
ŞEİR YOLUMUZDAN ELƏDİ BİZİ
”Bir dövrdəyəm ki, nəzm olub xar…”
M.Füzuli
Həyat yollarımız dirəndi dağa,
Dumana büründük, çənə büründük.
Pula, var-dövlətə çevirib arxa,
Şeirin ətəyindən tutub süründük.
Vura bilmədilər iliyimizi,
Şirin əzabların ömrü uzandı.
Soruşan olanda kimliyimizi
Gülüb söylədilər: – Şeir yazandı!…
Ac adam nəğməni vecinə almaz,
Xidmət eləyəsən bu yurda gərək.
Şeirlə kimsənin qarnı tox olmaz,
Millətə ət gərək, yumurta gərək…
Çılğın ilhamımız şahə qalxanda
Məst olduq bir qızın məhəbbətindən.
Biz qərib durnaya gendən baxanda,
Kimsə kabab çəkdi durna ətindən.
Zəngin süfrələrə can atar afət –
Şairə çəkdiyi əzab qalacaq.
Kimindən var-dövlət, gözəl imarət,
Kimindən beş-altı kitab qalacaq.
Bəzəkli evlərə köçə bilərdik,
Ömrümüz keçərdi kef-damaq ilə.
İstəsək, o yolu seçə bilərdik,
Qazan doldurardıq qaz vurmaq ilə.
Həyat yollarında sındıq, əyildik,
Doğma obamızda yersiz olmuşuq.
Biz əvvəl bu qədər aciz deyildik,
Şeir yaza-yaza fərsiz olmuşuq.
Göz açıb dünyadan ilham alınca,
Zaman xəlbirində ələdi bizi.
Hərə çıxıb getdi bir iş dalınca,
Şeir yolumuzdan elədi bizi…
Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru