Etiket arxivi: VALEH HEYDƏR

Valeh Heydərin hekayəsi

DƏLİ EYVAZIN NƏVƏSİ
(hekayə)
Babamın yaşı çoxdur, lap çox. Zamanın xəlbiri onun gözləri önündə ələnib. O, ömürün enişli-yoxuşlu yollarında yaxşı da görüb, pis də, mərd də görüb, namərd də, xeyirxah da görüb, quyu qazan da, haqq da görüb, haqsızlıq da. Bir sözlə, həyatın hər üzü ona tanışdır. Dünya görmüş babam bu yollardan birini – xeyirxahlığı arayıb-seçib və ömrü boyu bu yola sadiq qalıb.

Dostları zarafata salıb:
– Ay Eyvaz kişi, sən nə vaxt zəmanə adamı olacaqsan? – deyəndə, babam:
– Vallah, elə mənim əlimdən gələn budur, – deyib.

Di gəl ki, hamı onu “Dəli Eyvaz” deyə çağırırdı. Əslinə baxsan, bu heç babamın da xətrinə dəymirdi. Ancaq böyüklər mənə:
– Ay bala, sən Dəli Eyvazın nəvəsisən? – deyə müraciət edəndə, mən cin atına minirdim. Onları:
– Dəli sizin öz babanızdır! – deyə təhqir etməkdən özümü güclə saxlayırdım. Düzü, məhləmizdə yaşayan tay-tuşlarımdan bir neçəsinin ağzını bu sözün üstündə möhkəm əzişdirmişdim də.

İsti yay günü idi. Babam, nənəm və mən həyətimizdəki gövdəsinə örkən dolanmayan xar tutun kölgəsinə qoyulmuş qədim taxtın üstündə oturub, anamın dəmlədiyi pürrəngi çaya qənim kəsilmişdik. Nənəmin əlindəki söyüd budağı ilə hərdən üzümü yelləməsi mənə xüsusi ləzzət verirdi. Bu nəvazişdən xoşlanıb:
– Nənə, ay nənə, mən də böyüyəndə xeyirxah adam olacağam! – dedim.

Nənəm gözaltı babamı süzüb:
– Niyə olmursan, qadan alım? Dəli Eyvazın nəvəsi deyilsən?! – dedi və uğunub özündən getdi. Babam da özünü nənəmə qoşulmaqdan güclə saxladı. Düzü, nənəmin bu cavabından yaman pərt oldum. Gözlərim yaz buludu kimi doldu. İstədim hönkürüb:
– Tay sizin nəvəniz olmayacam, mənə dəli baba lazım deyil! – deyəm və qaçıb gedəm. Ancaq dilimi, dodağımı gəmirə-gəmirə özümü saxladım. Babam pərt olduğumu görüb başımı tumarladı və:
– Mənim balam, bilirsən, sənin babana nə üçün Dəli Eyvaz deyirlər? – deyə soruşdu. Mən daha özümü saxlaya bilmədim, yumruqlarımı düyünləyib:
– Deməsinlər, deməsinlər, mənə dəli baba lazım deyil! – dedim və hıçqıra-hıçqıra ağlamağa başladım.

Babam məni bağrına basıb:
– Ağlama, mənim balam, qoy nə deyirlər desinlər. Özün görürsən ki, sənin ağıllı baban var, – dedi. Sonra təmkinlə başına gəlmiş bir əhvalatı danışmağa başladı:
– Bir gün işdən evə qayıdırdım. Birdən ağ parçaya bükülü nəyinsə cığırın kənarına düşdüyünü gördüm və əyilib götürdüm. Açıb baxanda gördüm ki, xeyli puldur. Evə gətirdim. Bax, bu çoxbilmiş nənənlə… – babam sağ əlini nənəmin çiyninə qoydu, – birlikdə saydıq. Nə az, nə çox düz iki min manat pul idi. Sonra belə məsləhətləşdik ki, bir gün gözləyək. Düşündük ki, kim isə kənd adamı olacaq, səs-soraq tutan kimi aparıb sahibinə qaytararıq.

Lakin səhərədək kənddən bir xəbər çıxmadı. Nəhayət, ikinci gün eşitdik ki, qonşu kənddən bir dul qadın iki min manat pul itirib. Elə o dəqiqə pulu da götürüb yola düzəldim. Gedib sahibini tapdım. Yazıq o qədər ağlamışdı ki, deyərdin, bu saat gözlərindən damcı-damcı qan damacaq. Sən demə, arvad min əziyyətlə topladığı pulu rayon mərkəzindəki əmanət kassasından çıxarıb gətirirmiş ki, rəhmətə getmiş ərinin qəbrini götürsün.

Düzü, mən də bərk kövrəldim, özümü ağlamaqdan güclə saxladım. Nə isə, uzun sözün qısası, bu hadisə çox sürətlə kəndə-kəsəyə yayıldı. Düzdür, mənə:
– Allah sənə ömür versin, savab iş gördün, – deyənlər də oldu. Ancaq çoxları da küncdə-bucaqda:
– Vallah, dəlidir. Özü-öz əliylə qismətinə çıxan şeyi aparıb sahibinə qaytarıb ki, nədi-nədi desinlər Eyvaz kişi xeyirxah adamdır. Ay dedilər ha, – deyə məni lağa qoydular. Üzümə qarşı:
– Əşi, sən lap dəliymişsən ki, – deyənlər də oldu.

Bir sözlə, o gündən “dəli” sözü mənim adımla qoşa çəkilməyə başladı.

– Yəni sənin babanı Eyvaz yox, Dəli Eyvaz deyə çağırmağa başladılar… – Babam dərindən köks ötürüb dedi:
– Eybi yox, oğul, çağırırlar qoy çağırsınlar. Onsuz da ağıllıları dəli, dəliləri ağıllı çağırmaq dəbdədir.

Mən yerimdən sıçrayıb:
– Baba, sənə qurban olum, – deyib onun boynuna sarıldım, üz-gözündən öpdüm. Və o gündən sonra:
– Mən Dəli Eyvazın nəvəsiyəm! – deyərək babamın dəliliyi ilə fəxr etməyə başladım.
Müəllif: VALEH HEYDƏR

VALEH HEYDƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Valeh Heydərin yeni kitabı işıq üzü görüb – “Yaxşı adam”

Tanınmış qələm adamı Valeh Heydərin “YAXŞI ADAM” adlı şeirlər kitabı işıq üzü görüb. Kitab milli poeziya janrlarında yazılmış qoşma, gəraylı, təcnis və digər şeir növləri ilə yanaşı, Avropa poeziyasına aid olan sonet, təmsil, tersina kimi janrlara aid çoxsaylı şeir nümunələri ilə də zəngindir.


Kitaba müəllifin çox hörmətli ziyalımız Rəşad Məcidə həsr etdiyi “YAXŞI ADAM “sonetinin adı verilmişdir.
İnanırıq ki, kitaba verilən”YAXŞI ADAM” adı onun ümumi qayəsini də çox dəqiq ifadə edir.
Çoxşaxəli yaradıcılıq nümunələri ilə zəngin olan, müəllifin sayca altıncı bu kitabının da dəyərli oxucular tərəfindən böyük maraqla qarşılanacağına inanırıq..
Kitabın redaktoru Mərziyə Əliyevadır.

Kitabdan bir nümunəni təqdim edirik:


YAXŞI ADAM
(sonet-İngilis variantı)

Çox diqqət edənlər ünvanı tapar
Ancaq mən istərəm, sirr kimi qalsın
Həmçinin həyatda bütün yaxşılar
Oxuyub şeirdən nəsibin alsın

Onun üzündəki təbəssümündən
Ətrafda hər kəsə şirin pay düşər
Dərin məna dolu gözlər elə şən
Baxışlar insanla sevgi bölüşər

Dürüstlük bəzəkdir ömür yoluna
Çalışdı etməsin o günahları
Bələddir elmin də neçə qoluna
Kamillik sayılır dövləti, varı

Nadan öyünməsin şərlə olub tən
Dahilər yetişər çünki bəşərdən!

“Yazarlar”  olaraq, bu münasibətlə VALEH HEYDƏRi təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Rəşad Məcidə haqqında “Yaxşı adam” soneti

YAZARLAR.AZ

VALEH HEYDƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rəşad Məcidə həsr olunmuş “Yaxşı adam” soneti

YAXŞI ADAM
(sonet-İngilis variantı)

Çox diqqət edənlər ünvanı tapar
Ancaq mən istərəm, sirr kimi qalsın
Həmçinin həyatda bütün yaxşılar
Oxuyub şeirdən nəsibin alsın

Onun üzündəki təbəssümündən
Ətrafda hər kəsə şirin pay düşər
Dərin məna dolu gözlər elə şən
Baxışlar insanla sevgi bölüşər

Dürüstlük bəzəkdir ömür yoluna
Çalışdı etməsin o günahları
Bələddir elmin də neçə qoluna
Kamillik sayılır dövləti, varı

Nadan öyünməsin şərlə olub tən
Dahilər yetişər çünki bəşərdən!

Müəllif: VALEH HEYDƏR

VALEH HEYDƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

VALEH HEYDƏRİN ŞEİRLƏRİ

VALEH HEYDƏR

              BİR ŞAİR QƏLBİNİN KÖZƏRTİLƏRİ…

    Çağdaş Azərbaycan ədəbiyyatında imzalar içində imzası ilə seçilən şair dostum, eloğlum Valeh Heydəri ötən əsrin səksəninci illərindən tanıyıram. O vaxtlar Valeh rayonumuzda rəhbərlik etdiyim “Ümid” Ədəbi Klubanda mənim diqqətimi çəkən istedadlı gənclərin sırasında özünəməxsus yazı üslubu ilə fərqlənməkdə idi. Valehin o vaxtlar mənim xeyir-dualarımla yerli və mərkəzi mətbuatda, rayonun işğalı ərəfəsində isə “Gənclik” nəşriyyatında çap etdirdiyimiz “Xudafərin nəğmələri” almanaxında şeirləri dərc edilmişdi. Cəbrayıl rayonu,-dünyaya göz açdığı Karxulu kəndi işğala məruz qalanda əvvəlcə Sabirabad rayonunda, dörd ildən sonra isə Bakının Bülbülə kəndinə üz tutub orada müvəqqəti olaraq məskunlaşmışdı.

   O, keçmiş Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət Universitetinin) məzunudur. Ən başlıcası isə paytaxta yaxın bir ərazidə məskunlaşmağı onun qarşısında geniş yaradıcılıq üfüqləri açdı və ədəbi aləmə tezliklə uyğunlaşmağı bacardı. Səsi-sorağı çeşidli ədəbi məclislərdən eşidilməyə, şeirləri mərkəzi qəzet-jurnallarda, müxtəlif adlar altında nəşr olunan almanaxlarda,-o cümlədən rəhbərlik etdiyim AYB Mingəçevir bölməsinin xəttiylə bu yaxınlarda çap olunan “Ruhumuzun yaz havası” almanaxında dərc olundu.  2009-cu ildə işıq üzü görən “Sonsuz təsəlli-sonlu ömür” adlı ilk şeirlər kitabının sevincini yaşadı. Ötən il isə, nəşr etdirdiyi “Hamı bunu bilməli” adlı təmsillər toplusu ilə ədəbi aləmə ötəri bir həvəsin təhriki ilə gəlmədiyini bir daha sərgilədi. Sözügedən bu kitabda yer alan təmsillər (Mənim şəxsi fikrimə görə bu əsərləri həm təmsil, həm də mənzum nağıllar adlandırmaq olar.) böyüklərdə dərin maraq doğurmaqla yanaşı, uşaqlara, yeniyetmə və gənclərə nəcib hisslər, yüksək əxlaqi keyfiyyətlər aşılamağa qadirdir.

 Ömrünün altmışıncı baharına doğru addımlayan, bir ay qabaq  Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunan şair dostum-istəkli eloğlumun bundan sonrakı vaxtlarda da yeni əsərləri ilə hamını məmnun edəcəyinə ürəkdən inanıram. Uğur olsun!

                        İSMAYIL MƏRCANLI İMANZADƏ

                                    AYB Mingəçevir bölməsinin sədri

                          VALEH HEYDƏRİN ŞEİRLƏRİ:

      AZAD OLDU ŞUŞAMIZ

Gözəl gündür, Allahım, azad oldu Şuşamız,

Sevinclərə qərq oldu hər yanda el-obamız.

Qucaq açdı xalqıma, o möhtəşəm qalamız,

Var ol, yaşa, ey ordum, səninlə qürur duydum!

Önümüzdə açıldı nurlu zəfər yolları,

Hər tərəfə uzandı yurdumuzun qolları.

Komandanım əmr etdi, məğlub edin onları!

Var ol, yaşa, ey ordum, səninlə qürur duydum!

Şəhidlərin məqamı ucadan-uca olsun,

Qazilərin ürəyi sonsuz fərəhlə dolsun!

Xankəndində bayrağım uca zirvədə dursun,

Var ol, yaşa, ey ordum, səninlə qürur duydum!

GÜLÜB SEVİNMƏYƏ LAYİQDİR BƏŞƏR

             (sonet)

Dərdimi, ey dostum, danışım sənə,

Ağrılı, acılı, sərt biçimdədir!

Söylə bu işlərin sirrini mənə,

De, niyə dünyamız qəm içindədir?

Aləmin yarısı qaranlıq gecə,

İblisin, şeytanın felinə düşüb.

Ümid işığına həsrətdir necə,

Zülm ilə qovrulub, əzabla bişib.

Haçan dayanacaq var hərisləri?

Ölkələr atəşə, oda bələnib!

Yoxsa lənətlənib sevgi hissləri,

Göydən başlarına qəzəb ələnib!

Yox olsun, deyirəm, yer üzündə şər,-

Gülüb sevinməyə layiqdir bəşər.

     TƏMSİLLƏR

XAİN ÇAQQAL

Meşədəki bir çaqqal

Çox xainlik edirdi,

Xeyir əməl xoşlamır,

Şər işləri sevirdi.

Şübhə etdi bir gün də,

Müdrik filin ağlına,

Səbirsizlik eyləyib,

Durub getdi yanına.

Dedi:- Ey fil, bu nədir

Hamı heyran zəkana,

Yoxsa ağıllı gəldin

De, əzəldən cahana?!

Düzün bilmək istəsən

Mənə xoş gəlmir səsin.

Nə də görğdüyün işdə

Dürüst olmaq həvəsin.

İstəyirəm mənimtək,

Ulayasan hər gecə.

Bu beş günlük dünyada

Nəyə gərək, düşüncə?!

Ən yaxşısı, əzizim,

Gəl mənimlə dostluq et.

Hər cür hiylə törədib

Sonra lap səcdəyə get…

Dinlədikcə müdrik fil

Bu axmağın sözünü,

Əvvəl bir az üzüldü

Lap itirdi özünü.

Sonra dedi:- Ey çaqqal,

Sən nələr danışırsan?!

Ulamaqdan bu qədər

De, necə zövq alırsan?!

Mən fil adın qazandım

Çox zəhmətlə, ağılla,

Öz yolumdan dönmərəm

Min hiyləgər yığıla.

Söz tapmayıb nəhayət

Çaqqal getdi oradan.

Gördü filə güc verir

Hər işində Yaradan.

Tədbirli ol, ey insan,

Pisdir xain xisləti,

Dərdə salar onları

Yaxşıların şöhrəti.

BÜLBÜL VƏ SIĞIRÇIN

Bülbül ilə sığırçın

Eyni bağda qalırdı.

Biri eşqlə oxuyur,

Digəri küy salırdı.

Bülbül vəsf elədikcə

İki mövcud cahanı,

Dedi:- Sözüm həqiqət,

Yox zərrəcə yalanı.

Onlar vəhdətdə mövcud,

Bağlıdır bir- birinə,

Allah yaxşı bələddir

Hər kəsin öz sirrinə…

Bunu duyan sığırçın

Dilləndi cır səs ilə,

Etirazın bildirib

Gəldi coşaraq dilə.

Dedi:-Təssüf edirəm,

Söylədiyin yalandı,

Bizlərə nə bu dünya,

Nə başqası qalandı.

Gəl, özünü aldadıb

Uyma bunca nağıla,

Fikirlərin sığışmır

Düşüncəyə, ağıla.

Bülbül gördü sığırçın

Saf duyğunu bitirib,

Yalanlara uyaraq

Həqiqəti itirib.

O anlamır nəğməkar

Nə həvəslə oxuyur,

Hər iki dünya ona

Necə cənnət qoxuyur.

Sən də çalış, ey insan,

Eşq ilə aç dəhanı,

Saf ruhunla seyrə çıx,

Kəşf elə bu cahanı.

Əsil kamil insanın

Haqqa bağlanar sözü,

Görər iki dünyanı

Onun bəsirət gözü.

BOŞ QAZAN VƏ ƏLƏK

İçi tamam boş qazan

Yersiz hay-küy salırdı,

Xoşlanırdı özündən

Guya çox şey qanırdı.

Bir gün isə söz atdı

Burda olan ələyə,

Lap mənasız yerə o

Başladı hey gülməyə.

Dedi:-Sənə baxıram

Çox köhnəlmiş diləksən.

Söylə belə halınla

Axı nəyə gərəksən?

Tamam itib batmısan

Zəmanənin içində,

Sənə yoxdur ehtiyac

Ta əvvəlki biçimdə.

Heç anlaya bilmirəm

İndi sənin işini,

Yoxsa ata bilmirsən

Ələmək vərdişini?

Heç vaxt belə etməzdim

Olsam sənin yerinə,

Tərk edərdim buranı

İş getməmiş dərinə.

Ələk dedi:-Ey qazan,

Nə lovğalıq edirsən,

Sən məndəki hikməti

Az da olsa bilirsən?..

Yalnız saf olan keçir

Mənim xırda gözümdən,

Pis, ələnib atılır

İncisə də, sözümdən.

Çox diqqətlə seçirəm

Zay olanı yaxşıdan,

Xəyanət də etmədim

Bu işimə bircə an.

Səsin ha gur gəlsə də,

İçin boşdur, bilirəm,

Qərəzlidir dediyin

Çox təəssüf edirəm.

Qazan gördü ələyin

Həqiqətdir sözləri,

Tez ayırır hər şeyi

Onun sərraf gözləri.

Bunu başa düşüncə

Tez ağzını qapadı,

O ələyin önündə

Deməyə söz tapmadı.

Sən də görsən, ey insan,

Hay-küy edən içi boş,

Bil ki belə kəslərin

Olur ağlı da naxoş…

TÜLKÜ VƏ DƏLƏ

Çox tamahkar bir tülkü

Hey oğurluq edirdi,

Hiyləgərlik xoşlayıb

Hər kələyi bilirdi.

Üz tutaraq bir gün o

Ağacdakı dələyə,

Dilin şirin etdi ki,

Salsın onu tələyə.

Dedi:-Ey gözəl dələ,

Bəlkə biz də dost olaq?

Tənha qalıb, nə üçün

Axı, saralıb solaq?

Baxıram ki, meşədə

Hər heyvanın dostu var,

Biz də versək əl- ələ

Bu lap gözəl iş olar.

Dələ onu dinləyib

Dedi:-Ey tülkü lələ,

Çox “ağıllı” fikirlər

Gətirirsən sən dilə.

Ancaq düz gəlmir axı,

Əməlinlə sozlərin,

Hiylə ilə doludur

Parıldayan gözlərin.

Mən ki yaxşı görürəm

Nə kələklər edirsən,

Hətta tutub quşların

Balasın da yeyirsən.

Günahın gəlmir saya,

Sən düşmənsən özünə,

Söylə necə inanım

Bəlağətli sözünə?

Düşündüyün qədər də,

Bil ki deyiləm qanmaz,

Özünə düşmən olan

Özgələri dost sanmaz.

Tülkü gördü doğrudan

Ağıllıdır bu dələ,

Qaçıb çıxdı aradan,

Çətin ki bir də gələ…

Sən də çalış, ey insan,

Dürüst olsun hər işin.

Yoxsa düşmənin olar,

Pis əməlin-vərdişin.

Heç vaxt dost ola bilməz

Hiylə ilə, sədaqət.

Biri töhmət gətirər,

O birisi məhəbbət.

MEYMUN DÜŞDÜ GÖZÜMDƏN

İşi düşüb dovşanın

Meymun adlı təlxəyə,

Ancaq elə bezib ki,

O qarğıyır fələyə.

Deyir:-Tapa bilmirəm

Axtarsam da mən onu,

Min cür sifətə düşür

Dəyişir hər gün donu.

Bu sözləri eşitcək

Atılıb-düşdü meymun,

Dedi:-Budur fərasət…

Özündən oldu məmnun.

Bitirirəm söhbəti,

Amma bilin düzünü,

İstəmirəm çox görək,

Bu təlxəyin üzünü.

Arif olan insanlar

Söz anlasın sözümdən,

Ağzını açan kimi

Meymun düşdü gözümdən…

      İKİ ÇUVAL

İki qonşu çuvalın

Halı görünmürdü xoş,

Biri tamam doluydu

Digərinin başı boş…

Yarımçığın içində

Var idi bir az darı,

Qaməti düz olanın

Sarı buğdaydı varı.

Boş çuvalın nədənsə

Hövsələsi daraldı,

Tənə etdi qonşuya

Həsəd ağlını aldı.

Dedi:-Əgər istəsəm

Səndən də şux duraram,

Qamətimi düz tutub

Hamını mat qoyaram.

Görürəm ki sən mənə

Təkəbbürlü baxırsan,

Heç xəbərin varmı ki,

Çox günaha batırsan?!

Dolu çuval dinləyib,

Xeyli pərişan oldu,

Haqsız sözlər duyunca

Qəlbi kədərlə doldu.

Dedi:-Nədən baxım ki,

Qonşuya pis göz ilə?

Niyə məni üzürsən

Kinayəli söz ilə?!

Mən istərəm sənin də

Qamətini düz görəm,

Qonşu kimi, şəninə

Xoş sözdən çələng hörəm.

Ancaq yarımçıq çuval

Yanlış yola əl atdı,

Lovğalandı o ki var

Özün yuxarı dartdı.

İstədi ki, düzəldə

O əyilmiş qamətin

Çətiinliyə düşüncə

Lap İtirdi taqətin.

Bir andaca bu çuval

İlmə-ilmə söküldü.

İçindəki darı da,

Hər tərəfə töküldü.

Bu hikmətdir, ey insan,

Boş çuval şux dayanmaz!

Yarımçıqlıq müəmma…

Ağıllı kəs yanılmaz!

ŞAM VƏ LAMPA

Şam işığın görüncə

Hisli lampa deyindi,

Dərdə-qəmə bataraq

Qara libas geyindi.

Dedi:-Çox mat qalmışam

Səndə olan işığa,

Şölələnib yanarkən

Bu qədər yaraşığa.

İstəyirəm sənintək

Mən də yanam şövq ilə,

Bunu görən bülbüllər

Coşub gəlsinlər dilə.

Dinlədikcə şam onu

Gördü dostu çaşıbdı,

Piltəsin də kir tutub

Əhvalı qarışıbdı.

Dedi:-Söylə, ey lampa,

Xoş deyilmi varlığım?

Yoxsa sıxır qəlbini

Baxdıqca yaraşığım?

Olmaq üçün belə sən

Gərək candan yanasan,

Şam olmağın həyatda

Fəlsəfəsin qanasan.

Görürsənmi üzümdən

Yaş sel olub tökülür,

Bir sabahın eşqiylə

Bağrım yanıb sökülür!

Tələsirəm həvəslə

İşıq olam, nur olam,

Könülləri fəth edib

Sevən qəlblərə dolam.

Hisli lampa dinləyib

Gördü şam olmaq çətin,

Əriyərək yanmağın

O anladı hikmətin.

Arif olan insanlar

Bunu bilsin düz gərək,

Hələ şam olmaq deyil,

Lampatək tüstülənmək…

LOVĞA CIRCIRAMA

Cırcırama bir səhər

İp dolayıb sal daşa,

Dedi:-Bunu dartacam

Dağ üstünə, lap başa.

Qoy, danışsın həsədlə

Böcəklər də sözümü,

Diqqət çəkib, bu yolla

Tanıdacam özümü.

Seyr etdikcə kənardan

Hirslənəcək hörümçək,

Kəpənəklər baxaraq

Hünərimi görəcək.

Cingiltili səsimlə

Möhkəm hay-küy salacam,

Lovğalanıb o ki var

Bu işdən zövq alacam.

O, tez ipin bir ucun

Quyruğuna bağladı,

Dartdı üzü yuxarı

Cırıldayıb çağladı.

Ancaq döndü əzaba

Öz canında duyduğu,

Gövdəsindən qırıldı

Nazik zərif quyruğu.

Bu zaman eşitdi o

Tənə dolu səsləri,

Yol azanın həyatda

Ağır olur dərsləri.

Sən sadə ol, ey insan,

Lovğalığa alışma,

Gücün düşməyən daşı

Qaldırmağa çalışma.

        ƏYRİ DƏVƏ

Son zamanlar bir dəvə

Yaman tərslik edirdi,

Nifrət edib düzlüyə

Əyriliyi sevirdi.

Deyirdi:-Mənim belim

Əsil dərə-təpədir,

Dalğalı dəniz kimi

Tüküm ləpə-ləpədir.

Heyif deyil, əyrilik

Mənə çox kömək edir,

Sahibim də belimdə

Çox rahatca yol gedir.

O düz heyvan görəndə

Lağ etməyi sevirdi,

“Düz elə, düz də qalar”,

Nə xeyri var, deyirdi.

Ancaq bir gün düşdü o

Bir meymunun şərinə,

Çarə tapa bilmədi

Axtarsa da dərdinə.

Gördü artıq küsdürüb

Düz nə varsa özündən,

Çox ümidsiz qalaraq

Yaş axıtdı gözündən.

Dedi:-Əyrilik ilə

Öyünmüşəm çox nahaq,

Bu həyatda hər kəsə

Gərək olur bir gün haqq.

Daha etmir lovğalıq

Öymür əyri belin də,

Danışanda o hətta

Şirin edir, dilin də.

Bu dünyada, ey insan,

Əyriliklə öyünmə,

Həmdəm ol ki, düz ilə

Sonra peşman görünmə.

AĞACDƏLƏN BALASI

Ağacdələn böyüyüb

Düşdü iş həvəsinə,

Öz arzusun əvvəlcə

Bildirdi dədəsinə.

Dedi:-Mən də sənintək

Təbiblik öyrənəcəm,

Ağacları dələrək

Qurdlarını yeyəcəm.

Qoy, meşədə ağaclar

Hamısı sağlam olsun,

Mən onlara baxdıqca

Qəlbim fərəhlə dolsun.

Dədə bunu duyunca

Təriflədi balasın,

Nəsihət də verdi ki,

Qoy, həyatı “anlasın”.

Dedi:-Bala, gəl sənə

Öyrədim cib eşməyi,

Xəstənin var dövlətin

Soyub, əldə etməyi.

Könlün istəyən qurdu

Sonra alıb yeyərsən,

Nə zəhmətə qatlaşar,

Nə əziyyət çəkərsən.

Ağacdələn balası

Bundan gəldi həvəsə,

Bir az işlədi, ancaq

Tez də düşdü qəfəsə.

Uğursuzluq gətirdi

Dinlədiyi nəsihət,

Gördü ona meşədə

Artıq qalmayıb hörmət.

Səndə düşün, ey təbib,

Halallıqla pul qazan!

Xəstələri aldadıb

Etmə cibini talan.

Əgər uyub nəfsinə

İnsafsızlıq eyləsən,

Ağacdələn timsalı

Lap qəfəsə düşərsən.

Təqdim edir: İsmayıl MƏRCANLI İMANZADƏ

   Azərbaycan Yazıçılar Birliyi Mingəçevir Bölməsinin sədri, şair-publisist.

İSMAYIL MƏRCANLI İMANZADƏNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru