AKİF ABBASOV: QÜDRƏTİN BACISI.


QÜDRƏTİN BACISI
(hekayə)
Tofiqin Şıxmərdan kəndində çox yaxın dostu vardı. Adı Qüdrət idi. Onların dostluğu o qədər möhkəm idi ki, tez-tez Tofiq Qüdrətgilə, Qüdrət də onlara gedib- gələrdi.
Tofiq yaxşı futbolçu idi. Özü də mərkəz hücumçusu. Şıxmərdan və Cəmilli kəndlərinin cavanları da il uzunu öz qüvvələrini sınayır, futbol yarışına qatılırdılar. Gah bu kəndin, gah da o kəndin futbolçuları qalib gəlirdi. Cığallıq olmurdu, komandalar bir-biri ilə mehriban dolanır, bir-birinin xətrinə dəymir, oyun zamanı kobudluq, qanıqaraldıcı salmırdılar. Oyundan sonra hansı kənddə idilərsə, yöğılın yeməkxanaya gedir, orada nahar, yaxud şam edirdilər.
Bir gün Tofiq bərk yorulduğunu və susadığını görüb özünü oyun meydançasının yaxınlığındakı su krantına çatdırdı. Yarış zamanı, özü də möhkəm tərləyəndə su içmək ziyandır. Məşqçi bu barədə hər dəfə xəbərdarlıq edir, su içməyə icazə vermirdi: “Ağzınıza yaxalaya bilərsiniz, amma nəbadə suyu içəsiniz. Təsəvvür edin: qızmar bədəninizə birdən-birə soyuq su tökürsünüz. Bilirsiniz bu nədir, nəyə bərabərdir? Qaynar tavaya su tökməyə bərabər bir şey! Görürsünüzmü tava necə səs qoparır, fışıltısı hər tərəfə yayılır!”
Tofiq məşqçinin gözünü oğurlatmışdı. Su içib tez oyun meydançasına girəcəkdı. Amma krantın altına vedrə qoyulmuşdu. Kimsə su yığırdı.
Tofiq ətrafına baxdı. Vedrənin sahibi balaca bir qız idi. Tofiq vedrəni kənara itələyib ağzını kranta dayadı. Bir də onda gördü ki, kimsə onun başına, boyun- boğazına su əndərir. Dönüb baxanda həmin balaca qızı gördü. Qız tərs-tərs ona baxırdı. Tofiq istədi ona acıqlansın, amma qeyri-ixtiyari gülümsədi:
-Bağışla balaca, – deyib vedrəni krantın altına çəkdi. Qız Qüdrətin bacısı idi.
İllər keçdi. Tofiq universitetə qəbul edildi, əlaçı olduğuna görə, üçüncü kursdan sonra onu təhsilini davam etdirmək üçün Sankt-Peterburqa göndərdilər. Ali təhsilini fərqlənmə diplomu ilə başa vurub kəndə qayıtdı.
Qüdrətin kənddə olduğunu öyrənən Tofiq dostunu görmək istədi. Evə dəyib sonra Qüdrətgilə yollandı. Darvazanı gözəl bir qız açdı. Nağıllarda deyildiyi kimi, qız elə gözəl və xoşagələn idi ki, sanki Günəşlə bəhsə girib ona deyirdi: bu gün sən çıxma, mən çıxacağam; Aya da bəyan edirdi: bu gecə sən görünmə, mən görünəcəyəm.
Tofiq bir anlığa donub qaldı. Sanki nitqi kəsilmişdi. Nə Bakıda, nə də Sankt-Peterburqda bu gözəllikdə qız görməmişdi. Öz-özünə: “Yenə öz kəndimizə min şükür! Sən demə, nə Bakıda, nə də Rusiyada gördüyü qızların heç biri onun kəndinin qızına dəyməzmis”.
Qız dayanıb gözləyir, Tofiq gözlərini ona zilləyərək susurdu.
-Sizə kim lazımdır?
Tofiq özünü ələ alıb:
-Mən Tofiqəm, Qüdrətin dostu. Qüdrət evdədir?
Qız darvazanın ağzından çəkilib ona yol verdi:
-Xoş gəlmisiniz, dayı. Tanımadım, bağışlayın. Buyurun. Qardaşım evdədir.
Tofiq həyətə girə-girə: “Bu həmin qız olacaq. Başıma, boyun-boğazıma acıqla su əndərən qız. İlahi, nə gözəl olub! Necə dedi: dayı… Nə dayı. Vur-tut on yaş ondan böyüyəm”.
Anası az qala hər gün Tofiqi danlayır, gəlin gətirmək istədiyini deyirdi. Tofiq də hər dəfə zarafata salaraq: “Ana, hələ evlənməyə yaşım çatmır”, – deyib aradan çıxırdı.
Ana da hirslənib onun dalınca:
-Axırda məcbur eləyəcəksən, gedib xoşuma gələn qızlardan birinin qolundan tutub gətirəcəyəm evimə. Ondan sonra görüm sözün nə olacaq!” – deyirdi.
Tofiq də:
-Yaxşı, ana. Amma hələlik tələsmə, – deyib qaçırdı.
Bu gün isə evə gələn kimi özü dilləndi:
-Ana, çox fikirləşdim, gördüm ki, düz deyirsən. Evlənməyin vaxtıdır. Sən demə, evlənmək yaşına çatmışam.
Ana çox sevindi:
-Bəs mən nə deyirdim?!
Ana tez ayağa qalxıb kəlağayısını örtdü:
-Ay bala, hansı qapıya gedəcəyəm?
-Qonşu kəndə. Qüdrətgilə. Qüdrətin bacısı Ülkər olacaq gəlinin.
Bakı şəhəri, 26 mart 2021-ci il

Müəllif:   Akif ABBASOV 

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI

MAHİRƏ NAĞIQIZNIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir