azərbaycan gəncləri” qəzetində Şahmar müəllimlə çiyin-çiyinə çalışmış HİDAYƏT ELVÜSALın bir sözünü xatırlayıram: “Biz həmişə közdə isinməyə adət etmişik. Közü öz qabağımıza çəkmişik. Və ağlımıza gəlməyib ki, bu köz nə vaxtsa bizi üşüdə bilər. Bəlkə elə buna görədir ki, Şahmarın ruhu qarşısında titim-titim titrəyirik” – Hidayət müəllimin dediyi bu sözlərin istisi elə məni də üşütdü. Və Şahmar müəllimin gerçəkdən yoxluğu içimi ağrıtdı…
Şahmar Əkbərzadə cəmi 59 il ömür yaşadı… Amma ona verilən bu ömür qismətində həm ədəbiyyatda, publisistikada, həm də poeziyada bacardığını əsirgəmədi.

Qızıl zəmilərin həzin səsini,
Şirin laylasını öpüb gedirəm.
Yerlərin, göylərin rayihəsini,
Gözümə, könlümə təpib gedirəm,-

dedi və getdi…
O, məşhur “Dağdağan” adlı məşhur bir şeirində yazırdı:

Sərhəd kənarında cavan yaşımda,
Həsədim utanıb yerə girirdi.
İki quş dimdiyi ağac başında,
Vətəni Vətənə birləşdirirdi.

Bu, Şahmar Əkbərzadə yanğısı idi və bu yanğı ömrünün sonunacan səngimədi. Şairin bu mövzuda “Tüstümüz”, “Eşmə”, “Bu sənsən?”, “Tikan, gəl öpüşək”, “Salam de”, “Dayanın”, “Əlvida” və başqa şeirlərində qəlb titrədən, düşündürən poetik sualları, nidaları var. Elə bu həyəcan və üzüntülər də Şahmar Əkbərzadə ömrünü yarımçıq qırdı…
Onun “Mərkəzi poçtxana”, “Göyərər”, “48 ölçülü qadın paltarı” kimi şeirlərini xatırlayıram. Bu şeirlər zamanında dillər əzbəri idi.

Dərin-dərin dəryalardan dərd dərin,
Bükə bilər dizlərini dərd nərin.
Kəsə bilsək yollarınl dərdlərin,
Bu dünyanin qara daşı göyərər…

Dağ başinda arxa bilib qar qarı,
Zirvələrə yaxın qoymaz baharı,
Şahmarlardan secən olsa Şahmarı
Bu dünyanin qara daşi göyərər..

Bir məsələni də qeyd edim ki, Şahmar müəllimin öz səsi, ifası çox gözəl idi. Bu baxımdan onun öz səsində həmin şeirləri özü qədər heç kəs bu qədər yanıqlı, səmimi, təbii deyə bilməzdi.
Özü Bakıda yaşasa da, fikri-zikri ana yurdu Qarabağda, dağlarda qalmışdı Şahmar müəllimin. Şeirlərinin çoxunda da bu nisgilin həzinliyini duyulurdu:

Ovut bircə hovur məni,
Əcəl yaman qovur məni.
Mən öləndə çevir məni,
Üzü dağlara-dağlara.

Vətən həsrəti onu didib-parçalayırdı və öz kövrək hisslərini belə ifadə edirdi:

Bu payız küsəcək məndən Qarabağ,
Yollarda qalacaq gözü yolların,
Payım budaqlardan özün asacaq,
Bağrı çatlayacaq gülöyşə narın.

Yana-yana söyləyərdi:

Öləni torpağa gömərlər,Allah
Bəs ölmüş torpağı harda basdıraq?!

Çəkdiyi əzablar, Vətən həsrəti Şahmar Əkbərzadənin şair ömrünü elə atəşlərə tuşladı ki, sözü yaşadı, özü kül oldu…
Sanki hər şeyi əvvəlcədən bilirmiş, “Anam Azərbaycana” adlı bir bəndlik şeirində görün nə yazıb:

Ölüm ayağının altında,
İtim ayağının altında.
Bir qom bənövşə olum –
Bitim ayağının altında.

Şahmar Əkbərzadə sanki özü yandığı kimi geridə qalanlarını da öz qəfil ölümü ilə yandırıb yaxıb gedəcəyini bilirdi.
Amma əzizlərinə, yaxınlarına, onu sevənlərə bir təsəlli də verirdi:

Qorxum yoxdur
Ömrün son nöqtəsindən!
Nöqtələşib torpaq içrə
İtəcəyəm.
Yer altından
Göy ot kimi baş qaldırıb
Vergül-vergül bitəcəyəm-
deyirdi…

Oğlu Elşən Əkbərzadənin xatirələrindən:
“Atam şair olduğuna görə, digər atalardan bir qədər fərqlənirdi. Düzdü, evdə çox olmurdu, amma imkan daxilində tərbiyəmizlə, təhsilimizlə məşğul olurdu.
Olduqca mehriban insan idi.
Ailəsini, bizi çox sevirdi. Anam Mələk xanımla böyük məhəbbətlə ailə qurmuşdular. “Bitməsin”, “Kipyimi qədəminə sərim qoy” şeirlərini anama həsr edib…
Ən yaxını dostları Məmməd Araz, Bəxtiyar Vahabzadə, Məmməd Aslan idi. Mənim görüb, tanıdığım şairlərin, demək olar ki, hamısında bu xüsusiyyət vardı. Onlar yazdıqları yeni şeiri çapdan əvvəl bir-birinə oxuyurdular. Atam da istisna deyildi. Yeni şeir yazanda mütləq qələm dostları ilə məsləhət edirdi. Məmməd Arazın “Dünya sənin. dünya mənim…” şeirinin ilk oxucusu atam olub. Bir gün evə gəldi, dedi, uşaqlar, Məmməd əminiz qeyri-adi bir şeir yazıb. Görüm hansınız onu tez öyrənəcəksiniz. Yadıma gəlir, mən beşinci sinifdə oxuyanda “Dünya sənin, dünya mənim…” şeirini əzbərlədiyimə görə, atam mənə ən xoşuma gələn idman ayaqqabısını almışdı…
Məmməd Arazla o qədər doğma münasibəti var idi ki, ona həmişə “dədə” deyirdi. Türk dünyasının məşhurları ilə atamın çox yaxın münasibətləri vardı. Oljas Süleymanovla həddindən artıq yaxın dost olublar. Qazaxıstanın Xalq yazıçısı Muxtar Şaxanovla, Rəsul Həmzatovla, 20-ci əsrin ən məşhur şairlərindən olan Yevgeni Yevtşenka ilə dostluq edirdi.
Çingiz Aytmatovla çox yaxın dostluqları olub. Çingiz Aytmatovla atamın dostluq münasibətlərinin təməli Moskvada qoyulub. O illərdə Moskvada, səhv etmirəmsə, kitab müsabiqəsi keçirilirmiş. Atam həmin müsabiqədə iştirak edib. Həmin müsabiqədə tanış olublar. Bu tanışlıq sonralar çox böyük dostluğa çevrildi. Bu gün bəzi ziyalılar Çingiz Aytmatovla yaxın münasibətlərinin olduğunu deyirlər. Bunu qısqanclıq kimi qəbul etməyin, sadəcə olaraq, bu, bir həqiqətdir ki, Azərbaycanın bütün üzdə olan yazıçılarının çoxu Çingiz Aytmatovla atamın vasitəsiylə tanış olub. Çingiz Aytmatovu 1985-ci ildə ilk dəfə Azərbaycana atam gətirib. Bunu bütün yaşlı ziyalılar bilir. Bəxtiyar Vahabzadənin yubileyində iştirak üçün atam şəxsən özü gedib Çingiz Aytmatovu gətirmişdi.
Bu münasibət dostluqdan keçib qardaşlığa çevrilmişdi”.
O, atası ilə bağlı son günləri belə xatırlayır:

  • Atam məclis adamı idi. Amma içki sevməzdi. Bizim evdə Bəxtiyar Vahabzadənin, Xudu Məmmədovun evində tez-tez şair məclisləri olardı. Dərdləşirdilər, şeir oxuyurdular.
    Amma həddindən artıq siqaret çəkirdi. Hətta deyərdim ki, onu ölümə yaxınlaşdıran amillərdən biri də siqaret oldu. Çünki infarktdan sonra çəkməməli idi. Elə bir dövr idi ki, özünə yer tapa bilmirdi. Qarabağ hadisələri ona çox pis təsir etmişdi.
    Elə-obaya çox bağlı insan idi. Hər il avqust ayında məzuniyyətə çıxırdı. İstirahət üçün ilk getdiyimiz yer Ağdamın Çəmənli kəndi olurdu. Orda ən az bir həftə qaldıqdan sonra ailəvi yığışıb Şuşada məşhur istirahət evinə gedərdik. Laçında Şəlvə dərəsi adlanan bir yer var idi, ora aparardı bizi. Atamın Laçına həsr etdiyi “Laçın dağlarına məktub”, “Mərkəzi poçtxana” şeirləri var.
    1988-ci il mitinqləri zamanı atam infarkt keçirtdi. Böyük qardaşım Tibb İnstitutunda oxuyurdu, orda aktiv tələbələrdən olduğu üçün iki günlük həbsə salmışdılar. O zaman infarkt keçirtdi. 1992-ci ildə Xocalı faciəsi baş verəndə ürəyi dözmədi, ikinci infarktı də onda keçirtdi.
    Atam dünyasını dəyişən günü mən Bakıda deyildim. Həmin gün qardaşımın böyük qızının ad günü idi. Uzun müddət idi uşaq velosiped istəyirdi. Atam almağa qoymurdu ki, özüm alacam. Həmin gün, avqustun 30-da atam gedib velosiped alıb gətirib qardaşımın qızına verib. Bir stəkan çay içib, anamı da qardaşımgildə qoyub evə qayıdıb. Dəhlizə girər-girməz ürəyi tutub və yıxılıb. Elə dəhlizdəcə keçinib…

Xarıbülbülü baş daşında gəzdirən şair, məkanın cənnət olsun.

P.S: Şahmar Əkbərzadə gözəl şair idi. Amma nədənsə çox təsirli, məzmunlu və bitkin poeziyası, eləcə də publisistikası ilə seçilən Şahmar Əkbərzadənin yaradıcılığı nə sağlığında, nə də ölümündən sonra yetərincə dəyərləndirilmədi. Amma xalq, onun yetirmələri, poeziyasevərlər Şahmar Əkbərzadə imzasını heç unutmadı.
Şahmar Əkbərzadə söz adamı idi.
Gözəl şair idi, jurnalist idi, kamil publisist idi.
Zaman dəyişsə də, neçə on illər, 20 illər keçsə də, Şahmar Əkbərzadə poeziyası yaşayacaq, özü demiş vergül-vergül bitəcək, ürəklərdə, könüllərdə özünə yuva quracaq, həmişə yaşayacaqdır…

Müəllif: Nurlana Telmanqızı

Nurlana Telmanqızının yazıları

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Mənbə: Sultan Əhmədova

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru