
SORĞU
Əziz dostlar, şeir həvəskarları! Aşağıda sizə gözəl ziyalı, şair, rəhmətlik Şair Səfər Boluslunun ən çox sevilib oxunan şeirlərindən birini yazıram. Bu şeir 60-70-ci illərin şeridir. Qoyun-quzu otarardıq- səsləndirərdik, qızlara oxuyardıq, yol gedərdik, bu şeiri züm-zümə edərdik. Toylarda hökmən oxunardı. Mqsədimsə xahiş etməkdir: Şeirin son iki bəndi təhrif olunub. Oriqinalı bilən varsa çox-çox XAHİŞ edirəm, göndərin!
Get, uğurlar olsun, mehriban sonam,
Təhsilin bitəndə qayıt, kəndə gəl.
Özün – öz əlinlə düzüb qurduğun,
Sizin sarmaşıqlı aynabəndə gəl.
O siyah telləri kəsdirmə qısa,
Mina gərdənini batırma yasa!
Əzəlki sadəlik səndə qalarsa,
Bilginən, artacaq inam məndə! Gəl!
Demirəm, oxuma! Oxu-savadlan,
Elmidə alim ol, həyatda insan.
İşdə mübariz ol, evdə mehriban,
Yaşayaq bu bağda, bu çəməndə, gəl.
Kədər də, sevinc də olur həyatda,
Nə qədər qiymət var bir təmiz adda!
Əhdi-peymanını bərk saxla yadda,
Gözlərəm – saçıma dən düşəndə, gəl!
Əqlini almasın hər gülən bəniz,
Saxta məhəbbəti sevməyirik biz!
Sadə get, sadə gəl, bəzənmə qəliz,
Sevinsin el-oba sən gələndə! Gəl!
Buraya kimi, yəqin düzgündür. Şeirin mənası, gücü ilə, misraların bir-birini tamamlamağı ilə fəxr edirsən! Əfsuslar, sonrakı bəndlərdə ahəng pozulur, təkrarlığa yol verilir. Səfər Boluslu təkcə istedadlı şair yox, olduqca savadlı ziyalı olub. Moskvada Timiryazevdə oxumuş zəka sahibi, gözəl şair mətndə belə qırıqlığa, təkrara, misraların “özbaşınalığına” yol verə biməzdi. Son bənddə isə, şeirin ahəngi, mətn bütövlüyü pozulmağı ilə yanaşı, qafiyə itgisi (iki dəfə “kəndə gəl”) ortaya çıxır ki, böyük istedadın belə yazmağına heç cür inanmaq olmaz:
Deyirəm, hər yerdən bura gözəldir,
Özün de, buradan hara gözəldir?!
Yalvarmaq-yaxarmaq yara, gözəldir,
Alaram könlünü hər küsəndə, gəl.
Kəndimizdə torpaq – ana, şirindir,
Bilmirəm anadan bəs nə şirindir?
Səfər başqasından yenə şirindir,
Uyma başqasına, qayıt kəndə gəl.
Şair gözəl Goranboyda yaşayıb. Kimsə düz variantı bilirsə yazmağını xahiş edirəm. Onun əlimə düşən şeirlərini PDF edib qoyacam internetə, qoy yaşasın. Kağız cırıla, çürüyə bilər. İnternetsə yaşadacaq şeiri. Sağ olun!
Müəllif: XALİQ AZADİ MƏMMƏDOV
I>>>>>>>>WWW.BEYDEMİR.RU
QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru