
QOCASI, CAVANI OLMUR ŞAİRİN
Təmiz məhəbbətdir ömrə yaraşıq,
Ürəyim sevgidən doymaz heç zaman…
Şair qəlbindəki ilahi işıq
Onu qocalmağa qoymaz heç zaman.
Qopsa min fırtına, qopsa min tufan,
Vecinə də deyil uca şairin.
Sevginin qədrini bilməyən cavan
Yerini verərmi qoca şairin?
Qəlbi gözəllikdən deyil doyası,
Sevdalı sözlərdən kimlər güc almır?
Sevgiylə yoğrulub onun mayası,
Hər şey qocalsa da, sevgi qocalmır.
İlham çiçəkləri solmur şairin,
Qanadı yoxdu ki, qartal tək uça.
Qocası, cavanı olmur şairin,
Şair gah uşaqdı, gah müdrik qoca…
Sənsiz yatağıma qor ələnsə də,
Tale qismətimə adını yazdı.
Şairin saçına qar ələnsə də,
Şairin qəlbində həmişə yazdı…
12.07.2017
Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru