
Uşaq yaddaşı
Hekayə
Uşaq yaddaşı çox iti olur. Bəzən böyüklərin o qədər də əhəmiyyət vermədiyi hadisələr uşaqların yadında qalır və onlar həmin hadisələri xatirəyə çevirib əbədi yaddaşlarında saxlayırlar. Hətta uşaqlıq xatirələri onların insan kimi formalaşmasında müəyyən rol da oynaya bilir.
O, orta məktəbi çoxdan bitirib.Məktəb illərinə, məktəblə bağlı sentemental xatirələrə o qədər də bağlı insan deyil. Həyat başını elə qatıb ki, keçmişə qayıdıb romantik xəyallara dalmağa heç vaxtı da olmur. Universitet, ailə, uşaq və nəhayət iş- bütün bunlar onun məktəb illərindən sonraki həyatının əsasını təşkil edir.
Oxuduğu məktəb şəhərin mərkəz küçələrindən birində yerləşirdi. Şəhərin ən səviyyəli məktəblərindən biri hesab edilən bu bilik ocağını bitirdikdən sonra həmin illərlə həmişəlik vidalaşıb həyatına davam edirdi. İndi ona zəngin xanım da demək olar. Son illər maddi durumu çox yaxşı idi. Çalışdığı şirkətdən aldığı əmək haqqı da yüksək idi.
Keçmiş məktəb illərindən yadında qalan cəmi iki nəfər var idi. İlk müəllimini və ona dərs deyən müəllimlərin çoxunu hörmətlə xatırlayırdı, lakin məhz o iki adam onun yaddaşına məktəb illərinin ən təmiz, ən saf insanları kimi həkk olunmuşdu. Bu insanlardan biri məktəbin qapıçısı Həmzə, digəri Tutu adlı xadimə idi.
Həmzə kasıb, yaşlı insan idi. Əyninə həmişə nimdaş geyim geyinərdi. Ayaqqabıları ayağına ən azı bir ölçü böyük olardı. Məktəbin direktoru xüsusi hörmətlə yanaşardı Həmzəyə və onun məktəbdə vacib,məsuliyyətli işlə məşğul olduğunu xüsusi qeyd edərdi. Həmzə də gözlərini qıyıb başını bir qədər irəli verib baxar və özünü dünyanın ən xoşbəxti hiss edərdi.
Həmzə uşaqları çox sevirdi. Hər birinə öz dogma nəvəsi kimi yanaşırdı. Yuxarı sinif şagirdləri ona siqaret alar, bəzən cibinə pul qoyardılar. Həmzənin bir xasiyyəti valideyinlər və məktəb direktoru tərəfindən xüsusilə dəyərləndirilirdi.O, zəng olmamış heç kimə məktəbdən kənara çıxmağa içazə vermirdi. Şagirdlər hərdən onun başını qatıb aradan çıxmaq istədikdə, Həmzə gülümsəyir və sakitcə “Görürəm haa!” deyib qapını əlləriylə bərk-bərk tutardı.
Həmzənin daimi həmsöhbəti məktəbin xadiməsi Tutu yaşlı qadın idi. Əslində Tutu o qədər də təmizkar biri olmadığını hamı billirdi, lakin onu işdən kənarlaşdırmaq haqda heç kim düşünmürdü. Üst-başının kiri bilinməsin deyə həmişə qara paltar geyinərdi. Lakin bu kök, yaraşıqsız qadınnin gülər üzü onun bütün mənfi cəhətlərini üstələyirdi. Tutu çox mehriban və əliaçıq qadın idi. O da Həmzə kimi uşaqları çox sevirdi. Bəlkə də özü heç vaxt ana olmadığından onun uşaqlara xüsusi münasibəti var idi. Tutu məktəbə yaxın yaşayırdı. Yaşadığı yerə heç mənzil də demək olmazdı. Bir otaqlı qaranlıq, təmirsiz, cəmi bir çarpayı zorla yerləşən kiçik daxma idi onun evi. Ancaq Tutu həmişə öz mənzili haqda fəxrlə danışar və gözlərini süzdürərək xüsusi qeyd edərdi ki, Bakının mərkəz küçələrindən birində yaşayır. Ata -babasından qalmış bu kiçik daxmanı ən gözəl məkan hesab edirdi qadın. Tutu heç vaxt ərdə olmamış, ömrünü tək tənha yaşamışdı.
Dərs vaxtı dəhlizdə heç kim olmayanda Tutuyla Həmzə girişdə oturub söhbət edərdilər. Söhbətin məzmunu çoxlarına aydın olmasa da hamı bu iki kasıb,miskin insanın mehriban, xoş söhbətinə, sadə zarafatlarına qibtə edərdi.
O, bir zaman oxuduğu həmin şəhər məktəbinin yanından keçib rəfiqəsigilə qonaq gedirdi. Məktəbdən bir qədər aralı yerləşən dar, dolayı küçələrdən keçirdi yolu. Köhnə, rəngi solmuş,uzun illərin şahidi olan qapılardan birinin qarşısında qara paltarlı qoca qadın oturmuşdu. Əlləriylə başındakı qara şalını düzəldib yerini rahatlayan bu qadını dərhal tanıdı. Bu Tutu idi.
Kənardan durub qoca, haldan düşmüş, lakin üzündə elə həmişəki təbəssümü canlanan bu qadına baxdıqca məktəb illəri, uşaqlığı, müəllimləri, Həmzəylə Tutunun söhbəti- hər şey gözlərinin önündən kino lenti kimi keçdi…
Bir gün anası dalınca gec gəlmişdi. İşdə yubanmışdı.O, çox ac idi. Dəhlizdə dayanıb anasını gözləyirdi.Tutu ağ dəsmala bükülmüş balaca bir qoğalı açıb əliylə iki yerə böldü.
Tutu çox kasıb yaşayır, aldığı əmək haqqı onun yeməyini ancaq görürdü. Ona görə həmişə evdən gətirdiyi yeməyi göz bəbəyi kimi qoruyub kiçik hissələrə bölüb yeyərdi. Bu gün nahara həmin qoğalı gətirmişdi.Tutu indicə böldüyü qoğalı ağzına aparmaq istəyirdi ki, birdən kənarda dayanan balaca qızın gözlərininin ona dikildiyini gördü və :
- Sən niyə burdasan? Anan gəlməyib? Gəl bura görüm,- dedi
Bayaqdan həsrətlə qadının əlindəki qoğala baxa- baxa qızçığaz Tutuya yaxınlaşdı.
Tutu əlindəki qoğalın yarısını qıza uzadıb: - Al! Ye! İndi anan gələr,- dedi
Qız ömründə qoğal görməmiş kimi əlini uzadıb qoğalı götürdü və ağzına apardı. O, qoğalı elə həvəslə yeyirdi ki, Tutu qoğalın ikinci yarısını da yeməyib gözlədi. Sonra onu da uşağa uzadıb: - Al bunu da. Acsan deyəsən,- dedi
Qız qoğalı alıb iştahla yedi.
Tutu uşağın əllərini dəsmalla sildı və gülə-gülə ona baxıb: - Nə yaxşı qızsan sən. İndi anan gələr. Darıxma,- dedi.
O gün Tutu ac qaldı, çünki cəmi bircə qoğalı var idi onu da qıza verdi. Tutu həmin qöğalı özü yeməyib heç də kasıb olmayan bir uşağa verdi. Ozü isə o gün ac qaldı.
Bir zaman Tutunun əlindən qoğalı alıb iştahla yeyən qız indi qarşısında oturan qarapaltarlı qoca qadına baxdıqca uşaqlıqda həmin bu qadının ona verdiyi və ömrü boyu ləzzətini unutmadığı qöğalı xatırladı və sanki həmin qoğalın ətrini duydu. Bu Tutudur! İlahi, Tutu! Necə qocalıb ! Bu yazıq tənha qadın necə yaşayır görəsən? Bəlkə də xəstədir?!- deyə düşündü.
O, asta addımlarla qoça qadına yaxınlaşıb onun arıq, göyərmiş əllərindən tutdu: - Tutu!
Qadın başını qaldırıb ona baxdı və - Sən kimsən?- deyə soruşdu.
- Tutu, necəsən? Necə yaşayırsan?Nə var, nə yox?- deyə bir neçə sualı birdən verdi.
- Yaxşıyam. Sağ ol, – deyə Tutu gülümsədi.
- Bəs Həmzədən xəbərin varmı?- soruşdu.
- Həmzə çoxdan vəfat edib, qızım. Sən onu hardan tanıyırsan?
O, heç nə demədən əlini çantasına atıb ordan xeyli pul çıxartdı və Tutunun ovcuna qoydu. - Tutu, götür bu pulu , xərcləyərsən, – dedi.
Tutu pulu əlində bərk sıxıb saxladı. Sonra sanki onun üçün göydən enmiş mələyə baxıb: - Allah, köməyin olsun, bala. Bu qədər pulu götürə bilmərəm. Mən heç səni tanımıram axı,- deyə qadın etiraz etdi.
- Götür, Tutu. Mən ki, səni tanıyıram. Götür!- deyib pulu qadına verdi.
- Çox sağ ol, bala,dərman alaram bu pula. Çox sağ ol.
Tutudan ayrılıb yoluna davam etdi. Uşaqlıq xatirələri, indi gördüyü yaşlı xəstə qadın- bütün bunlar onu birdən-birə çox sarsıtmışdı.O, gözlərinin yaşını silə-silə yolu keçib rəfiqəsigilə yollandı. Yol boyu “Niyə bu günə kimi heç vaxt onun necə yaşadığıyla maraqlanmamışam? Görəsən tək mən belə laqeyidəm,yoxsa hamı belədir?Qayğılar, problemlər insanlarlı kobudlaşdırır, laqeyid olmağa vadar edir. Amma … nə yaxşı gördüm Tutunu. Bundan sonra hərdən ona dərman almağa pul verərəm,” – deyə düşündü.
Bu əhvalatdan düz bir həftə sonra maşınını bir qədər kənarda saxlayıb sevinə-sevinə o, yenəTutunun evinin qarşısına gəldi. Marketdən Tutu üçün xeyli ərzaq və bir neçə isti qoğal almışdı. Ona elə gəlirdi ki, qadın qoğallara çox sevinəcək.Tutunun mənzilinə yaxınlaşıb qapını açmaq istədikdə həyətdə dayanan yaşlı bir kişi ona baxıb: - Tutunu axtarırsan? – deyə soruşdu.
- Bəli. Həmişə burda otururdu. Bu gün yoxdur.
- Daha oturmayacaq. Bir həftə olar ki, köcüb burdan.
- Hara köçüb?
- Bizim yaşımızda hara köçürlər, qızım? O dünyaya,- deyə kişi zarafat etdi.
O, duruxub qaldı. Əlindəki ərzaq paketini qoca kişiyə uzadıb: - Xahiş edirəm, bunları götürün məndən. Tutuya bazarlıq etmişdim.
- Deməli mənim qismətimmiş . Götürərəm. Yaxşı adama oxşayırsan. Hardan tanıyırsan Tutunu?- deyə kişi söhbətə davam etmək istədi.
O, kişiyə cavab vermədən sağollaşıb getdi.
Kənardan oxuduğu məktəbin binasına xeyli baxdı. Yaddaşında qalanların hamısını bir daha xatırladı. Sonra “Allah sənə rəhmət eləsin, Tutu, nur içində yat , Həmzə!”- deyib maşınına oturdu.
I> BİR KİTABA YÜKLƏNMİŞ MİN FİKİR
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru