Cavid Fərzəli – Od düşən günümə…

CAVİD FƏRZƏLİ

* * *

Od düşən günümə

Yanmayın mənim.

əl uzatmayın mənə

Əllərim kardı mənim.

Ürəyimi küçə-küçə

ayaqlayan adamlar,

Özgə bir yoldasa,

ən çox sevdiklərim tanıyır məni.

Uşaqların oyuncaqları

qırıldığı gündən həyata addımları,

Quşlarınsa qanadları

qopduğu yerdən göy üzü başlayır…

müqəddəslər ağacların edam şəkilində unudulur.

dilənçilərsə ovuclarımın xoşbəxt günündə.

Daha üzülməyin, dostlar

Daha məndən qorxmayın…

Qollarım sağdı mənim,

Qucağıma həsrətəm…

        * * *

Təkcə sevdiyindən deyil,

əllərin qopan hər yer

sevgiylə dolar.

…Bütün sevgilər ayağın kəsər səndən;

Başı daşa dəyən yollarda addımlarını tanıyarsan,

yolun qalmaz ölməyə.

…özgələşər göz yaşların

pərdə buludlar arxasında,

sevdadan qalan külün gözündə.

Gözün olmayan xoşbəxtlik

güllələyər ürəyini,

əlində ölərsən dənizin,

kimsə su atmaz üstünə.

…Qadınlar tanrısız kişilərdə həsrətini yaşayar

hər gecənin qapısında,

hər ürəyin səhərində.

Heyif bilməmişəm;

Sevmək kədərini dəyişə bilməməkmiş

eyni ocaq başında,

eyni yağışlar arxasında.

Müəllif: Cavid FƏRZƏLİ

CAVİD FƏRZƏLİNİN YAZILARI

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Milyonların bir olduğu, Körpənin Əsgər olduğu Gün:-15 İyun!

ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI

Milyonların bir olduğu,

Körpənin Əsgər olduğu Gün:-15 İyun!

     Ölkəmizin hər bir vətəndaşı güclü Azərbaycanla qürur duyur. Mənfur düşmən üzərində əldə olunmüş Qələbəyə imza atan, yeni tarix yazan  Şəhid oğullar Müstəqil Azərbaycanın  qorunmasınına öz töhfələrini verdilər. Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub.

15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ökədə vətəndaş həmrəyliyi, sabitliyi son dərəcə vacib idı:-Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz.  Ölkəmizin müstəqilliyi qorundu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməli qoyuldu.

              Zəkalı insanın iradəsi parlaq və güclü olur. Özünü dərk etməyən xalq güclü dövlət yarada bilməz.  Dövlətçilik tarixindən bəllidir parlaq zəka ilə qüdrətli iradəni özündə birləşdirən şəxsiyyətlər içərisində Heydər Əliyev  fenomeni vardır. Heydər Əliyev nümunəsində xalqına layiqincə xidmət edən nəslin formalaşdırılması bugünkü qayğılarımızdandir.  Hər şeydən əvvəl ona görə ki, cəmiyyətimizin  əqidəli, fəal, daim axtarışda olan, xalq üçün, vətən naminə yaşayıb işləməyi bacaran vətəndaşlara ehtiyacı olduqca böyükdür.  Heydər Əliyev fenomeninin xarakteri onun fəaliyyətini,  dünyada Azərbaycanı bir respublika kimi azərbaycanlıları isə bir xalq kimi tanıtması səyləri,  onun parlaq zəkası və qüdrətli xarakteri hansı şəraitdə işləməsindən asılı olmayaraq rəhbər və insan kimi fəaliyyəti, həyatının bütün sahələrində müdrikliyi və qətiyyəti  zəka və iradəsinin ən ali, bitkin və kamil formalarını nümayiş etdirmiş, dövlətin möhkəmləndirilməsi, xalqa xidmət etmətlə   rəhbər, dövlət başçısı və şəxsiyyət kimi öz xalqına bağlı olduğunu daim əməlləri ilə sübut edib!-Elə arxalanmağı, ona arxa olmağı, Millətini, dövlətini dünyaya tanıtmağı! Müstəqil olan dövlət bəli, yaşasın deyə,

Bəxş olunan müstəqillik əbədi olsun deyə! Onun böyük həvəsi, özünü yox, elini düşünməyi, Öz canından əl götürub xalqına qurban olmağı, Bunun üçün arxada yox, daima öndə olmağı! Eləcə sayıq olmağı, nələr olub, nədir olan, Olacağı bilməsi, bilmək azdır, ona təkan verməsi. Baş qaldıran qüvvələri yada salın:

O, silahsız bircə qəti söz söylədi:

– Qalxın bir əsgər kimi Vətəni qoruyağın!!!

Bircə anda milyonlar hazır oldu,

Körpə Əsgər oldu!

Yalın əllə bəli, dövlət Qorundu!!!

Millət özü öz əliylə Qorundu!!!

Gərək möhkəm Qorunsun! Daxildə xaricdə də möhkəm əllə  Qorunsun! Əli yalın, xalqın, elindövlətin, Bircə kəlmə qəti sözlə, qətiyyətlə, Cəsarətlə, sözü vaxtında deməklə  Qoruyanının sözünə diqqət edib hesabı götürün:

– “Ac olub, narahat olub ayaq üstə qalmaq olar,

Şəhid olub ölmək olar!

Müstəqil olan dövlət bəli, yaşasın deyə,

Bəxş olunan müstəqillik əbədi olsun deyə”!!!

İstedadlı olan millət gərəkdir ki, Qorunsun!

Dövlətini, dilini, öz simasını Qorusun! (Z.V)

           Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi.  Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan    Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü,  həmrəyliyi, milli birliyi təmin edildi.

Müəllif: Zülfiyyə VƏLİYEVA       

ADPU-nun ETM-nin elmi işçisi,      Müəllimlərin Peşəkarlıq səviyyəsini İnkişaf etdirilməsi      Layihəsi üzrə Milli məsləhətçi,  Əməkdar müəllim. Akademik  M.Mehdizadə mükafatı laureatı.


ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Gülü xanım – Güzüzə Mustafayeva məzun oldu

https://www.youtube.com/watch?v=_TVmJUutpec

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“XƏZAN” ədəbi-bədii jurnalının iyun (iyun, 2022) sayı işıq üzü görüb

“Xəzan” jurnalı

“XƏZAN” – 4
“XƏZAN” ədəbi-bədii jurnalının iyun (iyun, 2022) sayı işıq üzü görüb. Dərginin sözügedən sayı Əli bəy Azərinin redaktor guşəsində yerləşdirilən “Ədəbiyyat və yaltaqlıq” məqaləsi ilə təqdim olunur. Sıra sayına görə 41-ci nömrəsi hesab olunan 172 səhifəlik jurnalın növbəti sayı da poeziya, nəsr əsərləri və publisistik yazılarla zəngindir.
Sayad Ramazanqızının “Qarabağ Azərbaycandır” məqaləsində doğma diyara sanki səyahət olunur. Vaqif Yusiflinin “Misralara süzülən sevgi nuru” məqaləsi şair-həkim Paşa Qəlbinurun 70 yaşına ərməğan edilib. Əli bəy Azərinin “Lalə İsmayıl yaradıcılığına ötəri nəzər” məqaləsində şairin yaradıcılığından söhbət açılır, “Günəş üzlü qadın”ın “Qara”sı” məqaləsi isə Narıngül Nadirin kitabı haqqındadır.
Fərhad Əsgərovun “Qanun pozuntusundan korrupsiyaya gedən yol” aktuallığı ilə dövrümüzə uyğun ciddi mesajdır, aktual problemlərin həlli istiqamətində həyəcan siqnalı səsləndirir.
İsgəndər Sadiqoğlunun “Yaddaşın ağır yükü” məqaləsi minlərlə insanın başına gətirilmiş repressiya damğasından bəhs edir. Məqaləni Məzahir İsgəndər jurnala hazırlayıb.
İşıqlı Atalının “İnam Atanın özümləşmək dərsi” məqaləsi Asif Əfəndiyevin cəmiyyətin inkişafı, tərəqqisi istiqamətində tənqidi fikirləri əsasında hazırlanmış dəyərli yazı nümunəsidir.
Arzu Heydərova “Ürəklərə qəm gətirən “Qəm yağışı”” məqaləsi ilə Xaliq Azadinin romanından bəhs edir. Ramiz İsmayıl “Nə yaxşı görüşdük” məqaləsində bölgədə yazıb-yaradan əslən Laçından olan şair Namiq Zamanın “Səni düşünürəm” şeirlər kitabından söhbət açır. Vüsal Ağyevin “Ölüm sevinməsin qoy” məqaləsi həyatdan nakam köçmüş bir ziyalı xanım haqqındadır.
Poeziya bölməsində Məzahir İsgəndərin böyük Hüseyn Cavidə həsr etdiyi “Ağlayan məzar” poemasından bir parça verilmişdir. Eyni zamanda Özbək ədəbiyyatını görkəmli nümayəndəsi Abdukamal Rəhmanovun “Müstəqillik balladası” və “Dəyərlilik nəğməsi” irihəcmli poetik nümunələri oxuculara Şahməmməd Dağlaroğlunun tərcüməsində təqdim olunur. Bundan əlavə şairlərdən Şahməmməd Dağlaroğlunun, Əbülfəz Əhmədin, Lalə İsmayılın, Zeynalabdin Novruzoğlunun, Ələsgər Talıboğlunun, Mahir Diniyevin, Hafiz Əlimərdanlının, Namiq Zamanın, Bəxtiyar Abbas İntizarın, Zəhra Səfəralıqızının, Kirman Rüstəmlinin, Həsən Goranboylunun, Damət Salmanoğlunun, Budaq Təhməzin, Rəhman Bayramın, Əhməd Haqsevərin, Ceyhun Quliyevin, Məhəmməd Əlinin, Esmira Günəşin, Şəlalə Adilqızının, Qüdsiyyə Qüdsinin və Vüsal Ağanın müxtəlif səpkili şeir nümunələri jurnalda yer alıb.
Nəsr bölməsində Həcərin “Vəsiyyət”, Zaur Ustacın “Psixoloqun qəbulunda”, Ramiz İsmayılın “Vicdan sancısı”, Pərvanə Bayramqızının “Ağ divara qara yazılar” hekayələri təqdim olunur. Ayaz İmranoğlunun “Müharibə hekayələri” silsiləsindən dörd hekayəsi və Akif İmanlının “Nəvələrimə hədiyyəm” yumorestik novellası da jurnalın bu sayında yer alıb.
Oxucuların intizarla gözlədiyi 44 günlük Vətən Müharibəsindən bəhs edən Əli bəy Azərinin “Adsız döyüş” romanından 28 səhifəlik bir parça da jurnalın iyun nömrəsində oxucuların ixtiyarındadır.
Dahilərdən kimsə deyib: “Jurnal bir şəhərdir!” Gözəl deyimdir. Bir bu qədər şair-yazıçının müxtəlif səpkili, məzmunlu əsərləri toplanmış jurnal allı-güllü, bərli-bəzəkli bir şəhərə bənzəməzmi?

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Turan Novruzlunun yazır: – “Emin Pirinin əsərlərində ana obrazı” və ya “Bir ananın əsəri – Emin Piri”

Turan Novruzlunun yazıları

“Emin Pirinin əsərlərində ana obrazı”

                   və ya

“Bir ananın əsəri – Emin Piri”

   Şair, jurnalist, müəllim və 2-ci Vətən müharibəsi iştirakçısı Emin Piri, müasir Azərbaycan ədəbiyyatında özünəməxsusluğu ilə seçilən uğurlu imzalarındandır. Şairin yaradıcılığı haqqında ədəbiyyatçılar, tənqidçilər yetərincə dolğun fikir söyləmiş, məqalələr yazmışlar. Təkrarçılıq olmasın deyə onların toxunduqları mövzular haqda yazmamağa çalışdım. Bir oxucu kimi öz müşahidəmi, təəssüratımı qələmə almaq istədim.

  Emin Pirini təxminən yeddi il əvvəl bir tədbirdə görmüşdüm. Sakit təbiətli, müşahidəçi, həyalı bir görkəmi var idi. Demək olar ki, heçnə danışmadı. (hərçənd ki, dostları onun çoxdanışan, ünsiyyətcil olduğunu deyirlər) Sonuncu dəfə isə təxminən bir ay əvvəl şairlə Sumqayıtda təşkil olunmuş tədbirdə görmüşdüm. Eyni susqunluq, eyni həyalı, təmkinli sima. Müəyyən qədər geniş sosial çevrəsi olan  Emin Piri simasındakı saflığı necə qoruya bilmişdi? Axı peşələrin insanın xarakterinə və şəxsiyyətinə müəyyən qədər sirayət etdiyini bilirik. Kim idi, nə idi Emin Pirinin sirri?

Şairin qələmini “Mən qütb soyuğuyam” şeiri ilə sevmişəm.

      “Məndən baş çıxara bilmir

      Öz doğmaca anam belə

      Sənə də qəribə gəlir

      Nə təhər insanam belə”

Burada şair anasının onun haqqında olan təəssüratından söhbət açaraq  şeirdə insan xislətinin dəyişməyəcəyini vurğulayır.

  Daha sonra bir məktəblinin dilindən təbəqələşmənin ağrı – acısını söyləyən, ən böyük dəstəkçisinin anası olduğunu vurğulayan, sosial mesaj ötürən” Üç alma” şeirində şair yazır :

           Kişilər ağlamaz deyən anam

           yerimə özü ağlardı.

           Nağıl söyləyərdi,

            göydən üç alma

            düşməzdi nağıllarda

            deməzdi bunu anam –

            birdən ürəyimiz alma

            istəyər…

    Şairin 44 günlük Vətən müharibəsindən sonra  qələmə aldığı “Sən azadsan” şeirinin ilk misralarına baxaq (şair xatirələrindən birində cəbhəyə yollanmamışdan əvvəl anasının onun saçına xına qoyduğunu yazır, bu inancla ana oğlunun sağ salamat geri dönəcəyinə ümid edir) :

     Saçımda  anamın xınası,

      yolların ayaqlarımçün duası,

      gözlərimdə hələ bizim olmayan

       uzaqlıq

       deyir :

       Sən azadsan

       * * *

        Günlərdir danışmırıq

         bilirəm, narahatsan, ana.

  Vətəni uğrunda ölümlə göz gözə, nəfəs nəfəsə dayanan şair, ölümdən qorxmur, özünü yox, anasını düşünür, onun nigarançılığına üzülür.

     Bundan başqa “Mələklərə atılan mərmilər”, “Sağ qalan varmı?!. ” (maraqlıdır ki, şair burda ana obrazı olaraq əsgər anasını yox, əsgərin sevgilisinin anasını göstərir, əsgərə məktub yazan qızın anası öz balası üçün  narahat olur, gecə niyə yatmadığının səbəbini soruşur. Atalar əbəs yerə deməyib ki, ağlarsa anam ağlar, gerisi yalan ağlar.), “Ayağım özümdən qeyrətli çıxdı”, “Atəşkəs”, “Allahın zarafatı” şeirlərinin hamısında ana obrazı var.

    Şeirlərinin birində Allahı sevməyə qorxduğunu deyən şair digər bir şeirində Allahı Tanrıya əmanət edir. “Tanrı Səni qorusun, Allah! ” deyir. Burada İslam dinindən çox-çox əvvəl Türklərin sitayiş etdiyi Tanrıçılığın (Tengrinin) izlərini görürəm. Və nəzərə alsaq ki, qadın – ana İslamla müqayisədə Tengriçilikdə daha qutsaldır, yəni Tengridə matriarxal düşüncə tərzi, islamda isə patriarxal düşüncə ön plandadır. (bu islam hüququnun miras bölgüsündə daha aydın görünür)! Şairin anaya olan ülvi məhəbbətinin, sevgisinin Tanrıçılıqdan qaynaqlandığını düşünə bilərik.

    Maraqlıdır ki, ata obrazına  şairin yalnız bir şeirində və ilk, hələki həm də tək hekayəsi olan “Əyyaş ata” da rast gəlmişəm. “Dünyanın ən təmiz yalanı” şeirində şair deyir :

         Yağma qar,

          yağma

           əlcəyim olmasa da

           əllərim üşümür mənim

            atamın

             “daha yeddi yaşın var

              böyük kişisən

             heç kişi də əlcək taxar?!”

              sözləri üşüdür məni.

  (Burda yeddi rəqəmi də təsadüfi deyil, belə ki, psixoloqlar insanın formalaşmasının ilkin və əsas mərhələsini 0-7 yaş aralığında götürürlər. Və insan yeddisində nədirsə yetmişində də odur məsəli burdan qaynaqlanır.)

  Sosial problemlərin ağuşunda çarəsiz qalan atanın məsum yalanı obrazın ruhunu üşüdür. O atasını anlayır, amma anası ilə dostlaşır. Çünki ana obrazı ona heç yalanın məsum olanını da danışmır, sadəcə dəstək olur, aralarında güvəndən, inamdan yaranan möhkəm bir bağ var. Və yenə əvvəl də qeyd etdiyim kimi “Əyyaş ata” hekayəsində daha bir ata obrazı var, əyyaş ata içki ala bilmək üçün qəhrəmanın anasını döyüb, zorla nişan üzüyünü əlindən alanda qadın qayıdır ki, “heç olmasa uşaqlara da nəsə al”, biz bu səhnədə də qadınlığını analığına, övladlarına qurban vermiş fədakar, cəfakeş ana obrazı görürük.

  Şairin qadını qınaq obyektinə çevirməsini isə “Abort stolunda  yalvaran körpə” şeirində görürük, şair burada qadını ana olmaq istəmədiyi üçün, bətnindəki körpəyə qıydığı üçün qınayır. Və bundan da bir daha aydın olur ki, şairin əsas obrazlarından biri fədakar, cəfakeş ana obrazıdır.

   Daha maraqlı bir məqam da odur ki, səngərdə komandir Piriyevin hədəfi düşmən cəbhəsi, düşmən əsgəri olsa da, şair Emin Piri Allahla haqq hesab çəkir, (atalar yaxşı deyib ki, uman yerdən küsərlər) . Hərbi xidmətdə olduğu dövrdə canlı şahidi olduğu bir səhnəni qələmə aldığı “Sağ qalan varmı?!” şeirində fevral şaxtasında üşüyən güllə isinmək üçün əsgər sinəsi axtarır. 44 günlük Vətən müharibəsindən sonra qələmə aldığı “O na məktub” şeirində isə “ürəyi istidən sıxılan bir düşmən mərmisi  mayorumuzun ürəyində sərinlədi ” deyir . Bu humanizm də onun şeirlərini bəşəriləşdirir.

  Bu yaxınlarda şair sosial şəbəkələrdən birində uşaqlıq xatirələrindən birini paylaşaraq yazır : “Anam mənə toplama – çıxmanı fındıqla öyrətmişdi. Ən çox sevdiyim çıxma əməli idi. Məsələn, on fındıq qoyurdu, deyirdi birini ye, neçəsi qaldı? Mən də birini yeyirdim, qalanlarını sayırdım. Beləcə öyrənirdim. Anama deyirdim ki, üstəgəllərdən sual vermə, ancaq çıxmalardan soruş. Həyatda da çox şey belədir” yazır. Mən bu sətirləri oxuyanda həm də türkcədə oğlumun ev tapşırığını yazdırırdım. Tapşırıq Atatürk haqqında verilmiş mətnlə bağlı sualları cavablandırmaq idi. Mətndə yazılmışdı ki, balaca Mustafa (M. K. Atatürk nəzərdə tutulur) atasının ölümündən sonra anası və bacası ilə birgə dayısının fermasına köçür və orda tarlada gözətçi olur, təhsildən uzaq düşür, bu vəziyyətə anası Zübeydə xanımın ürəyi dözmür, Mustafanın təhsil alması üçün bütün çətinliklərə baxmayaraq Selanikə geri dönür və beləliklə M. K. Atatürk təhsilinə davam edir.  Elə həmin məqamda mən Emin Pirinin təmkinli görkəminin, həyalı simasının sirrini çözmüş oldum. Bu sirr kim idi? Ana idi. Şairin ilk müəllimi olmuş anası idi. Bu sirr nə idi? Zamanında verilmiş doğru, düzgün tərbiyə, təhsil idi. Emin Piri – möhtəşəm bir ananın əsəridir. Vətən anadan başlayır deyirlər. Vətən, xalq öz qeyrətli, vicdanlı, mübariz oğullarını  layiqli, gözəl analara, Zübeydə analara borcludur. Əllərinizdən öpürəm, gerçək analar, gözəl analar.

Müəllif: Turan NOVRUZLU


TURAN NOVRUZLUNUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN AYB YARANDIĞI GÜNDÜR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ

Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılmışdır. O vaxta qədər Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birliklərin və məclislərin tərkibində fəaliyyət göstərirdilər. 1923-cü ildə Azərbaycan yazıçılarını bir təşkilatda birləşdirmək zərurəti meydana çıxarkən bir neçə yazıçı çap etdirdikləri müraciətdə “Türk ədib və şairlər ittifaqı dərnəyi” təsis etdiklərini bildirdilər. Həmin ədəbi birlik “İldırım” adlanırdı. “Qızıl qələmlər” ədəbi cəmiyyəti də təxminən bu dövrlərdə formalaşmış, öz ətrafına gənc ədəbi qüvvələri toplamışdı. Bu cəmiyyət əsaslı və ədəbi təşkilat kimi 1925-ci il dekabrın 25-də Bakıda yaradıldı, ədəbi dərnəkləri öz ətrafında birləşdirdi. “Qızıl qələmlər” cəmiyyəti tez-tez müşavirələr, ədəbi gecələr, görüşlər, məruzələr təşkil edir, tədbirlər həyata keçirirdi. “Maarif və mədəniyyət” jurnalında (indiki “Azərbaycan” jurnalında), “Kommunist” və “Gənc işçi” qəzetlərində müntəzəm verilən ədəbi materiallar, “Qızıl qələmlər”, “Oktyabr alovları” almanaxları və ayrı-ayrı məcmuələr ədəbiyyatın təbliğinə, kütləvi surətdə yayılmasına xidmət edirdi.

Təşkikatın rəhbərləri:

1934 – 1936 Məmmədkazım Ələkbərli

1936 – 1938 Seyfulla Şamilov

1938 – 1939 Rəsul Rza

1939 – 1940 Süleyman Rəhimov

1941 – 1944 Səməd Vurğun

1944 – 1945 Süleyman Rəhimov

1945 – 1948 Səməd Vurğun

1948 – 1954 Mirzə İbrahimov

1954 – 1958 Süleyman Rəhimov

1958 – 1965 Mehdi Hüseyn

1965 – 1975 Mirzə İbrahimov

1975 – 1981 İmran Qasımov

1981 – 1986 Mirzə İbrahimov

1986 – 1987 İsmayıl Şıxlı

1987 – indiki dövrü Anar

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC

ZAUR USTAC

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BUDAQ TƏHMƏZİN ŞEİRLƏRİ

BUDAQ TƏHMƏZ

VƏTƏN OĞULLARI
Qarabağ sinmədə açılan şırım,

Xocalı köksümdə düşən ildırım.

Mən bu ağır yükü necə qadırım?

Tapdaq altındadır Kəlbəcər, Şuşa,

Vətən oğulları qalxın döyüşə!

* * *

Səsimiz yayıldı yer kürəsinə,

Daha baxan yoxdur haqqın səsinə,

Hər xalq güvənməli öz qüvvəsinə,

Tapdaq altındadır Kəlbəcər, Şuşa,

Vətən oğulları qalxın döyüşə!

* * *

Atıl döyüşə ey Vətən oğlu,

Səni gözləyən var qolları bağlı,

Analar saç yolur sinəsi dağlı,

Tapdaq altındadır Kəlbəcər, Şuşa,

Vətən oğulları qalxın döyüşə!   

* * *

Qoymayın yadlaşa şəhid oğullar,

Türkün ad-sanı var, türkün soyu var,

Düşmənin yurdunu eləyin tarmar,

Tapdaq altındadır Kəlbəcər, Şuşa,

Vətən oğulları qalxın döyüşə!

* * *

Qələmi süngüdür Budaq Təhməzin,

Mərdləri axtarın, mərdləri gəzin,

Birləşin, birləşin düşməni əzin,

Tapdaq altındadır Kəlbəcər, Şuşa,

Vətən oğulları qalxın döyüşə!

YARALI AZRBAYCAN

Qəzəbimi sıxmışam ürəyimin başına,

Baxıram Vətənimin torpağına, daşına,

Qoy hamı xəbər versin dostuna, yoldaşına,

Qoymayaq qanı yerdə, biz alağın qana-qan,

Birləşib bütöv olsun yaralı Azərbaycan.  

* * *

Ayrı düşüb elimdən Təbrizim, Qarabağım,

Günü-gündən qövr edir, sağalmır sinə dağım,

Kəlbəcərdə Şuşada dağılıb bəy otağım,

Qoymayaq qanı yerdə, biz alağın qana-qan,

Birləşib bütöv olsun yaralı Azərbaycan.

* * *

Ey Vətən oğulları, siz eşidin səsimi,

Haqqı demək üstündə soyulubdu Nəsimi,

Bütün yer kürəsində ucaldıram səsimi,

Qoymayaq qanı yerdə, biz alağın qana-qan,

Birləşib bütöv olsun yaralı Azərbaycan.  

* * *

Qələmimi əlimdə süngiyə döndərmişəm,

Neçə satqın yaltağı zindana göndərmişəm,

Hər kəlməmi, misramı mərmiyə döndərmişəm,

Qoymayaq qanı yerdə, biz alağın qana-qan,

Birləşib bütöv olsun yaralı Azərbaycan.  

* * *

Boğağın yuvasında azğın, mənfur yağını,

Hələ görməyib gözü nə solu, nə sağını,

Zirvələrə qaldıraraq qələbə bayrağını,

Qoymayaq qanı yerdə, biz alağın qana-qan,

Birləşib bütöv olsun yaralı Azərbaycan.  

QALX AYAĞA

İlham çoşdu söz üstündə havalandı,

Ana torpaq yaralıdır nə zamandır.

Qarabağım yada düşdü, bağrım yandı,

Son sözünü söylə qardaş, qalx ayağa.

Ya qalib gəl, ya qurban get bu torpağa.

* * *

Mersedesdə çoxu gəzir harın-harın,

Vətənimdə vətənsizdir qaçqınlarım.

Didir mənim ürəyimdə qəm, qubarım,

Son sözünü söylə qardaş, qalx ayağa.

Ya qalib gəl, ya qurban get bu torpağa.  

* * *

Satıqınların üzə çıxır pərdə-pərdə,

Söz deməyə utanıram  məclislərdə,

Ürək daha dözə bilmir belə dərdə.

Son sözünü söylə qardaş, qalx ayağa.

Ya qalib gəl, ya qurban get bu torpağa.

* * *

Budaq Təhməz haqq yolundan dönən deyil,

Vətən üçün alovlanıb sönən deyil,

Türk oğludur, qürurundan yenən deyil,

Son sözünü söylə qardaş, qalx ayağa.

Ya qalib gəl, ya qurban get bu torpağa.

Müəllif: Budaq TƏHMƏZ

BUDAQ TƏHMƏZİN YAZILARI

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ALLAHVERDİ BAĞIROV HAQQINDA

AĞDAMIN QƏHRƏMAN ÖVLADLARI
(Allahverdi Teymur oğlu Bağırov haqqında)
Ağdamın çoxlu şəhidi, minlərlə qazisi və qəhrəmanı var. Ötən əsrin səksəninci illərindən Azərbaycan məlum münaqişəyə cəlb olundu. Ağdam hadisələrin mərkəzində olduğuna görə burada proseslər sürətlə cərəyan və inkişaf edirdi. Bütün bunların fonunda Ağdamın qorxmaz, sözübütöv mərd oğulları özlərini sözün əsl mənasında yurdsevər qəhrəmanlar kimi göstərməyə başladılar. Şiddətli döyüşlərin getdiyi doxsanıncı illərdə Şirin Mirzəyev, Allahverdi Bağırov, Asif Məhərrəmov (Fred Asif), İxtiyar Qasımov, Natiq Əhmədov, Rövşən Hüseynov kimi ölümündən sonra Milli Qəhrəman adını almış onlarla igid mübarizənin ön sıralarında idi. Bu yazımız Ağdamın qəhrəman övladlarından biri – Azərbaycanın Milli Qəhrəmanı Şəhid Allahverdi Bağırov haqqındadır.


ALLAHVERDİ BAĞIROV HAQQINDA
Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Yeddi qız övladından sonra dünyaya gəldiyinə görə ailəsi onu Allahın payı sanıb adını Allahverdi qoymuşdular. Bu ad həm də onun ana babasının adıdır.
O, gənc yaşlarından cəsarətli, qorxmaz, sözübütöv və haqsızlığa dözməyən adam idi. Ona görə də davakar kimi tanınırdı. Hətta müəllimlərindən kimsə bir şagirdin haqqını tapdalayırdısa, ona da etirazını bildirirdi. Sinif rəhbəri və dil-ədəbiyyat müəllimi Qənirə Məmmədova onunla fəxr edirdi. Məmmədova hər yerdə fəxrlə deyirdi ki, “mən Allahverdinin oxuduğu sinfin rəhbəriyəm”. A.Bağırov orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə almışdı. O, gənc yaşlarından həm də gözəl təşkilatçılıq qabiliyyətinə malik idi. İnsanları ətrafına yığmağı bacarırdı.
Kiçik yaşlarından idmana, xüsusilə futbola, yüngül atletikaya və voleybola böyük maraq göstərmişdi. Məktəb illərində və sonrakı dövrdə idmanın müxtəlif növləri üzrə yarışlarda Ağdamı təmsil edən komandaların qazandıqları qələbələri xidmətləri olmuşdu. O, Ağdamın “Qarabağ” futbol
klubunun şərəfini qorumuşdu. 1970-ci ildə Füzulidə “Qizil sünbül” kubokunda Ağdam – Cəbrayıl oyununda komandanın kapitanı kimi iştirak etmişdi.
1976-cı ildə klubun baş məşqçisi təyin olunmuş və həmin ildə keçirilmiş Ümümittifaq birinciliyində Azərbaycanın dördüncü yeri tutmasında böyük əməyi olmuşdu. Keçmiş futbolçu Müşfiq Hüseynov Allahverdi Bağırov haqqında bunu demişdir:
“İlk məşqçim, rəhmətlik milli qəhrəman Allahverdi Bağırov olub. Allahverdi müəllim futboldan öncə bizə dürüst olmağı öyrətmişdi. Bizə həyata müstəqil olaraq atılmağımızda rəhmətliyin böyük əməyi olub. Həqiqətən də o, futbolçulara gözəl bir örnək idi.”
1991-ci ildə “Qarabağ” və “Neftçi” veteranları arasında keçirilən oyunda iştirak etmişdi. 1:1 hesabı ilə başa çatan qarşılaşmada Ağdam klubunun qoluna Allahverdi Bağırov imza atmışdı.
Bağırov Ağdam əhalisinin göstərdiyi maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünü müdafiə dəstələrinə fəal köməklik etmişdi. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşmuşdu. Müharibə zamanı Ağdam Xalq Cəbhəsinin sədri seçilmişdi. Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Ağdama Allahverdi Bağırov sancmışdı.
1988-ci ildə Ağdamda ilk müdafiə dəstələrinin formalaşmasında böyük rolu olmuşdu. Həmin ildə dövlətin xəbəri olmadan Əsgəranla Ağdam arasında keşikçi postu yaradılanda ora könüllü gedən ilk şəxs onun qardaşı Eldar Bağırov oldu. Sonra ermənilərlə həmsərhəd olanbütün kəndlərdə belə postlar yaradıldı.
1991-ci il oktyabrın 1-də Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələri Allahverdi və Eldar Bağırov qardaşlarının komandirliyi altında yaradıldı. Eldar Bağırovun rəhbərlik etdiyi hərbi hissə 845 nömrəli Ağdam Ərazi Özünümüdafiə taboru idi. 760 nəfər döyüşçüsü olan batalyona “Vətən oğulları” adı verildi. Həmin ildə onun qardaşı Eldar Bakıda Ali Sovetin iclasından qayıdarkən yaşadığı evin qarşısında şəhid edildi. Qardaşı Eldarın ölümündən sonra A.Bağırov ona matəm əlaməti olaraq həmişə saqqal saxladı. E.Bağırovun şəhadətindən sonra batalyonun komandiri Allahverdi bəy oldu.
1991-ci ilin avqust ayında Allahverdi Bağırov Rəhim Qazıyevın müdafiəsinə qalxaraq uşaqlıq dostu Cəfər İmaməliyevlə savaş həddinə gəldi. Cəfərin açdığı atəş nəticəsində Bağırov ayağından yaralandı.
1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın etmiş, 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləmiş, Pircamal kəndindəki bütün yüksəklikləri tutmuş, Kətük kəndi ilə üzbəüz mövqe qurmuşdu. Bu əməliyyatı başa çatdırmaq və erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi iki saat lazım oldu. Bu əməliyyata görə Allahverdi Bağırov “General Məhəmməd Əsədov” adına mükafata layiq görüldü. 2015-ci ildə Qarabağ qazisi Bakir Behbudovun verdiyi müsahibədən: “Allahverdi Bağırov yeganə komandir idi ki, qabaqda gedirdi. O, çox ciddi, tələbkar adam idi. Bir dəfə kəndi alanda dedi ki, birdən kimsə kənddə əhalini qarət edə, doğma oğlum da olsa, güllələyəcəm. Biz oğurluğa getmirik, torpaq almağa gedirik”.
1992-ci il mayın 3-də ermənilər Bağırova məlumat verdilər ki, ayın 8-də Şuşa işğal olunacaq. O da həmin məlumatı bizim bütün dövlət qurumlarına çatdırmışdı. Həmin ay Bağırov qərargaha beş əsgəri çağırtdırıb birlikdə plan hazırlamağa başladı.
Allahverdi Bağırovun ən böyük hərbi uğuru 1992-ci il 12 iyun Aranzəmin döyüşündə olmuşdur. Aranzəmin kəndi uğrunda döyüşlərdə 100 erməni məhv edilmiş və 10 düşmən əsir götürülmüşdü.
Xocalı soyqırımı zamanı həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyitləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində onun böyük xidməti olmuşdu. Həmin əməliyyatlar zamanı Ağdam rayonu 300 nəfər şəhid vermişdi. Bağırov erməni polkovnik Vitali Balasanyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdi. Bağırov erməni əsirləri avtobusla gətirib sahiblərinə təhvil verdi. O, cəsədləri Ağdam məscidində, kəfənlədib torpağa tapşırırdı, Ağdamın Qarağacı qəbiristanlığında Azərbaycan əsirləri təhvil aldı.
Səkkiz gün erməni əsirliyində işgəncələrə məruz qalmış Hüseynağa Aydın oğlu Quliyev:
”Məni əsirlikdən qurtarmaq üçün Ağdam döyüşlərində əsir düşmüş Suriyadan olan erməni ilə dəyişməli idilər. Belə də oldu. Ermənilər Milli Qəhrəman Allahverdi Bağırova pul təklif etmişdilər ki, həmin Suriya ermənisini qaytarsın. Amma yeri behişt olsun, rəhmətlik Allahverdi kişilik göstərib ermənini pula deyil, mənə dəyişdi. Anamı da buraxdılar.“
Məhz Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrini lentə almaları mümkün olmuşdu.
Bağırovu Xocalı faciəsi çox sarsıltmışdı. Xocalı qadınlarını və qızlarını görəndən sonra özünə gələ bilmirdi. Xüsusilə də 9 yaşlı qız uşaqının vəhşicəsinə öldürülməsi ona pis təsir etmişdi.
2015-ci ildə telejurnalist Nadejda İsmayılovanın verdiyi müsahibədən:
”Onun üzündəki solmuş təbəssümü, yorğun sifətinı unuda bilmirəm. Mənə elə gəlirdi ki, bu güclü, cüssəli oğlan gözlərimin qarşısında bu dəqiqə səndirləyib yıxılacaq. Heç kim bilmirdi ki, o, nə zaman yatır. Ümumiyyətlə yatırmı? Mən çəkiliş qrupumuzun rejissoru Namiq Şirəlibəyov və operator İzzət Əzizovla çəkilişləri səhər o başdan başlayırdıq, eşidirdik ki, Allahverdi artıq hardasa insanların köməyinə çatır, üzərinə düşən hansısa əməliyyatı yerinə yetirir. Gah ermənilərlə danışıqlarda olurdu, gah meyit dəyişirdi, gah da ağlayıb-sızlayan ana-bacıların ətrafında onlara ürək-dirək verir, saçlarını tumarlayırdı. Qəfildən gedib postları yoxlayırdı, Ağdamı qoruyan uşaqların ayıq-sayıq olmaları üçün tapşırıqlar verirdi. Bir də görürdün ki, əlinə bir dəfə də tüfəng götürməyən müdafiəçiləri silahla davranmağı öyrədir. Allahverdi Əsgərana – döyüşlərin ən qızğın mərkəzinə gedib oradan ermənilərdən ya ölümüzü, ya dirimizi alıb gətirirdi. Bu erməni silahlı əsgərləri ilə qarşılaşmanın hər dəqiqəsində ölüm var idi.


Allahverdi Bağırovun məzarı
1992-ci ilin 12 iyunda təcili iş üçün Ağdama çağırılan Allahverdi Bağırovun maşını Naxçıvanikdən geri qayıdarkən minaya düşdü. Maşında olan digər üç nəgər sağ qalsa da, Allahverdi Bağırov, sürücüsü və Nizami həkim şəhid oldular. Tankçı Sevil Abbasovanın sözlərinə görə, onu “ancaq sənədlərindən tanıya bildik.”
Bağırov həlak olandan sonra Bakıdakı Şəhidlər Xiyabanında ona qəbir qazılmışdı. Lakin müəyyən səbəblərə görə qardaşı Eldar Bağırovun yanında — Ağdam rayon Şəhidlər xiyabanında dəfn edilmişdi. Ailəli idi, Elşən adlı oğlu, Aynur və Zümrüd adlı qızları var. Allahverdi Bağırov üçün qazılan qəbirdə isə Azərbaycanın Milli Qəhrəmanı, ondan bir gün sonra həlak olmuş Çingiz Mustafayev dəfn edilmişdir.
2014-ci ildə futbolçu Elşad Xudadatovun verdiyi müsahibədən:
” Allahverdi Bağırov döyüşdə həlak olanda hamımızı ağlamaq tutmuşdu. Oyunların birinin start fitindən sonra onun ruhunu bir
dəqiqəlik sükutla yad edərkən “qrad” atdılar. Mərmi stadiona düşdü. İnanın, futbolçulardan heç biri yerindən tərpənmədi…


Hamının gözlədiyi o gün yetişdi. Şanlı ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad edərək, ərazi bütövlüyümüzü bərpa etdi. Bu gün Allahverdi Bağırovun övladları onun məzarını ziyarət edə bilirlər. Yaxın gələcəkdə bizi daha möhtəşəm qələbələr gözləyir. Biz buna əminik!

Müəllif: NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVA

AJB -nin üzvü,”Yazarlar”jurnalının əməkdaşı,”Bizim Qala”jurnalının redaktoru, ”Qürur”bədii Yaradıcılıq Mərkəzi nəzdində ”Xarıbülbül” əbəbi məclisinin sədri.

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru