İmperator I Nikolay onun güclü ordularını dəfələrlə məğlub etmiş qəhrəman sərkərdə ilə şəxsən görüşmək istəyirdi

İmperator I Nikolay onun güclü ordularını dəfələrlə məğlub etmiş qəhrəman sərkərdə ilə şəxsən görüşmək istəyirdi

İki rus sərkərdəsinin karyerasına son qoymuş azərbaycanlı general – II hissə

Şimali Azərbaycanın istilasını sona çatdırmaq istəyən çarizm 1826-cı ildə müxtəlif təxribatlarla İrəvan və Naxçıvan xanlıqlarını, eləcə də Qacarlar dövlətini yeni müharibəyə təhrik etdi.

Savaşdan əvvəl əsgərləri qarşısında qısa nitq söyləyən general Sər Aslan Həsən xan and içdi ki, Qafqazda yaşayan din və dil qardaşlarını kafir rusların əlindən qurtaracaqdır. İlk döyüşlərdə general Həsən xanın qoşunları uşaq qatili, infanteriya generalı, Aleksey Yermolovun (1771–1861) komandanlığı altında olan rus ordusuna ağır zərbələr vurdular. Ruslar Tiflis istiqamətində geri çəkilməyə məcbur oldular.

Bu qələbənin təsirilə Şimali Azərbaycanda ruslara qarşı alovlanmış ümumxalq üsyanı, bəzi mənbələrə görə isə, əsl inqilab nəticəsində işğalçılar Azərbaycan torpaqlarından tamamilə çıxarıldılar. Uğursuzluqlardan qəzəblənmiş rus imperatoru Çar I Nikolay Holstein-Gottorp (1796–1855) infanteriya generalı A.Yermolovu ikiüzlü və riyakar adlandıraraq hərbi xidmətdən qovdu, onun yerinə Ukrayna kazakı general-adyutant (1829-cu ildən sonra general-feldmarşal) İvan Paskeviçi (1782–1856) təyin etdi.

1827-ci ildə general-adyutant İ.Paskeviçin böyük ordusu yenidən (artıq üçüncü dəfə) İrəvanı mühasirəyə aldı. General Həsən xan süvariləri ilə şəhərdən çıxaraq ruslara qarşı partizan müharibəsinə başladı.

Alman əsilli rus tarixçisi, süvari generalı Vasili Potto (1836–1911) yazırdı: “Həsən xan əmr verdi ki, əyalətlər viran, taxıl sahələri isə məhv edilsin, erməni (hay) kəndləri yandırılsın, sərdarın (İrəvan xanının) iradəsinin ziddinə əkinə su verən hər bir erməni (hay) və tatar (azərbaycanlı) öldürülsün. Hər rus (hərbçisinin) başına görə yüz rubl, hər (satqın) erməninin başına görə isə əlli rubl vəd etdi. Həsən xan şəhəri mühasirəyə almış korpus üçün ən təhlükəli döyüş əməliyyatları sisteminə keçdi”.

V.Pottonun (1836–1911) yazdıqlarının ardına nəzər salaq: “Həsən xanın enerjisinə və hərbi təcrübəsinə təəccüblənməmək mümkün deyildi. Paskeviçin ifadə etdiyi kimi o, özünün bu keyfiyyətlərilə şahzadənin (Abbas Mirzənin) tələm-tələsik hesablamalarını dəfələrlə üstələyirdi. Araz çayının sahillərində apardığı əməliyyatlarla kifayətlənməyən Həsən xan qarnizonun ruh yüksəkliyini və enerjisini saxlamaq üçün hər cür yolla özü haqqında xəbərləri qalaya çatdırmağa çalışırdı. İki-üç gün ərzində rus postlarında qalaya doğru irəliləyən yeddi casus tutuldu. Mayın 14-də isə Həsən xan bütöv bir süvari bölüyünü hücuma göndərdi”.

Araz çayının sahillərində qoşun starşinası (mayor) Verjbitskini və onun 300 nəfərə yaxın ukraynalı kazakını aldadıcı manevrlə pusquya salıb qılıncdan keçirən Həsən xan Qacar bunun ardınca düşmənin kommunikasiya xətlərinə güclü zərbə endirdi. Nəticədə ruslar İrəvanın mühasirəsini dayandırıb geri çəkilməyə məcbur oldular.

1827-ci il avqustun 17-də Şahzadə Abbas Mirzə Qacarın (1789–1833) və general Həsən xan Qacarın komandınlığı altındakı Azərbaycan ordusu Ukrayna kazakı, infanteriya generalı Afanasi Krasovskinin (1781–1843) başçılıq etdiyi rus qoşunlarını Acıdərə döyüşündə dəhşətli məğlubiyyətə uğratdı.

İşğalçıların 4.000-ə yaxın zabit və əsgəri (rus mənbələrinə görə, 24 zabit, 1130 əsgər) məhv edildi. Lakin rus ordusunun hərbi potensialı tükənmək bilmirdi. 1827-ci ilin sentyabrında onlar Sərdarabad qalasını mühasirəyə aldılar. Həsən xan özünü yetirərək müdafiəyə rəhbərliyi öz üzərinə götürdü. Generalın və onun mücahidlərinin inadlı müqavimətinə baxmayaraq ağır topların tətbiqi qalanın taleyini həll etdi. Həsən xan təslim olmayaraq döyüşçülərilə birlikdə mühasirəni yarıb İrəvan şəhərinə qayıtdı.

Sentyabrın 22-də ruslar İrəvana doğru irəliləyib 3 gün sonra şəhəri tamamilə mühasirəyə aldılar. İrəvan 7 gün ərzində şiddətli artilleriya atəşinə məruz qaldı. V.Potto (1836–1911) yazırdı: “İrəvan şəhərindəki bütün tikililər mərmi zərbələrindən dağıldıqdan sonra sağ qalmış əhalinin bir hissəsi Həsən xanın yanına gələrək təslim olmasını istədi. Həsən xan isə onlara söyüş və lənət yağdıraraq bildirdi ki, sonadək müqavimət göstərəcək”.

Nəhayət oktyabrın 1-də İrəvan şəhəri süquta uğradı. Lakin Həsən xan söz verdiyi kimi axıradək döyüşüb sonuncu gülləsi ilə rus ordusunun ober-auditoru Belovu uzaq məsafədən başından vurub öldürdü. Ardınca mühasirəni yarmağa çalışdı və rus hərbçilərilə əlbəyaxa döyüşə girdi. Lakin qüvvələr qeyri-bərabər idi. Ruslar çətinliklə də olsa Həsən xanı əsir ala bildilər. Rus çarı I Nikolay Holstein-Gottorp (1796–1855) bu hadisəni böyük sevinc və razılıq hissilə qarşıladı.

V.Potto yazırdı ki, “İmperator I Nikolay onun güclü ordularını dəfələrlə məğlub etmiş qəhrəman sərkərdə ilə şəxsən görüşmək istədiyini bildirərək tapşırdı ki, onu böyük hörmətlə Sankt-Peterburqa yola salsınlar. Lakin siyasi vəziyyət onun Sankt-Peterburqa gəlməsinə mane oldu”.

Ruslar, xüsusilə Ukrayna kazakı, general-adyutant (1829-cu ildən sonra general-feldmarşal) İvan Paskeviç (1782–1856) Həsən xanın hərbi şücaətini və vətənpərvərliyini yüksək qiymətləndirir, onunla ehtiramla davranırdılar. Həsən xan da öz növbəsində Əmir Teymurun (1336–1405) məşhur qılıncını Rusiya imperatoruna hədiyyə göndərdi.

Amma bütün bunlara baxmayaraq, Türkmənçay müqaviləsi bağlandıqda yalnız üç azərbaycanlı sərkərdə – Naxçıvan xanı Kərim Kəngərli, İrəvan xanı Hüseynqulu Qacar və onun qardaşı Həsən xan Qacar müharibə dövründə işğalçılara çox ağır zərbələr vurduqlarına görə Şimali Azərbaycandakı bütün əmlaklarından məhrum edildilər. Digər Azərbaycan xanlarına isə icazə verildi ki, buradakı varidatlarını satsınlar və ya özlərilə aparsınlar.

İgid sərkərdə Həsən xan Sər Arslan 1855-ci ildə Kermanda ürək xəstəliyindən vəfat etdi. O, İraqın Nəcəf şəhərində İmam Əli əleyhissəlamın (600–661) məqbərəsinin yanında dəfn olundu. General Həsən xan Qacarın öz xalqı qarşısında xidməti Qərbi Azərbaycanın istilasını 23 il yubatması, bizim və rusların hərb tarixində şanlı iz qoymasıdır.

Onun qələbələri iki ən qəddar rus sərkərdəsinin – general-feldmarşal İvan Qudoviçin (1741–1820) və infanteriya generalı Aleksey Yermolovun (1771–1861) hərbi karyerasına son qoymuş, Qafqazın müsəlman xalqlarını bu hərbi canilərin qanlı əllərindən xilas etmişdi.

Tarix boyunca məşhur Şah I Abbas Səfəvidən (1571–1629) sonra hay təhlükəsini, bu cılız xalqın iddialarının əsl mahiyyətini dərk etmiş və ona qarşı barışmaz mübarizə aparmış ikinci azərbaycanlı məhz general Həsən xan Qacar olmuşdur. Haylar bugün də Sər Arslan Həsən xan Qacarı özlərinin əsas tarixi düşmənlərindən biri hesab edirlər.

Müəllif: Araz ŞƏHRİLİ

İlkin mənbə: Milli Kimlik

MİLLİ KİMLİK ARAŞDIRMALARI QRUPU

ARAZ ŞƏHRİLİNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir