Bu gün gözəl insan, əsl ziyalı, tanınmış şair Xaliq Rəhimlinin doğum günüdür. Bu münasibətlə sevimli şairimizi təbrik edir, Uca Yaradandan can sağlığı, uzun ömür, bütün işlərində müvəffəqiyyətlər arzu edirik… Ad gününüz mübarək, Xaliq müəllim!!! Uğurlarınız bol olsun!!!
Xaliq müəllimin özünün bu gün münasibəti ilə dilinə gələnlər:
Ömrün də yazı olurmuş Amma mən qış görə bildim Ürəyim istəyən kimi Nə də bir iş görə bildim Mən yaşımnan utanıram
Taleyim bir şum misallı Ömrümü ot ,alaq basdı Çox şeyi bilmirsən dostum Tərifləmə məni, bəsdi Mən yaşımnan utanıram
Deyirlər su gələn arxa Bir də gələr əvvəl axır Yarımçıq qalan arzular Üzümə həsrətlə baxır Mən yaşımnan utanıram
Nə qədər bəd günüm olub Nə qədər şad günüm olub Yelə verdiyim illərdi Yığılıb ad günüm olub Mən yaşımnan utanıram…
Milli Qəhrəman General Polad Həşimovun anası Səmayə Ana dəfn günü…
CAN AY ANA…
(Polad Həşimovun Anasına)
Can ay Ana, bu baxışda nələr var… Bu baxışda, Poladının ilk dişi, İlk addımı, gülüşü var, yeriş var… Bu baxışdan asılıbdı murazlar… Bu baxışda Poladının ilk beşi, Gülərüzü, şux qaməti, duruş var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda yoxa çıxıb diləklər, Bu baxışda zaman da yox, məkan da… Bu baxışda itib bütün mizanlar… Bu baxışda dünya çöküb iməklər, Bu baxışda yelkən də yox, sükan da… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladın ilk rütbəsi, Bu baxışda şərəf də var, şan da var… Bu baxışda fəğan edir arzular… Bu baxışda min vaizin xütbəsi, Al don geymiş qürub da var, dan da var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda qədər namı ağlayır, Bu baxışda Polad adlı oğul yox… Bu baxışda tükənibdi niyazlar… Bu baxışda kədər qəmi dağlayır, Mum tək yumşaq, polad kimi oğul yox…. * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladının mərdliyi, Ərənliyi, cəsurluğu, qürur var… Baxışının hərarəti dondurar… Bu baxışda fəxarətin sərtliyi, Ağalığı, amirliyi, onur var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda susub qapı zəngləri, “Polad gəldi”, dur ayağa deyən yox… Bu baxışda od qalayır xəyallar… Bu baxışda itib dünya rəngləri, “Ana” – deyə, şirin-şirin gülən yox…
* * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda xanım, xatın bir Ana, Sinəsində bağrı çat-çat olan var… Bu baxışdan neçə Ana boylanar… Bu baxışda Nüşabə tək şir Ana, Tomris kimi kükrəyən var, yanan var… 12.01.2021. – Bakı.
“Azərkitab” kitab təbliğatı mərkəzində tanınmış yazıçı-şair, AYB-nin üzvü, “Azad Qələm” qəzetinin və jurnalının təsisçisi Nəcibə İlkinin sayca 12-ci – “Gədəbəy Qartalı”, “Yarımçıq toy” adlı kitablarının təqdimatı və 60 illik yubileyi keçirilib .
YAZARLAR.AZ xəbər verir ki, tədbirdə şairin qələm dostları, müxtəlif sənət və peşə sahibləri, o cümlədən çox sayda ədəbiyyatsevər qonaqlar iştirak edib . Tədbiri tanınmış şair Yusif Nəğməkar açaraq gələn qonaqları salamladı və müasir ədəbi yaradıcılıqda xüsusi rolu olan Nəcibə İlkini təbrik etdi. Öncə monitorda Nəcibə İlkin yaradıcılığından bəhs edən rolik nümayiş olundu. Daha sonra tədbir iştirakçılarına söz verildi. Tanınmış şair Musa Ələkbərli Nəcibə İlkinin yaradıcılığından geniş bəhs etdi. Sonra Rəfiqə Qasımqızı, Əli bəy Azəri, Məlahət Hümmətqızı, Zaur Ustac və başqaları Nəcibə İlkinin özünə məxsus yaradıcılıq dəsti-xəttindən geniş bəhs edərək şairə yaradıcılığında uğurlar arzuladılar. Tədbirin gedişində tanınmış şair-publisist “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac Nəcibə İlkinə “Ziyadar” Mükafatını təqdim etdi. Sonda Nəcibə İlkin hər kəsə öz təşəkkürünü bildirərək, qonaqlara öz imzası ilə kitablarını təqdim etdi. Xatirə fotoları çəkildi.
GÖZLƏYİR Bu baharın çiçəkləri daha tər Dağda,düzdə yığanını gözləyir. Daş altından bənövşələr boylanar, Yeni gələn növrağını gözləyir. * * * Məclis üstə ürək isti, söz narın, Kim dərəcək söz meyvəsin,söz narın? Yolda qalan baxışları qızların, Öz ağatlı oğlanını gözləyir. * * * Qaranquşlar dəstə-dəstə qayıdar, Yaz eşqinə olsa xəstə,qayıdar. Vüsalına boyu bəstə qayıdar, Uçan ruhu oylağını gözləyir. * * * Köç yoludu dünya başdan binadan, Qayaları libas geyər xınadan. Əl uzadan sənə,böyük yaradan, Quzu kimi yaylağını gözləyir. * * * Sellər,sular bərəkətin təhnəsi, Çaylar olar,dəniz olar binəsi. Kainatın,Mahirənin nənəsi, Nihad ilə bal-qaymağın gözləyir.
ƏLLƏRİN Özümü biləndən qədrini bildim, Ruhumu gətirdi cana əllərin. Tək sığal çəkməyib hər birimizə, Doldurubdu ətə, qana əllərin. * * * Bir kərə demədin bu hansı sirdi, Nə ata mindirdi, atdan düşürdü? Çörək bişirmədi, qismət bişirdi, On bir övladına sona əllərin. * * * Qıymadın tək yükü Ağam daşıya, Dayandın fələknən qarşı-qarşıya. Qorxmadın istidə bişə, qarsıya, Ayazda, şaxtada dona əllərin. * * * Könlüm bir yavru quş, yuvası çatmır, Qalxa ha dağlara, havası çatmır. Ömrümün dərmanı, davası çatmır, Davadır, dərmandır, ana, əllərin. * * * Kimiydi taleyin ovçusu oldu? Mahirə hikmətin yolçusu oldu, Sənin dərdlərinin suçlusu oldu, Ay ana, sallama yana əllərin.
QALIM Bu dünya deyilən nə idi bildim, İstəməm büksən də qumaşa, qalım. Baş alıb göylərə çoxdan gedərdim, Dedim bitənəcən tamaşa, qalım. * * * Zülmətdir, görməyə çıraq tapmadım, Nə gəzdim-axtardım, soraq tapmadım, O boyda kitabda varaq tapmadım, Oxuyam, düşməyəm savaşa,qalım. * * * Deyirəm mən ölü, sən isə diri, Həyat oyunbazdır, dünya kəndiri. Neyniyim tapmadım sən deyən yeri, Adına, adıma yaraşa, qalım. * * * Payı paylayan var, quru ürək ver, Uzaqdan-uzağa arzu, dilək ver. Nə mən əl uzadım, nə sən bilək ver, Qalım, qismətimlə baş-başa qalım. * * * Haqq fərman verirsə qarşı kim çıxar, O özü dikəldər, o özü yıxar. Ay əcəl, yoxluğum anamı sıxar, Dərd olar baciya, qardaşa, qalım. * * * Yenə Mahirəni dara çəkirsən. Hardan gətiribsən, hara çəkirsən ? Bilirəm qəlbində qala tikirsən, Atılmış bir daşam, hör daşa, qalım.
YARPAQ-YARPAQ Yay da bitir, indi payız. Bilinəcək yarpaq-yarpaq. Xəyallarımız xəzana Bürünəcək yarpaq-yarpaq. * * * Kim söyləyər yaş o yaşdı, Bu yaş o yaşdan da başdı. Demə, gözlədiyim qışdı. Görünəcək yarpaq-yarpaq. * * * Çovğun ötüb qar gələcək, Sınağa nə var, gələcək. Sevirsə də yar gələcək, Sürünəcək yarpaq-yarpaq. * * * Hansı qar var, ərimədi, O nə dərddi kirimədi. Nə diləkdi yerimədi, Yeriyəcək yarpaq-yarpaq. * * * İstədiyin qəlbdi, candı? Can deyilən əl-amandı. Zaman özü kim ki yandı, Kürüyəcək yarpaq-yarpaq. * * * Olan olacaq, gözdəmə, Odda olanı közdəmə. Mahirə, dərdə döz demə, Kiriyəcək yarpaq- yarpaq.
LEYSAN YAĞIŞI Dünya toz-torpaqnan dolu, Çarəm, yağ, leysan yağışı. Sinəmi yolların boyu, Sərəm, yağ, leysan yağışı. * * * Yer fanidi, göy əbədi, Göy ömrü yerin mabədi. Yetirə bizlərə ümidi, Kərəm, yağ, leysan yağışı. * * * Göylərə əl qaldıran biz, Haqqa inamdı çarəmiz. Gəl elə yeri tərtəmiz, Görəm, yağ, leysan yağışı. * * * Yağ vüsala yetirməyə, Eşq ağacın bitirməyə, Nə yağıb yer götürməyə, Yerəm, yağ, leysan yağışı. * * * Bacarmadım göyə çıxam, Buludun gözünmü, sıxam, Səninlə dənizə axam, Kürəm, yağ, leysan yağışı. * * * Tanrı tək- işıq yoludu, Mahirə onun quludu. Sinənmi söznən doludu, Dillən, yağ , leysan yağışı!
NƏ DAYANIRSAN? Hələ qabaqlarda ömür yolları, Yeri, ayaqlarım, nə dayanırsan? Başa vurmadıq ki, sənlə ilqarı, Yeri, ayaqlarım, nə dayanırsan? * * * Ümid- qapısıdır əhdin, niyyətin, İnam bələdçisə, o nədir çətin? Hər yeni qələbə dizə taqətin, Yeri, ayaqlarım , nə dayanırsan? * * * Qəlb dedi, sən çəkdin, yuvamı qurdum, Arzu yollarında ayaqda durdum. Ağrıdım söyləmə, demə yoruldum, Yeri, ayaqlarım, nə dayanırsan? * * * Eşq ilə təpərin bir də tapılar, Axtarsan dərmanı dərdə, tapılar. Göydə axtardığım yerdə tapılar, Yeri, ayaqlarım, nə dayanırsan? * * * İnandım qəlbimə, gücünə sənin, Tanrı yazısına ömürdü zəmin. Qoyduğu hədəf var Həsən Mirzənin, Yeri, ayaqlarım, nə dayanırsan? * * * Mahirə olmayıb haqqı itirən, Ana baxışı var, bizi ötürən. Ürək istəyəndi, ayaq yetirən, Yeri, ayaqlarım, nə dayanırsan?
DÜNYA Gözümü açandan özümü gördüm, Gördüyüm özüməm, ya baxtdı, dünya. Anam deyəndimi, atam söyləyən, Cavab axtarıram nə vaxtdı, dünya. * * * Yeridim, hər addım bir mənzilbaşı, Açdığım hər varaq bir divar daşı. Haraya çatdımsa ömrün yaddaşı, Dedi gecikibsən, bivaxtdı, dünya. * * * Yaşam hikmətinin nəyidi dərin, Ən böyük biclikdi düzlük- deməyin. Tanrı göndərdiyi peyğəmbərlərin, Hansı demədi ki, nə haqdı, dünya? * * * İnsanı ağladan, güldürəndimi, Güldürən ağladıb dərd verəndimi? Zalım öləndimi, öldürəndimi, Düz deyən mərddimi, namərddi, dünya? * * * Axtardım özümü mən addım-addım, Od əgər haqdısa odda yanırdım. Nələri tapmışam, nə axtarırdım, Bu ya təsəllidi, ya dərddi, dünya. * * * Dizə çökdürənin amanı yoxdu, Aman istəyənin gümanı yoxdu. Mizan-tərəzinin zamanı yoxdu, Mənmi belə gördüm, ya mərddi dünya? * * * Harada zilindi, harada bəmin, Tutmadım, yolların qəribə sənin. Mahirə – övladı Həsən Mirzənin, O mənə dünyanı öyrətdi, dünya!