
QAYITDI
Namərd oxla perik düşən durnalar,
Şükür olsun, yazımıza qayıtdı.
Bizsiz qalan bu dərələr, bu dağlar,
Nə yaxşı ki özümüzə qayıtdı.
Boş qalmışdı bozqırlarda qurd yeri,
Dağılmışdı ocaq yeri, yurd yeri.
Babalardan miras qalan od yeri,
Odumuza, közümüzə qayıtdı.
Nakəslərin fərq etməz ki, halına,
Hər nə qədər bal töksən də yalına.
Şərəfimiz, vüqarımız alına,
Qüvvətimiz dizimizə qayıtdı.
Dünki çağa gəldi igid yaşına,
Qartal kimi qondu qaya qaşına.
Yumruq olub endi düşmən başına,
Kəsərimiz sözümüzə qayıtdı.
Ölüm, itim, vəhşət görən hər çağa,
Nə yazasan, yerləşməz min varağa…
Babaların uyuduğu torpağa,
Köhnə yurda, izimizə qayıtdı.
Aman, aman, asta gəzin bu yerdə,
Müqəddəsdi, şəhid izi bu yerdə.
Hər bulud bir şəhid gözü bu yerdə,
Dağımıza, düzümüzə qayıtdı…
Nə söyləsin Zeynəb, a dərd yazanlar,
Gün görməsin bizə quyu qazanlar.
Uzaq dursun, burda ritmi pozanlar,
Gül Qarabağ bizə, bizə qayıtdı…
08.07.2024.
Müəllif: Zeynəb Cəmaləddin
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru