İlıq payız günəşinin şəfəqləri maşının bağlı şüşələrindən içəri keçməyə israrlı idi. Yolun hər iki tərəfi göz işlədikcə şoranlıq və kimsəsizliyi ilə yorucu təsir bağışlayırdı. Göylə yerin birləşdiyi üfüq xəttinə diqqət yetirdikcə ona elə gəlirdi ki, dünya elə beləcə bomboz düzənlikdən ibarətdir.
Zaman elə bir uçur. Dostunun atasının dəfininə getdiyi gündən düz bir il ötürdü. Yaddaşında bir il əvvəlki gün elə bil dünən olubmuş kimi bütün təfərrüatı ilə qalmışdı. Dəfindən qayıdarkən edilən zəngə görə maşını saxlayıb, yerə düşdüyü və onun üçün bir göz qırpımı anına bərabər, əsilində isə yarım saat danışdığı yeri yadında dəqiq saxlamışdı. Bütün ətraf ağappaq şoran torpaq üstə adda-budda kiçik yovşan kollarından ibarət olsa da, bir neçə yulğun ağacı diqqət çəkirdi. Gedəcəyi ünvana hələ 60 klometr qaldığını yol kənarı göstəricidən oxudu. Dəqiq buradır. Yulğun ağaclarını görcək yəqin etdiyini qəti əminliklə xatırladı. Sürəti azaldıb, maşını saxladı. Bu bir ildə heç nə dəyişməyib. Ucsuz-bucaqsız düzənlik kədərli və kimsəsiz görkəmi ilə günəşlə göz-gözə idi. İlk ağlına gələn buraların qaranlıq gecələrinin vahiməli səssizliyindəki mənzərənin necə olduğu oldu. Yəqin dilsiz-ağızsız şoran düzənlik dan doğuşunda hər səhər çox sevinir. Axı ona bu dünyada tək gülümsəyən yalnız günəşdir.
Ayaq ləpirləri qar üstündə düşən iz təki açıq-aydın qalırdı. Susuzluqdan çat-çat olmuş şoran yəqin ki, dərinliyində gizlətdiyi torpağa yorğanlıq edir. Ya da burda torpaq ölüb deyə şoranlıq onu dəfn edib.
Dünyanın belə səssiz və yetim qalmış yerində havadan belə kədər süzülür. Gülümsüdü. Günəş şüalarının bayaq maşının icərisinə keçmək istədiyi təkidini indi başa düşürdü. Günəş də yəqin bu şoran düzənliklərə boylanmaqdan yorulur deyə.
İki gün idi ki, əməlli-başlı küsüşmüşdülər. Bir-birlərinə ərkləri payızın bu vədəsi yaz yağışı kimi yaxşıca islatmışdı onları. Hər ikisi də özünə söz vermişdi ki, daha barışmayacaqlar. Səsini eşitməsə sabahı açılmaz bildiyi, amma sabahın açılmağı o yana, hələ bir səfərə də çıxıb. Düzdür yuxusuz gecəsinin qaranlığı çəkilsə də milyon illərin günəşi bu səhər çox sönük və parıltısiz idi. Bəlkə də acığından onu bütün yol boyu şüşə arxasında qoymuşdu.
– Aaa bu nədir? -deyə lap ucadan qışqırdı. Təəccüblü səsi bütün ətrafa yayıldı. Az qala tapdalayacağı süpürgəgülü çiçəyinə sığal çəkmək üçün dizləri üstə çökdü. Süpürgəgülünün kiçiçik çıçəklərini qoxuladı. Çox ətirli idi. Ağappaq şoranlıqda çiçək açmış bu balaca fidan möcüzə idi. Susuz, torpaqsız, duzu dizə çıxan şoranlıqda kiçicik gözəllik onu məftun etmişdir. Qanırılıb özündən bir neçə metr aralıdakı yulğunlara baxdı.
Bu o yer idi ki, bir il əvvəl burda dayanıb indi iki gündüz bir gecə “küsülü” olduğu ilə telefon söhbəti etmişdi. Onun səsinin sehri çatdığı şoranlıqda belə gül bitir deyə üfüq xəttinə boylandı. Şoran düzənlik ona o qədər döğma gəldi ki…
Azərbaycan Coğrafiya Cəmiyyətinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, ədəbiyyat üzrə Prezident təqaüdçüsü, yazıçı-tədqiqatçı Ramiz Dəniz uzun illər böyük coğrafi kəşflərin tarixinin öyrənilməsi ilə məşğul olmuşdir.
Ramiz Əli oğlu Qasımov (Dəniz) 1965-ci ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə Nizami rayonun 62 saylı orta məktəbini bitirib, 1984-1986-cı illərdə Stavropol diyarında SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 1993-1996-cı illərdə Qarabağda gedən Vətən müharibəsində iştirak edib. Ədəbi və elmi yaradıcılığa 1981-ci ildən başlayıb və 10 kitabın müəllifidir. Dövrü mətbuatda ədəbiyyat, elm, publisistika ilə bağlı yazılarla çıxış edir. Zəngin tarixi faktlarla, o cümlədən indiyə kimi heç bir elmi mənbədə göstərilməyən bəzi sensassion faktlarla bol olan materiallar coğrafiya, astronomiya, riyaziyyat tarixi sahəsində çalışan alimlərin marağına səbəb olub. Azərbaycan dilində nəşr olunan kitabları: Erkən və orta əsrlər coğrafi kəşflər tarixinə aid olan elmi-araşdırma əsərləri – “Xristofor Kolumb, Nəsirəddin Tusi və Amerika qitəsinin həqiqi kəşfi”, “Əsrləri qabaqlamış alim – Nəsirəddin Tusi”, “Braziliyanın müəmmalı kəşfi”, “Qəlblərdən yaşayan Mir Cəlal” publisistik əsəri, “Konkistadorların Mərkəzi Çili sahillərində faciəli ölümü”, “Müqəddəs missiya”, “Cənnətə gedənlər cəhənnəmə düşürlər”, “Fitva”, “Qismət” , “Aqibət” romanları. Rus dilində nəşr olunan kitabları: «Христофор Колумб, Насирэддин Туси и подлинная история открытияАмерики», «Насирэддин Туси – ученый, опередивший века», «Загадочное открытие Бразилии», «Америго Веспуччи, Мартин Вальдземюллер – тайный сговор». İngilis dilində nəşr olunan kitabları: Christopher Columbus, Nasiraddin Tusi and real discovery of America, The scientist passed ahead of centuries – Nasiraddin Tusi, Enigmatic discovery of Brazil, Amerigo Vespucci, Martin Waldsemuller – secret bargain. İspan dilində nəşr olunan əsəri: Américo Vespucio, Martin Waldseemüller – el convenio secreto.
XIII ƏSRDƏ AZƏRBAYCAN ƏRAZİSİNDƏ MULTİKULTURALİZMİN MÖVCUDLUĞU
XIII əsrdə zəmanəsinin görkəmli filosofu, astronomu və riyaziyyatçısı, tarixçi, coğrafiyaşünas, maliyyəçi və hüquqşünas sayılan Azərbaycan alimi Tusi təxəllüsünü götürmüş Mühəmməd ibn Mühəmməd ibn Həsən Nəsirəddin Tusini (1201-1274) nəinki Azərbaycanda, ümumilikdə bütün dünyada multikulturalizmin banisi adlandırsaq yanılmarıq.
Tusi elə uşaqlıq illərindən bir çox elmlərə tam yiyələnmək üçün bütün bilik enerjisindən istifadə etmişdi. Bu elə bir dövr idi ki, elm, ədəbiyyat, incəsənət, mədəniyyət yüksək səviyyədə inkişaf etməkdə idi. Antik və erkən orta əsr dövrünün tanınmış alimlərin əsərləri ilə tanış olmaqdan ötrü, o, bir çox dilləri öyrənərək, eyni zamanda elmin bir neçə sahəsinə dərindən yiyələnir. N. Tusi hərtərəfli inkişaf etmiş adam idi və öz biliyi ilə nəinki dostlarını, hətta düşmənlərini də heyarn etmişdi.
O, “Əxlaqi-Nasiri” ilə Şərq xalqlarının elm-maarif və pedaqoji fikir tarixinə Şərq xalqlarının əxlaq nəzəriyyəçisi kimi daxil olmuşdur.
Alimin fəlsəfi dünyagörüşünün, etnik baxışlarının formalaşmasında qədim yunan fəlsəfəsinin nümayəndələri – Fales, Platon, Aristotel, orta əsr filosoflarından M. Qəzali, Bəhmənyar, Əl-Fərabi, Biruni, İbn Sinanın mühüm və əhəmiyyətli təsiri olmuşdur. Orta əsr ərəb tarixçisi və sosioloqu İbn-Xəldun təbiiyyat elminin inkişafından danışarkən Tusini İbn Sinanın görkəmli davamçısı kimi göstərmişdir.
Alimin irsi bütün Yaxın və Orta Şərqin ensiklopedik bilik xəzinəsi olmaqla bərabər Şərqin tərkib hissəsi kimi Azərbaycan xalqının düşüncə tərzinin formalaşması və inkişafında da özünəməxsus yer tutur. Onun elmi-bədii irsinə mədəniyyət tariximizin Renessans (İntibah) dövrünə məxsus mənəvi sərvətlərimizin tərkib hissəsi kimi baxmağa və qanuni varislik hüququmuzu bildirməyə haqqımız var.2
Tusi təkcə əxlaqi nəsihətlər verməmiş, eləcə də ölkə idarəçiliyi, hakimiyyətin saxlanılmasının əsaslarına dair əməli və lazımlı təkliflərini irəli sürmüşdü. İdarəçilikdə qlobal siyasəti, ərazi siyasəti, ünsiyyət siyasəti məsələlərini analiz edərkən Aristotelin, Platonun, Fərabinin və ibn Sinanın fikirlərini bütün incəliklərlə təhlil etmişdi. H. B. və S. M. Bayramovlar qeyd edirlər ki, … Platonun “Siyasət” kitabının təhlili Tusinin ictimai-humanitar düşüncə sahəsində ensiklopedik nəzəri dünyagörüşünə malik sima olduğunu sübut edir. Ölkə siyasəti, Müdafiə siyasəti, Kəramət siyasəti, Cəmaət siyasəti başlıqlarında (“Əxlaqi-Nasiri” əsərindəki fəsillərin başlıqları – R. D.) dair orijinal fikirlər irəli sürür.
Tarixdən məlumdur ki, Avropa ölkələrindən Çinə və Monqolustana gedən elçilər, Asiyanın bir neçə ölkəsindən keçən “ipək yolu”ndan istifadə edirdilər. Həmin “ipək yolu”nun da bir hissəsi Azərbaycandan keçirdi. Söz yox ki, elçilər Azərbaycanda olarkən bu ölkənin mədəniyyəti, ədəbiyyatı, incəsənəti, adət-ənənələri, elmi, siyasi, tarixi şəxsiyyətləri ilə həm nəzəri, həm də əyani şəkildə tanış olur, özləri üçün müəyyən bir arayış toplayırdılar. Adətən “ipək yolu” harada uzunmüddətli stabillik varsa, elə oradan da keçirdi.
Bağdad ələ keçiriləndən sonra (1258) Hülaku xan öz möhtəşəm dövlətini 1260-cı ildə Azərbaycanda salır. Elxanilər adlanan bu yeni dövlətin başçıları “Elxan”lar idi.
Qeyd etməliəm ki, Bağdadın işğalı zamanı Hülaku xanı müşayiət edən Tusi, şəhərdəki alimlərin, qadınların və uşaqların xilas olunmasında əvəzsiz rol oynamışdı. O, Bağdadın işğalından sonra Hülakunun siyasətini dəyişməyə və yeni kütləvi qırğınların qarşısını almağa nail olmuşdu.
Tusi bütün regionda sülh carçısı kimi tanınırdı. O, xana bildirirdi ki, digər mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini öyrənmədən, onlara qarşı tolerant münasibət, onların nümayəndələrinə hörmət mümkün deyil.
Alimin sayəsində Azərbaycan ərazisində bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyət mövcud idi.
Multikulturalizm ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil.
Marağada çalışan alimlərin milliyəti din etibarilə müxtəlif idi. Müsəlmanlarla yanaşı xristianlar, nəsranilər, buddistlər və başqa din nümayəndələri də olmuş və onlara orada böyük hörmətlə yanaşılırdı. Bu tədqiqatdan məlum olur ki, orada azərbaycanlılarla yanaşı farslar, ərəblər, yəhudilər, özbəklər, çinlilər, türklər, monqollar və başqaları da çalışmışlar. Marağa rəsədxanası tam mənası ilə beynəlmiləl tərkibli mədəniyyət ocağı, yaşayış məntəqəsi olmuş və orada alimlər arasında əsl bərabərlik yaranmışdı. Bu isə rəsədxananın ən mütərəqqi cəhətlərindən biri idi.
Hülaku xanın qoşunlarının, ətrafda yerləşən ölkələrin şəhərlərinə edilən işğalçılıq yürüşlərdən bir çox mədəniyyət, incəsənət abidələri, elm mərkəzləri bərbad vəziyyətə düşürdü. Tusi belə bir ağır və təhlükəli vəziyyətdə sinəsini irəli verərək, həmin abidələrin və sənət əsərlərinin məhv olunmasının qarşısını almış və dünya mədəniyyəti üçün qiymətli sayılan sərvətləri Azərbaycana gətizdirərək, onların təhlükəsizliyini təmin etmişdir.
Elmi işlərin aparılması üçün Azərbaycanda əlverişli mühit yaradıldığından Xorezmdən Cəmaləddin əz-Zeydi Buxari, Çindən Fao Mun-Çi, Hindistandan Kəmaləddin Əflatun Hindi, Əlaəddin Süleyman əl Multani, İspaniyadan Məhiəddin Məğribi, Monqolustandan İsa Monqol, Kuhistandan Taqiəddin Əli Həşşaşi, Anadoludan İzəddin Toğrul ibn Səncər, Damqandan İmadəddin əd-Damqani, Bağdaddan Marağaya Nəcməddin Əhməd ibn Əli ibn Əbil Fərəc, Amidəddin Münəccim Bağdadi, Nəcməddin ibn Huab Bağdadi, Kəmaləddin Sufi Bağdadi Əbu Əziz, Qavaməddin Bağdadi, Dəməşqdən Müəyyidəddin Ordi, Hüsaməddin əş-Şami, Hələbdən Əbül Fərəc Bar-Ebreus, Mosuldan Fəxrəddin Marağayi, Tiflisdən Fəxrəddin İxlati, Qəzvindən Nəcməddin Dəbirani, Şirazdan Qütbəddin Şirazi, Şamaxıdan Şəmsəddin Şirvani, Möhyəddin Əş-Şirvani, Naxçıvandan Hinduşah ibn Səncər Naxçıvani, Damğandan Mahmud Nəcməddin Üstürlabi, Təbrizdən Hüsaməddin Təbrizi, Ürmiyədən Səfiəddin Əbülmömin Ürməvi gəlmişdi. Göründüyü kimi Çindən və Hindistandan başlamış İspaniyaya qədər olan nəhəng ərazidən elmi yaradıcılıqla və paralel olaraq rahat şəkildə yaşamaq üçün xeyli sayda alimlər Azərbaycana təşrif buyurmuşdular.
Xüsusilə qeyd etməliyəm ki, Bar-Ebreus vaxtilə Melatiyada yepiskop, sonradan isə Hələbdə baş kilsə xadimi olmuşdu. Belə bir qatı xristianın Marağada mühüm vəzifəyə təyin olunması azərbaycanlıların tolerantlığından xəbər verirdi.
Uzun müddət kitabxananın qoruyucusu və açarcısı olmuş İbn əl-Füvati “Təzkirə mai qəsədə əl-rəsədxana” adlı əsərində minlərlə уerli və əcnəbi alimlərin, mütəxəssislərin adını əks etdirib. Həmin fundamental əsərin müxtəsər variantı dövrümüzə qədər gəlib çıxmışdır. Əsərdə indiyə qədər naməlum olan neçə böyük azərbaycanlı alimin adı çəkilir…
Tusi rəsədxananın tikilməsində iştirak edən və həmin elm ocağının fəaliyyətində müsbət rol oynayan alimlərə həmişəlik maaş kəsilməsinə də nail olur. Bu məvacib böyük alimin təşəbbüsü ilə vergilərdən yığılan vəsait hesabına ödənilirdi. Ümumiyyətlə, Tusi nəinki özü və ya rəsədxanada çalışan işçilər üçün, hətta milliyyətindən və dinindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün sənətkarların maddi rifahınin yaxşılaşmasına böyük səy göstərmişdi.
Marağadakı və ona yaxın olan yaşayış məntəqələrində yaradılan multikultural cəmiyyətdə nəinki sosial ədalətsizliyi aradan qaldırmağa səy göstərilmiş, hətta burda irqçiliklə bağlı ədalətsizliyə son qoyulmasına da cəhd edilmişdi. Burada hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirməkdə bir qədər sərbəst idi.
Multikulturalizm bir siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla da sıx bağlıdır. O, müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır. Tusinin yürütdüyü siyasət ondan ibarət idi ki, heç kim, xüsusən də saray əyanları və digər səlahiyyət sahibləri adamları dini və irqinə görə qınamasın və hamıya hörmətlə yanaşılsın. Bu ideya nəinki Azərbaycan ərazisində, ümumiyyətlə “Elxanilər” dövlətinə daxil olan bütün ərazidə kök salmalı idi. Belə bir model Yaxın Şərqə təşkil edən səlib yürüşlərinin təşəbbüskar ölkələri Fransa, İngiltərə, Almaniya və İtaliyadakı bölgələrin krallıqlarının təəccübünə səbəb olmuş və onların “Elxanilər” dövlətinə münasibəti tamamilə dəyişmişdi. İlk olaraq venetsian və genuyalı tacirlər, sənətkarlar, elmə meylli adamlar Marağa, Təbriz, Ürmiyə, Həmədan, Ərdəbil və digər şəhələrə gələrək burada əsl emansipasiyanın (bərabərliyin) şahidi olmuş və sərbəst şəkildə uzunmüddətli fəaliyyətə başlamışdılar. Şərqdəki nəhəng xristian dövləti sayılan Bizans imperiyasının paytaxtı Konstantinopolda adı şəkilən dövlətdəki kimi əlverişli şərait yaradılmamışdı. Məhz bu səbəbdən xristian tacirləri və dənizçiliklə məşğul olan digər adamlar kompakt şəkildə Təbrizdə müəyyən küçələrində məskunlaşmış və yaxşı qazanc əldə edə bilmişdilər.
Beləliklə, XIII əsrin ikinci yarısında Azərbaycan ərazisindəki multikultural cəmiyyətin yaranması tarixi faktlarla göstərilmişdir. Multikultural cəmiyyətin formalaşması və inkişafı – tarixi təkamülün xüsusiyyətləri ilə, konkret olaraq, sosial amillərlə müəyyənləşmişdir. Belə bir cəmiyyətin formalaşmasında və inkişafında demokratiya mühüm rol oynayır, daha dəqiq desək, demokratiya multikultural cəmiyyətin təkamülü üçün əlverişli şərait yaradır. Tusi Hülakü xanın dəstəyindən istifadə edərək, ölkədə demokratiya qaydalarının geniş yayılması üçün yorulmaz fəaliyyət göstərmişdir. Ölkədəki tolerantlığın, əxlaqi qaydalara uyğunluğun və demokratiyanın yüksək inkişaf səviyyəsi orada multikulturalizmin ideyalarının yayılması üçün münbit şərait yaratmışdır.
Marağada və yaxınlıqda olan digər şəhərlərdə cəmiyyətin inkişafı üçün münbit şərait yaradılması, etnik münaqişələrin qarşısının alınması, müxtəlif xalqlar arasında etimadın möhkəmləndirilməsi, bərabərliyin bərqərar olması mültikulturalizmdən xəbər verirdi.
Bir sözlə, ölkəmiz tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşib, Asiya ilə Avropa arasında körpü olması burada mədəniyyət müxtəlifliyinin yaranmasında mühüm rol oynayıb.
Azərbaycan Yazıçılar Birliyi ətrafında Azərbaycan Yazıçılarının 13-cü Qurultayından sonra yaranmış süni qalmaqal cəhdlərinə Qurultay nümayəndəsi və AYB-nin üzvü olaraq münasibətim
Oktyabrın 26-da Azərbaycan Yazıçılarının 13-cü Qurultayı ölkəmizin ən aparıcı ədəbi, ictimai-siyasi nümayəndələrinin iştirakı ilə yüksək səviyyədə keçirildi. Xarici ölkələrdən də qonaqlar dəvət edilmişdi. AYB-yə sədr seçiminə keçmək üçün bütün çıxışların kəsilməsini xalq yazıçısı Elçin təklif elədi və 400 nəfərdən çox nümayəndə də bu təklifi açıq formada səsə qoyaraq yekdilliklə qəbul etdi. Elə bu vaxt heç kimin tanımadığı, qara mətbuatın “gənc yazarlar” adlandırıb utanmadan qəhrəmana çevirdiyi, adlarını mətbuatdan oxuduğumuz Emil və Fuad adlı şəxslər özlərini namizəd kimi irəli sürdülər və əvvəlcədən planlaşdırılmış şəkildə qışqırmağa başladılar. Dərhal bəzi televiziyalar, əksəriyyəti də internet televiziyaları, o cümlədən “sensasiya” yaratmaq istəyən mənşəyi naməlum, tərbiyəsi, etikası, jurnalist savadı olmayan sayt sahibləri tökülüşüb heç kimi də onlara yaxınlaşmağa imkan vermədən videoya çəkdilər, məsələnin mahiyyətini öyrənmədən, dəqiqləşdirmədən “yazıçıların qurultayında qalmaqal”, “yazıçıların qurultayında dava düşdü”, daha nə bilim, nələr başlığı altında hərəsi öz səviyyəsinə uyğun dərhal yaydılar.
İndi biz bunu necə başa düşək? Bu, xəyanət deyil, bəs nədir? Ölkənin o boyda fikir sahibləri qalıb bir tərəfdə, bu qədər azğınlaşmış media mənsubları əllərindəki texniki vasitələrdən istifadə etməklə ictimai fikri çaşdırmaqla məşğuldurlar. Həmin iki nəfərin cavabı elə yerindəcə Qurultay nümayəndələri tərəfindən layiqincə verildi və onlar da rüsvay olduqlarını başa düşüb bir dəqiqənin içərisində zaldan qaçdılar.
Qurultay başa çatdıqdan sonra iştirakçılar dağılıb gedəndə “BakuTV” adlı internet televiziyasının müxbiri getməkdə olan AYB-nin birinci katibi xalq yazıçısı Çingiz Abdullayevin dalınca düşərək ona: “Sənin borcundur, mənə cavab verəsən, o pullar hara xərclənib, nə eləmisiniz axı” – dedi. Çingiz Abdullayev də ona müvafiq cavabını verdi.
Əlinə mikrofon almış həmin o jurnalist oğlana səslənirəm. Sualını verdin, cavabını da aldın. Lakin sən bundan sonra cavabdan narazı qaldığını bildirirsən, sanki maliyyə-təftiş komissiyasısan. Sual olunur, sən kimsən özünə belə səlahiyyət verirsən? Mən sizləri məsələyə düzgün yanaşmağa dəvət edirəm. Əgər deyilənləri özünə təhqir hesab edirdinsə, gedib sivil qaydada məhkəməyə müraciət edərdin, buna da, yaxşı bilirsən, haqqın yoxdur. Daha AYB-nin işgüzar nüfuzuna və dünyaşöhrətli xalq yazıçısı Çingiz Abdullayevə qarşı mənfi ictimai fikir, rəy formalaşdırmağa çalışmazdın.
Nəticədə də Çingiz Abdullayevi özündən çıxartdılar. Sonra da həmin qurama süjeti kontekstdən ayırıb AYB-yə qarşı düşməncəsinə bütün elektron KİV-lərdə ictimailəşdirdilər. Necə deyərlər, elə elədilər ki, kələfin ucunu itirdilər.
AYB-nin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid bu qurama hadisəyə özünün facebook səhifəsində çox doğru-düzgün münasibət bildirib. Qurultayda onun şəxsən özü də heç bir ədəb-ərkan gözləməyən, özünü apara bilməyən bir media mənsubuna hər kəsin gözü qarşısında açıqca iradlarını bildirdi, “Media haqqında” Qanunun tələblərini xatırlatdı.
Mən reketlik edən, burnunu hara gəldi soxan, şər-böhtandan başqa heç nə bilməyən, saytında qərəzli yaydığı yazları pul müqabilində qoyub-götürən, cibində vəsiqə, əlində video-kamera, mikrofon qanunsuz əməllərlə məşğul, xaricdəki radikal blogerlərə məlumatlar ötürən özünü jurnalist adlandıranların siyahısını təqdim edə bilərəm. Media qurumlarından xirtdəyəcən çirkabın içərisində olanları kifayət qədərdir. Əlbəttə, sözüm vicdanlı, peşəkar, işini bilən, qərəzsiz jurnalistlərə və media qurumlarına şamil deyil. İndi görürəm, bəziləri, aralarında ciddi imzalar da var, durub palaz-palaz bəyanatlar yayırlar ki, Çingiz Abdullayev jurnalistdən üzr istəməlidir, elə olmalı deyil, belə olmalıdır, Rəşad Məcid jurnalisti müdafiə eləməlidir, daha nə bilim nələr… Əvvəla, gedin özünüz məsələnin mahiyyətini öyrənin və sonra da zəhmət çəkin, o jurnalisti və onun kimiləri başa salın. Eyni zamanda, Prezident cənab İlham Əliyevin iştirakçılarına təbrik məktubu göndərdiyi AYB-nin Qurultayına qanunazidd əməllərinizlə kölgə salmayın. Birmənalı olaraq da bilin ki, Azərbaycan Yazıçılarının 13-cü Qurultayında cənab Prezidentin təbrik məktubunda qeyd edildiyi kimi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi işığında cəmiyyətin mənəvi inkişafı məsələlərini hər zaman olduğu kimi yenə də diqqət mərkəzində saxlayaraq səmərəli müzakirələr aparılmış və əhəmiyyətli qərarlar qəbul edilmişdir.
AYB-nin işgüzar nüfuzuna və AYB-nin timsalında şəxsən Çingiz Abdullayevə, o cümlədən Rəşad Məcidə qarşı aparılan qarayaxma kampaniyasının məkrli məqsədini ölkə ictimaiyyəti, ziyalılar yaxşı bilirlər. Bizim heç nədən narahatlığımız yoxdur. Ona görə ki, təmiz vicdan heç vaxt şər-böhtandan qorxmaz. Atalar sözüdür: “Hərcayi sualın mərcayi də cavabı olar”.
Jurnalistlər həmişə xalqın savadlı, mədəni, ziyalı təbəqəsi sayılıblar. Bu keyfiyyətlərin daşıyıcısı olan həmkarlarımız bu gün də var. Onlar təvazökardırlar, abırlıdırlar, kənardan mətbuatımızın bugünkü mənzərəsinə baxıb köks ötürürlər.
Jurnalist adı nəyə görə bu qədər nüfuzdan düşdü? Niyə cəmiyyət onlara əcaib və qorxulu məxluqlar kimi baxır, hətta bəzən kinayə və ironiya ilə yanaşırlar?
Bunun bir səbəbi özünü jurnalist adlandıranların bir-birinə tükənməz kin-küdurət bəsləməsi, bir-birini aşağılaması, gözdən salmasıdırsa, bir səbəbi də sosial şəbəkələrin yaratdığı asudəlikdə yerindən duranın jurnalist adına iddia etməsidir. İndi hamı yazır, çəkir, danışır və ictimaiyyət də bu “hamını” jurnalist simasında görür. Bu sektorda güclü özünütənzimləmə, sərt ictimai qınaq olmasa, fəsadları getdikcə dərinləşəcək.
Jurnalist və yazar adına iddia edənlərin ömründə bir kitab oxumamasından, tariximizə və mədəniyyətimizə nabələdliyindən çox danışırıq, deyirik, qınayırıq, yoruluruq.
Bəzən də özünü intellektual və ziyalı hesab edən neçə ilin jurnalistindən elə söz eşidirik ki, heyrətə gəlirik. Deməli, oxumayan, məlumatsız olan təkcə “iddialı” gənclər deyil, belələri yaşlılar arasında da var.
Neçə ilin jurnalisti verilişində Xalq şairi Ramiz Rövşənə atmaca atır, sonra deyir ki, son 30 ildə Anar nə yazıb ki? Halbuki bir az maraqlansa, görərdi ki, o, ömrünün 30 ilini dingiş şou proqramlara sərf edəndə Anar sakitcə öz yaradıcılığıyla məşgul olub, xalqımız, cəmiyyətimiz üçün bir çox vacib, sanballı və dəyərli əsərlər yaradıb. Anar bu 30 ildə 1000 səhifəlik “Yaşamaq haqqı” traktatını yazıb. “Yaşamaq haqqı” hər bir azərbaycanlının oxuması vacib, keçmişimizə güzgü tutan, gələcəyimizin yol xəritəsi olan Kitabdır. Anarın Heydər Əliyev mükafatına layiq görülmüş “ЛИК Азербайджана» üçcildliyindən, mədəni irsimizin bütün qatlarına işıq tutan “Söz dünyası” beşcildliyindən, eləcə də çoxlu sayda ədəbi-bədii əsərlərindən xəbərsiz olub pafos üfürmək ziyalıya, intellektuala, peşəkara yaraşmayan, naqis hərəkətdir.
Qınadığımız mütaliəsiz cavanlara belə “nümunə” göstərməklə onlar, əslində, cəmiyyəti qaranlığa və xaosa sürükləyirlər. Unudurlar ki, dürüst yol axına qoşulub bulanıq sulara qarışmaq yox, tərsinə, mənbəyə üzüb duruluğa çıxmağa çalışmaqdır.
Dünəndən mətbuatda, sosil şəbəkələrdə AYB-nin XIII qurultayına münasibət bildirən cəmiyyətin müxtəlif təbəqələrinin fikirlərini izləyirəm və bir məsələyə aydınlıq gətirmək istəyirım: AYB-nun qurultayı, sədrin və katiblərin seçilməsi sırf qurum üzvlərinin daxili məsləsidir. Onları seçmək qurultayda nümayəndə kimi iştirak edən AYB üzvlərinin səlahiyyətinə daxildir. Yəni cəmiyyətdə müxtəlif yaradıcı və qeyri-yaradıcı oxşar təşkilatlar, birliklər fəaliyyət göstərir, onlar da öz qurultaylarını keçirir, sədr və müavinlərini seçirlər, amma vətəndaşlarımızın bəzən bundan heç xəbəri də olmur. Niyə AYB-nin daxili məsələləri cəmiyyətdə bu qədər rezonans doğurmalıdır? Bu bir daha onu göstərir ki, Azərbaycan yazıçısı bütün dövrlərdə olduğu kimi yenə cəmiyyətin üst qatındadır və onları gözdən salmaq istəyən qüvvələr olsa da bunu bacarmırlar. İllər əvvəl televiziyada şou proqramı aparan, xəbər aparıcısı kimi nünfuz qazanıb, bu gün müxalif fikirləri ilə özünü cəmiyyətə sırımağa çalışan, ciddi aparıcı imici qazanmağa səy göstərən adamlar da Anarı hədəf götürür, onu tənqid edirlər. Keçmiş aparıcılardan (şoumen) biri deyir ki, Anar son 30 ildə nə yazıb ki, AYB-yə sədr olsun?! Ay adam, Anarın 30 il əvvəl yazdığı da onun sədr olmağına yetər. Anar 30 il əvvəl sadəcə sizin dediyiniz “Təhminə və Zaur”u yazsaydı (indi xatırladacağam onun 30 il əvvəl yazdıqlarını da) belə yenə şəxsiyyət kimi, böyük kimi, öz həmkarları, qələm yoldaşları arasında ən nüfuzlu yazıçı kimi sədr seçilməyə haqqı çatan insanlardan biri olacaqdı. O ki qaldı Anarın yazdıqlarına məmnuniyyətlə xatırladım: Anar Azərbaycan kinosunun şah əsərlərindən sayılan “Gün keçdi”, “Dədə Qorqud”, “Dantenin yubileyi”, “Üzeyir ömrü” (kino tariximizin ilk publisitik bəddi filmi), “Qəm pəncərəsi”, “Cavid”, “Sübhün səfiri”, “Ötən ilin son gecəsi” və onlarla yadda qalan filmin ssenari müəllifidir. Anarın müəllifi olduğu “Şəhərin yay günləri” tamaşası illərlə dövlət tetarlarında anşlaqla gedib. “Adamın adamı”, “Qaravəlli” və s. pyesləri də eləcə. Onun aftobioqrafik “Siz”siz romanı əl-əl gəzirdi. “Əlaqə”, “Macal”, “Ağ liman” povestləri 70-ci illərdə kitab mağazalarının rəflərində qalmırdı. “Molla Nəsrəddin 66” öz satirik, ironik, yumoristik ruhu ilə tabularla bol olan sovet cəmiyyətindəki ənənəvi ədəbiyyata demokratik ruh gətirmişdi. Məncə Anar bu saydıqlarımın sadəcə birinin müəllifi olamqla da yazıçı kimi sədrliyə haqq edir.
Anar ictimai xadim kimi nüfuzlu simadır. Öz sözünü Kreml tribunalrından sovet rəhbərlərinə deməyə cəasrəti çatan, təmsil olunduğu xalqın problemlərini dilə gətirməyə çəkinməyən biri kimi yaddaşlarda qalıb. Türk xalqları arasında da, Avropada da, keçmiş sovetlərdə də Anar bir yazıçı kimi tanınır, sevilirdi. Getdiyim yaxın-uzaq xarici səfərlərdə bunun şahidi olmuşam. Dünya yazıçılarının, oxucuların Anara olan sevgisini öz gözlərimlə görmüş, qulaqlarımla eşitmişəm. Bu gün Anarın bir cümləsi qədər ola bilməyənlər də meydan tutub, Anarı, Çingiz Abdullayevi, Rəşad Məcidi tənqid edirlər. Olsun. Demokratiyiadır, olsun! Heç kəsin tribunasını əlindən almaq gücündə deyilik. Amma əgər AYB-nin XIII qurultayına nümayəndə seçilmiş tanınmış yazıçılar, şairlər, tənqidçilər, akademiklər, ziyalılar özlərinə məhz Anarı sədr seçirlərsə, bunun Azərbaycan yazıçısına dəxli olmayan adamlara nə isti-soyuğu var? Bir-iki dedi-qoduçunun məqsədi Azərbaycan yazıçısını gözdən salmaqdırsa, bu mümkün deyil. Əsrlərlə tarixi olan ədəbiyyatımız demək olar bütün dövrlərdə bəlkə də haqlı olaraq hər şeyi öz şairindən umub: düşmən qabağına da, dost qabağına da öz şairini, yazıçısını çıxarıb. 1990-cı ilin qanlı 20 yanvar günlərində də, meydan hadisələrində də bunu çox gördük.
Heç nə demirəm, bircə 44 günlük zəfər savaşımız, haqq savaşımız dövründə Çingiz Abdullayevin dəfələrlə rusdilli kanallardadkı çıxışları, ermənilər bir yana qalsın, Rusiyanın tanınmış insanları ilə ağıllı, savadlı, ürəkli debatlarını nə tez unutdunuz? Hə, Çingiz Abdullayev ana dilində qüsrulu danışır, amma onun bütün əsərlərinin baş qəhrəmanı azərbaycanlıdır. O, bütün əsərlərində doğma Bakını, Qarabağı, Xəzəri, Abşeronu, milli mətbəximizi, uğurlarımızı təbiğ edir və bu əsərlər dünyanın hər nöqtəsində tirajlanır, oxunur. O, ki qaldı Rəşad Məcidə, mən onu otuz ilə yaxındır tanıyıram. Onun üçün vəzifənin ən son sırada gəldiyini dəqiq bilirəm. Azərbaycanın gənc imzalarının tanınmasında, onların AYB-yə üzv olmaqlarında, təqaüd almaqlarında Rəşad Məcidin rolunu, mövqeyini danmaq olmaz. Mənim gənc dostlarım, AYB sədrliyinə namizədliyini vermək istəyən Emil də, Fuad da əslində Rəşad Məcidin xeyir-duası ilə AYB-yə üzv qəbul olunanlardır. Rəşad Məcidin onlara həm də ərki var. Əgər xalq yazıçısı Elçinin təklifi ilə çıxışların dayandırılması səs çoxluğu ilə qəbul edilirsə, artıq çıxış etmək gecdir. Hə, məndən olsaydı, o gənclərə mütləq çıxış etməkləri üçün 5 dəqiqə şərait yaradardım. Məncə bununla heç nə dəyişməyəcəkdi. Amma qurultay nümayəndələri artıq çıxışların dayandırılmasına qərar verirlərsə, iki-üç nəfərin etiraz etməsi, yaxud, bitərəf qalması mahiyyəti dəyişmir.
Gənclər… Bizim nəslimizi onlardan sadəcə 10-15 il ayırır. 15 il əvvəl mən də ilk yaranan AYB gənclər şurasının üzvüydüm. Mən də hər şeyə çılğınlıqla reaksiya verirdim, zaman keçdikcə doğrularımı da, səhvlərimi də analiz etməyə imkanım oldu. Emil də, Fuad da çox isteadlı gənc şairlərdir. Hər ikisinə sayğım sonsuzdur. Bəlkə məni də topa tutacaqlar, inciyəcəklər, qınayacaqlar. Bəlkə heç əhəmiyyət verməyəcəklər; öz işləridir. Biz öz sədrimizi seçdik. O bizim gəncliyimizin sevilən imzası, bizim kumirimiz, qürur yerimiz olub və bu gün də mühafizəkarlıq edib, onu qoruyuruq. Vaxt gələcək biz olmayacağıq, o zaman siz də öz içinizidən liderinizi seçib, onun arxasınca gedəcəksiz. Amma bunun zamanı yetişməlidir.
P.S.Mənim nə AYB-dən, nə Anardan, nə Rəşad Məciddən asılacağım yoxdur. 15 ildən artıqdır yazıçı, tərcməçi, ssenarist kimi rəsmi heç yerdə işləmədən sadəcə yaradıcılıqla məşğul olur, dolanıram və bundan məmnunam. Artıq bir ildir “Ədəbiyyat qəzeti”ndəki layihələrimi də dayandırmışam. Oxucuların istəyinə, xahişinə hörmətlə yanaşsam da, layihəni davam etmək barədə hələ ki, düşünmürəm. Yəni, mənim AYB-dən üçdə alacağım, beşdə verəcəyim yoxdur… Ürəyim istəsə, təzə layihəm, yazım olsa yenə AYB orqanları ilə işləyəcəyəm.
Salam olsun, dəyərli qələmdaşlar və çox dəyərli oxucular! Həmd olsun Uca Yaradana! Bugünkü söhbətimiz “Nə məsləhət verirsiniz?” sualına cavab olaraq qələmə alınmışdır. Söhbətə başlamazdan əvvəl onu qeyd etmək istəyirəm ki, bu suala əsasən gənc yazarlar və ya canında yazmaq həvəsi olub, bir türlü başlaya bilməyənlər, bir də hər şeyə maraqlı oxucular müxtəlif görüşlərdə, oxucu məktublarında cavab axtarırlar. Yazı, kitab aləmi haqqında bu cür şikayətlərlə dolu bir fonda ilk addımlarını atmağa tərəddüd edən gənc yazarlar kimi, eyni zamanda diqqətli oxucular da eyni suala cavab axtarışındadır. Qələm adamları “nədən yazım”, “necə yazım”, “necə başlayım”, “kimdən örnək alım” kimi suallara cavab axtararkən, oxucular da həmən-həmən ekvivalent “nə oxuyum”, “kimi oxuyum” kimi sualların cavabını arayırlar. İstənilən cavabı diqqətlə dinləyir və ya oxuyurlar. İnanıram ki, hamımız nə vaxtsa bu suallarla üzləşmişik. Şəxsən mənə gəlincə bu sual ətrafında şifahi olaraq dəfələrlə danışıb fikir bildirmişəm (bu mövzuda internetdə bir neçə variantda video material da var). Hətta o qədər təkrar-təkrar danışmışam ki, artıq danışdıqlarımı özüm də əzbərləmişəm. Sual aktual olduğuna görə və həm də bu günün, bu yaşımın fikirlərini qeyd etmək məqsədi ilə məlum sual ətrafında olan, dəfələrlə təkrarladığım fikirlərimi yazı şəklinə salmaq istədim. Keçək mətləbə.
Tarixə söykənməyən gələcək yoxdur və ya qol-budaqlı ağaca sağlam kök lazımdır düşüncəsi ilə adətən bu mövzuda olan söhbətlərimə ötən əsrdə qələmə alınmış Makulunun “Səttarxan” və müəllifinin kimliyinə belə ehtiyacı olmayan “Əli və Nino” kitablarını misal çəkməklə başlayıram. Müasir dövrümüzdən Aqil Abbasın “Dolu” sunu nümunə kimi təqdim edir və hələ elə də böyük auditoriyanın tanımadığı rəhmətlik Qələndər Xaçınçaylının “Güllə işığında” povesti, Əli bəy Azərinin “Hərbi Zəngilan”ı haqqında məlumat verirəm. Aydın məsələdir ki, danışanda müxtəlif sualları yazar üçün ayrı, oxucu üçün daha uyğun formada cavablandırmaq imkanı geniş olur. Çalışacağam ki, “Nə məsləhət verirsiniz?” sualına ümumi fikirlərimdə dəyişikliyə yol vermədən hər iki tərəf üçün yığcam və əhatəli şəkildə 22 mart 2022-ci il üçün olan qeydlərimi sizlərlə bölüşüm. Birinci onu bildirmək istəyirəm ki, fikirlər subyektivdir, əksini düşünənlərin fikrinə hörmətlə yanaşıram. İkinci yazıya “ondan xəbəri yoxdur”, “bundan xəbəri yoxdur” düşüncəsi ilə yanaşanlara xatırlatmaq istəyirəm ki, istər elektron, istərsə də ənənəvi qaydada ortalığa çıxmış nümunələrlə tanışam. Üçüncü hər hansı bir suala cavab verəndə istənilən şəxs elə örnəklərdən istifadə etməlidir ki, ən azından bu nümunə müsahibinə tanış olsun. Məsələn, Azərbaycan reallığında ağaclardan söhbət gedirsə, “palıd”, “qoz”, “nar” ağacları daha çox hamı tərəfindən tanınır, nəinki, “evkalipt” və ya “baobab”. Belə bir əhatəli girişdən sonra yazının əhatə edəcəyi dövrlər və meyar kimi götürülmüş kriteriyalar barədə də qısaca məlumat vermək istəyirəm. Çünki bu vacib məsələlərin mətləbə birbaşa dəxli var. Mənim sizlərə təqdim edəcəyim örnəkləri seçməmdə əsas meyarlarım faydalılıq, tanıtmaq və tanınmaq, özünə yer tutmaq bacarığı, müstəqil olmaq qabiliyyəti, ən əsası heç kimə, heç nəyə fikir vermədən yaxşıları öyrənib tətbiq etməklə öz işi ilə məşğul olmaq, daim axtarışda olmaq, təkmilləşmək, görünə bilmək, seçilməyi bacarmaq. Bu sadaladığım qabiliyyətlərlə seçilmək, fərqlənmək 1920-ci ilə qədər birinci, 1920-1990 ikinci və 1990-dan sonra üçüncü (bu dövrü də 1990-2000, 2000-2010, 2010-2020, 2020-dən sonra) dövr olmaqla olduqca müxtəlif tələblər və şəraitdə baş verdiyini unutmamalıyıq. Bütün bu bölgülərin fövqündə dayanaraq müxtəlif dövrlərin keşməkeşlərinə sinə gərərib indi də mətin addımlarla sıralarımızda addımlayn bir qrup müasirlərimiz olan qələm adamları var ki, onlar çağdaş ədəbiyyatımızın məhəng daşlarıdır.
DÖVRLƏR VƏ TƏLƏBLƏR HAQQINDA
1920-ci illərə qədər bizim qənaətimiz üçün əsas olan meyarlar keyfiyyət baxımından təxminən indiki (1990-cı illərdən sonra) kimi idi. Yəni yalnız öz şəxsi keyfiyyət və bacarıqlarınız (həm yaradıcılıq, həm də maddi baxımdan) əsasında uğur qazana bilərdiniz.
1920-1990-cı illərdə vəziyyət bir az fərqli idi. Beləki, yaradıcılıqda müəyyən korrektələr olmaqla demək olar ki, maddi problem yox idi. Yəni yaradıcılıq qənaətbəxş olduqdan sonra, maddi həllə yol tapmaq (təbii ki, bu məqamda da şəxsi keyfiyyətlər, bacarıqlar əsas amil olub) mümkün idi.
1990-lardan sonra baş verənlər çoxumuzun göz qabağındadır. Məncə ən qarışıq dövr 1990-2000-ci illər hesab olunmalıdır. Bu həm fürsətlər, həm də çətinliklər baxımından eyni dərəcədə əhəmiyyətlidir. Ümumiyyətlə, istənilən sahədə uğur qazanmaq üçün şəxsi keyfiyyətlər önəmlidir. Bu mövzuda söhbətə məsələyə dolayısı ilə aidiyyəti olan “utananın oğlu olmur” atalar sözü ilə nöqtə qoymaq istəyirəm.
2000-2020 zəngin təcrübə və püxtələşmə dövrü kimi səciyələnməlidir.
Ən maraqlı və real vəziyyəti əks etdirən dövr indi başlayıb (2020-ci ildən). Necə deyərlər, “bu meydan, bu şeytan”.
Birinci dövrə baxdıqda kimləri xatırlayırıq, Abbasqulu Ağa Bakıxanovu, Mirzə Fətəli Axundovu, Nəriman Nərimanovu, Əbdürrəhim bəy Haqverdiyevi, Üzeyir Hacıbəyovu, Həsən bəy Zərdabini və b. Şərhə ehtiyac duymuram.
İkinci dövrün süzgəcindən keçib (birinci dövrlə əlaqəli şəxslər də daxil olmaqla) gələnlər; Süleyman Sani Axundov, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Mir Cəlal, Mirzə İbrahimov, Süleyman Rəhimov, İsmayıl Şıxlı, Bayram Bayramov, İlyas Əfəndiyev, Cabir Novruz, Fərman Kərimzadə, Fikrət Qoca, o taylı-bu taylı Şəhriyar və b. Bu dövrün ortalarından və sonlarından ədəbi fəaliyyətə başlamış və çoxu bu gün də yaradıcılığını uğurla davam etdirən dövrlərin fövqündə dayanmış, çağdaş ədəbiyyatımızın məhəng daşları adlandırdığımız Bəxtiyar Vahabzadə (2009-cu ildə vəfat edib), İsa Muğanna (2014-cü ildə vəfat edib), Anar, Elçin, Çingiz Abdullayev yaradıcılığı Azərbaycan ədəbi irsində xüsusi yer tutur.
Çingiz Abdullayevi Azərbaycan ədəbi mühitində bu dövrlərin kəsişməsində möhkəm dayanaraq ədəbiyyatı cəmiyyətə, kitabı oxucuya qırılmaz tellərlə bağlayan mühüm fiqur kimi dəyərləndirmək lazımdır. Bu yöndə onun xidmətləri danılmaz və əvəzolunmazdır.
Bəxtiyar Vahabzadə, İsa Muğanna, Anar, Elçin və Çingiz Abdullayev kimi çağdaş ədəbiyyatımızın məhəng daşları adlandırdığımız örnək şəxsiyyətlərin üzərindən onların da içində olduğu üçüncü dövrə nəzər salsaq, Aqil Abbas, Akif Əlini, Sabir Rüstəmxanlı, Kamal Abdullanı, Yunus Oğuzu, Rəşad Məcidi, Elxan Elatlını, Varisi, Musa Ələkbərli, Səlim Babullaoğlunu, Vüqar Əhmədi, Azər Turan, Firuz Mustafa, Elçin Hüseynbəylini, Əli bəy Azərini, İlqar Fəhmini, Kənan Hacını, Sayman Aruzu, Fərid Hüseyni, Rövşən Abdullaoğlunu, Nicat Həşimzadəni, İntiqam Yaşarı görürük. Və təfərrüata keçməzdən əvvəl bir məqamı vurğulamaq istəyirəm. Necə ki, bu gün (22 mart 2022 – ci ildə) böyük əminliklə Çingiz Abdullayevi bir vaxtlar dahi Üzeyir Hacıbəyovun gördüyü işi ləyaqətlə və böyük əzmlə davam etdirərək ədəbiyyatla cəmiyyət, ədəbi-bədii yaradıcılıq məhsulu ilə kütlə-oxucu arasında möhkəm əlaqə, bağ yaradan şəxs kimi təqdim edirik, Rövşən Abdullaoğlu da eyni ilə gələcək nəsillər üçün bu vəhdəti qoruyacaq real namizəddir. Onun bu missiyanın öhdəsindən ləyaqətlə gələcəyinə inanıram. Xahiş edirəm ara-sıra bu tərz qeydləri oxuyarkən fiklərimizi əsaslandırıb, söykəndiyimiz meyarları unutmayaq. Mümkün qədər konkret və əhatəli izahatdan sonra “Nə məsləhət verirsiniz?” sualına cavab olacaq və yuxarıdakı qaydada əsaslandırılmış müasirlərimiz olan örnək yazarlar barədə danışmazdan əvvəl bir qeyd də etmək istəyirəm. Mənim yazdıqlarım tam subyektivdir. Və mən sadəcə fikirlərimi sizlərlə bölüşürəm. Bu heç vaxt məsləhət kimi qəbul edilməməlidir. Mən sualı eyni ilə eşitdiyim, oxuduğum kimi, mənə ünvanlanmış qaydada yazmışam. Ümumiyyətlə, bir şəxsin yaxınlıq və qohumluq, subardinasiya dərəcəsindən asılı olmayaraq digər şəxsə məsləhət verməsi qəbuledilməzdir. Bu ən yaxşı halda tövsiyə formasında ola bilər. Bu yöndə ən təqdirəlayiq hal örnək göstərməkdir.
ÇAĞDAŞ ÖRNƏK YAZARLARIMIZ:
Aqil Abbas – şair, yazıçı, siyasətçi. “Ədalət” qəzeti idarəçiliyindədir. Xalqla bağlı istənilən məsələyə söz adamı olaraq anındaca mövqe bildirir.
Sabir Rüstəmxanlı – şair, siyasətçi. Mövqe sahibidir. Nəzarətində nəşriyyat var.
Çingiz Abdullayev – yazıçı. Dünyanın müxtəlif yazar klub və dərnəkləri, nəşriyyatları ilə əlaqəsi var.
Yunus Oğuz – yazar, həm də “Olaylar” informasiya agentliyi və eyni adlı qəzet idarəçiliyindədir.
Varis (Varis Yolçuyev) – yazar, həm də “168 saat” qəzeti və digər mətbu orqanlarla, TV-lərlə birgə fəaliyyət göstərir.
Rəşad Məcid – şair, həm də “525-ci qəzet” idarəçiliyindədir. Bundan əlavə saytlardan, sosial şəbəkələrdən, TV-lərdən, müxtəlif internet kanallarından, bir sözlə fayda verəcək yazılı və görüntülü bütün dəstək variantlarından böyük ustalıqla istifadə edir.
Elxan Elatlı – yazar. Heç kimə, heç nəyə fikir vermədən öz işinə konsentrasiya olaraq fasiləsiz və nümunəvi fəaliyyət göstərir. Əsl müasir yazıçıdır.
Azər Turan – tənqidçi, publisist. Təyinatla “Ədəbiyyat qəzeti”nə rəhbərlik edir. Gücü çatdığı qədər bölgələrdə yaşayıb-yaradan yazarlar da daxil olmaqla bütün qələm adamlarına dəstək olmağa çalışır.
Musa Ələkbərli – şair, naşir. Bacardığı qədər yazarlara kitab işində dəstək olur.
Firuz Mustafa – nasir, dramaturq. Yazır yaradır.
Əli bəy Azəri – yazar, səlnaməçi. “Xəzan” jurnalı idarəçiliyindədir. Mümkün qədər ədəbiyyatımız, tariximiz üçün faydalı olmağa çalışır.
Səlim Babullaoğlu – şair, tərcüməçi. Kitabçılıq, tərcümə və tanıtım baxımından fəaliyyəti misilsizdir. ATV kitab – “Parlaq imzalar” layihəsi kimi dəyərli bir iş ortaya qoymuş şəxsdir.
İlqar Fəhmi – şair, yazıçı, kinodramaturq. Bir sözlə xalq üçün faydalı ola biləcək bədii yaradıcılıqla bağlı istənilən sahədə onu görmək olar.
Kənan Hacı – şair-publisist, mücadilə edir. Bir zamanların Sabiri, Hadisi kimi mücadilə aparır. İlk anlaşılmazlıqda vaz keçən gənclər üçün nümunə olacaq müasirimiz, çağdaş yenilməz qələm adamı.
Rövşən Abdullaoğlu – yazar, psixoloq, araşdırmaçı, səyyah. “Qədim Qala” nəşriyyatının qurucusu. Yorulmadan öz üzərində işləyən, təkmilləşən və öyrəndiklərini həyatına tətbiq edib, oxucusuna təlqin edən ən müasir, ən prespektivli çağdaş örnək yazarımız.
İntiqam Yaşar – şair, təşkilatçıdır. Həyatdan nə istədiyini bilir. Uğurları bol olsun!
Dəyərli oxucum, bu çəkdiyim misallar, gətirdiyim örnəklər sadəcə bir ipucu kimi dəyərləndirilməlidir. Müxtəlif yaş qruplarından olan, olduqca keşməkeşli həyat yolu keçərək uğura, misilsiz nailiyyətlərə imza atmış bu örnək şəxslərin həyat və yaradıcılıqları ilə tanış olmağınızda “Google” dostumuzun xidmətindən və kitabxanalardakı kitablardan istifadə edə bilərsiniz. Atalar yaxşı deyib: – “Gör, götür dünyasıdır.” Və inanıram ki, təqdim etdiyim bu “açar söz”lərdən istifadə etməklə özünüz üçün böyük imkanlar vəd edən geniş bir dünyaya qapı açmış olacaqsınız. Uğur bələdçiniz olsun. Bu yazının ancaq və ancaq bir məqsədi var faydalı olmaq. Vəssalam!
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Çox sağ olun!
22.03.2022. Bakı.
Qeyd:
Məqalə müxtəlif saytlarda dərc olunmaqla yanaşı müəllifin “Qələmdar-2” (məqalələr), Bakı , 2022. səh. 160-165. və “Seçilmiş əsərləri” (ikinci cild), Bakı, 2022. səh. 395-403. kitablarında da yer almışdır.
Hikmət MƏLİKZADƏ(Məlikzadə Hikmət Qəzənfər oğlu) 6 yanvar 1972-ci ildə Şamaxı rayonunda doğulub.1979-1989-cu illərdə Şamaxı rayon Qaravəlli kənd orta məktəbində orta təhsil alıb.1990-1992-ci illərdə sovet ordu sıralarında həqiqi hərbi xidmətdə olub.1993-cü ildən mətbuat sahəsində çalışır. İki şeir, yeddi publisistik kitabın, yüzlərlə məqalə, rəy və resenziyaların, onlarla elmi məqalənin müəllifi, yüzlərlə kitabın redaktorudur. Bir sıra mükafatların, təşəkkür və diplomların sahibidir. Hazırda Abşeron rayonunun Mehdiabad qəsəbəsində yaşayır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür. Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüdür. “Ziyadar” Mükafatı laureatıdır. “Yeni Təfəkkür” qəzetinin əməkdaşıdır.