
MƏN DAĞLAR OĞLUYAM
Dənizi sevsəm də,
Mən dağlar oğluyam.
Əslimlə, kökümlə
Dağlara bağlıyam.
Şimşəyə çevrilib,
Göylərdə çaxıram.
Yağışa çevrilib
Yağıram, yağıram…
Həsrətdən çağlayır
Gözümün qorası.
Məkanım, oylağım
Dağ-dəniz arası.
Daşlara çırpılan
Dəli dağ seliyəm.
Sevgilim dənizin
Dərdindən dəliyəm.
Qoşulub yellərə
Zirvəyə qalxıram.
Qoşulub sellərə
Dənizə axıram…
Mən dəniz sevdalı
Bir dağlar oğluyam.
Əslimlə, kökümlə
Dağlara bağlıyam…
11.12.2021
Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru