Etiket arxivi: YAZAR

“VİDADİ – 70” DİPLOMU

“VİDADİ – 70” DİPLOMU

ŞAİR VİDADİ AĞDAMLI TURANIN 70 İLLİK YUBİLEYİ

Şair Vidadi Ağdamlı Turanın 70 illik yubiley tədbirləri çərçivəsində “GƏLİN GEDƏK AĞDAMA” adlı antologiyanın tərtib olunmasında iştirak etmiş bir qrup qələm adamı “VİDADİ – 70” DİPLOMU ilə təltif olunmuşdur:

  1. RƏŞAD MƏCİD N:001 28.08.2022. BAKI.
  2. NOVRUZOVA LEYLİ MUSTAFA N:002 28.08.2022. BAKI.
  3. ƏHMƏDOVA QUMRU TEYMUR N:003 28.08.2022. BAKI.
  4. MƏMMƏDOV EYVAZ MƏMMƏD N:004 28.08.2022. BAKI.
  5. İSGƏNDƏROVA LƏTAFƏT ŞİRİN N:005 28.08.2022. BAKI.
  6. QURBANOVA SƏADƏT CABBAR N:006 28.08.2022. BAKI.
  7. MƏMMƏDOV YUSİF CABBAR N:007 28.08.2022. BAKI.
  8. MUXTAROV CEYHUN VİDADİ N:008 28.08.2022. BAKI.
  9. ƏLİYEVA MEHRİBAN ƏSƏDULLAH N:009 28.08.2022. BAKI.
  10. ZEYNALOVA SEVDA SABİR N:010 28.08.2022. BAKI.
  11. İBADOVA BAHAR RAHİL N:011 28.08.2022. BAKI.
  12. NURİYEV QALİB ARİF N:012 28.08.2022. BAKI.
  13. MUXTAROVA TƏRANƏ CABBAR N:013 28.08.2022. BAKI.
  14. MƏMMƏDOV VİDADİ QAFAR N:014 28.08.2022. BAKI.
  15. RZAYEV RAHİM ÜÇOĞLANLI N:015 28.08.2022. BAKI
  16. RZAYEV YUSİF MƏMMƏD N:016 28.08.2022. BAKI..
  17. VƏLİYEV TEYYUB KAMAL N:017 28.08.2022. BAKI.
  18. ALLAHVERDİYEV RAUF İLYAS N:018 28.08.2022. BAKI.
  19. QURBANOV İBRAHİM QURBAN N:019 28.08.2022. BAKI.
  20. QAFAROV ƏDALƏT İZZƏT N:020 28.08.2022. BAKI.
  21. İBADOV VİLAYƏT İBAD N:021 28.08.2022. BAKI.
  22. HƏSƏNZADƏ ETİBAR OKTAY N:022 28.08.2022. BAKI.
  23. ƏLİYEV ƏSGƏR RAMAZAN N:023 28.08.2022. BAKI.
  24. HƏŞİMOV ƏDALƏT ƏKBƏR N:024 28.08.2022. BAKI.
  25. XANLAROV VƏLİYƏDDİN QEYSƏR N:025 28.08.2022. BAKI.
  26. ŞƏFƏQ VİLAYƏTQIZI N:026 04.11.2022. BAKI.
  27. RÜXSALƏ ƏLİQIZI N:027.04.11.2022. BAKI.
  28. SƏBAHƏT LƏNKƏRANLI N:028.04.11.2022. BAKI.

Bütün laureatları təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun! Belə tədbirləri doğma Ağdamımızda keçirmək qismət olsun!

VİDADİ TURAN AĞDAMLININ YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mərkəzi Elmi Kitabxanada yazıçı Pərvanə Bayramqızı ilə görüş keçirildi

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI

Mərkəzi Elmi Kitabxanada yazıçı Pərvanə Bayramqızı ilə görüş keçirildi

Bu günlərdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Asan xidmət”in həyata keçirdiyi layihə əsasında MEK-in əməkdaşı, dörd kitab müəllifi yazıçı Pərvanə Bayramqızı ilə görüş keçirilib. Görüşdə “Asan xidmət”in əməkdaşları və könüllüləri iştirak ediblər. Onlar əvvəlcə MEK-in “Qarabağ” fondunda olublar. Fondun əməkdaşı gənclərə Vətən uğrunda canlarından keçən qəhrəmanların döyüş yolundan söhbət açıb, şəhidlərin ailələri tərəfindən verilən əşyaların burda qorunduğunu bildirib. “Qarabağ” fonduna ekskursiya zamanı P.Bayramqızı vurğulayıb ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında kitabxanada keçirilən kütləvi tədbirlərin rolu böyükdür. Otuz il işğal müddəti ərzində kütləvi kitabxanalar Qarabağ mövzusunda məktəbəqədər yaşlı uşaqlarla, şagird və tələbələrlə tez-tez tədbirlər keçiriblər. Elmi kitabxanada da bu mövzu daim diqqət mərkəzində olub, müxtəlif tədbirlər, görüşlər təşkil edilib.

Mövzuya kitabxananın görüş zalında davam edilib. İştirak edən gənclər yazıçıya Qarabağ mövzusunda yazdığı hekayələrdən, publisist mətnlərdən suallar veriblər. P.Bayramqızı ən çox vətənpərvərlik, ana dili mövzusunda və cəmiyyətin problemlərindən yazdığını bildirib. O, eyni zamanda peşəsinin məsuliyyətindən irəli gələn maraqla gənclərin mütaliəyə münasibətini öyrənib, onlara tövsiyələr edib. Yazıçı imzalı kitablarını iştirakçılara bağışlayıb.

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Əfşan Yusifqızı – Elm və Ədəbiyyat

SADIQ QARAYEV

ELM VƏ ƏDƏBİYYAT

Hər kəs təbiəti sevir, amma hər kəs təbiətə aşiq ola bilmir. Ağacların boyuna baxıb ucalmaq, çiçəklərlə nəfəs almaq, xal düşmüş yarpaqları, saralmış budaqları görəndə canında sızıltı hiss etməkdi təbiətə vurğun olmaq…
Belə insanlardan biri Azərbaycan Milli Elmlər Akademiyası Botanika bağının elmi işçisi, ömrünü təbiətə həsr edən, təbiət aşiqi, Biologiya üzrə fəlsəfə doktoru, dosent, “Bitki ekologiyası” laboratoriyasının müdiri, Sadiq Qarayevdi….
Heç vaxt bir hekayə, povest və ya esse yazmadığı halda birdən-birə roman yazan Sadiq Qarayevin öz dediyinə görə, təbiət və cəmiyyət haqqında bir sıra elmi düşüncələri, fərziyyələri var idi. Ancaq bunları söyləmək, elmi cəsarət tələb edirdi…
Və beləliklə qərara gəlir ki, bir roman yazsın, elmi fərziyyələrini obrazların dili ilə desin. Fikir məsuliyyətini də onların, yəni personajların boynuna qoysun..
Müəllif, yalnız elmi söz- söz söhbət oxucunu bezdirəcəyini düşünərək, ora sevgi və dedektiv çalarlar əlavə edir. Beləliklə Əli, Nərmin,Tusi obrazları yaranır. Səkkiz ilə iki irihəcmli romanı yazan alım-yazıçı həm də çox təvazökardı.
“Sahilsiz Təzadlar” və “Sahibsiz Kölgələr” romanları Azərbaycan elmi və bədii təfəkkürünü dünyada layiqincə təmsil edə biləcək kitablardandı!
Mən, Sadiq müəllimin bir neçə hekayəsini oxumuşam. Yazıçının bütün yazılarında ana xətt mütləq təbiət hadisələri ilə zəngin olur. Kimya-biologiya təmayüllü internat məktəb bitirən gənc Sadiqin arzusu həkim olmaq olsa da, taleyin qisməti onu tanınmış bioloq edir… Gümüşgöldən pərvazlanan Sadiq, Xəzərin sahilində bənd alır. Ömrünü-gününü Milli Nəbatat Bağında elmə həsr edir. Tanınmış alim- yazıçıya sual verəndə ki;

-Faydalı, dəyərli və hörmətli olmaq üçün nə lazımdır?
Cavabında:

-Qısa bir insan ömrü yaşayırıq. Əgər bu ömür ailə, el-oba, vətən üçün faydasızdırsa, öz yanında, ALLAH qarşısında hörmətsizdirsə, deməli çöldəki kol- kos daha dəyərlidir…
Kol- kosu çox olan, səhralaşan cəmiyyətlər tənəzzülə məhkumdur …
Sadiq Qarayev Rusiya Yazıçılar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Bu yaxınlarda qələm dostumuzun uşaqlıq illərindən bəhs edən “Qurd” adlı bir xatirə-hekayəsini oxudum və kiçik olsa da bu maraqlı hekayənin təsirindən Sadiq müəllimin həyat səhifəsinə yüngülcə nəzər saldım. Sadiq Qarayev dəyərli alim, vətənpərvər insandı. Sənətindən, vəzifəsindən, kimliyindən asılı olmayaraq, hər zaman yazıları sadə, oxunaqlı və yurd-yuvasından qaynaqlanmış olur. S. Qarayev Azərbaycançılıq məfkurəsini gənclərə , cəmiyyətə aşılayan əsl ziyalıdı.
“Şəhər düşüncələri” esse., “Sahibsiz kölgələr”, “Sahilsiz təzadlar”, ” Sarvansız zamanlar” adlı hekayələr və esse kitabının və müxtəlif sənədli hekayələrin müəllifi, hörmətli alim Sadiq Qarayevə can sağlığ və daha böyük nailiyyətlər arzulayaram. Sonda isə fikirlərimi onun öz ünvanlı sözləri ilə tamamlamaq istəyirəm…
“Bir az yuxarıdan, qlobal baxanda insan bu dünyadan nə oğurlaya bilər ki? Axı sən özün bu dünyanın içindəsən, hara çıxıb, gedə bilərsən, oğurladıqlarınla birlikdə?
Nəyinsə yerini dəyişə bilərsən, yanında durub, mənimdir deyə bilərsən. Ancaq o sənin olmur axı, ay adam”

MÜƏLLİF: ƏFŞAN YUSİFQIZI
Yazıçı-AYB-nin üzvü.

ƏFŞAN YUSİFQIZININ YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN NARINGÜL NADİRİN DOĞUM GÜNÜDÜR!

NARINGÜL NADİR – yazar.

Bu gün tanınmış yazar Narıngül xanımın doğum günüdür! Şad günü münasibətilə onu təbrik, edir yeni-yeni nailiyyətlər arzulayırıq!

NARINGÜL NADİRİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mahirə Nağıqızı – Şeirlər

MAHİRƏ NAĞIQIZININ YAZILARI

Sənsən
Bu səhra dünyamın yuxularının
Hər gecə gəzdiyi ormanı sənsən.
Yaralı qəlbimin, xəstə canımın,
Yeganə davası, dərmanı sənsən.
***
Bikəsin ahıdı, zarıdı dünya,
Bəxtəvər dövləti, varıdı dünya.
Bilmədim kimlərin yarıdı dünya,
Şahanə dünyamın fərmanı sənsən.
***
Ruhum özüm oldu, göz aldatmadı,
Şeytana uymadı, üz qaraltmadı.
Adını çəkməyə gücüm çatmadı,
İçimin yaşayan dövranı sənsən.
***
Eşq ilə dikələn dərd sarayıymış,
Başqa cür deyilən hay- harayıymış.
Sənsiz yaşadığım gün haramıymış,
Ömrümün-günümün hər anı sənsən.
***
Mənə varidatdır bir adın-sanın,
Salma ürəyinə, sağ olsun canın.
Bu dünya cənnətmiş, İsmi Pünhanın,
Cənnətdə sirdaşı, qılmanı sənsən.

Yığıram
Dinib dillənmədim ki mən,
Pıçıltımnan, lal yığıram.
Tanrım, göndərdiyin dərdi
Zənn elədim bal, yığıram.
***
Ər öyüdünnən topladım,
Qəmi düyünnən topladım.
Ana südünnən topladım,
Nə yığdım halal yığıram.
***
İbadətdir şeirlərim,
Hər sətrində sənin yerin.
Kağız üstə düşən tərim,
Bir cəhlil-cəlal, yığıram.
***
Özüm bilən əzəl gündən,
Əl mənnəndir, ətək səndən.
Dərdimin pəncərəsindən,
Nə versə hilal, yığıram.
***
Ömrüm tamamdır, ya yarı,
Niyə bitməz qovğaları.
Mahirənin duaları,
Olsun sənə bal, yığıram.

Göz yaşıdı “Kərəmi”
Yüz illərdi ruhumuzla yol gəlir,
Nakam eşqə başdaşıdı “Kərəmi”.
Qoşulubdu karvanına kədərin,
Yorulmadı, qəm daşıdı “Kərəmi”.
***
Bu dünyanın hikmətini bilən az,
Bu dünyada ağlayan çox, gülən az.
Deyirlər ki, axar, axar, qurumaz,
Başdan- başa göz yaşıdı “Kərəmi”.
***
O, vüsalsız məhəbbətin nərəsi,
Ancaq Tanrı mərhəməti çarəsi.
Qərarlaşan “Dilqəmi”də pərdəsi.
Bu dünyaynan savaşıdı “Kərəmi”.
***
Onda itər, onda doğar gümanın,
Onda çatar haqq yanına üryanın.
Açılmayan tilsimidir dünyanın
Göy üzünün yer daşıdı “Kərəmi”.
***
Mizrab sazın dərdlərini oynadar,
İçindəki ruhu, eşqi qaynadar.
İniltinin özündə bir ümid var,
Təsəllinin yoldaşıdı “Kərəmi”.

Salam olsun!
Ey tarixi sətir-sətir yaradanlar,
Nə şanlısız, şanınıza salam olsun!
Qalacaqdır bu tarixdə var olanlar,
Silinməz ad-sanınıza salam olsun!
***
Rəzil oldu bizi qüvvə saymayanlar,
Qanda batdı qan içməkdən doymayanlar.
Bu milləti yıxılmağa qoymayanlar,
Dünyada hər anınıza salam olsun!
***
Adı qalar zaman-zaman Sər doğanın,
İzi qalmaz hər olanın,hər doğanın.
İlham, sənin, Rəcəb Təyyub Ərdoğanın,
Həmişə var canınıza salam olsun!
***
Şəhidlərim,haqqınız var çiynimizdə,
Kəfən geydik, qalacaqdır əynimizdə,
Çıxmayacaq, yaşayacaq eynimizdə,
Tökülən al qanınıza salam olsun!
***
Ələm idi, qüssə idi hər çağımız,
Otuz ildən sonra güldü növrağımız.
Dalğalandı Şuşada al bayrağımız,
Qurban olum, hamınıza salam olsun!

Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Təranə Məmməd – Tələsməyin

TƏRANƏ MƏMMƏDİN YAZILARI

TƏLƏSMƏYİN

(hekayə)

Rəisim məni çağırıb bir həftəlik Gürcüstana ezamiyyətə gedəcəyimi dedikdə çox təəccübləndim. Axı o mənim həyat yoladaşımı yaxşı tanıyırdı və toyumuzdan cəmi iki ay keçdiyini və yoldaşımın kifayət qədər qısqanc olduğunu da bilirdi.

– Rəfiqəniz tək getməli idi. Sonra belə qərara gəldik ki,ikinizi də göndərək. Həm bir az gəzərsiz , həm də təcrübə keçərsiz.

– Mən…- deyə etiraz etmək istədim,lakin o, məni heç dinləmədən.

-Get hazırlaş! Sabah qatarla gedirsiz!- dedi.

Bu xəbəri yoldaşıma deməyə çəkinirdim, çünki əmin idim ki, heç vaxt məni tək başqa ölkəyə buraxmaz. Ona görə belə qərara gəldim ki,axşam rəfiqəm də bizə gəlsin və biz bu xəbəri ona birlikdə çatdıraq.

Axşam şam yeməyinə gələn rəfiqəm bütün söz ehtiyatını toplayıb söhbətə başladı:

– Xəbərin var? Mən Gürcüstana ezamiyyətə gedirəm?- deyə o mənim həyat yoldaşıma müraciət etdi.

Kişi çəngəli nimçəyə qoyub rəfiqəmə sərt baxdı və:

-Təək? – deyə soruşdu

Qız özünü itirsə də “yoox!”- deyə cavab verdi.

-Bəs kiminlə?-deyə ərim soruşdu.

-Sənin …sənin həyat yoldaşınla,- dedi rəfiqəm.

İkimiz də nəfəsimizi içimizə çəkib gözləyirdik.

Bir neçə saniyə ərzində hər ikimiz indi nələr olacağını təsəvvür edib diqqətlə gözləyirdik.

-Aaaa! Bu başqa məsələ! Elə olar. Yoxsa tək Gürcüstana.. Tək olmaz!- deyən həyat yoldaşımın belə cavab verəcəyi heç ağlımıza da gəlmirdi.

İkimiz də rahat nəfəs aldıq.

-Nə vaxt gedirsiz?-deyə o, sakitcə soruşdu.

-Sabah, qatarla.

-Mən elə bildim sən razı olmazsan. Ona görə dedim, birlikdə xəbər verək sənə.

-Niyə ki? Get. Gedin gəzin. Gürcüstan gözəl ölkədi. Sabah mən maşınla apararam sizi. Həmişə gəzməkdə!-deyə o gülümsədi və siqaret götütüb eyvana çıxdı.

– Nə yaxşı buraxdı səni?-deyə rəfiqəm pıçıldadı

-Nə bilim. Heç gözləmirdim belə cavabı.

– Çox yaxşı oldu. Gedib gəzərik sərbəst. Qürçülər də qonaqpərvər olurlar.

-Orası elədi, amma…

-Nə amma?

-Bu nə yaxşı məni yollayıb tək qalmağa razı oldu? Bəlkə bir adamı var ?

-Sən dəlisən? Nə adamı? Siz təzə evlənmisiz.

-Bəs niyə belə tez razılaşdı?

– Gör ee! Qadın ki, qadın! Razılaşır, deyir niyə razılaşdı. Razılaşmasaydı, deyəcəydin, niyə razılaşmır.

– Yox ee!Görmədin? Heç təəccüblənmədi də. Məni yola salan kimi gedəcək kiminsə yanına!

-Ay qız, yaxşı sən Allah. Neçə illərdir tanıyırıq onu,bir yerdə illərdir işləyirik. Bir adamı olsa, bilərdik.

Ertəsi gün mənim həyat yoldaşım geyinib kecindi,lazım olanları alıb gətirdi və bizi maşınla vağzala aparıb qatara otuzdurdu.

-Yaxşı yol. Özünüzdən muğayət olun!- deyib getdi.

Ürəyimdə bir narahatlıq var idi.

-Gör necə də geyinib! Heç olmasa məni yola salıb sonra geyinib gedərdi. Əhvalı da əladır! Heç ayrılanda məni öpmədi də. Yüz faiz bunun kimisə var..

-deyə düşünürdüm.

Nə isə.Qatar artıq Biləcəri stansiyasına yaxınlaşırdı. Biz yavaş- yavş Bakını tərk edirdik.

İkimiz də pəncərədən baxıb xəyala dalmışdıq.

Biləcəridə bir qədər dayandıqdan sonra qatar yenə yola düşdü və çox sevdiyim qatar səsi ətrafa yayıldı.

Elə bu vaxt vaqonun qapısı açıldı

Əlində bir şüşə şampan şərabı mənim həyat yoldaşım içəri girdi.

– Düşündüm ki,mənsiz darıxarsan, əzizim! -deyib üzümdən öpdü.

Sonradan bildik ki,məzunuyyətə əvvəl tək onu göndərmək istəyiblər.O, məni qoyub gedə bilməyəcəyini dedikdə, bizə belə bir sürpriz variantı düşünülüb.

Sevdiyiniz insan haqda mənfi qərar verməyə tələsməyin. Bəlkə o sizi siz onu sevdiyinizdən daha çox sevir?! Bunu həmişə nəzərə alın! Yersiz qısqanclıq etməyin. Siz sadəcə sevin! Sevilmək üçün sevin!

Müəllif: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Afaq ŞIXLI – Laçın (Афаг ШИХЛЫ – Лачин)

AFAQ ŞIXLININ YAZILARI


Laçın
Dün gecə yuxuda Laçını gördüm:
Vüqarlı başında dümağ saçları,
Gözləri yol çəkən yüksəklikləri,
Həsrətə bürünmüş boz yamacları…
***
Qulağı səsdəydi, fikirli, yorğun…
Əyni də nimdaşdı, kimsəsiz kimi.
Keçilməz yollarda itmişdi sanki,
Torpaq yaddaşına düşən iz kimi.
***
Susurdu, yamanca qəribsəmişdi,
Gileyi donmuşdu baxışlarında.
O hardan biləydi gələcəyik biz
Hansı bir ilinsə son baharında.
***
Sarılmaq istədim qanadlarına:
Tövrünlə sızlatma ürəyimizi!
Bitəcək ayrılıq, qurbanın olum!
Yamanca gecikdik, bağışla bizi!..

Перевод на русский язык:
Флора НАДЖИ
 (Flora NACİ)

Лачин
Прошлой ночью мне приснился Лачин:
С гордо поднятой седой головой,
С тоской во взгляде могучих вершин
И посеревших в разлуке равнин…
***
Весь в ожиданьи вестей, усталый,
В бедной одежде предстал предо мной.
Словно потерян он был в дороге,
Как памятный след на коре земной.
***
Был молчалив и смотрел, как чужой,
В глазах его застыл упрек немой,
Откуда знать ему, что мы придём,
Что этой встречи с ним давно мы ждём.
***
Так захотелось мне его обнять,
Как мучила разлука, рассказать…
Уже осталось мало, потерпи!
Мы долго шли к тебе, ты нас прости.
Müəllif: Afaq ŞIXLI

AFAQ ŞIXLININ YAZILARI


FLORA NACİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ulubəyov Emin – XX əsrin əvvəllərində Quba qəzasında baş vermiş hadisələr

ULUBƏYOV EMİNİN YAZILARI

XX əsrin əvvəllərində Quba qəzasında baş vermiş hadisələr

XX əsrin  əvvəllərində  Quba  qəzasında baş vermis hadisələrin sadəcə olaraq “faciə” sözü ilə  ifadə edilməsi  vəhşiliklərin  mahiyyətini tam açmır. Dinc  əhalinin, qadınların, uşaqların və qocaların  əzab və  işgəncə ilə qətlə  yetirilməsi dəhşətli və ağlasığmaz soyqırımı idi. Bunu başa düşmək üçün  Quba  hadisələrinə  bir  qədər dərindən nəzər  salmaq  lazımdır. Onu  erməni  daşnaklarının  törətdikləri  başqa  qırğınlarla, məsələn, həmin il Şamaxıda aparılmış soyqırımı ilə tam eyniləşdirmək olmaz. Şübhəsiz, bunların hər ikisinin mahiyyəti eynidir. Lakin Şamaxıda belə  soyqırımı  yalnız  milliyyətcə  azərbaycanlı olan əhaliyə qarşı yönəlmişdisə, Quba qəzasında həyata keçirilən etnik təmizləmə azərbaycanlılarla yanaşı,burada yaşayan etnik qruplara – (ləzgilərə, qrızlara, buduğlara, ceklərə,  tat və.s) əhalisinə  qarşı  yönəlmişdi.  Bakı  quberniyasının  digər  ərazilərində  olduğu kimi, Quba  qəzasında da ermənilər bir neçə dəfə soyqırımı aktları həyata keçirmişlər. Sovet hakimiyyəti qurulanadək oradakı boşluqdan, hakimiyyətsizlikdən  maksimum istifadə etməyə səy göstərən daşnaklar Azərbaycanın bir sıra rayonlarını müsəlmanlardan təmizləyərək, çoxlu erməni rayonları yaratmağa, beləliklə də gələcək planlarının  təməlini  qoymağa çalışırdılar. Odur ki Azərbaycanın digər  bölgələrində  də fəallaşmış, bütün cəbhəboyu  hücuma keçmişdilər.

1918-ci il  mart qırğınlarından  sonra Bakıda  qurulmuş  bolşevik-daşnak hökuməti – Bakı Xalq Komissarları Sovetinin sədri Stepan Şaumyanın göstərşi ilə Quba qəzasına gələn David Aleksandroviç  Gelovani  200 əsgərdən ibarət silahlı dəstə ilə şəhərə daxil olur və qubalıları fakt qarşısında qoyur. Gelovani ilk olaraq Qubanın erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün  tədbirlər  görülmüşdü. Bu tədbirlərdən biri özünün qeyri-adiliyi ilə fərqlənirdi: Qubada yaşayan onlarla erməninin (40-dan 200-dək) həyatını hər hansı təcavüzdən qorumaq məqsədilə müsəlmanlar onları yerli camaatdan təcrid etməyi lazım bilmiş və etibarlı mühafizə təyin edərək şəhər həbsxanasında yerləşdirmişdilər. Qubalılar “məhbusları” yaxşıca yedirdir, müsəlman qonşuları onları ziyarət edir, özləri ilə yemək gətirir, onların evlərindən və əmlakından muğayat  olurdular. Şəhərdə vəziyyət o dərəcədə sakit və nəzarət altında idi ki, Sovet hakimiyyətinin  Qubaya gəlmiş ilk “müjdəçisi” – D.Gelovani, ermənilərə qarşı hər hansı bir təhlükənin  gözlənilmədiyini  qərara  alaraq  dərhal onları “azad edir”. Lakin az sonra məlum olur ki, Sovet hakimiyyətini tanımaq və ona tabe olmaq haqqında Gelovani tərəfindən irəli sürülən ultimatum qəbul edilməyəcəyi təqdirdə,artıq bütün şəhəri təhlükə gözləyir.

Bakı və Şamaxı  hadisələrindən  sonra  kifayət qədər qorxmuş və “imtina edildiyi halda şəhər yerlə yeksan ediləcək” hədəsi ilə düşünməyə cəmi 2 saat vaxt verilmiş Quba sakinləri ultimatumu qəbul edirdilər və düz 8 gün Sovet hakimiyyəti altında yaşadılar. Bu qısamüddətli hadisə dərhal Bakı bolşeviklərinin qəzetlərində əks olunur və göstərilir ki, aprelin 23-də Qubada, şəhər meydanında təntənəli surətdə Sovet hakimiyyəti elan olunmuş və “zəhmətkeşlər bu hadisəni böyük ruh yüksəkliyi ilə qeyd etmişlər”. Gelovani özünü Qubanın qəza komissarı elan edir.

 Yeni hakimiyyəti qəbul etməyən və tanımayan ətraf kəndlərin əhalisi tərəfindən hadisələrə müdaxilə edir və şəhərin yəhudi məhəlləsi tərəfindən  silahlı hücum başlanır. Gelovaniyə Xaçmazdan 2 topla birlikdə Ağacanyanın rəhbərlik etdiyi və yalnız ermənilərdən ibarət olan 150 nəfərlik hərbi dəstək gəlir. Üç gün davam edən şiddətli döyüşlərdən sonra yerli dəstələr  bolşeviklərin ilk “komandasını” Qubadan qovub çıxarırlar.

Hadisələrin sonrakı gedişi göstərdi ki, qubalılara dinc yaşamaq üçün cəmi iki həftəlik fasilə verilibmiş. 1918-ci ilin may ayının 1-də Hamazaspın komandanlığı altında 3 minlik erməni ordusu üç tərəfdən Quba şəhərinə daxil olaraq onu toplardan, pulemyotlardan və tüfənglərdən atəşə tutur. Dəhşətli çaxnaşma və təlaş başlanır.

Hamazaspın məqsədi yeni hakimiyyətin qurulması deyil, sırf cəza missiyasını yerinə yetirdiyi qəza sakinlərində heç bir şübhə doğurmurdu. Hamazasp şəxsən özü qubalıları Cümə məscidinin qarşısındakı meydana toplayaraq onlara təxminən aşağıdakı məzmunda nitqlə müraciət etmişdir: “Mən əslən Ərzurumdanam. Uzun müddət türklərlə vuruşmuşam. Mən erməni xalqının qəhrəmanıyam və onun mənafelərinin müdafiəçisiyəm… Mən buraya qayda-qanun yaratmağa və sovet hakimiyyəti qurmağa yox, sizdən qisas almağa göndərilmişəm”.

Quba şəhəri və Quba qəzasının kəndlərində törədilmiş zorakılıq halları Fövqəladə Təhqiqat Komissiyasının istintaq materiallarına əsasən 3 cilddə 451 vərəqdən ibarət sənədlər toplusunda əks etdirilmişdir. Belə ki, 1918-ci ilin aprel-may aylarında Hamazaspın dəstələri tərəfindən Quba qəzasında 167 kənd yandırılmış və talan edilmiş, Quba qəzası üzrə öldürülən insanların sayı 16 min nəfərə yaxın, əhaliyə dəyən maddi ziyanın miqdarı isə 121.824.819 rubldan artıq təşkil  etmişdir.Hamazasp dəstəsi tərəfindən hadisələrin 9-cu günü qəzanın mərkəzi Quba şəhərindən Xaçmaz dəmiryolu vağzalına 35 arabada talan edilmiş xalça və silahlar daşınmışdır. Bolşevik və daşnak Şaumyanın rəhbəri olduğu Bakı Sovetinin əsasən ermənilərdən ibarət və daşnak Hamazaspın komandanlığı altında olan  quldur  dəstələrinin Qubada törətdikləri vəhşiliklər vətəndaş müharibəsi və ya Sovet hakimiyyətinin qurulması deyil, bütöv bir xalqın kütləvi şəkildə məhv edilməsi- soyqırımı hadisəsi idi.

Hadisələri xronoloji ardıcıllıqla izləyən tarix elmləri doktoru Əlisultan QuliyevGelovaninin Qubadan çıxarılması ilə bağlı dediklərindən, şahidlərdən; Ağaxanov Harun Şahbala oğlu, Şahverdiyev Hacı Ağa İbrahim oğlu, Hacı İsmayıl Orucov və başqalarının izahatlarından, həmçinin Quba şəhər rəisi Ə.Əlibəyov və D.Gelovaninin verdikləri məlumatlardan görünür ki, 1918-ci ilin aprelin əvvəllərində on gün ərzində Qubaya təpədən dırnağa kimi silahlanmış 800 nəfərdən çox əsgər gəlib. Təbii ki, bu qədər böyük bir qüvvəni Qubadan qovmaq asan məsələ deyildi. Əliyalın və yaxud “dayan doldurum”la silahlanmış mülki əhali bunu bacarmazdı. Bundan ötrüsilaha və təcrübəyə malik olanQubaqəzasının  Milli Müqavivət  hərəkatının fəal üzvləri o, cümlədən  Möhübəli Əfəndi Kuzunvi və Hatəm ağa Cağarvinin qaçaqları idi.

İlk dövrlərdə Möhübəli Əfəndinin 500, Hatəm ağanın 300-dən çox qaçağı var idi. 1920-ci illərin əvvəllərində isə bu qaçaq dəstələrinin  sayı ümumilikdə 3 minə çatırdı. Möhübəli Əfəndi və Hatəm ağa  ömürlərinin sonuna kimi bolşevik hakimiyyətinin əleyhinə mübarizə aparmış, əqidələrinə sadiq qalmışlar. Maraqlıdır ki, 1917-ci ilin fevral burjua inqilabından dərhal sonra Əlibəy Zizikskinin təşəbbüsü ilə Quba qəza komissarlığı yaradılmışdı. Yerli mülkədarların və varlıların mənafeyini təmsil edən bu komissarlığa Qazı Əhməd bəy Məmmədbəyov, Əhməd əfəndi (Triniç), Bəybala bəy Alpanski, İbrahim bəy Şıxlarski, Hacıbala Məmmədyarov (Ə.Zizikskinin ögey qardaşı, tacir), Əlipənah bəy Şəfibəyov (Qubada Müsavat Partiyası qəza komitəsi sədrinin müavini işləmişdi, iri mülkədar) və başqa tanınmış adamlar daxil idi. Həmin komissarlıq da bolşevizmin əleyhinə idi.

Möhübəli əfəndinin və Hatəm ağanın dəstələri Aladaş düzündə Qızıl Ordu hissələrinin qarşısını kəsərək, onları Dağıstandan Azərbaycana keçməyə qoymurdu. Sonralar Lenin bu məsələnin yoluna qoyulması üçün Nəriman Nərimanova müraciət etmiş və N.Nərimanov onu mühafizə edən 27 əsgərlə Qusarin Hil kəndinə gələrək, yuxarıda adını qeyd etdiyim Hacıbaba Babayevin atasının evinə düşmüş, beş gün burada qalaraq, qaçaqlarla danışıqlar aparmışdı.

            Rusiyada hərbi təhsil alan, polkovnik rütbəsinə kimi yüksələn Hatəm ağa Çağarvi    1918-ci ildə Möhübəli Kuzunvi və  Əli bəy Zizikskinin  dəstələri ilə birlikdə  Azərbaycan Xalq Cümhuriyyəti ərazisinin bərpa edilməsi uğrunda qırmızı qvardiyaçılara qarşı, həmçinin Bakı quberniyasının qəzalarında yerli əhaliyə müsibətlər yaşadan erməni daşnaklarına qarşı vuruşmuşlar. Onlar 1918-ci ilin may ayında Quba rayonunun Digah kəndində yerləşən “Qanlı dərə”də Hamazaspın silahlı erməni qoşunları ilə qızğın döyüşlər apamış və həmin erməni dəstələrini darmadağın etmişlər.

Möhübəli əfəndinin  ruslara, və yaxud müsəlman olmayan başqa xalqlara qarşı da düşmənçilik hissləri yox idi. Möhübəli əfəndinin bolşeviklərə qarşı  mövqeyini onun vaxtilə Türkiyədə təhsil alması və ruslara dinimizə yad adamlar, gavurlar kimi baxması ilə izah edirdilər. O, deyirdi: “Qurtuluşumuz nə bolşeviklərdə, nə də onların silahlı dəstələrindədir. Bizə varlını əzib kasıb üçün dövlət yaratmaq deyil, varlının dövlətindən faydalanib kasıbın güzəranını yaxşılaşdırmağı bacaran, xalqın qədrini bilən hökumət lazımdır. Bu hökuməti özümüz yaratmalıyıq, bolşeviki çağırıb ixtiyaratı onlara verməməliyik”. Çoxlu sürülərə, naxıra və ilxıya malik Möhübəli əfəndi özü kənddə məktəb tikdirmiş, bölgədə bir neçə məscidi təmir etdirmiş, kasıblara müntəzəm yardım göstərmişdi.

1920-ci ildə Qubada Sovet hakimiyyəti qurulduqdan sonrabolşeviklər Möhübəli əfəndi və  Hatəm ağanın bölgədə böyük hörmət və nüfuz sahibi olduqlarını bildiklərinə görə onları həbs etməkdən ehtiyat etmişdilər. Əksinə, onların  ikisi ilə də yeni hökumətlə əməkdaşlıq təklif olunmuşdur. Möhübəli əfəndi bundan birmənalı imtina etmiş,  Hatəm ağa isə bir neçə il Quba milis şöbəsinin rəisi işlədi. Lakin yeni hökumətin siyasətini və mahiyyətini anlayandan sonra Sovetlərə qarşı mübarizəsini davam etdirməyi qərara almışdı. 1922-ci ildə vəzifəsindən imtina edərək, Qusar rayonunun Cağar kəndinə qayıtmış, ətrafina 500-dək qaçaq toplamışdı. Bundan qorxuya düşən bolşevik hakimiyyəti Qusar polkunu səfərbər etməklə yanaşı, Bakıdan da bölgəyə yaxşı silahlanmış 300 əsgər və 12 pulemyot göndərdi. Sonrakı günlərdə gəlmiş əlavə kömək də nəzərə alınsa, Hatəm ağa Cağarvi 3 mindən çox qırmızı əsgərlə döyüşlərə başladı. Cağar kəndinin ətrafında baş verən döyüşlərdə ilk günlərdə 70 əsgər və 23 qaçaq həlak oldu.Ay yarım davam edən döyüşlərdə Hatəm ağa Cağarvi də igidliklə həlak olmuşdur. Bundan sonra bolşeviklər hiyləgərcəsinə Möhübəli Əfəndini də qətlə yetirmişlər.

Quba şəhəri və Quba qəzasının kəndlərində törədilmiş zorakılıq halları Fövqəladə Təhqiqat Komissiyasının istintaq materiallarına əsasən 3 cilddə 451 vərəqdən ibarət sənədlər toplusunda əks etdirilmişdir. Belə ki, 1918-ci ilin aprel-may aylarında Hamazaspın dəstələri tərəfindən Quba qəzasında 167 kənd yandırılmış və talan edilmiş, Quba qəzası üzrə öldürülən insanların sayı 16 min nəfərə yaxın, əhaliyə dəyən maddi ziyanın miqdarı isə 121.824.819 rubldan artıq təşkil etmişdir.

Müəllif:ULUBƏYOV EMİN

 Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin

Elmi Araşdırmalar, Ekspozisiya və fond şöbəsinin əməkdaşı.                                               

Mob:0775364388

emin.ulubekov@mail.ru

ULUBƏYOV EMİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Hikmət Məlikzadə – Şair arvadı

HİKMƏT MƏLİKZADƏNİN YAZILARI


Şair arvadı
(poema)
Proloq
Eh, Allah,
adamı onda bədbəxt edir ki,
Kasıb yaradır.
…Kasıbın baxışları da,
Arzuları da qaradır.
Kasıbın salamı
yetim kimi boynubükük,
süfrəsi ürəyi kimi təmiz…
Həyat ağrı-acıları
sancağa keçirər, taxar ona.
Əyni təzə paltar görməz,
Balaları xoş gün.
Hamı yuxarıdan aşağı baxar ona.
Çoxu kasıbı təndir sanar,
Çörək yapmaz.
Kasıb bir gün tapar,
On gün tapmaz.
Onun ömür səhrasında
Quyu qazar toxluq.
Başına qaxınc olar yoxluq.
Aclıq cihada qalxanda
Kasıbın itdən fərqi olmaz;
Nə arvad hörmət qoyar, nə uşaq…
Kasıb heç kimdən hörmət gözləməz.
Bəlkə də bu qəddar həyatdan,
Ömrü boyu küsdüyü Tanrıdan
qurtulmaq üçün
başını kəndirə sürtməsi
ən axmaq çaradır…
Heç olmasa bilər
ömrü yetdi sona…
Bunu da günahdır deyə
çox görürlər ona.
Kasıbla varlı arasında fərqə bax:
Biri pul tapmır,
Biri pulunu qoymağa yer…
İndi gəl, uşaq qarşısında
Kasıb görkəmlə
aclıqdan imtahan ver…
…Eh, Allah,
adamı onda bədbəxt edir ki,
Kasıb yaradır.
Kasıbın uşaq yanında da,
Allah yanında da üzü qaradır…
***
Atı yüyrək olsa, çəpər tanımaz,
Adamın başına çıxar kasıblıq.
Arvadın, uşağın yanında boğar,
Kişini divara sıxar kasıblıq.
Nə qədər qadını dul edər, bitməz,
Birin digərinə qul edər, bitməz.
Qızıl zər-zibanı çul edər, bitməz,
Ömrü dürməc kimi tıxar kasıblıq.
Ömrün çöllərini yala qoyarsan…
Özünü kölgəndən dala qoyarsan…
Haqqın kandarına çala qoyarsan,
Özünü oraya yıxar kasıblıq.
***
Tanrı ənamıdı, ya nədi, bilmir;
Həqiqi şairlər kasıb ölürlər.
Demə vaxt tapmırlar dua etməyə,
Əcəli qələmdən asıb ölürlər.
Şeytan at minəndə söz şahə qalxmır,
Adamın gözünə kaha görünür…
Əzrayıl əl etsə, cır-cındır geymə,
Dərd təzə libasda baha görünür.
…Sanır Həvva deyil yuxusundakı,
Sonra ürkək-ürkək qadına baxır.
Hərdən, mənə elə gəlir, şairlər ölmür,
Şairlər ölümün dadına baxır.
***
Kasıblıq sərt divardı,
Suvağın tökmək olmur.
Nə etsən, bir daşını
Dağıtmaq, sökmək olmur.
Barı kal olar elə,
Qabığın deşməsən də.
Tüstüsü göz çıxardar,
Ocağın eşməsən də.
Mən onu kürəyimə
Çatmışam şələ kimi.
O da mənim qarşımda
Dayanıb tələ kimi.
***
Həyat qəm daddırır, arzular cəfa,
Kasıbın içində daş doğrayırlar…
Bir kötük olasan kasıb olunca,
Üstündə, bilərsən, baş doğrayırlar.
Şairin əzabı Sizif əzabı, –
Əcəl tərs gələndə, qarmağa baxar.
Günaha tutarlar kasıbdı deyə,
Hamı sərt tuşlanan barmağa baxar…
O, belə yaşamaq istəməz əsla,
…Canına dirəyir söz, arvadı da…
Bilməz, qınadığı kimin kimidir…
Onu adam saymaz öz arvadı da.
Evə nifaq salar «can» dediyi də,
İşığa ağ tutar, ayından «kəsər»…
O, pulsuz döndükcə ruhu qocalar,
Arvad yavaş-yavaş payından kəsər.
Şair gün qaraldar, işıq söndürər,
Ruhu ağrı çəkər şamın altında.
Tez-tez göz dikilən torpaq olasan,
Kasıb olmayasan damın altında.
***
O da bir adamdı, kasıbdı fəqət,
Şairdi, neyləsin, – Allah yazığı.
Söz onun ağası, o, sözün qulu,
Həyası lüt qoyub vallah, yazığı.
Dərd onun qoynunda tumurçuq açar,
Dərdin ya daxması, ya damıdı o.
Dünyanın ən varlı adamı ikən,
Dünyanın ən kasıb adamıdı o…
Bəlkə də peşmandı evlənməyinə,
Ürəyin qopardır fikir, yazığın.
Arvad cin donunda nəfəsin kəsir,
Evini uçurdur, tikir yazığın.
Həyat sağa dartır, arzular sola,
Böyük ailənin yükün çəkir o.
Vaxt onun gözündə edam kötüyü,
Hər gecə əcəlin tükün çəkir o…
Kölgəsi böyümür neçə illərdi,
Kədəri boyundan yuxarı çıxır.
Qələmi külüngə çevirib qazır,
O, əppək axtarır, suxarı çıxır…
***
Başının yuxarı qalxan günü yox…
Günahı əyninə geyinir arvad.
Elə ki, əlinə qələm götürür,
Qoca qarı kimi deyinir arvad:
– Yenə də çəkilib otağa, yazır,
Ta bilmir uşaqlar yemək istəyir.
Bəlkə də bununla biz yazıqlara, –
«Acından qırılın…» – demək istəyir.
Onun doğmaları qələm, kağızdı,
Biz çətin düşərik yadına onun.
Nə məni düşünür, nə uşaqları,
Bir gün gedəcəyik badına onun.
Ah, nələr çəkirmiş şair arvadı!
Bir deyən olmadı lüt olur şair.
Kimsə ətəyində namaz qılmaz ki,
Üst-başı qaralmış büt olur şair…
Nəyini bəyəndim mən bu yoxsulun?
Bu bədbəxt söz yeyir, söz udur ancaq.
Üzünə baxırsan, bir çimdik qan yox,
Köhnə ocaq kimi köz udur ancaq.
Atam da, anam da kor imiş sanki,
Nədən görmədilər lütdü bu gədə?!
Saçımı dən sıxır, üzümü qırış,
Ömrümü-günümü ütdü bu gədə.
Eh, bu da özünə adamam deyir,
Bilmir, qayğıları ləpəyə dönüb…
Bir gün çörək tapır, on beş gün tapmır,
Borcu da gün düşməz təpəyə dönüb.
Mənə nə düşmüşdü bu yaşda sevim?
Üzüm yox, fələyin toruna söyüm…
Onu babam saldı içimə qəmtək,
Mən indi babamın goruna söyüm?
…Beləcə, özünü yeyir, qurtarır,
Bircə gün yorulub, bəs etmir qadın.
…Gecdir, inadını tulla bayıra,
Ayrılıq gələndə, səs etmir, qadın.
***
Başı nə çəkirsə, həyadan çəkir,
Həyat, harda tutdu, sınayır onu.
O, zülmün altında yol tapa bilmir,
Qonşu hər görəndə, qınayır onu:
– Təkcə sən deyilsən zülmə can verən,
Dərdin qarşısında özünü bərk tut.
Nə vaxt ki, qələmə sarıldın, demək
Allah səninlədir, sözünü bərk tut.
Ömür bir adadı, adamlar qayıq,
Sən gəl, həyat adlı limana düz get.
Tək-tək adam ölür acından, oğul,
Sən şair adamsan, imana düz get.
– Zaman ayaqqabı içidir sanki,
Günlər neçə küncdə iylənir, xala.
Mən dərdin ipindən dartıram, atım,
O da acığıma piylənir, xala.
– Qiymətli adamsan, nədən bu qədər
Gözünün içinə qəm çökdürmüsən?
Niyə axır vaxtlar fikirlərinə
Həsrət calamısan, nəm çökdürmüsən?
– Məni evdəkilər anlamır, neynim?
Qonşuda zər-ziba, filan görüblər…
Kasıbam, üzümə elə baxırlar,
Sanki künc-bucaqda ilan görüblər.
***
O adam yerinə qoyulmur evdə,
Ona it deyirlər, adını deyir…
Üzünün, gözünün qırışı artır,
Qonşu soruşanda, qadını deyir:
– İnsanlıq nə verir adama, söylə?
Kasıbçın fərqi yox, tox olsun təki.
Mərifət, qanacaq faydasız şeydi,
Adamın dövləti çox olsun təki.
Əlin, ayaqların yarpaqtək əsər,
Qarnın da cibintək boşdusa əgər.
Dərd kasıb adama tez yaxınlaşar,
Ömrün qayğıları coşdusa əgər.
– Nahaq daş atırsan Allaha, nahaq,
Haqqın yox ərinə qara yaxasan.
Əllərin şeytanın tükünə dəyib,
Özün də bilmirsən hara yaxasan.
Allahdan böyükdür insan dediyin?!
Sənin alın yazın budur, əzizim.
Həyat qabıq atmış ilan kimidir,
Hərdən günahını udur, əzizim.
Ərin tənbəl deyil, zəmanə pisdir,
Neyləsin, bu yazıq söz adamıdır.
– Söz qarın doyurmur, sözdən fayda yox…
– Şair də Allahın öz adamıdır.
Görmürsən Nəsimi yaşayır hələ,
Hanı o dünyanın tuz adamları?
– Sən mənim yerimə olsaydın əgər,
Yaxşı tanıyardın buz adamları…
– Eh, doğru deyiblər, ac baxışlarla,
Uşağa öyüdü tərs verər qadın.
Başının örtüyün papaq eləyər,
Yüz şeytan yığıla, dərs verər qadın.
Səndən baş açmıram doğrusu, qızım,
Adam ac olanda danmaz Allahı.
– Uşağın yanında pərt olan ana
Heç vaxt güvənc yeri sanmaz Allahı.
– Az danış, ağzından qan iyi gəlir,
Qorxmursan dağılar evin, a yazıq?!
Şair arvadısan, Tanrı adamı,
Sən şadlan, a yazıq, sevin, a yazıq.
Şair söz quludur, söz fəhləsidir,
Qəm onu divara sıxmamalıdır.
Çörəyi qələmdən çıxanın, məncə
Canı dərd əlində çıxmamalıdır.
***
Doğrudan da kişinin
Kasıb ölməsi dərddi.
Özünü fikirlərdən
Asıb ölməsi dərddi.
Şair də bir cür kasıb,
Bir cür baxt yiyəsidir.
Şair nə şahlar şahı,
Nə də taxt yiyəsidir.
Qələmlə yer şumlayır,
Varağa söz səpir o.
Arzuya qanad verir,
Ürəyə köz səpir o.
Şair bir ruha bənzər,
Dərisi, əti olmur…
Eldə hörməti olur,
Evdə hörməti olmur.
***
Bacası yox dam idim mən,
Pərvanəsiz şam idim mən.
Bütöv idim, tam idim mən,
Aldandım bu iyə, Allah.
Bu dünya bir çöldür dedim,
Arzular da göldür dedim.
Öldür məni, öldür, dedim,
Öldürmürsən niyə, Allah?
Dedilər, qəm səni sevir…
Boyatdı bu həyat, devir!
Ya məni bir quşa çevir,
Ya da ki, çıx yiyə, Allah!
***
Çatıb əllərimin son vida günü,
Çəkil, daşa çırpım başımı, Tanrı.
Mən Sənə daş atdım, dərdi tanıyım,
Dərdə kətil etdin daşımı, Tanrı.
Qələm də yük olur şairə bəzən…
Mən Sənin, dansan da, Özündən düşdüm.
Sən mənə söz verdin, ruzu vermədin,
Arvadın-uşağın gözündən düşdüm.
Yuxuma gəlirlər narahat, gərgin,
Atam da, anam da, özləri boyda.
Mənə həyat boyu sevinc qıymadın,
Sən, ac uşağımın gözləri boyda.
Mən hər gün qınandım, qınanıram da,
Yoxluq, hara qaçsam, tapacaq məni.
Yaş kötük qoyublar edam yerinə,
Cəllad tox vaxtında çapacaq məni…
Düzü, düşünmürdüm şair olacam,
Bir gün də ömrümü yeyəcək bir qız…
Mən öləndən sonra, ağ paltar geyib,
– O, əsl şairdi…, – deyəcək bir qız.
Onun baxışları gözləri kimi
Ölmüş arzulara xərək olacaq.
Saxta bir qadının deyəcəkləri
Eh, onda nəyimə gərək olacaq…
Çatıb əllərimin son vida günü,
Qaytar sapandımı daşımı qoyum.
Sənə də güvənmək çətindi, Tanrı,
Mənə bir yer göstər başımı qoyum.
***
Demə ki, dünya qopmaz,
Şair arvad almasa,
ya da ki, ad almasa.
Eh, şair ad alsın,
Arvad almasın…
***
İblis sandıqların mələk olur, eh,
Həyat da, arada ələk olur, eh…
Görən, nə sirdi ki, fələk olur, eh,
Şair arvadı?!
Əcəl çox adamı nəm yeyər fəqət…
Torpaq, nə verərlər, kəm yeyər fəqət…
Sevdiyi anından qəm yeyər fəqət,
Şair arvadı.
Tale eşq havası çalandan ağlar,
Kimsə köç yolunu salandan ağlar.
Ölərsən, bəlkə də yalandan ağlar
Şair arvadı.
Duman dağılanda çən bədbəxt idi…
Adəm də Həvvaya tən bədbəxt idi…
…Bəlkə də dünyanın ən bədbəxtidi
Şair arvadı.
***
– Eh, onu qınamaq haqqım da yoxdur,
Zülmün ətəyini, baxın, buraxmır…
Mən ölmüş neyləyim, gör nə gündəyəm,
Torpaq da özünə yaxın buraxmır.
Mən «Allah» dedikcə, günahım artır,
Şeytanın ağacı gülləyir elə…
Mən fikir edirəm, o, üsyan edir,
Boyat arzuları külləyir elə.
Nə boşana bilmir, nə susmur, susum,
Çəkin gözlərimi dara, deyir o.
Mən qatil olmaqdan qorxuram, Allah,
Mənim ağ ruhuma qara, deyir o.
Desələr, əzrayıl adam axtarır,
Nəyim var, belimə çatıb gedrəm.
Bilsəm ki, mən ölsəm, rahat olacaq,
Canımı üstünə atıb gedərəm.
***
Mən də söz adamıyam,
Çörəyim sözdən düşür.
Evdə tək özüm deyil,
Ruhum da gözdən düşür.
Arvad qınaqla sancır,
Uşaqlar yala çəkir.
Mən sözü ucaldıram,
Söz məni dala çəkir.
Sanma desən, görünər
dualar gözlə, çətin.
Çətin ev tiksin şair
Qələmlə, sözlə, çətin.
Qəmin astanasında
Qurmuşam daxmamızı.
Söz verib bu günədək
Bir tikə yaxmamızı.
Düşünmək anı keçib,
Mən mən boyda dözüməm.
Bu şeirin qəhrəmanı
Oxucum, mən özüməm.
Epiloq
Şairlər
Allahın ən yaxın adamı.
Ölüm min rəngdədir
Şairlə Allah arasında.
Bir dirsək yol var
Allahdan şairə.
Şairin Allahı düz xətt olar,
Dünyası dairə.
Şair bir qadını sevər,
minindən yazar.
Əsl obrazı
sevdiyi qadındı.
Şair mənim adım, sənin adındı…
Şair üçün Tanrı haqqı əsasdı
Ana haqqı əsasdı.
Bir də,
Səadət, məhəbbət və sairə.


Müəllif: Hikmət MƏLİKZADƏ

HİKMƏT MƏLİKZADƏNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAHİD XƏLİL – MAHİRƏ XANIMIN BAYATILARI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

MAHİRƏ XANIMIN BAYATILARI

Mahirə Nağıqızının belə bir beyti var:

Demə Mahirə naşıdı

Yaşı bir ömür yaşıdı.

Bəli, bir ömür yaşı olan Mahirə xanım (ömrü uzun olsun) poeziya yollarında cəsarətlə irəliləməkdədir.Onun poeziyasının uğurları haqqında bir dəfə yazmışdım.İndi isə bayatıları barədə fikirlərimi bölüşmək istəyirəm.

Xalq ədəbiyyatının gözəl nümunələrindən biri olan bayatını dilinin bədiiliyi,ifadələrinin sərrastlığı tarixin bütün mərhələlərindən keçirib bu günə gətirib çıxarmışdır.Bayatının ən böyük məziyyəti onun az sözlə böyük məna ifadə etmək xüsusiyyətidir.

Bu gün Mahirə xanımın bir bayatısını oxudum:

Eləmə,naşı dillənər

Hər kəlməbaşı dillənər

Deməyə kəlmə tapmaram

Gözümün yaşı dillənər.

Oxudum və düşündüm.Yadıma saldım ki,bayatı poetikasının başlıca xüsusiyyətlərindən biri geniş və ibrətamiz bir hadisəni cəmi dörd

misraya yerləşdirmək bacarığıdır.Bu bayatıda bir ağsaqqal (ağbirçək) , bir cavana başa salır ki, bu işi eləmə,az qanan insanları üstümüzə qaldırma!Naşı elə bir söz deyər ki, cavab verə bilmərik.Mədəniyyətsiz insanın nalayiq sözlərinin qarşısında aciz qalarıq.O sözlər bizi ağladar.Onlara cavabımız göz yaşlarımız olar.Bu qədər informatik məlumat cəmi iki misraya yerləşdirilib:

Deməyə kəlmə tapmaram

Gözümün yaşı dillənər

Şairin bədii dilində maraqlı bir çeviklik var.Mahirə xanımın bayatılarından biri belədi:

Baxma ki,daşdı yolların

Dərə, düz aşdı yolların

Fikir etmə qurban olum

Hamıdan başdı yolların

İlk iki misra sevimli adamın ünvanına gedən adi yollardır.Bu misralar müstəqim mənada işlənib.Sonrakı iki misra məcazi məna kəsb edir:

Fikir etmə,qurban olum

Hamıdan başdı yolların.

Bu misralarda yoldan yox,sevgidən söhbət gedir. Sənin yolun,(gəlişin,təbəssümün,məktubun,ismarıcın və s.)hamınınkından başdı! Evinə gedən yollar daş kəsək olsa da sevgin yüksəkdi.

Beləliklə “Yol”sözü poetik mərtəbəyə yüksəlir.

Mahirə xanım bəzi bayatılarında sonda deyiləcək fikri əvvəlki misralara gətirməklə diqqəti cəlb edir.

Dayanıb marığında

Gülləsi darağında

Fələk, yenə gəzirsən

De kimin sorağında

İlk iki misranı oxuyanda gözümüzün qabağına belində patrondaşı, çiynində tüfəngi olan,ovunu izləyən (ovunun marığında dayanan) ovçu canlanır.Son iki misra isə taledən,onun qəzavü qədərindən danışır.Bu bayatılar göstərir ki, şair folklor ənənələrini izləməklə yanaşı ondan korkoranə bəhrələnmir, xalq ədəbiyyatına yaradıcı yanaşır.

Şairə uğurlar arzulayıram.

Müəllif: Zahid Xəlil

ZAHİD XƏLİLİN YAZILARI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru