12 May – Beynəlxalq Tibb Bacısı Günü kimi qeyd olunur. Başqa sözlə desək, bu gün nəcib əməllərinə görə humanist peşə sahiblərinə təşəkkür etməyə dəyər.
İlkin tibbi təhsil almış şəfqət bacıları müalicə müddətində xəstələrlə ən çox ünsiyyətdə olan, həkim və ya feldşerin göstərişlərini yerinə yetirən peşə sahibləridir.
Hazırda tibb bacıları səhiyyə işçiləri arasında sayca çoxluq təşkil edirlər. Xəstələrin sağalıb şəfa tapması və normal həyata qayıtmağında həkim göstərişlərini yerinə yetirən xidmət işçisi kimi onun üzərinə böyük vəzifə düşür.
Beynəlxalq Tibb Bacısı Günü Krım müharibəsi zamanı (1853-1856) ilk dəfə şəfqət bacısı xidməti təşkil edən məşhur ingilis Florens Haytingelin ad günü şərəfinə təşkil edilib.
Arəstə Kərim qızı Baxışova 1989-cu il mayın 4-də Xaçmaz şəhərində anadan olub. Atası – baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olanda vəfat edib.
Azərbaycanın dünya miqyasında tanınmış tibb bacısı:
Arəstə Baxışova 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə oxuyub. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində İngilis dili üzrə təhsil alıb. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində operator vəzifəsində xidmət edirdi.
Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. O, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Ölümündən sonra “Vətən uğrunda” medalı və 2021-ci il mayın 12-də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı Florens Naytingelin şərəfinə təsis olunan “Florence Nightingale” medalı ilə təltif edilib.
Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qalıb.
Ruhu şad olsun. Amin.
Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru