CIDIR DÜZÜ Dərədə möcüzə, dağda möcüzə, Torpağa bu qədər vurulmamışdım. Gözəllik önündə heç vaxt, heç vədə, Belə təzələnib durulmamışdım. * * * Dili tutulubmu torpağın, daşın, Görən niyə belə səssizdir bu yer. Haçansa Üzeyir ayağı dəyib, Yəqin ona görə əzizdi bu yer. * * * Sükuta bürünüb Cıdır düzümüz, Bülbülün səsinə dalandan bəri. Torpaq dərd əlindən qayalaşıbdı, Ellər Natəvansız qalandan bəri. * * * Göz dikib bu yerə yağılar yadlar, Su olub düzündə axa bilməyib. Nə qədər zirvələr fəth edib Qacar, Amma bu zirvəyə qalxa bilməyib. * * * Burda daşları da qoruyaq gəlin, Hansı bir daşdasa Vaqif qanı var. Bura yaddaşıdır obanın, elin, Burda hər bir nəslin öz ünvanı var. * * * Deyirəm, dünyada sevgi tapılmaz, Övladın torpağa sevgisi kimi. Bu yurd yaddaşımda qalacaq mənim, Tarixin möcüzə sərgisi kimi. 1979
ŞUŞA Min şəhər adı var dillər əzbəri, Adların ən üstün adıdı Şuşa. Musiqi notudur cüt hecasıyla: Şu-Şa Dilimin şəhdidir, dadıdı Şuşa. * * * Ciyərdə nəfəsdir, damarda qandır, Ruha qanad verən sirli məkandır, Bilib eşidəndir, güc artırandır, Qoşundur, əsgərdir, ordudur Şuşa. * * * Qoynuna hər gələn yüz xəyal eylər, Qıraqda qalanlar qeylü-qal eylər, Birini coşdurar, birin lal eylər, Tilsimdir, ovsundur, cadudur Şuşa. 2021
Dinmir buraların göz yaşı… Damcı-damcı, asta-asta “sən” axır … Həsrət yağır küçənizin küncündən, Elə bilirəm, dilə gəlib ad çağırır …
* * *
Axı hardadır dünən gördüyüm? Yollarımda gülə-gülə gəzdiyim, Qoxusuna həsrət qalıb bitdiyim… Eh….Ləpir izi… A ləpir izi? Sənə qurban, yadlaşma… Yağış yuyub aparmasın, Külək olub uçurmasın , İstəmirəm, istəmirəm … Toxumasın, İgidimin ayaq izinə … Maşınlar şütüməsin, Adamlar təntiməsin, Qoy itməsin qədəmləri … Yoxsa böyük dərd olar, Bu sərsəri başıma… Ey, sən ! O küçədəki həmin ağac… Daha yığılmayacaq xəzəllərin Uçacaq uzaqlara, Elimizdən lap uzaqlara… Görən apararmı sədamızı Bilinməyən sonsuzluqlara, Görünməyən adamlara…. A torpaq … İsitdiyin canlara ömür qurban, Qoru, oğlunu … Qoru, körpəni … Qoru … Qoy qəribsəməsin qoynunda… A başdaşı, A daşlar, Bir az yüngül olun, Çökməsin ağırlıq … Axı yaraşmır, Siz daşların, qara mərməri, Onun düz 23 yaşına…
* * *
Neçə vaxtdır qanamırdı yaralar… Bu gün oldu, elə bu gün son olsun… Çəkilmişdi başım üstdə buludlar, Gəldi, doldu, tez gedər olsun… Dinmişdi, əzizim, dinmişdi gözümün yaşı… Elə bilmişdim, Tökmüşəm qəlbimdən, bu möhkəm daşı! Ay Allah, bu qədər işgəncə nədir axı?! Boğasan, aparasan, tərk edəsən bu başı! Sızlayır könlümdə yuva quran kəpənək. Ömrü də az qalıb, o da gedir deyəsən… Azacıq bir ömürdə , gərəkdir ki, gün görəsən, Yoxsa bu imtahan, o dünyaya qədərmi, nədir?! Donub hisslərimin hər bir nöqtəsi. İtələyirəm, bağırıram , getmir ki getmir! Varlığımdan, yoxluğumdan, elə özümdən də bezmişəm… Ümiddir e vallah, dünyadan kəsilmək bilmir ki bilmir…
* * *
Ömrümün hansı payızından kəsim, 22ilin qırılıb qol-qanadı… Hər xoşluğun arxasınca bədbəxtlik, Saxla burda… Saxla !Xoş günlərimi kəsim… İtirəcəyim nə var ki,onsuz, Qazandıqlarım ki itib,batıb… Biriləri yıxar,ümidlər quruyar, Yetim qalar bizsiz xəyallar… Ömrümün hansı payızından kəsim, Hansı yaşımı dondurum, Hansı yaşda cavan qalım.. Bəlkə də bəsdi artıq Onsuz da quruyub canım, Yaxın gəlin… Ruhumun ehsanından sizə pay çəkim…
* * *
Uzaqların min dərdi olur,əzizim Hərdən fəryad çəkib hayqırır… Uzaqların həsrət qoxusu olur, Elə hey yaraları qanadır… Əl uzatdıqca itib,batır, Cızılır kol-kosla biləklər Uzaqların yarası böyük Qanadıqca iz bağlayır… Burda bir gün isti günəş Bir gün də soyuq ay Bir-biri ilə yarışır.. Günlər də keçir ,aylar da Diləklər görmür gərçək üzü… Hərdənbir şişmək çaxır, Hərdənsə tufan olur… Aparır bütün ümidləri… Burda həyat başqadı, Saniyədə dəyişir fəsillər… Burda insanlar olmur Nə də kirli bədənlər… Ruhlardır,gəzib tozur… Bir azadlıq uğrunda Çırpınır illər boyu…
* * *
Fərqli sandığın fərqlənmir, Sən yenə pislərə yaxşı de… Zamanla insan düzəlmir, Burax əlimi,çıx get! Tanımırsan can deyəni, Canını alıb gedir… Diliylə bal tökənlər, Əli ilə zəhər gətirir… Əcələ gərək yoxdu, Yaşarkən öldürürlər… 70illik ömrünü, Tabutda gəzdirirlər…
* * *
Səhər də açılmır, Gəlmir birinin səsi… Sən ki yaxşı bilirsən Hərkəsin varkən, kimsəsiz olmaq nədir! Soyuq əllərinlə Tanrıya getmək nədir… Bir gün; Susacaq günahların, Bağırmayacaq üstümə Yanaqların su içəcək Gözyaşından birtəhər…
Barat Vüsalla söhbətimiz həmişə ədəbiyyata, poeziyaya söykənir…
…Adamlar var onlarla ədəbiyyat haqda ədəbiyatçı kimi tutur söhbətin.Elə sənin müxtəlif qayğılardan boğulduğun,nəfəsinin çatmadığı zaman yetirir özünü sənə!..Çəkib qolundan atır qırağa və deyir ki,.get yaşa! Çoxfunksiyalı,İmkanlı telefonu götürüb yığdım Barat Vüsalı,elə ilk kəlmədəncə əhvalını yerində görmədim.Soruşanda dedi “Ay Şahnaz,səsim satdımı məni?!”..və özünə məxsus gülüşü cingildədi qulağımda!.. Məlum oldu ki,sağlamlıq problemi olsa da artıq adladıb…nə yaxşı,şükür Allaha!..Söhbətimiz xeyli çəkdi,mövzular bir birinə calandı,amma yenə istinad nöqtəmiz mübarəkqədəm,bəzən də başı bəlalı,hərdən şou məkanını xatırladan ədəbiyat oldu…Milli sərvət səviyyəsinə yüksələn yazarları andıq,yaddaşa köçən sətirlərini xatırladıq,arada hələ xarici yazarlarla da ilgiləndik.Gördük vallah ədəbiyyatın mənbəyi öz milli yazarlarımızdı,onların dünyadan gedənini rəhmət,sağ olanlarını can sağlığı diləməklə yad etdik!..Nizamidən tutmuş Sabir,Səməd Vurğun,Məmməd Araz,Nəriman Həsənzadə,Musa Yaqub,İsmayıl Şıxlıdan…danışdıq….Dəryadı bunlar,gözümüzün qabağındaca olduğundanmı hərdən insafsız davranırıq,öz gözümüzdə tir axtarırıq?… …Doğudan Batıya yollar uzanır, İnsandan insana yol gözə dəymir!… M.Araz deyib bunu!..Görəsən ürəyi, ruhu neçənci dərəcə yanıq zədəsi alıbmış dahi şairin ,bu sətirlərlə su səpib yarasına!!? Musa Yaqub: Şeiri götürdülər hoydu hoyduya, Sözü götürdülər hoydu hoyduya, Dağı götürdülər hoydu hoyduya, Bağı götürdülər hoydu hoyduya…. Məni də qoşdular bu qeybətlərə, Sonu görünməyən boş söhbətlərə.. Heyif,o əvvəliki könlümə heyif, Heyif,o əvvəlki gülümə heyif….. bu sətirləri hələ 90-cı illərdə yazıb…. Eynşteyn onu da başqalarını da qabaqlayıb və söyləyib ki: ..Bu gündən belə insanlığın taleyi onun elmi-texniki nailiyyətlərindən çox,mənəvi dayaqlarından asılı olacaq!….
Barat Vüsalla söhbətimiz həmişə ədəbiyyata, poeziyaya söykənir…
……. Söhbətimizin sonunda Barat müəllimlə gəldiyimiz nəticə belə oldu ki,”Hər şey EŞQin yolunu tapmağa xidmət etməlidir..” Bunların birincisi və ilki isə budağında oturub hərdən ağacını silkələməyə çalışdığımız əbədi,əzəli doğma ƏDƏBİYYATımızdır…!” Düşünək,dostlar,düşünək…
Müəllif:Şahnaz ŞAHİN AYB və AJB üzvü, Prezident Mükafatçısı, Beynəlxalq Rəsul Rza Mükafatı Laureatı.
Nəbi Xəzrinin anası, müdrik qadın, Pərixanım Cəfər qızı. 1933-cü ildən dul qalan, bütün ömrünü sonbeşiyi, balaca Nəbi balasına həsr edən, ona ömrünü bağışlayan bir qadın olub Pərixanım ana. Sovet vaxtında oruc tutub namaz qılan əsl müsəlman xanım olub. Xalça, kilim toxumaqla özü ailəni saxlayıb ərinin ölümündən sonra. 1969-cu ildə 87 yaşında dünyasını dəyişib. Nəbi Xəzri 45 yaşında anasız qaldı, bir müddət anasızlıqla barışmadı, ona Ana poeması həsr elədi.
BU GÜN AD GÜNÜNDÜR, ADINA QURBAN! Yeriyən bir damla göz yaşıyam mən, Səbrimin yarası qan verir hər gün. Sən gedən yolların dodaqlarında Könlüm sətir-sətir can verir hər gün. * * * Getdin, bu dünyanı çırpdın üzümə, Utandı bəxtindən bütün qapılar. Nə mənim könlümtək bir eşq yolçusu, Nə sənin hüsnündə gözəl tapılar. * * * Nəm çəkməz bu qəbir göz yaşlarımdan, Sükutu sərmişəm başdaşın altda. Saçların torpağa qoy dağılmasın, Götür ürəyimi qoy başın altda. * * * Yenə görüşünə gəlmişəm sənin, Gözümdə min ilin həsrət buludu. Qəlbimdə bir sətir yer qoymamısan, Barı bircə sətir səni unudum. * * * Elə sakit-sakit baxır üzümə, Bu dərdin Allahdan xəbəri yoxdur. Üstümə qar kimi yağır ayrılıq, İsin göz yaşımla, hava soyuqdur. * * * Məhəbbət ətirli başdaşınam mən, Səsimlə-güzgülən, sözümlə-daran. Mənim gözlərimin yaraşıq yeri, Əyninə geydiyin qəbrinə qurban.
Bu gün Əliş Kərimlinin doğum günüdür. Anadan olduğu gündə görkəmli memarı rəhmətlə anırıq. Allah rəhmət eləsin, ruhu şad olsun. Amin. (Rəssam: Sehran Allahverdi )
Əliş bəy Sübhan oğlu Kərəmli (Kərimli) – Sirvani (onu avropada və rusiyada Şamaxılı Alis kimi də tanıyırlar) 21 aprel 1322 – ci ildə Şamaxıda anadan olubş Hal-hazırda Qobustan rayonu Ərəbşalbaş kəndində yaşayan tanınmış Kərimlilər nəslindəndir. (Bu nəslin nümayəndələri bütün dövürlərdə əl qabiliyyəti – rəngkarlıq, ustalıq, düşüncə, istedad tələb edən sahələrdə fərqlənmişlər.) Şamaxının elmin, təbabətin mərkəzi olduğu çağlarda elə orada – doğma Şamaxıdaca günümüzün universitetlərinin verə bilmədiyi mükkəmməl dini və dünyəvi təhsil almışdır. O, məşhur memar olduğu kimi, bilikli təbib, münəccim, riyaziyyatçı və ya din alimi də ola bilərdi. Ancaq, rəsm çəkməyə xüsusi marağı olan Əliş bəy üzünü o vaxt çiçəklənməkdə olan şərqə tərəf tutaraq memarlığı seçdi. Qısa müddət ərzində Dəməşqdə, Şirazda, Təbrizdə gördüyü işlərlə ad qazandı. Kırımda Bağçasarayda gördüyü işləri sorağını Rusiyaya ordan avropaya aparıb çatdırmışdı. Onun son işi dünyaca məşhur, gözəlliyin və möhkəmliyin vəhdət tapdığı, çərqlə qərbin qovuşduğu Moskva Kremlidir. (Kərəmli qalası -bürcü) 22 iyun 1371 ci ildə xəyanət – alçaqcasına sui-qəsd nəticəsində Moskva yaxınlığında öldürülmüşdür. Şamaxıda dəqiq bilinən günümüzədək qalıqları gəlib çatan işi şəhərin girişindəki köhnə körpüdür. (Bu məlumatı sonuncu dəfə 2017 -ci ilin yayında 83 yaşlı Şamaxı sakini tarixin demək olar ki, bütün çağları barədə zəngin məlumatlı Balayev Qulu baba böyük əminliklə təsdiq etmişdir.)
Qulu Ağsəs (tam adı:Zeynalov Qulu Ağsəs oğlu) — Ulduz jurnalının baş redaktoru, Azərbaycan Respublikası Prezident təqaüdçüsü, Azərbaycanın əməkdar jurnalisti (2015).
HƏYATI Qulu Ağsəs 20 aprel 1969-cu ildə Ağdamda doğulub.
1993-cü ildə mükafat almışdır. “Avropa” qəzetində işləmişdir. Dövlət radiosunda proqramı var. “Azərbaycan qadını” jurnalının da əməkdaşıdır. Prezident təqaüdçüsüdür.
27 mart 2014-cü ildə Ulduz jurnalının baş redaktoru təyin olunub. Qulu Ağsəs bu təyinata qədər jurnalın baş redaktor müavini olmuşdur.
YARADICILIĞI Əvvəllər Qulu Zeynalov, Qulu Baxış imzaları ilə yazmışdır. İlk şeirini 1978-ci ildə yazmışdır. 1980-ci ildə isə çap olunmuşdur. Lenin haqqında olan ilk şeiri “Azərbaycan pioneri” jurnalında çap olunub. Böyük ədəbiyyata 1990-cı ildə “Ulduz” jurnalında çap olunan şeirləri ilə gəlib. Şeirləri Türk, Rus, özbək, gürcü, ukrayna, polyak dillərinə tərcümə edilib.
“Sənsən hər yer”, “Külək poçtdu”, “Nabran novellası” və “Nöqtələr” kitablarının müəllifidir.
30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar jurnalisti fəxri adına layiq görülmüşdür.
KİTABLARI “Sənsən hər yer” “Külək poçtdu”, “Nabran novellası” “Nöqtələr”