Sülh küləyi vətən daşın darasın…
Azər Laçınlının şeirləri haqqında
Şair Azər Laçınlı ilə dağ qonşusuyuq, Xoşbulaq yaylağında, Qoşqar dağının ətəyində. Sazlı-sözlü bir adamdı, dağa aşiqdi. Laçın həsrətini Xoşbulaqda özünə bir kümə qaraltmaqla ovudub. Tez –tez mənə deyir- əlini uzadıb Qoşqarı göstərərək- Qoşqar dağının o üzü Kəlbəcərdi, bir az gedirsən Laçındı, sağa dönürsən, bir az da düz gedirsən, bir yal var, onu aşırsan, dərəni keçəndən sonra soldakı kənd bizim kənddi, Şeylan- Sonra addımları ilə o yana bu yana gedir, nəyisə göstərir- Qəşəm müəllim, yüz addım gedirsən qarşına çıxan ilk ev bizim evdi.
Evlərinin yerini göstərənəcən Azər nə qədər əli və ayağı ilə uzun yollar çəkir. Yorulmaq bilmədən. Əslində yol şairidir Azər. Onun şeirlərində yol vətəndir. Görün, nə deyir:
Yol tanıyır Azər yatan məzarı
Bir misrada Azər öz həyatını tam şəkildə verə bilib. Məhz yol məzarı tanıyırsa, demək, onun məzarının başı adamla dolu olur, yol tapdanır, yaşayır. Tapdanmasa, lələkləyir, ölür. Əgər Azər desəydi, məzarımı adamlar tanıyır, bu artıq hamının bildiyi və dediyi publisistikadır. Azər “yol”sözünə insan nəfəsini, sevgisini, düşüncəsini yerləşdirib. Məncə, şairlik də elə burdan başlayır. Və yaxud başqa bir misrada Azər yenə yolu qaralayır.
Ağ günlərə yollar keçir qaradan
Türk düşüncə tərzində qara böyük mənasını ifadə edir.Məşhur İran şairi Söhrab Sipehri yazır ki, qarada nə qədər rəng ölür. Əslində qarada neçə rəng yaşayır.Həqiqət saf qaranlığın içindədir. Qara saç olmasa, saçlarımız ağarmaz, ağlıq qaradan keçir.
Aşıq Ələsgər deyirdi ki, “Qşda dağlar ağ geyinər, yaz qara” yəni yaşıllıq, göylük qaranın içindədir. Allahın həqiqəti də qaranlığın bətnindədir, Günəş, işıq aldadıcıdır. Əsas saf qaranlıqdır. Azər bu cür informasiyalardan keçərək öz “həqiqətini” ortaya qoyur və bütün hadisələrin qaradan keçdiyini deyir, o cümlədən, yolun da…
Azər daim axtarışlara meyl edən şairdir. Obrazları dəqiqdir. Insanda elə cizgilər tapır ki, istər-istəməz dodağın ləpələnir. Aşağıdakı şeirə baxaq:
Adama rast oldum, tapmadm çıxış,
Şimaldır, bir cizgi üzündə yoxdur.
Insanın “cizgiləri” ilə yaxşı adam olmasını dəqiq ifadə edən bu iki misra göstərir ki, Azər bura qədər müəyyən bir yaradıcılıq yolu keçib. Yaxşılıq insanın ən başlıca cizgilərindən biridir. Heç olmasa bəd ayaqda ondan yapışmaq olur. Elə bir insana rast gəlirsən ki,onda heç bir cizgi tapa bilmirsən, şümaldır. Azər insanı ağaca bənzədir. Ağacın budaqları onun yaxşılıqlarıdır, cizgilər isə insanın.
Azər obrazlar şairidir, sadəcə bunu ayırıb seçmək gərək. Çünki onun saz havası üstündə yazdığı və oxuduğ şeirlər obrazlar sətənətini, xüsüəsən bədiilik qüdrətini kölgədə qoyur. Bununla da onun modern şeirləri kölkədə qalır. Bəzən elə blirlər ki, Azər sadəcə bir xalq aşığıdı.
Dumana açıbdı dağ dərə qapı,
Dumanın ilməsi bərəkət sapı.
Bahar butasına eşqin söyləyir,
Budaq sinəsində tumurcuq topu.
Bur şeirdəki materillar əsasən aşıq şeirinə aid elementlərdir. Ilmə, buta, eşq, duman, dərə, bərəkət, top və sair aşıq şeirimizdə çox işlənən, xüsusən heca və gəraylı “tikintisində” istifadə olunan ifadələrdir. Azər bu ifadələri bir yerə yığıb aşıq şeir formasından çıxararaq yeni bir xətt yaradır və bununla dünya şeirinə çıxır. “Dumanın ilməsi bərəkət sapı” misrası Azəri umumilikdən azad edir və onun fərdı yaradıcılıq stixiyasını təsdiqləyir.”budaq sinəsəsində tumurcuq topu” misrasında tumurcuğun topa bənzədilməsi gözlərimiz qarşısında tablo yaradır. Biz bu səhnəni dəfələrlə görmüşük, ancaq tumurcuğa top demək heç vaxt ağlımıza gəlməyib.
Bilirəm ki, Azər ona aşıq şair deyəndə bir qurur hissi keçirir. Agər onun şair adının yanından “aşıq” sözünü müvəqqəti silsəm, bilirəm ki, məndən küsər. Mənim fikrimcə, başqa aşıqlardan fərqli olaraq Azər modern şairdir. Aşağıdakı ifadəyə baxın:
Sülh küləyi vətən daşın darasın
Vətən daşını sülh küləyinin daraması ifadəsi ən gözəl orjinal ifadədir. Mənə elə gəlir ki, ədəbiyyatımızda az şair olar ki, sülh istəyini bu cür ifadə edə bilsin..Vətən daşını güllə də daraya bilər, bir az dərindən düşünsək, vətən daşı insan da ola bilər. Amma bütün məqamlarda şairin arzusu budur ki, daramaq və daranmaq məsələsində ancaq əsas rolda sülh küləyi olsun. Şair “daramaq” sözünə görə “sülh” sözünə “külək” sözünü qoşub. Və gözəl də alınıb.
Şairin əksər şeirlərində qəm – kədər öz atını dördnala çapır. “Dördnala” sözünü ona görə deyirəm ki, Azər atları çox sevir, həm də çox yaxşı tanıyır və at onun şeirlərindən bir obraz kimi keçir. Aşağıdakı şeirə fikir verək:
Xoş günləri qürbət eldə çağırdım,
Qəm tez uçub yuva qurdu sinəmdə.
Çünki şairin sinəsi həmişə qəm yuvasıdır. Bu, elə qəm ki, bunun həzzi bütün sevinclərdən üstündür. Şair qəmi daha da çox sevər, çünki bu qəmin müqabiləndə demək, hardasa bir mövcud olan gözəl bir düyğu var, insan var, bir sözlə, ayrıldığın böyük bir dünya var, “mən” var. Əgər bu qəm olmasaydı, axtardığın “O” da olmazdı. Qəmin şirinliyi hardasa, bir “mən”in olmasının təsdiqi kimi deyilmi? Aşağıdakı şeirdə də…
Yayda uca zirvə ağ görünsə də,
Güllər köynək yırtar qar ətəyində.
Azər həqiqətin lövhəsini o qədər gözəl yaradır ki, bəzən aşıq şeirinin hazır və köhnəlmiş qəlibləri ona fikrini tam ifadə etməyə imkan vermir. Şair dağın başındakı qarı köynəyə bənzədir və çiçəklər də bu köynəyi yırtır.Yəni həyat bu şeirdə var gücü ilə çırpınır. Gül və qar anlayışı 15 yaşlı qızın sinəsinə bənzədilir.Təbiətlə insanın oxşarlığı şair qələmində orjinal bir şəkildə sərgilənir.
Bir gün görəcəksən eşqimiz mənlə,
O son mənzilimə getdi, ay gedən.
Azərin mütaliəsi sazla bağlıdır. Onun kitabı sazın pərdəsi və havalarıdır. Amma o, bu havaları aşıq kimi yox, şair kimi hiss edir. Azər başqasının sözünü oxuyan aşıqlardan uzaqlaşır. Öz həqiqətinə enir. Biz bilmirik ki, bu “Ay gedən”nin adı nədir? Bu, kimdi, haradan gəlib, hara gedir? Min illərdir, gedir. Sarı Aşıqdan da gedib, Abbas Tufarqanlıdan da, İndi də Azərdən gedir. Və min llərdi o, öz həqiqətinə doğru addımlayır. Azərin əsas “işi” bu şeirdə budur ki, bu gedənin əvvəlinə bir “getdi” sözünü artırır. “O son mənzilimə getdi, ay gedən!” Bəli, hamı son mənzilə gedəcək amma o “ay gedən milyon il də keçsə, öz gedişində olacaq. Dünyaya gələn hər yeni şair bu “Ay gedən”i saxlamaq istəyəcək, amma o, dayanmayacaq.
Müəllif: Qəşəm Nəcəfzadə,
“Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri.
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru