Turan Uğur – İsmayıl Şıxlı

Öncə söz vardı…
20 – ci hissə.
İsmayıl Şıxlı – Xalq yazıçısı, publisist, pedaqoq, ədəbiyyatşünas və ictimai xadim.

İSMAYIL MÜƏLLİM, MƏN SİZİ EŞİTDİM
(esse-hekayəm 5 avqust 2023 – cü ildə
“Ədəbiyyat qəzeti” ndə dərc olunub)

(Bu rubrikanı sözü qutsal sayan ədiblərimizə həsr edirəm…26 iyul İsmayıl Şıxlının anım günüdür)

Mən Kürə aşiqəm, Kür mənə aşiq.Mən Kürə məftunam, Kür mənə məftun.Mən Kürə heyranam, Kür mənə heyran.
Ana Kür! Yaşa Kürüm!
Hələ neçə ömür
Yaşadacaq könüllər səni!
Çünki zimistanın dağlara çəkildiyi vaxtlarda, sən bir gəlin kimi görünürsən yatağında, çünki sən təbiətin qucağında nazəninsən, gözəl Kürüm! Gözəlliyindən pay alsın dünyanın çayları, özəlliyindən nəsibini götürsün məmləkətin dənizləri, gurluğundan xəcil olsun elin suları-selləri.Səni sevməyə və seçməyə dəyər, əsərlərimin baş obrazını mən bu cür salamlayıram, zira Vətənimin həyatına bağlısan.Bu cür deyə bilərəmmi?

-Sən nəfəsi olmusan can gülşənimin, keçmişimin, bu günümün aynası Kür.Bu dünyada arzularımın dünyası Kür.Qovğalı, məlalı tariximizin şahidi, ey Ana Kürüm!
-Bu sözləri dünən bu vədələr Kürlə qabaq-qənşər oturmuş, azman görkəmli, gözü eynəkli, qəlbi sazlı, dili sözlü bir kişi çayın qulağına pıçıldayarkən gördüm.Aralarında elə dostanə söhbət gedirdi ki…Kürmü onda məst olmuşdu, omu Kürdə xumarlanmışdı – ayırd etmək çətin idi.Müdaxilə etməyə də adamın əli gəlmirdi.
“Bəs o hansı sənətin sahibi idi?” -deyə sual etsəniz, cavab verərdim – “müəllim”.Kürün sahilində nəfəsini əllərinə hovxuran bu ağsaqqalın barmaqlarını isidib bu saat yazıya başlayacaq kimi görkəmi vardı.Üzündən doğma, məhrəm bir insanı xatırladırdı.Məndən olsaydı, deyərdim ki, ədəbiyyat müəllimimdir.Lakin nagahan şəkildə çevrilib gözlərimə zillənən baxışından belə bir nidanı sezdim:
“Təkcə müəllimmi?” – deyə soran bu möhtərəm zatın əzəmətli görünüşünün arxasında sadədil, cəfakeş, ziyalı və nurlu bir şəxsiyyətin dayandığını görçək, öz beynimdən keçən “qaçaraq fikirlərimdən, tələsik proqnozumdan bir qədər utandım” – desəm və həmən də əhfinizə sığınsam yeridir.Bir qədər irəli addımlasam, ona sarı yaxınlaşsam, bu mübhəm sükutu pozub, mehriban və qəhrəman müsafirimizi tanıyacağıma əminəm.Ancaq mən nə karəyəm ki…Bunu düşünürkən ayaqlarım səndələdi, taqətsiz, yorğun yerişim büdrəyib, sanki məni tənə və qınaqla danlayan təhər oldu:

-“Ey biçarə, özünə gəl, qarşındakı bir müəllimdir, hələ onu tanı, yaxşıca dərk et” Ancaq bir qədər becid davranmağın da zamanı, axı istidən Kürün kənarında ovxalanmış, sıcaqdan cadar-cadar olmuş torpaq bu saat mənimlə xosunlaşaraq tezliklə Günəşin üfüqdə qızaracağını xəbərləmişdi.Ayağıma yapışan bu saqqız yolların nahamarlığından fürsət bulub üzünə diqqətlə baxa bildim.Məni sevindirdi…Ey dostlar, tanıyıram.
-Şıxlı İsmayıl, Baba İsmayıl, azman və ozan İsmayıl…Tanıyıram!
İsmayıl Şıxlı sevgisini biraz da təhtəlşüurumuzda mürgüyə qalmış mental kodlarımızda arayaq.Sovet ideologiyasının ənənələrimizi qamçıladığı zamanda
Novruz bayramını nəsrimizə gətirən kişi idi İsmayıl Şıxlı.Ədəbiyyatımıza sonra da kinomuza.”Dəli Kür” dən söhbət gedir.Bayram şölənlərinin, göstərilərinin sanballı çıxması üçün yazıçı şəxsən çəkilişlərdə iştirak edir, “baca-baca gəzmək”,” xurcun atmaq” kimi təzahüratlara diqqət kəsilib, necə deyərlər, hər şeyi seçib-sonalayardı.
Lakin tələsməyək, Şıxlının “Dəli Kür”ə gedən yolu 1919 – cu ilin martın 22-dən başlayırdı.Novruz günlərində xalqımıza ərməğan olunan sevgili yazıçımızın doğulduğu yer Qazağın İkinci Şıxlı kəndidir.Şəcərəsi Şıxlinskilərin mübarək soyu ilə qovuşurdu.Hərb tariximizin nəhəngi, artilleriya generalı Əliağa Şıxlinskinin yaxın qohumu idi.Qazaxda dünyaya gəlmək zatən biixtiyar şəkildə saza və sözə doğuluşdan könül verməkdir.Belə də tərif verə bilərik:
“Bəbəlikdən babalığa gedən yolda sazı çiyində, sözü dildə görənlərə”- Qazax elində doğulanlar deyilir.Bir də lap çağa vaxtından qamçılanmaq vardı taleyində.Bəy nəslinin yetirməsi kimi atası Qəhrəmanı və qohumlarının qanını it qanına döndərən sovet “başbilənlər” i cəfalı günlər yazdılar Şıxlinskilərin taleyinə.
Yeniyetmə çağlarında Şıxlıya “xoş gördük” – deyən ilk növbədə qonşu Kosalar kəndinin camaatı oldu, müəllimləri Mirqasımın, Əlinin timsalında savadlı, dünyagörüşlü kişilər gənc İsmayıla yol göstərdilər.O da öyüdləri cavabsız qoymadan “Yol tutan, bal tutar” deyibən yola çıxdı: elm, poeziya və nəsr yoluna.Çox sualın cavabını hələ gənc çağlarından əxz edir, “Bezi söz, qeybəti söhbət yerinə” satanların ahını alır İsmayıl. “Nəsihətlə gülə-gülə gəlməyənləri, müsibətlə döyə-döyə gətirərlər” devizini rəhbər tutanlardan idi.Qorxunu kişiliyə yaraşdırmazdı.1941 – ci ilin iyununda dava başlayarkən, Pedaqoji İnstitutda dövlət imtahanı verməyə macal tapmır.Nolsun ki…Əvəzində başqa imtahan gözləyirdi onu – ” hərb imtahanı”.Hələ cəbhəyə yollanıb müsəlləh əsgər kimi vətənin keşiyində duranda vur-tut 22-33 yaşı vardı. “Kerç sahillərində”, ” Səhəri gözləyirik”, ” Konserv qutuları”,” Haralısan, ay oğlan?” cəbhə illərindən oxucular üçün ərməğan sayılan gündəliklərdir:

(Cəbhə gündəlikləri)
“Gecə-gündüz alman tanklarının əleyhinə xəndəklər qazır, dəmir dirəklər basdırır, tikanlı məftillər çəkirdik.Biz imkan vermirdik ki, almanlar Mozdokdan bu yana Dərbəndə irəliləsinlər.Biz Xəzər sahilindən Qara dəniz sahilinə, Tuapse tərəfə, oradan Krasnodar şəhərinə doğru irəlilədik.İrəlilədik demək düz deyil, əslində, biz bu yolları dizin-dizin süründük, qarış-qarış keçdik”

Bütün bunlara insanı tir-tir titrədən, dəli kimi silkələyən, içdən təbii şəkildə silkinib çıxmış məhrəm yazıçı xatirələri də deyə bilərik.
“Ayrılan yolıar” a qədər uzanan kəşfiyyat xarakterli yazıları, yeni üslub arayışları idi bütün bunlar.Axı ədəbi cameədə müəllim sandığı Mehdi Hüseyn ona “konkret müşahidələrini qələmə al” demişdi.
1954-55-ci illərdə yazılan “Ayrılan yollar” bir növ 1950-ci illərə qədər yaranan, pambıqçı, kolxozçu könlünə məlhəm sayılan, indi hardasa gülüş doğuracaq:
“Qol çırmayıb sən tarlaya çıxanda,
Səs yayılır hər mahala Sürəyya.
Ağ pambığı becərəndə, yığanda,
Gəlməyəsən heç zavala Sürəyya”
-kimi mətnlərin qəhrəmanları “əməyin azad, diləyin azad” – deyib meydan sulayırdılar.Biz ona görə İsmayıl Şıxlı, İsa Muğanna, Anar, Elçin, Mövlud Süleymanlı, Fərman Kərimzadə kimi yazıçılara minnətdarıq ki, prozamızı pambıq tarlaları təki ayaqaltı olmaqdan xilas etdilər.Onların önündə İsmayıl Şıxlı gedirdi ki, monumental əsərləri ilə, pafosdan, bər-bəzəkli, bəzək-düzəkli sətirlərdən qaçıb, özündən sonra gələnlərə işıq tutdu…
…Və bu işığı elə saçdı ki, arxadan gələnlərin gözləri qamaşmadı.
Çətin məqamlarda bir an belə durmadı, duruxmadı, sinəsini önə verib “Azərbaycan” jurnalının redaktoru kimi yeni nəsil yazarların əsərlərinə yol açırdı.Yazıçı Anarın “Anlamaq dərdi” və “Şəhərin yay günləri” yazılarını nəşr etdirən məhz Şıxlı olub.O, bir çox mənfi stereotipləri, müşkül sayılan məqamları “Dəli Kür” romanı ilə sındıra bilib.Əsərin 1957-67-ci illərdə -10 il müddətində yazıldığı qeyd olunsa da, yazıçının övladı Elçin bəylə söhbət zamanı romanın deyildiyi vaxtdan əvvəl; il yarım, iki il tez bitdiyi qənaətinə gələ bildik.İstənilən halda, “Dəli Kür” “ilklər romanı” sayılır.İsmayıl müəllim romanda öz nəslinin, öz mahalının tərcümeyi-halını dəqiqliklə verə bilib.Şıxlı üç müəllim nəslinin tarixçəsini verərkən, Kürü “dəli” çağırmasını tarixi keçmişimizin qanlı-qadalı olması ilə izah edib.
19-cu əsrin sonu 20 – ci əsrin əvvəllərinin bütün ictimai-sosial, mədəni mənzərələrini ortaya qoyur bu əsər.Nəhəngliyi və miqyası ilə seçkin bir nümunədir.Ən əsası millidir.Hadisə, epizod yox, xarakter yığnağıdır bu roman.Cahandar ağa, Şahnigar, Mələk, Şamxal, Əşrəf, Allahyar, Molla Sadıx…Bir də Rus Əhməd.Kiminə görə, bu, “Firəng Əhməd” ləqəbli Əhməd bəy Ağaoğlunun, kiminə görə “Rus Əhməd” ayamalı Əhməd bəy Cavanşirin prototipidir.Sayğıdəyər ziyalımız Elçin Şıxlı ilə söhbət əsnasında buna da aydınlıq gətirdik.Sən demə, “Rus Əhməd” Qazaxda məşhur nəsil olan Seyidovların nümayəndəsidir – Molla Seyidin nəvəsi, Yusif kişinin oğlu, pedaqoq Əhməd Seyidovun prototipidir.Əslində, hər bir elm fədaisindən bu obrazda pay var.
Bəs yazıçı “Dəli Kür” filmini necə görürdü? Elçin Şıxlı ilə bu haqda xeyli söhbət etmək imkanı bulurkən, həm də yeni-yeni faktlar öyrəndik.Filmin romanla müqayisədə sönük durmasının səbəbləri çox idi.Yəqin ki, çuğulların, danos yazanların “əməkləri” olmasaydı, 2 seriyalı, rəngli və tam şəkildə bir ekran əsəri görə bilərdik.Cinni Cəfər qoşunu kimi ortalığa doluşan, hər vəchlə yuxarılara yarınmağa çalışanlar belə əcaib sonluğa malik film görməkdən məmnun olmuşlarmı?!
-Olmuşlar, fəqət İsmayıl Şıxlıya olan sevginin önünə keçə bilməmişlər.Sevgi bu – Ümidənin ümid dolu məhəbbəti və oxucu eşqi Şıxlını şıx kimi insana çevirmiş, “Namus qaçağı”,” Namərd gülləsi”, ” Ölüləri qəbiristanda basdırın”,” Ölən dünyam” kimi əsərlərin müəllifinə sonsuz dualar qıldırmışdı.Hikməti-Xuda deyilən budursa, Ümidə ilə yazıçının taleyindən yazmalı, 22 mart tarixli İsmayıl və Ümidə Şıxlının təvəllüdlərindən tutmuş soyadlarına qədər ölçülüb-biçilən həyat tarixçəsinə ehtiram bəslənməlidir.
Ümidə ömür- gün yoldaşı idi İsmayıl Şıxlının.Təvəllüd illəri fərqli olsa da, hər ikisi eyni gündə-martın 22-də doğulublar.Yazıçının son günlərində “Ölən dünyam” romanını məhz Şıxlının diktəsi ilə Ümidə xanım yazmışdı.Son illərində İsmayıl müəllimin uzaqgörən gözləri nurunu itirmişdi, ona görə Ümidə təkcə ona həyat yoldaşı deyil, həm də qələm yoldaşı olur.
O qələmə 76 illik həyatında hər zaman sadiq qaldı İsmayıl Şıxlı.Xatirələr çözələndikcə, maziyə dönüb baxdıqca ədibin hansı şakərini görürük? Balığa getməyi sevərmiş.Dəniz ola, dostların ola, sən olasan, amma 1965-ci ilə kimi.Mehdi Hüseynin vəfatından sonra balıq ovuna “tövbə” deyir yazıçı.
Son romanı kimi “Ölən dünyam” nəhəngdir.Ən azından ona görə ki, İsmayıl Şıxlının dünyası ölmədi.Övladları – Elçinin, Fərruxun, nəvələri -Ayxanın, Toğrulun, Salatının, Ayselin, nəticələri- İsmayılın, İsgəndərin ömründə uzanıb gedir.

-İstiqlalımızda mütləqdir ki, Şıxlının payı var.Qarabağdakı gərgin döyüşlər zamanı Qazağın sərhəd zonasına yaxın bağda kətil tapıb əyləşmiş, 1-2 saat çay içmiş, soyuqqanlığı ilə təlaş və təşviş içində olanlara örnək olmuşdu.
-“Kişi Bakıdan gəlib qızğın döyüşlərin şiddətli atışmaların içində rahatca çay içirsə, deməli, möhkəm olmaq lazımdır” – demişlər.
İndi yaxşı tanıdım qəhrəmanımı.Qəhrəman kişinin oğluna deyəcəklərim var.
-Mən sizi tanıyıram.Həlim səsinizdən, məğrur görkəminizdən, müəllim eynəyinizdən tanıyıram.
-Ey sözə yaraşıq kişi, siz bizim üçün dirisiniz.Ölülərdən fərqli olataq dirilər xəyal qurarlar, arzu edərlər.Bu an kaş sizin də mənə olan arzularınızı eşitsəm, kaş…
-Bəli, İsmayıl müəllim, mən sizi eşitdim.

(Yazımda İsmayıl Şıxlının böyük oğlu, sayğıdəyər insan Elçin Şıxlının faktlarına və öz araşdırmalarıma söykənmişəm)


18 may 2020-ci il
Bakı

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir