
Мəzunlar
Aid olduğum nəslin bəxtinə bir çox tarixi hadisələr, təbii fəlakətlər, müxtəlif içtimai quruluşlar, hətta müharibə də düşdü. Hərdən dönüb geri, keçdiyimiz həyat yoluna baxanda nələrdən keçdiyimizi xəyalən təsəvvür edəndə …
Sözüm onda deyil amma.
Keçmişdən yadımda qalan bəlkə də ən parlaq və işıqlı xatirə orta məktəbi bitirdiyim gündür.
Bakı məktəblərinin birində 4-cü sinifdən oxumağa başlamışdım.
Ağdamın 2 nömrəli beynəlmiləl məktəbinin 3 sinfini əla bitirsəm də, Bakı məktəbində belə hesab etdilər ki, rayonda alınan təhsillə şəhərdəkinin fərqi çoxdur və məni yenidən 3-cü sinfə qəbul etmək qərarı verildi.
O vaxt bu məsələlərə çox dərindən varmasam da valideynlərimin narazılığını hiss edirdim . Onu da qeyd edim ki, birinci sinifə 5 yaş 3 aylığımda qəbul olmuşdum.
Ailəmin təkidindən və müəllimlərin sual- cavabından sonra qərar dəyişildi və mən 4-cü sinfə qəbul edildim. Həmin məktəbi əla qiymətlərlə bitirdim, lakin qızıl medal Arutünyan və Savçuk soyadlı şagirdlərə verilsin deyə mən rus dilindən 4 qiyməti alası oldum.
Bütün bunlara baxmayaraq, riyaziyyat təmayüllü bu məktəblə, müəllimlərimlə bağlı çoxlu xoş xatirələrim var.
Görünür, həyatda həqiqətən təsadüf yoxdur, çünki hətta ömrümə həmişəlik daxil olan insan da bu məktəbin və hətta oxuduğum sinfin məzunudur.
İllər ötür, əvvəldə qeyd etdiyim kimi, həyatda çox şeylər baş verir, ancaq o uzaq məzun günü unudulmur.
Biz indiki gənclikdən fərqli olaraq, o gün məktəbə məktəb formasında gəlmişdik. Qızlar qəhvəyi donlar və ağappaq önlüklər, oğlanlar da ağ köynək,qara şalvar geyinmişdilər o gün.
Sinfimizdə cəmi iki nəfər azərbaycanlı var idi. Qalanları rus, erməni, yəhudi, ləzgi, tat və sairə millətlərə aid olanlar idi.
Biz həqiqətən bir yerdə oxuyur, bir yerdə sevinir, bir yetdə kədərlənirdik. Bu adi sözlər deyil, çünki dəfələrlə bir-birimizin sevincini və kədərini birlikdə yaşamışdıq.
Məktəbin həyətində o gün qeyri-adi hisslər yaşanırdı. Qızlar ağlayır, müəllimlər həmişəkindən daha mehriban idilər. Hamıni bir məsələ düşündürürdü: məktəb illəri sona çatdı, bir daha heç vaxt təkrarlanmayan bu dövr burdaca bitti…
Müəllimlərin, valideynlərin xeyir-duasını alıb məktəbdən ayrıldıq…
O vaxtlar belə bir adət var idi. Məzunlar mütləq dənizkənarı bulvara gedərdilər. Bulvarda gəzən, oxuyan, rəqs edən məzunlar sanki Xəzərin üzərində uçan və qısa müddətlik yerə enmiş qağayıları xatırladırdılar.
Onlar da quşlar kimi qayğısız, sərbəst, xoşbəxt və gələcəyə ümidli idilər…
70 ci illərin məzunları…
Nə yaxşı ki, həmin məzunlar arasında mən də olmuşam!
Müasir son zəng günü əlbəttə çox fərqlidir. Olsun! Elədə olmalıdır!
Təki vətənimizdə sülh və əminamanlıq olsun! Məzunlarımız arzu etdikləri peşələrə yiyələnə bilsinlər!
Gələcəyə ümidlə, mətin addımlarla irəliləsinlər!
Bütün məzunları təbrik edirəm və deyirəm ki, sizi çox sevirəm,əziz balalar! Yolunuz açıq olsun!
I> BİR KİTABA YÜKLƏNMİŞ MİN FİKİR
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru