Həsrət məni axtarandan Yaman dərdə düşmüşəm mən Gizlənmişəm hər ayrılıq Dönən sakit küçələrdə Boylanmışam arxaya mən, Gah qabağa,gah sağa mən, Sənin yaxıb,zay qoyduğun Xəstə,yanıq bu sola mən. Baş qatmışam hər küçədə, Bəzən özgə kölgələrdə, Nəfəs dərib aram-aram Həsrətindən qaçmışam mən. Yaman dərdə düşmüşəm mən. Çox düşmüşəm,zay olmuşam, Hər sevənə xar olmuşam, Çox vaxt sənən inciy düşüb, Öz anama ar olmuşam Açdığın bu boşluğu mən, Çox boşluqla doldurmuşam.
MÜQƏDDƏSLƏR (… bütün məzarsız Vətən övladlarına ithaf olunur…) Səngəri məzarı olan qardaşım, Hələ də bilinmir əhvalın sənin… Dəfndən Məada Bərzəx deyirlər, Məchuldur durumun, məqamın sənin… * * * Silahın pas tutub, daha heç atmaz, Dəbilqən gəzsə də, çəkmən köç etməz, Kəmər yox olsa da, toqqan heç itməz, Qumquman olubdu kimliyin sənin… * * * Üç rəngli bayrağım süsləyən dağlar, Hər zirvə minlərlə şəhidi ağlar, Bənövşə çiçəyi qəlbimi dağlar, Dağların ağ qarı kəfənin sənin… * * * Zaur buz bulaqdan içəmməz daha, Bənövşə müqəddəs, dərəmməz daha, Ağ qarı tapdayıb, gəzəmməz daha, Bu yurdun nəyi var, ünvanın sənin… 09.05.2021. Bakı.
ŞƏHİD HAQQI (Mübarizlərin ruhu qarşısında borcluyuq…) Hər bir gedən şəhidin haqqı var boynumuzda, Onlara borclu olan bir can var qoynumuzda, Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə, Əgər biz unutsaq da, dövran bunu unutmaz… Bu yara hey su verər, zaman onu qurutmaz… * * * Bu bizim şakərimiz, həp şikarı unutmaq, Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq, Cismimiz oyansa da, layla deyib uyutmaq, Bir gün biz istəsək də, dövran bizi oyatmaz… Biz yatmaq istədikdə, zaman bizi uyutmaz… * * * Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz, İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz, Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”, Bu qədər bivec ata, yada ki, qardaş olmaz… Vallah, atam-qardaşım bundan vacib iş olmaz… * * * Hər şeyi yükləmişik, Lazım bəyin belinə, Zalım oğlu zalım da qüvvət verib dilinə, Heç kimsə razı olmaz, bir quş səkə gülünə, Bəs bu dağlarda yatan gül balalar kimindi?! Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?! * * * Dəstəklərə yazılı, neçə-neçə adımız, Qundaqlara qazılı, sezilməyən ay-ulduz, Nişan durub, gözləyir; birdən düşər yolumuz, Gəlin, o nişanların gözün yolda qoymayaq… Bu işi, bu gün görək, sabaha saxlamayaq… * * * Bu işin bir yolu var, göstəribdi Mübariz! Torpaq bizim Vətənsə, düşməlidi izimiz. Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz. Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!! Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!! * * * Dəli bilirlər bizi, doğruldaq adımızı, Dost özün göstərəcək, tanıyaq yadımızı, İllərdir su vermişik, püskürək odumuzu, Belə yaşamaq olmaz, bilməliyik hamımız!!! Mübariz gedən yolu, getməliyik hamımız!!! 03.08.2019 – 19.06.2020. Bakı.
GƏL, BU DƏRDƏ DÖZ DƏ YAŞA… (Poladla, İlqarın məzarı başında) Hanı qoşun, hanı ləşkər? Tək qalbdı iki Paşa… Baiskarı kimdi, bilməm, Kaş dönəydi özü daşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… * * * Əlim üzümdə qalıbdı, Sözüm ağzımda qalıbdı, Arzum gözümdə qalıbdı, Qanım gözdə dönüb yaşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… * * * Ustacam, artıb ələmim, Ta yazmır, sınıb qələmim, Hər gün də artır sələmim, Eşqim düzdə dönüb quşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… 17.07.2020. II FX. Bakı.
TORPAQ BİZİ GÖZLƏYİR… (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Yadıma xırdaca günahım düşdü… Yanında boş yerə tamahım düşdü… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… “Hazırdır məzarlar”, – eyindən keçir… Yanına gələn yol çiyindən keçir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Bu süslü “otaqlar” xiffət eyləyir… “Daş yastıq yataqlar” minnət eyləyir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Səngər, məzar ortaq bizi gözləyir… Qardaş, Ana torpaq bizi gözləyir… 23.08.2020. – Bakı. (II F.X.)
YER CƏZA YERİDİR! Ey insan, unutma; Almanı xatırla, Adəmi xatırla, Həvvanı xatırla! * * * Ey insan, unutma; Əzanı xatırla, Qəzanı xatırla, Cəzanı xatırla! * * * Ey insan, unutma; Yer cəza yeridir! Yer cəza yeridir! Yer cəza yeridir! 14.09.2020. Bakı.
QUCAĞINI GENIŞ AÇ… ( Gizir Pəncəli Teymurova həsr olunur.) Qucağını geniş aç, gəlirəm Ana Torpaq, Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq, Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq, O qutsal əmanətin, ünvanına yetibdi… Sancmışam Sancağımı, rahat gəlirəm indi…
* * * Səhər-axşam deyərdim, bu canım sənə fəda, Nə olur mənə olsun, təki sən görmə qada, “Komandir yaxşı olsa, ordunu verməz bada”, Komutanım öndədir, gül-çiçək düz yoluna… Sıra ilə gəlirik, yer ver girək qoynuna… * * * Çox dilək diləmişdim, Bayraq olsun kəfənim, Xəyalım gerçək olub, sevinməsin düşmənim, Dualarım qəbuldu, ağlamasın sevənim, Ana, sən də gözünün qorasını sıxma ha… “Oğul düşmən çəpəri”, qurban gedər torpağa… 12.04.2016. Bakı.
Salam olsun, çox dəyərli oxucum! İnanıram ki, bu söhbətimiz də maraqlı alınacaq. Belə əminliyimi şərtləndirən başlıca amil mövzunun əhəmiyyətli və vacib olmasından qaynaqlanır. Özünəqayıdış dönəmini yaşadığımız bir zamanda belə söhbətlərə mümkün qədər çox yer verilməli və vaxt ayrılmalıdır. Bax elə adi bu sadaladığım “yer”, “vaxt” anlayışlarının uzlaşmasında apardığımız söhbət əslində öz-özlüyündə bir “hadisə”-dir. Və artıq bu üç anlayışın bir arada olması isə tarix deməkdir. Tarix isə bizim iradəmizdən asılı olmayaraq artıq yaşanmış an, baş vermişhadisə, gələcəyə özül olacaq keçmişdir. Məhz bu səbəbən vaxtaşırı tarixə müraciət etmək, soy-kökümüzü tanımaq, tanıtmaq vacibdir. Ədəbiyyat tariximizə baxdıqda, A. Bakıxanov, İ. Qutqaşınlı, M. S. Ordubadi, Y. V. Çəmənzəminli, Makulu, S. Vurğun, B. Bayramov, İ. Şıxlı, İ. Əfəndiyev, İ. Muğanna, Ə.Cəfərzadə, F.Kərimzadə ənənələrinin Y.Oğuz, Ə.Nicat kimi tanınmış, müasirlərimiz olan yazarlar tərəfindən bu gün də uğurla davam etdirlməsi sevindirici haldır. Ancaq, olduqca sevindirici hal odur ki, bu sahədə görülən işlər bununla kifayətlənmir. Məsələn, son iki ildə tanış olduğum kitablardan yuxarıda sadaladığım müəlliflər qədər məşhur olmayan müasirimiz şair-publisist Qələndər Xaçınçaylının “Güllə işığında” və yazıçı Hüseynbala Mirələmovun “Son səfər” povestləri tarixilik baxımından misilsiz sənət əsərləridir. Bugünkü söhbətimizin mövzusu isə ən son tanış olduğum “Söz xaqanı” kitabı barədə olacaq. Kitabın müəllifi artıq ədəbi mühitdə öz sözünü demiş, istər şeirləri ilə, istərsə də publisistik yazıları ilə oxucu rəğbətini qazanmış Sona Abbasəliqızıdır. QISA ARAYIŞ Sona Abbasəliqızı Göyçə mahalında anadan olub.BDU-nun (keçmiş ADU-nun) Jurnalistika fakültəsini bitirib.Səkkiz kitab müəllifidir.Azərbaycan yazıçılar və Jurnalistlər,İraq-Türkmən Yazıçılar,Özbəkistan Yazıçılar Birliklərinin üzvüdür.Dəfələrlə Dövlət tərəfindən mükafatlandırılıb.Uzun müddət dövrü mətbuatda məsul vəzifələrdə çalışıb.Bu müəllifin doqquzuncu kitabıdır. Nəşr olunan bütün kitablar çalışdığı Dövlət Neft Şirkəti tərəfindən maliyyələşdirilir. “Ziyadar” Mükafatına layiq görülmüşdür.İki övladı var.Kitabda adı keçən romandan əlavə “Tale yolu” adlı bir povest və “Ümid”, “Ürək unutmur”, “Səssizliyin səsi” kimi üç hekayə də yer alıb. “Elm və Təhsil” nəşriyyatında işıq üzü görən kitabın naşiri, redaktoru və eyni zamanda ön sözün müəllifi filologiya elmləri doktoru, professor, Nadir Məmmədlidir. Bundan əlavə Ağrı İbrahim Çeçen Üniversitesi Eğitim fakültəsi dekani və Atatürk Üniversitesi Kazim Karabekir Eğitim fakültəsi yabanci dillər Eğitimi bölüm başkanı alman dili eğitimi ABD başkani Professor. Dr. Melik Bülbül kitaba tarixilik baxımından dəyər qazandıran son söz yazmışdır.
“Onlardan biri də hekayə, povest və şeirlə ədəbiyyata gələn və tez bir zamanda yaradıcılığı ilə şöhrət tapan Sona İsmayılovadır. Nəsrindən görünür ki, onun çox zəngin elmi-tarixi düşüncəsi, tarixə dərindən bələdliyi, faktlarla işləmək mədəniyyəti, eyni zamanda, güclü bədii təfəkkürü və təxəyyülü vardır. Qələmə aldığı “Sözün xaqanı” tarixi-bədii roman klassik şairimiz, ziddiyyətli tale yaşamış ƏfzələddinXaqaniyə həsr olunmuşdur. Müəllif romanı qələmə alarkən, ilk növbədə, özünü həmin tarixə aid etmiş, məhz o tarixdə yaşamış, dövrün hadisələrini, adət-ənənələrini, faktlarını öyrənmiş, qələmə aldıqlarını təhtəlpsixologiyası və yazıçı təxəyyülündə saf-çürük etmişdir. Elə buna görədir ki, əsər çox uğurlu alınmışdır.” – Bu fikirlər məhz hörmətli professorumuz Nadir Məmmədlinin kitaba yazdığı ön sözdəndir. Mənim fikirlərimə gəlincə Hüseynbala Mirələmovun “Son səfər” povesti Nəsimi haqqında, Nəsimi dövrü haqqında, həmin dövrün Şamaxısı, Azərbaycanı – yəni bu coğrafiya üçün zəruri məlumatlar baxımından nə qədrər qiymətlidirsə, Sona Abbasəliqızının “Sözün xaqanı” romanı da Xaqani – Şairin adı İbrahim, atasının adı Əli idi. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu yerin adı-nisbəsidir. –haqqında, onun yaşadığı dövr haqqında məlumatlılıq baxımından zəngin mənbə hesab oluna bilər. Ümumiyyətlə onu qeyd etmək istəyirəm ki, Sona xanım tarixi roman janrına yanaşması, bu yanaşmada qarşıya qoyduğu məqsəd və nailyyəti alqışa layiqdir. Əsərin sonluğunu nəzərə almasaq demək olar ki, təbiət mənzərələrindən tutmuş, insanların davranışları, müxtəlif hadisələrin təsvirləri, dialoqların tərtibi, müəyyən söz və ifadələrdən yerində, düzgün istifadə etmək kimi bütün zəruri məsələlər uğurla öz həllini tapmışdır. Yuxarıda qeyd etdiyim kimi yalnız sonluq hissədə, artıq roman bitdikdən – hər şey gözəl başlayıb, inkişaf edib, yekunlaşdıqdan – sonra hansısa texniki səbəbdən zamanın itməsi, uyğunsuzluq baş verir. Bu halla biz nəsr əsərlərinin çoxunda məhz sonluqda rastlaşırıq. Belə hallarda müəlliflər ya bilərəkdən bu addımla nəsə əlavə bir məlumat çatdırmaq istəyirlər, ya da sonluqda müxtəlif səbəblərdən, bəlkə də ani diqqətsizlikdən xırda qüsurlar yaranır. Ancaq onu da əlavə etmək istəyirəm ki, bu uyğunsuzluğun həmən ardından “… Təbrizin mərkəzində də Bakıdakı kimi yaraşıqlı, güllü-çiçəkli Xaqani parkı var. Parkın girəcəyində Əfzəlləddin Xaqaninin şərəfinə böyük və əzəmətli bir abidə də ucaldılıb. Xiyabanın yaxınlığında “İslamın Firuzəsi” adlandırılan Göy məscid, məscidin içərisində Həqiqi təxəllüsü ilə tanınan hürufi şair, Qaraqoyunlu dövlətinin Beşinci Sultanı Müzəffərəddin Cahan şahın və onun xanımının dəfn olunduğu məqbərə yerləşir. Cahan şah Həqiqi Azərbaycan türkü idi… Şairlər məqbərəsində isə şamaxılı Azadlıq zəvvarının – əslən oğuz türkü olan Xaqani Şirvaninin başdaşına bu sözlər yazılıb: “Bu qəbir rəhmətlik, bağışlanmış, filosofların və şairlərin böyüyü, həkim Əfzələddin İbrahim Xaqani ibn Əli Şirvaninindir.
Hicri beş yüz doxsan beşinci ilin şəvval ayı” . … Burada uyuyan dörd yüzdən çox şairin cərgəsindən sanki söz mülkünün xaqanının – orta əsr Şərq intibahının “Zöhrə ulduzu” sayılan Xaqani Şirvaninin ölməz və əbədi səsi gəlir: “bir əcəm türküyəm… Tanrı istəyən… ” … “belə bir gözəl sonluqla öz fikrini tamamlayır və oxucuda tam fikir formalaşmasına xidmət edən bitkin məlumat ötürməyi bacarır. “Sözün Xaqanı” romanı haqqında təəssüratlarımı aşağıdakı kimi yekunlaşdırmaq istəyirəm: – Müəllifin romanı yazmağa ciddi hazırlaşdığı, mütaliəsi və səfərlərinin nəticəsi göz qabağındadır. Bu təqdirəlayiq və bütün gənc yazarlara tövsiyə olunmalı bir örnəkdir, – Romanın həcmi müasir tələblərə tam cavab verir, – Dili səlisdir və aid olduğu dövrlə səsləşir, – Tarixilik baxımından zəruri məlumatlarla zəngindir, – Ən əsası olduqca vacib bir mövzuya müraciət etməklə əslində cəsarətli bir addım ataraq ədəbiyyatımıza gözəl, bitkin, tam məlumat yüklü bir əsər qazandırmışdır. Nəzərinizə çatdırıram ki, görkəmli şairimiz Məmməd Rahimin “Xaqani” mənzum dramından sonra Xaqani haqqında ikinci iri həcmli əsər, nəsrdə ilsə ilk nümunədir. Bütün bu sadaladıqlarıma görə Sona xanımı təbrik etmək olar. Qeyd etdiyim kimi kitabda adı çəkilən romandan əlavə bir povest və üç hekayə də var. Kitabın diqqətəlayiq xüsusiyyətlərindən biri də odur ki, bu povest və hekayələrin də ruhu kitabın ümumi ruhu, ab-havası ilə uyğunluq təşkil edir və özünəməxsus xüsusi bir vəhdət yaradaraq birlikdə tarixilik ampulasından çıxış edirlər. Sonda yənə söhbətimizin əvvəlindəki məsələyə qayıtmaq istəyirəm. İlk öncə Sona xanıma belə bir xeyirli işə imza atdığına görə təşəkkür edir, sonra üzümü gənc yazarlara tutaraq demək istəyirəm ki, araşdırsalar nə qədər haqqında yazılmalı Kərəmlilərimiz, Nəsimilərimiz, Xaqanilərimiz, Hadilərimiz, Qəmküsarlarımız var… Ən dəyərli nemət olan vaxtınızı bu sətirləri oxumağa sərf edib sona qədər həmsöhbət olduğunuz üçün qarşınızda baş əyir və sonsuz təşəkkürlərimi çatdırıram. 30.06.2020 – Bakı.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında İYİRMİ YEDDİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunmuşdur:
Sözün Xaqanı haqqında söz”, “Ədalət”, 09.07.2020, say: 91 (5751) s.6.
“Sözün Xaqanı haqqında söz”, “Kredo”, 09.07.2020, s.6.
“Sözün xaqanı haqqında söz”, “Təzadlar”, 14.07.20, say: 21 (2262) s.15.