Təranə Məmməd yazır
“Atamla düşmən tərəfindən dağıdılmış, sökülmüş, viran qoyulmuş evimizə yaxınlaşdıq. Bu evimizlə, doğma kəndimizlə son dəfə vidalaşdığımız gün idi. Gördüyüm mənzərə heç vaxt gözümün qarşısından getməyəcək. Həyətə səpələnən kitabları görəndə dəhşətə gəldim. Evimizdə iki kitabxana var idi. Xalamın kitabları da bizim evdə idi. Yağı düşmən sanki bu evdə cəza verməyə insan tapmadığından bütün qəzəbini kitabların üstünə tökmüşdü. Bir anlıq qaçıb kitabları yerbəyer etmək, hamısını birdən qucaqlayıb götürmək istədim. Anacaq heç birini etmədim. Əyilib cəmi iki kitab götürə bildim…”– bu sözləri göz yaşlarını zorla saxlayaraq deyən insanın hansı hislər keçirdiyini təsəvvür edəndə qaçqınlıq, köçkünlük həyatını yaşayanların nə qədər güclü olduqları haqda bir daha düşündüm.
Gör nə qədər güclü olasan ki, evsiz, eşiksiz qalıb nəinki əzilməyəsən, sınmayasan, hətta ayağa qalxıb ömrünü, gününü Qarabağda zəfər çalana qədər sözünlə, yazdığın əsərlərlə, gördüyün işlərlə düşmənlə mübarizə aparasan! Bir zaman döyüşcü olaraq doğma kəndin uğrunda vuruşduğun kimi hər saat, hər an dilindən Qarabağ kəlməsi düşməyə. Məhz belə yaşadı o. Evdə, çöldə, tədbirlərdə , harda olsa qələbəyə ümidini itirmədən uzun illər həsrətdən danışdı bu adam.
Hamımızın yaxşı tanıdığı, Azərbaycanın hər qarışını, doğma Qarabağı canından artıq sevən və övladlarına sevdirən qazi şair, yazıçı və xeyirxah insan, əslən Ağdamın Yusifcanlı kəndindən olan Zaur Ustac dan gedir söhbət.
Zaur Ustacın heç kimdən heç nə ummadan, Azərbaycan xalqının dəyərlərinə yüksək qiymət verərək, böyük-kiçik yerini bilərək Azərbaycana etmək istədikləri həddindən artıq çoxdur. Hər dəfə onun FB səhifəsini açanda yeni bir fikir, yeni bir layihə ilə rastlaşırıq. Hərdən mənə elə gəlir ki, bu insan gecə-gündüz dayanmadan çalışır. Bu yaxınlarda səhifəsində dostunun onunla yazışmasına rast gəldim.
– Sənin işlərin nə vaxt bitəcək?– dostu soruşur
– Heç vaxt. Sadəcə bir gün yarımçıq qalacaq...- deyə cavab verir Zaur Ustac.
Yaşının, həyatının çiçəkləndiyi bir vaxtda bu insan həyatının bitməsindən çox işlərinin yarımçıq qala biləcəyindən narahatdır.
Bu gün bu maraqlı, bəzən qeyri-adiliyi ilə fərqlənən insanın doğum günüdür. Adətən belə gündə dostlara, yaxınlara, qohumlara böyük bir fürsət verilir ki, onlar ürəyində olan xoş sözləri, arzu və diləkləri doğum günü olana desinlər. Mən də bu fürsətdən istifadə edib Zaur Ustacı təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yaradıçılıq uğurları arzu edirəm.
Müəllif: Təranə MƏMMƏD
yazıçı, şair, tərcüməçi. AYB üzvü.
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru