“DÜNYA SƏNİN, DÜNYA MƏNİM, DÜNYA HEÇ KİMİN”
Yay tətili girəndən nəvələr Fəxri Xiyabana getmək istəyirdi. Vaxt edə bilmirdim, iş elə gətirdi ki, rayondan bacımın uşaqları da gəldilər. Gördüm onların da çox həvəsi var Şəhidlər Xiyabanına, Fəxri Xiyabana getməyi, uşaqların diliylə desəm ,,Heydər baba”nı ziyarət etməyi çox arzulayırlar….
Və getdik.
İlk olaraq Şəhidlər xiyabanını ziyarət etdik, sonra 1-ci və 2-ci Fəxri Xiyabanlarda olduq. Təbii ki, Ulu Öndərdən başlayaraq demək olar ki, bütün xiyabanı gəzdik. Tanıdıqlarımın hansısa misrasını, ya rolunu, ya fəaliyyətini deyib, kimlikləri barədə uşaqlara məlumat verirdim…
Amma demək istədiyim, bu deyil, özümə də maraqlı olan bir məqamdı. Hər üç ziyarətgahda qulağımda yalnız bir mahnı sözü, musiqi səslənirdi;
” Dünya sənin, dünya mənim, dünya heç kimin”
Və həmişə dediyim kimi, yenə də tam təsdiqləyirəm ki, söz adamlarında beyinə qoşulma var. Yüz il əvvəl dünyadan köçənlə də ola bilər, qalanla da…
Sıra ustad şairlərdən birinə çatanda və üstünü oxuyanda gözlərimə inanmadım. 7-dən, 77-yə kimdən soruşsan ki:-
” Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim” misraları kimə məxsusdur? Heç şübhəsiz ki, düşünmədən həmin şairin adını sevə-sevə çəkəcəklər. Və ya,
” Səndən mənə bir ömürlük xatirə,
Məndən sənə nə qalacaq, bilmirəm” deyən ustad şairin məzarı üstündə məhs, mənim qulağımda səslənən misralar yazılmışdı. Bəli, məhs o misralar, mat qaldığım bu oldu, niyə mənim qulağımda o misralar səslənirdi, başqa bir şeirdən başqa misralar olsaydı…
O möhtəşəm misralar ola bilsin ki, dəyərli Irade xanımın təşəbbüsü ilə yazılıb. Bəlkə də hörmətli Aqil müəllimin məsləhəti ilə yazılıb, bilmirəm… Bildiyim bir şey var ki, mənim qulağımda səslənən o sözləri sinə daşında oxudum və bir daha ustadın böyüklüyünə heyrət elədim:
” Bu get-gəllər bazarına dəvədi dünya,
Bu ömür-gün naxışına həvədi dünya.
Əbədiyə qəh-qəh çəkər əbədi dünya,
Dünya sənin, dünya mənim, dünya heç kimin “
- Dünyanı dəvəyə bənzədən şair, bu sözlərdə əfsun var, irfan var, yaranış var, əzəl var, axır var…
Həqiqətən dünya dəvədi, həm kini var, həm mehri, çəkdikcə çəkir, həvə dişləri ilə istədiyi şəkilə salır, əyir, bükür, döyür, çeynəyir və yaranışın aldanışına qəhqəhə çəkir, hər kəsə özünü sevdirir və sonda heç kimin olmur…
Mən şairin ruhuna əl qaldırıb dua oxusam da bu sözlərin sehrindən çıxa bilmirdim. Bəlkə elə qulağımda səslənən o sözlərin təsiri ilə hansısa bir qüvvə məni o məzara doğru apardı. Düzü heç düşünməmişdim…
” Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik,
Dünya sənin, dünya mənim, dünya heç kimin “
deyən Məmməd Arazın məzarını ilk dəfə ziyarət edirdim.
Dəqiq bilmirəm, bəlkə də 1986-cı il olardı bu şeiri oxuyanda, çünki hələ ata evində idim.
” Çevrəsindən çıxsa əgər sevda fırfıran,
Bir ümidin ətəyindən tutub da fırlan.
Eşidərsən pıçıldayır yıxılan, duran,
Dünya sınin dünya mənim, dünya heç kimin…”
Bir də, düz 36 il pıçıldadığım:
” Bu sevgidə kim uduzdu, kim uddu” misraları şairin sevgi heykəlini ürəyimizə əbədi həkk edib. Amma bu şeirin hər misrasında bir hikmət yatır, bu hikmıtli sözlərin sahibi isə heç kimin olmayan dünyanın səssiz bir guşəsində kirimişcə yatır…Yox, yanıldım, o kirimişcə yata bilməz, çünki elə iki saatlıq ziyarət zamanı o sözləri mənim qulağıma pıçıldadyaraq məni ziyarətinə çağırdı, o bu misralarla əbədi yaşayanlardandır!
“Ayaq saxla, dövrənə bax ötəri belə,
Min illərdi Araz belə, Həkəri belə.
Axşamların, səhərlərin təkəri belə,
Dünya sənin, dünya mənim, dünya heç kimin. Gülünclərə gülünc gələn bu ada güldüm,
Yüyəninə hər əl yetən bu ata güldüm.
Mən özümlə oynadığım şahmata güldüm…
Dünya sənin, dünya mənim, dünya heç kimin!
Ruhun qarşısında baş əyirəm, böyük şair Məmməd Araz!
………………
Ustadın ruhuna sayğılarımla.
Qoşa düşən milyonlara hey baxdım gendən,
Nə zər kimi cüt düşmədik doğulan gündən.
Ömür boyu sitat dedim ay şair, səndən,
“Dünya sənin, dünya mənim, dünya heç kimin”
Nə sevdamın fırfırasın tapa bilmədim,
Nə yıxılan ətəyindən tuta bilmədim.
Bu dünyada mən ümidə çata bilmədim,
Yana-yana pıçıldadım, “dünya heç kimin”
Səntək görən olmamışdı-dəvə dünyanı,
İçin-için sökdü yedi güvə, dünyanı.
Əsarətdə saxlayıbdı NÜVƏ dünyanı,
Əzəlindən olmayıbdı dünya heç kimin.
Bu dünyanı gülünc görüb, bezən şairim,
Nisgilndə Arazboyu üzən şairim.
Bir misrayla ürəklərdə gəzən şairim,
“Dünya sənin, dünya mənim, dünya heç kimin”.
MÜƏLLİF: ƏFŞAN YUSİFQIZI
Yazıçı-AYB-nin üzvü.
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru