TARİX MÜƏLLİMİNİN AÇIQ DƏRSİ, YOXSA EMİN PİRİNİN “27 OKTYABR”A ŞEİRİ.

TARİX MÜƏLLİMİNİN AÇIQ DƏRSİ,
YOXSA EMİN PİRİNİN “27 OKTYABR”A ŞEİRİ
.

Tarix müəllimi, jurnalist, Vətən müharibəsi iştirakçısı (baş leytenant), şair Emin Pirinin” 27 oktyabra ” şeiri bir şeirdən çox tarix müəlliminin növbəti açıq dərsi təəssüratını yaradır adamda.
27 oktyabr nə deməkdir?

“Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” 2021-ci il 8 fevral tarixli Sərəncama əsasən oktyabrın 27-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında beynəlxalq Qars müqaviləsinin 100-cü ildönümünə həsr olunmuş yubiley tədbiri keçirilmişdir. Qars müqaviləsinin (13 oktyabr 1921) imzalanmasından 100 il ötür.
Qars müqaviləsinə görə Naxçıvan ərazisinin Türkiyə ilə sərhədi Arazdəyən stansiyasına qədər 11 kilometr uzunluğunda müəyyən edilmiş, İranla 176 kilometrlik sərhədi isə 1828-ci il Türkmənçay müqaviləsində müəyyən olunduğu kimi saxlanmışdı.
Beləliklə, 1918-ci ildən başlayaraq naxçıvanlıların qəhrəmanlıqla, inadla, ardıcıl, cəsurluqla və ciddiyyətlə apardıqları mübarizənin, Azərbaycan və Türkiyə diplomatlarının məqsədyönlü, səbrli fəaliyyətləri, xüsusilə Behbud Ağa Şahtaxtinskinin dəmir iradə ilə apardığı diplomatik manevrlər, yazdığı məktublar, müraciətləri və təklifləri sayəsində əvvəlcə Moskva, sonra isə Qars müqavilələrində Naxçıvan vilayəti Azərbaycanın tərkibində muxtar ərazi kimi Rusiya, Türkiyə, Gürcüstan və Ermənistan tərəfindən tanındı və Naxçıvana beynəlxalq hüquqi təminat verildi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusunun verilməsində Qars müqaviləsinin əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: “Naxçıvanın statusunu qoruyub saxlamaq üçün xüsusən Moskva müqaviləsinin və xüsusən Türkiyə Cümhuriyyətinin imzaladığı Qars müqaviləsinin burada böyük əhəmiyyəti olubdur. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.

“Səni indi sevdim.
Gülən gözlərinin ardındakı dərdlərini-
sevdim keçmişini.
Ürəyi sözlərində döyünən körpə səslərini-
sevdim gələcəyini.”

Zənnimcə tarix müəlliminin Naxçıvan sevgisi Atamın (M. K. Atatürk) Hatay eşqi, Heydər babanın (H. Əliyev) Naxçıvan sevgisi kimi ülvidir, atanın öz körpə övladına sahib çıxdığı kimi sahib çıxmışdılar öndərlərimiz Naxçıvana, Hataya. Eləcə də şair o ülvi sevgiyə sadiq qalan Vətən sevdalısıdır.

“Sevdim
el var, oba var –
daha demirəm nəyini sevdim.”

Bu misralar nədənsə mənə Əsabu – Kəf əfsanəsini xatırlatdı. Rəvayətə görə hökmdarın zülmlərindən və özünü Allah adlandırmasından bezən bir neçə nəfər hökmdardan və el-oba qınağından baş götürüb qaçırlar və mağaraya sığınırlar.

” Səni üzənin evi yıxılsın,
yıxılsın lap belə nəyi yıxılsın…
Fitili çəkilmiş qumbarayam
at məni
dərdlərinin səngərinə.
Bakıdan Naxçıvana kimi
bir türkü olaram qulaqlarında”

Türkü nədir? Bütün müstəvilərdə mahnı ilə sinonimləşir. Xalq ədəbiyyatında çox geniş şəkildə yayılmış şeir nümunələridir. Qəhrəmanlıq, məhəbbət, təbiət gözəlliklərinin təsviri və s. mövzularda olur. Bu misralarda zabit Piriyev doğma Səngəri xatırlayır, lazım gəlsə qumbaraya, oda, alova dönərəm, yəni Bakıdan Naxçıvana qədər Türkü olaram- qəhrəmanlıq nəğməsi olaram, şücaət göstərib Sənin hər qarışını qoruyaram deyə Vətənə müraciət edir.

“… ötüb Zəngəzur səmasından:
əllərim əlinə dəydikdən sonra
sonu istər ölüm olsun,
istər ayrılıq”.

Zəngəzur dəhlizi nədir? – Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizidir. Tarix müəllimi gələcək nəsillərə dəhlizin önəmini bir mesaj olaraq ötürür.

“Səni səhər sevdim-
Azan gözləyən müəzzin kimi.
Səni günorta sevdim-
damla olmaqdan bezib
günəşə buxar kimi qaçmaq istəyən
Su damlası kimi.
Səni axşam sevdim-
demirəm necə sevdim…”

Bu misralar yenə Əsabu-Kəf rəvayətinə götürür məni. Xüsusən də “su damlası” ifadəsi…
Əshabi-Kəhfin yaxınlığında Dəmçixana adlı bir dağ vardır. Bu mağaradakı su damcısını rəvayət belə izah edir. Təmliha və onun dostları Əshabi-Kəhfdə yatdıqları zaman mağaranın girəcəyində olan bulaq möcüzəli şəkildə Dəmçixana dağına keçmiş və müəyyən vaxtlarda bu mağaradakı su damcılarına çevrilmişdir. Yerli camaatda belə bir inam vardır ki, öz taleyini bilmək istəyən hər bir kəs Dəmçixanaya getməli və oradakı mağaraya girib su damcısının başına damcıladığı vaxtadək orada dayanmalıdır. Damcının başına düşməsi həmin şəxsin arzusunun gerçəkləşəcəyi deməkdir. Əgər bu baş verməsə, nəzərdə tutulmuş işin uğurlu nəticəsini gözləməyə dəyməz.

“Səni axşam
Səni günorta
Səni səhər sevdim,
Demirəm necə sevdim
Ay zalım sevdim səni.

Yenə rəvayətə istinad edək : “Onların altısı da dincəlmək üçün mağaraya girdilər. Bu vaxt Allahın göndərdiyi yuxu mələyi gəldi və özünün enli qanadlarını açdı, qanadları ilə onların üstünü örtdü və onları yatırtdı. Onlar mağarada dərin ölüm yuxusu ilə yatdılar. Bu arada Daqyanus padşah öyrəndi ki, Təmlihanın başçılığı altında onun altı təbəəsi ona Allah olaraq ehtiram etmək istəməyərək şəhərdən qaçıblar və indi mağarada gizlənirlər. “
Yuxuda olan qəhrəman səhər, günorta, axşam demədən Daqyanusun əslində Allah olmadığını bilir və gerçək Tanrıya – bir olan Allaha sevgisini izhar edir. Sondakı “zalım” ifadəsi isə bəndənin “uman yerdən küsərlər” deyimindəki kimidir, qəhrəman mağaradan qurtulmağını- arzusunun gerçəkləşməsini gözləməkdən usanan bəndə övlad şıltaqlığı ilə Tanrısından gileylənir, sevgisinin qarşılığını görmək istəyir.

MÜƏLLİF: TURAN NOVRUZLU

EMİN PİRİNİN YAZILARI

GÜLNARƏ İSRAFİLİN YAZILARI

TURAN NOVRUZLUNUN YAZILARI


VAQİF OSMANOV. KİŞİLƏRƏ “DƏRS”.

TƏRANƏ MƏMMƏDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir