
ZƏHMƏTKEŞ ŞEİR
Qəzadandır qəfil azdıq düz yolu,
Söz soruşaq əyri kimdən bir zəhmət.
Haqqın tək bir, şərin var cüt yüz yolu,
Xeyir keçər sarı simdən bir zəhmət.
Göydə bulud, yerdə susan nə vaxtdır
Adəm oğlu… osan-busan nə vaxtdır…
Bardaş qurub oturmusan nə vaxtdır,
Heç çıxmırsan fikirimdən bir zəhmət.
Ətbaladır qar saçı ağ dən bilən,
Dost evini tost deməyə şən bilən…
Hər eyhamın bir himi var sən bilən,
Baş açmadım mən hər “cim”dən bir zəhmət.
Sulu gözdən, quru yurddan danışdıq,
Çək-çevirdən, vərə-vurddan danışdıq.
Ondan-bundan, itdən-qurddan danışdıq,
“Qulağı ağ qara Bim”dən bir zəhmət.
Lovğaları öyüb sevək ziyada,
Yalan-doğru nə var düşsün ki, yada…
Gəlib çıxdıq buralara piyada,
Ağ “Volqa”dan, qara “Zim”dən bir zəhmət.
Hapı-gopu düzgün əyib qurtulaq,
Kim xətirə niyə dəyib qurtulaq…
Yaxşıları mənimsəyib qurtulaq,
Pis xislətdən, bəq idimdən bir zəhmət.
07.12.2023.
Müəllif: SÜLEYMAN ABDULLA
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru