“Gecə-gecə sarılmışam təkliyə”

“Gecə-gecə sarılmışam təkliyə”

İstedadlı şair Təranə Dəmirin bir şeiri haqqında qısa qeydlər

(Əgər) bir insanın yanaqlarında məsum qızartı görünürsə, deməli, o, həyalıdır. O insanın (gülən) gözlərinin dərinliklərində çılğın bir təlatüm diqqət çəkirsə, demək, onun ürəyi də, köksü də niskillidir… İstedadlı şair Təranə Dəmiri sosial şəbəkə(lər)də gördüyümüz andan (nədənsə) bu fikirdəyik. Onun şeirləri də, hətta fotoşəkli də (hər dəfə) bizdə bu təəssüratı yaradır. Düşünürük, görəsən, həyatın bu istiqanlı, qəlbi Ay kimi parıltılı qadınla nə ədavəti var? Keçən gün onun paylaşdığı bir şeir bizdə bu suala acı tərəddüd və bir az da mistik əhval yaratdı.
Şeiri olduğu kimi təqdim edirik:

Gecə-gecə sarılmışam təkliyə,
Evim təkdi, yuvam təkdi, özüm tək.
Heçnə məni bu zülmətin içində
Şirin-şirin ovudammaz özümtək.

Baxıram ki, yuxuludu hər tərəf,
Bircə mənim tənhalığım oyaqdı.
Bu sükutun, sakitliyin içində
Qaranlığı incitmək də günahdı.

Səssizliyin küyü düşür başıma,
Kim alacaq bu gecədən məni, kim?
Xəyalımda rəngli-rəngli nağıllar,
Dolanıram dörd yanına təkliyin.

Yanağımı döyəcləyir kölgələr,
Kirpiklərim yuvasında qırpınır.
Ürəyimdə haray salır bəlkələr,
Gözlərimdə xatirələr çırpınır.

Bu şeir sağlam ruhun kövrək titrəyişidir; lakin şeirdəki zərrəvi təlatüm, ləngərli sükut adama dəhşət yaşadır… Bu şeir həyatın irihəcmli bir roman olması barədə aşkar təsəvvür yaradır. Kim o o“roman”ı müəyyən qədər diqqətsiz oxuyursa, onu sadəcə, qavradığı tərzdə təqdir edir, bəzən də (bəlkə də çox vaxt) onun hüdudsuz səmtlərini bəlli etməkdə çətinlik çəkir. Maraqlıdır ki, Təranə Dəmir roman təsiri verən həyatın bütün səmtlərində fikir cığırları aça bilir. Heç şübhəsiz, o, həyata adi deyil, qlobal yanaşdığı, fikirlərini şüurüstü qatda səciyyələndirə bildiyi üçün iti-kəsici zəka sahibi ola bilib. Məhz buna görə onun yuxarıda (tam halda) nümunə kimi verdiyimiz dərin məzmunlu şeiri bizi (oxucu olaraq) bir az fərqli əhatələrə çəkir, fərqli düşünməyə məruz qoyur. Çünki bu şeir bütövlükdə metafizik zərurətdir; burada asi, aşağılayıcı tədbirlər yoxdur, işgüzar və sosial nüfuza zərrə xələl gətirən heç bir hal müşahidə olunmur. Belə deyək, müəllif real təsəvvüflü bir əhatəni – həyatı poetik təqdirə hopdurub, ideal bir struktur qurub. Bu şeirdə hər şeyin təbii rəngindən daha çox metafizik görkəmi oxucuya diqtə edilib. Şeir (sanki) böyük bir çoxluğun içində mağmın bir tənhalığa söykənmiş bir qadının (müəllifin) lal harayı kimi təcəlla edir, ovqatlarda hüdudsuz bir acı yaradır. Ən əsası, bu şeir fərq etdiyimiz, etmədiyimiz bütün təfərrüatları ilə bizi son dərəcə aktual bir məsələ ilə üz-üzə qoyur.
Xülasə, bu şeirdə sevgi də, həyat da, insan düşüncəsi də, elə insanın özü də metafizik təsirdədir, hislər ruhsal xarakter kəsb edir. Burada cismani əlaqə, fiziki təsir yoxdur, buradakı həyat, eşq, insanın insana münasibəti və s. çoxlarımızın fərqində olduğu, lakin fərq edə bilmədiyi anlamdadır. Bu şeirdəki təlatümlər müəllifin xəyal etdiyi ədəbi nüanslar deyil, məsuliyyətini daşıdığı, yükü altında əzildiyi həyatın gerçək təzahürləridir.
Əlbəttə, şeir bizi əməlli-başlı mütəəsir edir, bizi həyata, hər şeyə qarşı müqtədir hislərlə üz-üzə qoyur, fəqət müəlliflə dərd ortağı ola bilmədiyimiz üçün acıyırıq…

Gecə-gecə sarılmışam təkliyə,
Evim təkdi, yuvam təkdi, özüm tək.
Heçnə məni bu zülmətin içində
Şirin-şirin ovudammaz özümtək.

Diqqət edək; təklik cismani təhdiddir, müəllif bu “hədələrdən” ehtiyat etdiyi üçün özünü taledə ləngər vuran maddi sarsıntılarla qabaq-qənşər qoyub, təkcə özünə güvənir, özünü labüd reallığa çevrilmiş təklik ilə ovudur. “Gecə-gecə sarılmışam təkliyə, Evim təkdi, yuvam təkdi, özüm tək” maddi faktında biz müəllifin mənəvi gücünü görürük. O, ruha təsir edən fiziki əngəlləri “…Bu sükutun, sakitliyin içində
Qaranlığı incitmək də günahdı” diqtəsi ilə faktiki prosesə çevirir, sükut, təklik və qaranlığı müxtəlif aspektlərdən izləyir, yenilikçi bir ənənə qurur. Ən əsası, biz onun səmimiyyətinə inana bilirik.
Təranə xanım sakitliyə, tənhalığa zəruri ədəbi fon verir, o paralelləri bir az da incik-məyus durumda araşdırır:

Səssizliyin küyü düşür başıma,
Kim alacaq bu gecədən məni, kim?

Müəllifin “Dolanıram dörd yanına təkliyin” fəhmində biz “Kim alacaq bu gecədən məni, kim?” ricəti də görür, yuxarıda dediklərimizə bir daha haqq qazandırırıq…

Yanağımı döyəcləyir kölgələr,
Kirpiklərim yuvasında qırpınır.
Ürəyimdə haray salır bəlkələr,
Gözlərimdə xatirələr çırpınır.

Təsəvvür edin; gecədir, hamı öz yuvasında müntəzir, təkcə bir qadın tənhalığın qoynunda çırpınır, “yanağını döyəcləyən kölgələr”dən üşənir, yuxusu gəlsə belə, yatmağa ehtiyat edir. Bir də görür ki, “gözlərində acı xatirələr çırpınır”. Bir az yumşalır, içində bir ümid eşqi baş qaldırır, bəlkə hissi ilə gümanda ləngər vurur və belə halda da təkliyi qarğıyır, həyata, taleyə “daş atır” və s.
Şair (əslində) öz həyatı fonunda hamını təqdir etməlidir və tam mənada əminik ki, Təranə xanım da bir-birindən mənalı şeirləri ilə elə bu zərurəti əxz edir…
Tək bir şeiri ilə biz Təranə Dəmirin sözün həqiq mənasında şair olduğu qənaətindəyik, ona yaradıcılıq uğurları arzulayırıq.

Müəllif: Hikmət MƏLİKZADƏ

HİKMƏT MƏLİKZADƏNİN YAZILARI

TƏRANƏ DƏMİRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir