Xanəli Kərimli yazır

SÖZƏ SIĞAL ÇƏKƏN QADIN ÜRƏYİ

                                   Təbiət qadını nə qədər fərasətli, nə qədər                                

                                    ağıllı xəlq etmişdir! …Bu ağıl rədd olunma-                            

                                     saydı, öldürülməsəydi, fəaliyyət göstərsəydi

                                     bəşəriyyətin tarixi on dəfə sürətlə gedərdi.

                                                                                   N.Q.Çernışevski.

Böyük rus yazıçısı N.Q. Çernışevskinin məşhur “Nə etməli?” əsərindən bu sitatı məqaləmiz üçün epiqraf seçməyimiz təsadüfi deyil. Düzdür, N.Q.Çernışevskidən əvvəl də Azərbaycanın fəlsəfi düşüncəsində qadına çox böyük qiymət verilmiş, qadın zəkası, qadın düşüncəsi yüksək dəyərləndirilmişdir. (ən azından Nizaminin məşhur “Erkək tinətliyəm, olsam da qadın, Hər işi bəllidir mənə dünyanın. Mən də bir aslanam, düşünsən bir az, Aslanın erkəyi, dişisi olmaz” bəndinə, H.Cavidin məşhur “Qadın” şeirinə nəzər salmaq kifayətdir). Lakin bizim məqsədimiz N.Q. Çernışevskinin “…Bu ağıl rədd olunmasaydı, öldürülməsəydi, fəaliyyət göstərsəydi bəşəriyyətin tarixi on dəfə sürətlə gedərdi” fikrinin həqiqət olmasına şərik çıxmaqdır.         

Lakin zaman-zaman ədəbi prosesimizdə hiss olunan bu boşluq, xüsusilə, müstəqillik qazanıldıqdan sonra yavaş-yavaş dolmaqdadır. Belə bir zəruri ehtiyacın ödənilməsində  Naxçıvan ədəbi mühitinin yetirməsi şair, nasir, publisist, tele-jurnalist və bəzi məqamlarda tənqidçi-tədqiqatçı kimi tanınan Təranə Arifqızının özünəməxsus rolu və imzası var. Təranənin yaradıcılığında, göründüyü kimi, ədəbi prosesin bir neçə janrı bu və digər səviyyədə özünü göstərsə də, şairlik onun yaradıcılığının əsas meyarıdır.

Həqiqətən də, qadın zəkası zaman-zaman əzilməsəydi, öldürülməsəydi,çox da uzağa getməyək, elə bizim ədəbiyyatda qadın yazarların sayı heç də azlıq təşkil etməzdi.

 T.Arifqızı ədəbiyyata, demək olar ki, əsrimizin əvvəllərində gəlmiş və bu çağa qədər də onun “Mən şair olsaydım”,”Nə qədər ki, insan var”, ”Sözün bayatı rəngi”, ”İçimdəki səs”, ” Qarabağda 44 gün”, “Qələbəyə tələsən şəhid” kimi kitabları nəşr olunaraq elmi-ədəbi ictimaiyyətə təqdim edilib. “Payızın zəfər rəngi” kitabı isə şairənin oxucularla yeni görüşüdür.

Təranə Naxçıvan torpağının zaman-zaman yetirdiyi Heyran xanım, Qönçəbəyim, Kəmalə Ağayeva, Elmira Qasımova,Validə Hüseynova, Rahilə Elçin, Mətanət Hüseynxanqızı … kimi qadın şairləri sırasında öz imzası, öz səsi ilə seçilən  şairdir. Onun şeirlərinə də zamanın axarı, ictimai mühitin dəyişkənliyi, şair və dünya kimi bəşəri mövzular aparıcı rol oynayır.  şairlik təkcə şeir yazmaq deyil, şairlik hər şeydən əvvəl Tanrının, yaşadığın dövrün, zamanın və mənsub olduğun Vətənin, xalqın qarşısında cavabdehlikdir, məsuliyyətdir. Buna görə də şair yaşadığı zamanın, ictimai mühitin barometridir, bir az da dəqiq desək, bir yazımda dediyim kimi, qara qutusudur. Necə ki, təyyarənin qəza törətmə səbəbi təyyarəyə yerləşdirilmiş qara qutular oxunandan sonra müəyyənləşdirilir, müəyyən bir zaman kəsiyinin səciyyəvi xüsusiyyətləri də zamanında yaşamış söz adamlarının yaradıcılığı əsasında aşkarlanır, ictimailəşir. Bu nöqteyi-nəzərdən yanaşanda Təranə Arifqızının bir çox şeirləri zamanımızın xarakterik cizgilərini sabah üçün saxlanc edən şeirlərdir. Xüsusilə, onun yuxarıda adını çəkdiyim “Qarabağda 44 gün” şeirlər kitabı yaşadığımız yaxın keçmişimizin-44 günlük Vətən savaşımızın iftixar doğuran qalibiyyət anlarını sözün yaddaşına köçürən uğurlu poetik nümunələr toplusudu.

Təranənin şeirlərində bir qadın səliqə-səhmanı və həm də hər əzaba dözüm inadkarlığı var. O nədən, hansı mövzudan yazırsa yazsın, orada qadın ürəyinin hərarəti, sevinci, fərəhi, bəzən də, təbii olaraq, hıçqırıq və sarsıntıları da duyulmaqdadır. Bu da ondan irəli gəlir ki, hər bir şeir bir ovqatın, bir təbii düşüncə və duyğunun məhsuludur. İnsan təbiəti də həmişə dəyişkən, dyğusal və mütəhərrik olur. O daima yeni-yeni çalarlar, yeni-yeni hiss və duyğularla zənginləşir və bu zənginlik də zamanında  şeirə, rəsmə, musiqiyə … çevrilir, bu sənət əsərləri  də məqamında kiminsə ruhunu təzələyir, ona yeni ovqat, zövq və yaşamaq stimulu verir.“Etiraf” şeirində olduğu kimi:

        Etirafın ən gözəli-

        Yadların yadı olmaqdı.

        Səndə səni tapmayana

        Həsrətin dadı olmaqdı.

Yaxud da:

       Etirafın ən gözəli

        İçimizdə oturubdu.

        Dili yoxdu,amma səsi

        Bu dünyanı götürübdü.

Nümunə gətirdiyimiz bu iki bənddə təkcə bir şair ürəyinin çırpıntıları yox, həm də sevən, amma sevgisi “sevilməyən” bir qadın tənhalığının dilsiz etirafı diqqəti çəkməkdədir. O qadının ki, onun sevgisi və insani duyğusu  pak və müqəddəs ol-duğu kimi, həm də “lal”dı, haray- həşirsizdi. Bəlkə də bu etiraf mövzusu bir qadın şairin yox, deyək ki, bir kişi şairin qələmindən çıxsaydı bu qədər səmimi və duyğusal təsir bağışlamazdı.

“Darıxır” şeirində isə insan tənhalığının acılarından doğan bir intizar və bir az da dəqiq desək bitməyən həsrət var:

Günü bitməyən  günlərim,

Gəlməyən yaşım darıxır.

Arxamca kimlər atacaq?

Köksümdə daşım darıxır.

Bəlkə də bu kimi misralar kimlər üçünsə mücərrəd, anlaşılmaz görünər. Təbiidir. Hər kəsin bir baxış bucağı var. Lakin həsrətin köz kimi yandırdığı duyğusal oxucu üçün bu hisslər çox doğmadır. Ümumiyyətlə, Təranənin bu səpkili şeirlərində, belə demək mümkünsə, işıqlı bir kədər, bənzərsiz bir həsrət var ki, bunların da sonu vüsala qovuşmaqdır…Sonu sonsuzluğa qovuşmaq olsa belə…

Kitabdakı şeirlər mövzu baxımından rəngarəng və müxtəlif çeşidlidirlər.Vətən, zaman, sevgi və bu kimi digər mövzulu şeirlər şairin vətəndaşlıq duyğularının və məsuliyyətinin təzahürü kimi diqqəti çəkir.Yəni şeirlər nə qədər mövzu, hiss və üslub baxımından müxtəlif olsa da, onları bir-birinə küll halında bağlayan vahid bir amal, vahid bir məqsəd var:oxucunu  insan kimi formalaşdırmaq, Vətənə, Millətə layiqli  vətəndaş etmək. Buna görə də Təranə xanımın şeirlərində müqəddəs Ana nəfəsinin və Vətən torpağının hərarəti duyulmaqdadır. Bu duyğular da təbii ki, şairin Anaya,Vətənə qırılmaz tellərlə bağlılığından irəli gələn səbəblərdəndir.

Şairin vətənpərvərlik mövzusunda yazdığı onlarla şeirdən birinin adı “Zəfər payız” adlanır. Şeirdə illərlə yola saldığımız ənənəvi payızlardan fərqli olaraq millətimizə,Vətənimizə zəfər sevinci gətirən və tariximizin yaddaşına tarix kimi yazılan bir payız rəngi öyülərək vəsf edilir:

   Mən sevirəm payız səni…

   Oğlum payız,qızım payız!..

   Möhtəşəmsən,qızıl payız!..

     Poladların qıy səsini,

    düşmənimin məğlub olan

                                            “vay” səsini

                                              qızıl,zərli rənglərində

                                               gətirdin sən…

                                               Şuşa dolu,Laçın dolu

                                               ətirsən sən.

                    Namərdlərin yazdığını poza-poza,

            yeni tarix,yeni era yaza-yaza

gələcəyə tələsirsən…

Elə buna görə də şair bu payızı illərin bütövlük həsrətinə son qoyan “Zəfər payız”ı adlandırır və bu qənaətində də yanılmır. “Payızın zəfər rəngi” dastanını igid oğullarımız al qanlarıyla yazıb. Ona görə o rəng əbədidir, unudulmazdır.

“Nağıl kimi,amma nağıl deyil ki…”,”Sədərəkdən Şuşayacan” kimi şeirlərində də şair yaşadığımız və qəhrəmanlıqlarla dolu olan tariximizin yadda qalan anlarını qələmə almışdır.

Oxuculara təqdim olunacaq “Payızın zəfər rəngi” kitabında şairin ilk baxışda təbiət şeirlərini andıran “Qar ətri”,”Qış nağılı”,”Mən zərif bir çobanyastığı” kimi şeirləri də toplanıb. Ancaq bu tipli şeirlərin özəlliyi ondadır ki, burada təbiət elementləri şair üçün ictimai ağrılarını, sosial qayğılarını oxucularla bölüşmək amalına xidmət edir. Daha doğrusu təbiət təbii obrazdan çox sosial duyğu və düşüncələrin ifadəçisinə çevrilir. Bu da şairin öz fərdi yazı üslubundan və yaradıcılıq manerasından irəli gəlir.“Qar ətri” şeirində bu duyğunu aydın sezmək müm-kündür:

    İlıq dodaqların buz təbəssümün

   asın, budaqların yalın əlindən.

   Dəniz gözlərində qar ətri qalıb,

    söylə, hara gedim sənin əlindən?

…Təbii ki, deyilən, yazılan hər bir söz, hər bir şeir nəbzi döyünən,ürək çırpıntıları hiss olunan İnsan adlanan canlı bir varlığın ruhsal aləminin təzahürüdür. Bu aləm nə qədər əxlaqi, mənəvi baxımdan duyğusaldırsa, zəngindirsə, onun ortaya qoyduğu söz süfrəsi də bir o qədər  duyğusal və zəngin olacaq. M.Füzuli demişkən: ”Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz”. Təranə Arifqızı da “öz miqdarında” olan şairdir. Onu bir şair kimi fərqləndirən və sevdirən də elə budur.

Müəllif: Xanəli Kərimli

Filologiya üzrə fəlsəfə doktoru, dosent

    09-10.01.2024.

XANƏLİ KƏRİMLİNİN YAZILARI

TƏRANƏ ARİFQIZININ YAZILARI



>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir