TƏVƏKKÜL GORUSLU – ÜÇ ŞEİR

Təvəkkül Goruslu -şair.

QORXMURAM MƏN
Bir gün gələn bir gün gedər, doğrudur,
Salam, əcəl, səndən heç qorxmuram mən!
Bu ömürdən ötən illər oğrudur,
Salam, əcəl, səndən heç qorxmuram mən!
* * *
Sənin adın məzarlığa işarə,
Yetişdinsə insan olan nə karə,
Səndən ricam, gəl möhlət ver şairə,
Salam, əcəl, səndən heç qorxmuram mən!
* * *
Əl uzadıb bağladıqca gözləri,
Alıb bir-bir götürürsən bizləri.
Səndən ricam, yetim qoyma sözləri,
Salam, əcəl, səndən heç qorxmuram mən!
* * *
Düşündünmü burda qalan doğmanı,
Udanmırlar sənin zəqqu yaxmanı,
Gəl çaşdırma bu gün, sabah loğmanı,
Salam, əcəl, səndən heç qorxmuram mən!
23.02.2021.

ADAM
Qalıb əllərində dərdin, zillətin,
Soyuq palatada üşənən adam!
Unudub yarasın, ağrı, illətin,
Yenə də şairin düşünən adam!
* * *
Unudub taleyin ağır sitəmin,
Dəfn edib içində, aşıb matəmin,
Atınca həyata təkrar qədəmin,
Yenə də şairin düşünən adam!
* * *
Yenə də ruhunda qayğı çələngi,
Sevgi bulağında, əldə səhəngi,
Sevdanın çiçəyi, eşqin nəhəngi…
Yenə də şairin düşünən adam!
01.03.2021.

ÇIXAQ GEDƏK
Heç sordunmu qışı qışdan,
Arıtdınmı yaşı yaşdan,
Qorudunmu, saxladınmı,
Başı başdan, başı daşdan?
* * *
Yeridinmi altmışına,
Sur oldunmu yatmışına,
Əbədiyyət dadsız meyvə,
Rast oldunmu dadmışına?
* * *
Yollar uzun , ömür gödək,
Azı şirin, çoxu öddək,
Sevinc bizi bəyənmirsə,
Tut əlimi çıxaq gedək!!!
02.03.2021.

Müəllif: Təvəkkül GORUSLU

TƏVƏKKÜL GORUSLUNUN DİGƏR YAZILARI

TƏVƏKKÜL GORUSLU DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir