ANONİM KİŞİ
Üzün yoxmu öz adınla üzə çıxmağa?
Maska altda gizləyərmi kişi üzünü?
Kişi qəfil büdrəyəni qoyarmı lağa?
Kişi kimi deməlidir kişi sözünü…
Özgələrin kölgəsində baş qatanları,
Əvvəl-axır tanıyacaq bu el naşı tək.
Gizli-gizli bostanıma daş atanları
Zaman özü tullayacaq sapand daşı tək.
Quyruğunu ələ verdin, keçib iş-işdən,
Harayına səsləyirsən indi hamını.
Sən almaqmı istəyirsən nurlu günəşdən
Öz kölgəli həyatının intiqamını?
Maskalanıb gizlənməsin kişilər gərək,
Kişi quyruq bulayarmı axı yadlara?
Başqa adlar arxasında kölgələnərək,
Kölgə salmaq istəyirsən nurlu adlara?!
Mən getsəm də, çıxmayacam elin yadından,
Çox olacaq xatırlayıb ananım, kişi.
Sənin qəlbin qovrulacaq hikkə odunda,
Halın niyə pərişandı, “Anonim kişi”?
Qabaq-qənşər döyüşlərdə batmaz div ona,
Öz nəfsinə heç olarmı əsir kişilər?
Namərdləri açıq-aşkar çəkər divana,
Yaxşılığı gizli edər əsil kişilər…
07.04.2020
Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru