Mən hələ Azərbaycana ayaq basmamışam, amma hər gün xəyalımda o müqəddəs diyara səfər edirəm. Təsəvvürümdə, ürəyimdə sevgi və məhəbbətlə dolu olan o əziz yurda gedib qayıdıram. Azərbaycanın gözəl və qədim şəhərləri, ucalığı göylərə çatan vüqarlı dağları, canlılıq və ilham tənəffüsü yayan dənizləri ürəyimi əsir edib. Oranın heyranedici mənzərələri mənim üçün təkcə təbiətin bəxş etdiyi bir nemət deyil, həm də böyük tarix və mədəniyyətin canlı ifadəsi kimi görünür. Bu yurdun sevgi dolu ürək sahibi olan insanları isə ayrıca bir mövzudur. Mehribanlığı, səmimiyyəti və sadəliyi ilə onlar həmişə yanımda olan kimi hiss edirəm. Onlarla məsafələr belə, aramızda maneə ola bilmir. Mənə hər zaman elə gəlir ki, bu əziz və müqəddəs torpağın hər küləyi bir sevgi hekayəsi söyləyir, hər ağacı məhəbbət mahnısı oxuyur. Azərbaycan mənim qəlbimdə sanki canlı bir aləmə çevrilib, arzularımın ayrılmaz bir hissəsinə çevrilib. Bu yurd mənim ilham mənbəyimdir, dayanmadan meyvə verən bağlar kimi, ürəyimin ən dərin qatlarını üzə çıxarır. Onun zərifliyi və insani dəyərləri həmişə məni məhəbbət və ehtiramla özünə çəkir. Oranın mehriban, səmimi, sadə və qonaqpərvər insanları məni həmişə qonaq çağırır. Onların qəlbində yalnız xeyirxahlıq yaşayır, onları sevməmək, hörmət etməmək mümkün deyil. Facebook vasitəsilə 7-8 il ərzində bir çox Azərbaycan şairləri, yazıçıları və yaradıcıları ilə tanış olmuşam və onlarla dostlaşmışam. Onların səmimiyyəti və incəliyi sözlə ifadə olunmaz. Azərbaycan sənəti və ədəbiyyatına əvvəldən böyük marağım var idi. Bu gün isə onların qəlbimdə tutduğu yer daha da yüksəlib. Hər yeni tanışlıq məni o yurda daha da yaxınlaşdırdı, sevgi və hörmətimi ikiqat artırdı. Azərbaycanlı dostlarımla aramızda məsafələr uzaq olsa da, ürəklərimizin yaxınlığını hiss edirəm. Belə böyük tarix və mədəniyyətə malik xalqın insanları ilə dostluğumla fəxr edirəm. Bu gün Azərbaycan və Özbəkistan arasındakı dostluq əlaqələri möhkəmlənib və yeni üfüqlər açılır. Əlli-dən çox şeir və digər yaradıcılıq nümunələrim Azərbaycanın nüfuzlu qəzet və jurnallarında dərc olunub. Kiçik uğurlarımı belə diqqətdən kənarda qoymayan azərbaycanlı ustadlarım yaradıcılığım haqqında məqalələr yazaraq, mənə diqqət və ehtiram göstərdilər, bu isə mənim özümə olan inamımı artıraraq, Azərbaycan xalqına olan sevgimi daha da gücləndirdi. Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, Özbəkistan Respublikasının “Dostluq” ordeni sahibi Almaz Ulvi xanımdan şeirlərimə ön söz yazmağı xahiş etmişdim. O, böyük məhəbbət və etibarla yazdığı ön söz təkcə məni sevindirmədi, həm də yaradıcılığımı yeni mərhələyə qaldırdı. Həmin ön söz Azərbaycanın “Bütöv Azərbaycan” qəzetində bir sıra şeirlərimlə birlikdə dərc edildikdə, sevinclə dolub-daşdım. Təranə Turan Rəhimli, Abdulla Saymaz, Tural Turan və İntiqam Yaşar kimi tanınmış yaradıcıların mənim şeirlərim haqqında yazdıqları məqalələr qəlbimi sevinc və ilhamla doldurdu. Xüsusilə, yaradıcılığımı Azərbaycan dilinə tərcümə edərək onu geniş ictimaiyyətə çatdıran Şahməhəmməd Dağlaroğlunun əməyini ayrıca qeyd etmək lazımdır. Hər bir yardım, hər bir dəstək – mənim üçün xüsusi bir ilham mənbəyidir. Bu gün Azərbaycanın “Bütöv Azərbaycan” qəzeti və “Yazarlar” jurnalında Özbəkistan üzrə müxbir olaraq fəaliyyət göstərməyim bu etibarın bir ifadəsidir. İnşallah, məhəbbət diyarının saf insanlarına olan sevgim bir gün məni Azərbaycana aparacaq. O əziz yurdun müqəddəs torpağını gözlərimə sürtüb, mehriban insanlarını bağrıma basacam. Azərbaycan, sən məni gözlə! Bir gün qəlbimdəki sevgini və sədaqəti özünə gətirəcəm. Məni görəndə öz övladın kimi qəbul et. Mən sənə təkcə şeirlərimi və qəlbimin sözlərini deyil, özümlə birlikdə sevgi və sədaqətimi də təqdim edəcəm. Hər zaman bağrın sakit, xoşbəxtliyin uca, həyatın bahar kimi bərəkətli olsun! Sənin torpağında yalnız sülh, dostluq və firavanlıq hökm sürsün! Bütün sevgim və sədaqətimlə sənə gəlirəm, Azərbaycan. Sənə həsr etdiyim hər bir misra, hər bir nəfəs sənin böyük mədəniyyətinə və qızıl tarixinə qatılsın. Mənim qəlbimdəki ən yaxın aləm, sevimli vətənim, sən həmişə məni bağrına basırsan.
Azərbaycan
Azərbaycan – qardaş xalqım, Can bir xalqım, qandaş xalqım. Kamalından qəlbim coşar, Ruhdaş xalqım, qandaş xalqım.
Göylərində sönməz günəş, Sənə gülüb, baxar hər an. Sığınmaqda sənə könlüm, Mən Bakıya verərəm can.
Vətənimtək müqəddəssən, Mənə əziz hər bir çağın. Dalğalansın yüksəklikdə, Uca olsun qoy bayrağın.
Şəhid oldu oğulların, Mənimkidir ürək dağı. Qalmasın heç bir üzüntün, Abad görək Qarabağı!
Müəllif: Cihangir NOMOZOV, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.
Doğma şəhərim! O şəhər ki … Səninlə bir xoşbəxtliyim ucalır, Sevinir, sevincim göylərə qalxır, Pərvaz edərək qəlbdə dolanır, Doğmalıq hər zaman adında olan, Yaşlansa da cavan qalan Sumqayıt! Əziz şəhərim! O şəhər ki … Küçələrin, döngələrin, yolların, Şahid olub ürəklərin sözünə. Gülür sakinlərin gülər üzünə, Yaşlansa da cavan qalan Sumqayıt! Sülh şəhərim! O şəhər ki … Sevgi dolu hər qarışı, havası, Göyərçinlər qanad çalan səması, Dillərə dastandır, səsi, sədası, Yaşlansa da cavan qalan Sumqayıt! Gənc şəhərim! O şəhər ki … Daim önəm verən elmə, təhsilə, Alır nəsillərdə bu tərz silsilə, Camal, çiçəklənir hər ildən-ilə, Yaşlansa da cavan qalan Sumqayıt! 22 Noyabr, 2024.
Əsli-kökü Cənubi Azərbaycanın Qaradağ mahalındandır. Ulu babası o vaxt Qarabağa gələrək, orada məskunlaşıb. Şuşada doğulub böyüyən maarifpərvər, şair, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat, teatr xadimi Həsənəliağa xan Qadağskinin nəticəsidir. Atası məşhur diktor, əməkdar artist, səsi ilə ürəklərdə yuva quran Aydın Qaradağlı, anası isə ölkəmizdə peşəkar diktorluq məktəbinin yaranmasında xüsusi xidmətləri olan, təmiz, cilalanmış, məlahətli səs sahibi Gültəkin xanım Cabbarlı olub.
Deyir ki:- “Biz cəmiyyətdə kitaba olan həvəsi, elmə olan marağı, intellekti qaldırmasaq, tamaşaçı zövqünü cilalaya bilmərik. Bu gün bütün telekanallar cəmiyyətin zövqünün əsirinə çevrilib. Axı verilişlər cəmiyyətin zövünə uyğun olmalıdır. Bu çox vacib məsələdir. Cəmiyyətin zövqünü formalaşdırmaq ümdə, ən böyük, ali bir məsələ olsa da, çox çətindir. Bildiyiniz kimi, ölkəmizdəki kanalların əksəriyyəti kommersiya kanalıdır. Mən telekanala rəhbərlik edərkən məşhur “Ford Boyard”ın Azərbaycan versiyasını düz iki il keçirdik. Elə bilirsiniz o, çox reytinqli veriliş oldu? Zövqümüzə uyğun olmayan, baxmaq istəmədiyimiz verilişlərdən belə “Ford Boyard”ın reytinqi iki dəfə yarım aşağı oldu. İki dəfə yarım… Onun dəyəri isə, nə deyim sizə, bəlkə də yüz, yüz əlli dəfə artıq idi. Həmin o zövq məsələsini qabartmaq naminə buna getdik. “Aydın səs” layihəsi oldu. Heç bir kommersiya yükü yox idi, bu verilişin. Nə oldu reytinqi?..”
Haqqında söhbət açdığım Vüqar Qaradağlı 1966-cı ildə Bakıda anadan olub. 1983-cü ildə orta məktəbi, 1990-cı ildə Bakı Dövlət Universitetinin şərqşqnaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. 1985–1987-ci illərdə hərbi xidmətdə olub. Əmək fəaliyyətinə Bakı Dövlət Universitetindən başlayıb. 1990-1991-ci illərdə universitetin baş laborantı, 1991-1992-ci illərdə tədris hissəsinin böyük inspektoru, 1992-1994-cü illərdə ərəb filologiyası kafedrasının müəllimi, 1994-2006-cı illərdə baş müəllimi vəzifələrində çalışıb. 1994-cü ildən 1999-cu ilədək BDU-nun İlahiyyat fakültəsinin ilk dekan müavini işləyib. 2006-cı ilin dekabrından Bakı Dövlət Universitetinin Ərəb filologiyası kafedrasının dosentidir. 2012-2017-ci illərdə Azad Azərbaycan Müstəqil Tele Radio Kompaniyasının prezidenti olub. 2010-cu ildə əməkdar jurnalist fəxri adına layiq görülüb…
Artıq bir neçə ildir ki, televiziyadan uzaq düşsə də, elmi fəaliyyətlə məşğuldur. Siyasətdən çox uzaqdır. İnadkar, mərd, əqidəli adamdır. Ünsiyyətdə mehriban, şən olsa da, iradə göstərməyi, sözü üzə deməyi bacarır. Yarınmaq, yaltaqlıq etmək, kiminsə qarşısında qürurunu alçaltmaq onun ruhuna yaddır…
Bizdə belə bir məsəl var- “Yıxılana balta vuran çox olar.” Əslində vəzifədən azad olunmaq, uzaqlaşdırılmaq hələ “yıxılmaq”, “son” demək deyil. Çünki ömür davam edir, yaşayırsan. Yaşayırsansa demək, varsan, tükənməmisən…
Bəli, noyabrın 24-ü hamımızın adını ehtiramla çəkdiyimiz, məşhur diktor Aydın Qaradağlının yadigarı- Vüqar bəyin növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, firəvan həyat arzulayıram. Yeni yaşı mübarək!
Ən gözəl xəyalları avtobusda qururam, Buradakı arzular şəkər dadır, bal dadır. Bir az məni güldürür, sonra da sevindirir, Yaxşıca inandırıb axırda da aldadır.
Gözüm dalır yollara, milyonluq maşınlara, Hər on metrdən də bir göz qamaşdıran villa. Nə durmusan sən də qur xəyalında cah-cəlal, Çox da fikir eyləmə, qaşqabağını sallama.
Maşın gedir arzular keçir gözüm önündən, Qurduğum xəyalların yoxdur tayı, bənzəri. Ya direktor oluram, ya müdir müavini Ya şirkətin rəhbəri, ya nəyinsə naziri.
Var on beş telefonum zənglərim də dayanmır, Dayanmayan zəngləri görən necə qapadım? Pəncərin tozuna yaxından boylananda Gördüm ki, vardır mənim üç nobel mükafatım.
Verdi tormoz avtobus yıxılmışdım az qala, Ürəyimdə düşündüm yaxşı yerdən tutmuşam. Həmən qayıtdım ora – gözəl Floridaya Dəniz kənarındayam yanakı uzanmışam.
Şəxsi təyyarəm də var beş-on metr kənarda, Yanımda köməkçilər, əlimdə kitablarım. Müavinim söylədi: “Bəlkə, gedək Londona ?” Söylədim ki, kofemi gözlə içim qurtarım.
Mühafizəçilərim ötürdü təyyarəyə Bu dəmdə də gözlərim dalmışdı buludlara. Kim isə pilotlara saxla dedi düşən var, Az keçmədi məni də itələdi kənara.
Toz bürüdü buranı daşlıdır kəndin yolu, Pəncərə də açıqdır, üst-başım da qapqara, Cibimdən də çıxardım qalan bir manatımı, Qurduğum milyona bax, onlar hara bu hara ?
Çatıram ünvanıma son on metrlikdəyəm, Fikirlər sevinərkən qəm tərəfə sürüşdü. Avtobusdan enəndə xəyallar da mənimlə, Bu palçıqlı çalaya, palçıqlı suya düşdü.
Bütün dünya Azərbaycana toplaşıb KOP29 kimi beynəlxalq əhəmiyyətli tədbirə öz töhfəsini verməyə çalışdığı bir vaxtda Ermənistanın baş naziri Nikol Paşinyanın bir az öz millətinin qınağından, bir az da himayədar Fransa hakimiyyətinin hədələrindən qorxaraq bu tədbirə qatılmadığı bəs deyilmiş kimi, məhz bu günlərdə ermənilərin Zəngilan rayonu ərazisində tarixi abidələrinin dağıdılması haqqında yalanlar uydurması qəribə görünür. Guya Zəngilan (ermənilər Kovsakan yazır) rayonu ərazisində ermənilərə məxsus Tamdzatap kilsəsi dağıdılıb. Məlumat rus saytlarında yayılıb. Qeyd olunur ki, XIX əsrdə bu erməni kəndi ərazisində tikilmiş kilsə 2023-cü ilin oktyabrında uçurdulub. Məkanı və zamanı bəlli olmayan görüntülərin əlavə edildiyi bu feyk xəbərə kiminsə inanacağı inandırıcı görünməsə də, milçəyin ürəkbulandırması əbəs çəkilmiş misal deyil.
Bu yalan həm də baş aldığı ölkənin təşkilatçılığı ilə elə bu ölkənin baş şəhərində feyk xəbərlərin yayılmasına dair geniş tədbirin keçirildiyi ərəfədə baş tutub. Əlbəttə, tədbirdə Azərbaycan nümayəndəsinin ətraflı çıxışı, ölkəmizə qarşı böhtan və şər kampaniyalarının aparılması faktlarını birər-birər iştirakçıların, yəni mətbuat nümayındələrinin nəzərinə çatdırması maraq doğurur.
Göürünən odur ki, dünya nüfuz sahiblərinin Azərbaycanın təşkilatçılığı haqqında xoş sözlərini həzm edə bilməyən düşmənlərimiz daha bir qarayaxma kampaniyasına start veriblər. Onların xarakteri belədir və sözün tam mənasında folklorumuzdakı “qozbeli qəbir düzəldər” misalı məhz bu məqamda yerinə düşür. Və yenə çox təəssüf ki, bu sayaqlamalar ötən əsrin 80-ci illərində olduğu kimi Rusiyadan yayımlanıb. Yəni şimal qonşularımızın jurnalistikası o qədər bərbad gündədir ki, bu faktı dəqiqləşdirmək imkanları olmasın?! Tutaq ki, 30-40 il əvvəl din yaxınlığı, yaxud erməni konyakının dadı rusiyalı həmkarlarımızın bəsirət gözünü yummuşdu. Bəs bu illərdə baş verənlər, ermənilərin siyasi avantüralarl, öz böyük qardaşlarına qardaşlarına qarşı kiçik bacılıq xəyanətləri həqiqətin nədən ibarət olduğuna aydınlıq gətirmədimi?! Bu gün dünyanın hər hansı bir nöqtəsində oturub Amazon sahillərində, yaxud Afrika cəngəlliklərində nələr baş verdiyini, hansı heyvanın, həşəratın, yaxud bitkinin durumu haqqında məlumat toplana biləcəyi intelektual inkişaf səviyyəsi zamanında hamıya və hər kəsə açıq olan Azərbaycanda nə baş verdiyinə aydınlıq gətirməkdə ciddi problem olmamalıdır. Əlbəttə, xoş niyyət varsa…
Ermənilərin bu böhtanlarına başı ciddi işlərə qarışan rəsmilərdən bir cavab gəlməsə də, söz adamlarımız qələmə sarılıb tarixi gerçəklikləri yerinə qoydular. Zəngilanlı yazıçı Əli Bəy Azərinin sosial şəbəkədə yaydığı və mətbuatda dərc etdirdiyi məqaləsində oxuyuruq:
“Əlbəttə, bu məlumat ermənilərin növbəti uydurmasıdır. Azərbaycanın davamlı sülh tədbirlərində qarışıqlıq salmaq, pozuculuq yaratmaq məqsədi daşıyır. Bununla belə cavabı verilməlidir, aydınlıq gətirilməlidir ki, dünya ictimaiyyəti xəbərdar olsun.
Ermənilər Zəngilana niyə KOVSAKAN deyirlər? Erməni dilində belə bir söz varmı? Varsa, nə məna daşıyır?
Kovsakan sözü KOSAXAN sözündən uydurulub. 1930-cu ilədək Zəngilanda 15-17 evdən ibarət balaca bir kənd olub. Kollektivləşmə dövründə yaxınlıqda yerləşən daha böyük kənd – Cahangirbəyliyə birləşdirilib. Əgər ermənilər XIX əsrdə Zəngilan ərazisində yaşayıblarsa, o kəndin adı ermənicə necə olub?
Kilsə məsələsinə gəlincə, qeyd etmək lazımdır ki, Zəngilan ərazisində iki kilsə olub, var, mədəni abidələr siyahısına salınıb, qoruna bilər. Şatarız kəndi ərazisində və Qarababa kəndindəki kilsələr sovet dövründə tədqiq olunub.
Qarababa kilsəsi yaxınlığında aparılmış qazıntılar zamanı Makedoniyalı İsgəndərin adına kəsilmiş sikkələr və o dövrün silah qırıntıları tapılmışdır. Tarixi mənbələr təsdiq edir ki, məhz Azərbaycanda xristianlıq dövrü o vaxta – Romalıların şərqə səlib yürüşü dövrünə (e.ə I əsrə) təsadüf edir. Onda Qafqazda yox, dünyanın heç bir yerində ermənilər (hayların) izi-tozu da yox idi..
Bu da real gerçəklik! Bəlkə bu reallıqlara əks məlumatı yayanlar ermənicə Kovsakan sözünün olduğunu və nə məna daşıdığını izah edələr? Qəribədir ki, vikipediyada axtarış verərkən ermənicə heç bir məna daşımayan bu sözlə yanaşı Oxçu çay toponimi də gəlir. Bəlkə bu da erməni sözüdür və ermənilərdə “ox” sözündən “çu” sözdüzəldici şəkilci var və “çay” sözü də ermənicə hansısa bir mənanı daşıyır?! Hələlik bu haqda dilçilik elminə heç nə məlum deyil. Ancaq mümkündür ki, yaxın tarixdə bədnam qonşularımız öz havadarlarının dil köməkliyi ilə bu barədə də nə isə uydursunlar.
Yeri gəlmişkən: Bu yaxınlarda böyüyüb boya-başa çatdığım Zəngilan şəhərinə səfərim, doğmalarımın məzarlarını bərpa etmək üçün qəbristanlığda qarşılaşdığım mənzərəni göz önünə gətirmək istəyirəm. Əlbəttə, Ali Baş Komandanın və rəşadətli ordumuzun sayəsində yurdumuza qayıtdıqdan sonra gördüklərimlə gözəl təbiəti olan bir diyarda 30 il ərzində insan adlanacaq məxluqun yaşadığına inana bilmirdim. Viran qalmış təbiətlə, xarabalıqlara dönmüş evlərlə və … yerlə yeksan edilmiş məzarlıqlarla tanışlıq Kosaxan kəndinin tarixinə də aydınlıq gətirməyə əsas verir. Bu sözləri ermənilərin 30 il əsarətdə saxladıqları və 44 günlük müharibədə geri qaytarılmış hər qarış Azərbaycan torpağı haqqında demək olar. Bu gün aparılan geniş quruculuq və abadlıq işləri əlbəttə ki, bədxahlarımız tərəfindən ürəkaçıqlığı ilə qarşılana bilməz. Və bizə, başqa sözlə ifadə etsək, həqiqət əleyhinə hiddət sahiblərindən ən bəd əməlləri gözləmək və buna hazır olmaq qalır. Çünki Azərbaycan öz müstəqillik və bütövlük tarixini yazmaqda davam edir və bu gerçəklik bədxahlarımızı daha çox qıcıqlandırır.
Burada bir məsələyə aydınlıq gətirmək yerinə düşür. 44 günlük müharibədə mətbuatın gücünü xalqımız da hiss elədi, üstəlik haqq səsimizi dünyaya çatdırmağı bacardığımızı da isbatladıq. Az müddət keçsə də, kafi sayda kitablar, müxtəlif janrlarda bədii və sənədli əsərlər yazılıb, filmlər çəkilib və bu iş davam etdirilir. (Ədəbiyyat və incəsənətdə tutarlı bir şey olmadığını deyənlər və yazanlar ədəbiyyatımız və incəsənətimizlə dərindən tanış olmayıb ənənəvi tənqid kampaniyasına qulluq edənlərdir.) İldən-ilə bu sahədə püxtələşmə gedir və tədbirlər daha məzmunlu və kütləvi xarakter alır. Təəssüf ki, bizə – millətimizə, xalqımıza, dövlətimizə və dövlə tçiliyimizə qarşı təbliğat kampaniyalarına qarşı qabaqlayıcı tədbirlərə hazır ola bilmirik. Halbuki, ulu öndər Heydər Əliyev və müzəffər dövlət başçımız öz çıxışlarında təbliğat sahəsində qabaqlayıcı tədbirlərin əhəmiyyətini xüsusi qeyd etmişlər. Yazıçı Əli Bəy Azərinin erməni uydurmalarına tutarlı cavabı gecikməsə də, erməniləri yalançı təbliğata, dünya ictimaiyyətini çaşdırmağa yönəlmiş bu böhtanlara görə divara qısnamağa rəvac vermək məqamı çatıb. Bu məlumatı yayan informasiya mənbələrini təkzib verməyə niyə cəhd etmirik? Hər halda prinsipiallıq göstərərək ciddi və ifşaedici tələblərimizi səsləndirməliyik. İlk növbədə dövlət tərəfindən kifayət qədər vəsait ayrılan xəbər agentlikləri və mətbu orqanlar bu missiyanı öz üzərlərinə götürməlidirlər. Zamanı çoxdan çatıb.
Bu günlərdə “Yeni dünya düzəni və Güney Azərbaycan problemi” adlı elmi məqalələr toplusu yayınlanıb. Professor Vaqif Sultanlı və doktor İrəc İsmayılın hazırladığı, “Aveprint” nəşriyyatında yayınlanan kitabda Güney Azərbaycanın aktual problemlərinə həsr olunmuş müxtəlif məzmunlu araşdırmalar toplanmışdır.
Oxucuların mühakiməsinə verilən kitab Güney Azərbaycanla bağlı tarixi, siyasi-ideoloji və ədəbi-kulturoloji problemlərə aydınlıq gətirilməsi məqsədilə hazırlanmışdır. Burada bir tərəfdən tarixi-siyasi, qarşı tərəfdən ədəbi-kulturoloji səpkili araşdırmalara yer verilmiş, bu isə problemin hərtərəfli müstəvidə dəyərləndirilməsinə imkanlar açmışdır.
Vaqif Sultanlı və İrəc İsmayılın kitaba yazdığı “Güney Azərbaycan problemi çağdaş düşüncə axarında” adlı öz sözdə problemin aktuallığına diqqət çəkilir: “Çox təəssüf ki, demokratik dünya uzun illərdən bəri şovinist İran fars rejiminin basqıları altında inləyən, hər cür insani hüquqlardan məhrum olan, dar ağacına sürüklənən, məhbəslərdə, sürgünlərdə ağır işgəncələrdən ölümə tərk edilən, qürbətdə can verən Güney Azərbaycan Türklərinin taleyinə hələ də səssiz qalmaqdadır. Dəqiq olmayan statikstik bilgilərə görə, İran bu gün dünyada edamların sayına görə ilk yerdə dayanan dövlətlər sırasındadır. Ölkədə narkotik alveri adı altında məhkum edilən, dar ağacından asılan gənclərin böyük əksəriyyəti siyasi fəaliyyətlə məşğul olan şəxslərdir”. “Ön söz”də daha sonra Güney Azərbaycan probleminin çözüm yolları ilə bağlı məsələlərərə aydınlıq gətirilir: “Güney Azərbaycan probleminin həlli bölgə dövlətləri ilə bağlı əsrlərdən bəri həllini gözləyən bir sıra ortaq siyasi məsələlərin çözülməsinə imkan verəcəkdir. Başqa sözlə, Güney Azərbaycanın bağımsızlıq qazanması ilə yad güclərin əlilə parçalanmış vahid xalqın birləşərək gələcəkdə yaratmış olacağı Bütöv Azərbaycan dövləti bütünlükdə Şərqin taleyində həlledici rol oynacayacqdır”.
Kitaba daxil edilən, mövzu-problem baxımından çeşidli olan, biri digərini tamamlayan məqalələr Azərbaycan araşdırıcıları ilə yanaşı, Türkiyə və Misir alimlərinin əsərlərini də əhatə etməkdədir.
Qəfil hücumla beynimin ən rahat yerlərini işğal edərək cavabları köçgün salıb müvəqqəti yuvalarını əbədi isitdiklərini düşünən vecsiz suallar.
Gün gəlir, beynimdə həll edə bilmədiyim o suallar elə bəsit olur ki, onlara müraciətlə:
-Sən bir sual belə deyilsən artıq. Bambaşqa suallara verilmiş qarşındakından ağılsızlıq uman mənasız bir cavabsan, əsl mövzulardan xilas üçün uydurulmuş bəhanəsən.
Yaradılışın, mövcudluğun, əbədiliyin, həyatın və ölümün, ruhun və bədənin sirrinin bilindiyi bir kainat başımıza gələn ən pis hadisə olardı, yəqin. Əvvəllər həyəcan və səbrsizliklə dinləyəcəyim o qeyri-adi əsrarəngiz “cavab” zamanla böyük bir çıxılmaza çevrilib beynimin kor küçələrinin qaranlığında ölümlə belə xilas ola bilməyəcəyim məngənə kimi sıxardı ömrümün mənasını. Yoxluğun belə sirrini itirdiyi, çıxışı, qurtuluşu, qaçışı olmayan sonsuz bir əzab olardı belə yaşamaq.
Emil Cioran demişkən, istəmədən dünyaya gəldim, istəmədən öləcəm. Biganəlik ən böyük iqtidarı təmin edən son çıxış yoludur.
Düşünməmək, heç nə düşünməmək, beynində uzun-uzadı bir sükut. Pəncərə arxasında küləyin səsi, acıqlı bir kükrəyişlə sahilə gəlib sakitləşərək gedən dalğalar, ən gözəl mənzərəsini batıb gedərkən göstərən günəş, ömrümdən bir parçanı da aparan bitmiş bir gün…
Və yenə də “Dünya” adlı bu möcüzəyə məni kor edən suallar, suallar…
GÖZƏLLİKLƏR AXTARIŞINDA, YAXUD SÖZÜNDƏN NUR YAĞAN ŞAİR
Məmməd Aslanla ilk dəfə görüşümüzü yaxşı xatırlamasam da, o, mənim ən çox ünsiyyətdə olduğum, zarafatlaşdığım qələm sahiblərindən biri idi. O, Bakıya, Sumqayıta özü ilə Kəlbəcər ab-havası gətirmişdi. “Azərbaycan təbiəti” jurnalında məsul kitib işləyəndə yanına tez-tez gedib gəlirdim. Otağına girəndə adam özünü sözün həqiqi mənasında əsrarəngiz təbiətin qoynunda hiss eləyirdi. Burada o qədər bənzərsiz dekorativ gül-çiçək, sarmaşıq var idi ki… Özü də şairlikdən başqa həm də rəssamlıq səriştəsi olan Məmməd Aslan bu gülləri otağa uyğun şəkildə elə yerbəyer eləmişdi ki, adam özünü lap nağıllar dünyasında hiss eləyirdi. Məmməd müəllim təkcə öz otağına yox, elə bil “Azərbaycan” nəşriyyatına da yeni bir ab-hava gətirmişdi. 1978-ci ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasına qəbul olunmuşdum. Dissertasiya mövzusunda jurnal məqalələri çap etirməyə ehtiyac var idi. Ağlıma gəldi ki, təbiət mövzusunda yazılan poemalar haqqında bir məqalə yazıb çap etdirim. Qasım Qasımzadənin “Meşə nəfəs alırdı” poeması barədə bir məqalə yazıb Məmməd Aslanın yanına apardım. Dedi ki, məqalənin adı jurnalımıza uyğun gəlmir, gərək elə bir ad tapaq ki, həm jurnala uyğun gəlsin, həm də məqalənin məzmununa xələl gətirməsin. Diqqətlə oxumağa başladı və birdən üzünə xəfif bir təbəssüm qondu. Məqalədəki “qıfılsız xəzinə” ifadəsinin altından qoşa xətt çəkdi və onu məqalə başlığı elədi. Yazı çap olunandan sonra Məmməd müəllimlə ünsiyyətimiz yeni bir məcraya yönəldi. Şeirlərini oxuduqca, söhbətlərini dinlədikcə gördüm ki, elə Məmməd Aslanın sinəsində, yaddaşında da zəngin bir folklor xəzinəsi var imiş. Ancaq bu xəzinə qıfılsız yox, qıfıllı idi. Məmməd müəllim xoşuna gəlməyən adamla ünsiyyətdə olmaz, onunla ürək söhbəti eləməz, zarafatlaşmazdı… 1981-ci ildə nəşriyyata gedəndə yolum birinci mərtəbədəki kitab mağazasına düşdü. Kitabların arasında Məmməd Aslanın təzəcə çap olunan “Ürək möhlət verəydi” kitabını gördüm və aldım. Kitab əlimdə Məmməd Aslanın otağına qalxdım. Hal-əhvaldan, onu təbrik eləyəndən sonra kitabı verdim ki, üstünə avtoqraf yazsın. Şairin üzünə yenə də xəfif bir təbəssüm qondu və kitabın ilk səhifəsində verilən şəklinin altında belə bir avtoqraf yazdı: “Özü kitab alıb məndən xətt yadigarı istəyən şair qardaşım Rafiq Yusifoğlu, nə yazım ki, sənin səmimiyyətini, paklığını, qürurunu, başabaş ər oğlu ərliyini orda əks etdirə bilim?! Məmməd Aslan. 27.XI.81.” Tale elə gətirdi ki, 1985-ci ildə məni “Göyərçin” jurnalına işə qəbul elədilər. Əvvəl şöbə müdiri, sonra məsul katib vəzifəsində işlədim. Redaksiyalarımız ayrı olsa da, tez-tez Məmməd Aslanla görüşür, söhbətləşir, zarafatlaşırdıq. Hərdən gəlirdi, birlikdə Sumqayıta qayıdırdıq. Bir dəfə qərara gəldik ki, işdən sonra redaksiyada Tofiq Mahmudun 60 illik yubileyini qeyd eləyək. Tofiq müəllim iki dostunu dəvət eləmişdi, qalanların hamısı öz əməkdaşlarımız: Hikmət Ziya, mən, Arif Hüseynov, Tahirə İsgəndərova, bir də redaksiyamıza tez-tez gəlib-gedən adamlar idi: Hüseyn Abbaszadə, Sabir Əhmədov, Məmməd Araz, Xalidə Hasilova, Nəriman Süleymanov, Əlirza Balayev, Altay Hacıyev, Emin Mahmudov, Əhməd Əsgər və Etibar Aslanov. Birdən gözləmədiyimiz halda qapı açıldı və Məmməd Aslanla Ağəddin Mansurzadə hay-küylə içəri girib məni soruşdular. Otaqdakı adamları görüb duruxdular. Biləndə ki, Tofiq Mahmudun yubileyini qeyd eləyirik, üzrxahlıq edib getmək istədilər, dedilər ki, biz gəlmişdik ki, Rafiqin maşını ilə Sumqayıta qayıdaq. Tofiq Mahmud onları getməyə qoymadı. Dedi ki, elə yaxşı oldu ki, gəldiniz. Məclis təzədən qızışdı, sağlıqlar, zarafatlar bir-birini əvəz elədi. Yaxşı ki, o günlərdən bir neçə xatirə şəklimiz yadigar qalıb. Bizim redaksiyamızda iki dəst Azərbaycan Sovet Ensiklopediyası var idi. Biri baş redaktor Tofiq Mahmudun, o biri isə məsul katibin – mənim otağımda. Məmməd Aslan bunu görəndə Tofiq Mahmuda deyib ki, o dəstlərdən birini mənə verin. Tofiq müəllim vermək istəməyib, deyib ki, o kitab Rafiqə də lazım olur, yəqin ki, verməyəcək. Məmməd müəllim növbəti dəfə gəlib məni soruşub, zarafatla deyib ki, hanı o məsuliyyətsiz məsul katib? Tofiq müəllim qaş-qabağını töküb etiraz eləyəndə ki, yox, səhvin var, Rafiq məsuliyyətli adamdı, o gülüb və deyib ki, Rafiq mənim dostumdu, zarafatla belə deyirəm. Sonra mən gəlib çıxdım. Məmməd müəllim dedi ki, iki dəst ensiklopediyanı neyləyirsiniz e, onsuz da içində bir fərli şey yoxdu, ən çox ermənilərdən yazıblar. Mən dedim ki, ay Məmməd müəllim, içində bir şey yoxdusa, bu kitabları bizdən niyə israrla almaq istəyirsiniz? Tofiq müəllim şaqqanaq çəkib güldü, Məmməd Aslan da ona qoşuldu. Sonra qılığıma girdi, dedi ki, bu kitabları məndən Türkiyədə yaşayan bir dostum xahiş eləyib, onu ver, əvəzində sənə çoxlu kitablar gətirəcəm. Mən çar-naçar razılaşdım. Məmməd müəllim kitabları apardı, ancaq insafən deyim ki, mənə də vəd elədiyi bəzi kitabları hədiyyə elədi… Sonra Məmməd İsmayıl teleşirkətin sədri olanda Məmməd Aslanı “Ekran-Efir” qəzetinə baş redaktor vəzifəsinə apardı. Nizami Xudiyev də Az.Tv-nin sədri olanda məni Xəbərlər Baş redaksiyasında “Elm, mədəniyyət, İncəsənət” şöbəsinə müdir təyin elədi. Necə deyərlər, Məmməd Aslanla bir işdə ayrılan yollarımız digər işdə yenidən birləşdi. Şirkətin avtobusu ilə birlikdə Sumqayıtdan Bakıya, Bakıdan Sumqayıta gedib gələr, yol boyu söhbətləşərdik. Ceyranbatan meşəsində ağacları kəsmişdilər. Mən sədrdən icazəsiz gəlib onu çəkdim və “Xəbərlər”də verdim. Süjet əks-səda verdi. Ağacəkmə kompaniyası başladı və həmin hadisələri də çəkməyi mənə həvalə elədilər. Sonradan hər Sumqayıtdan Bakıya gedəndə təzə ağacları göstərən Məmməd Aslan zarafatla deyirdi ki, bax bura Rafiq Yusifoğlu meşəsidi… Məmməd Aslan təkcə folklorun yox, həm də klassik ədəbiyyatımızın gözəl bilicisi idi. Mənim Məhəmməd Füzuliyə həsr olunan “Qəm karvanı” poemam əsasında televiziya tamaşası hazırlananda çox sevinmiş, bu haqda “Ekran-Efir”də maraqlı bir məqalə də yazmışdı… İkimiz də televiziyadan ayrılandan sonra da arabir görüşər, söhbətləşərdik. Şərikli dostlarımız – Kərim Məmmədov, Ağəddin Mansurzadə ilə arabir Sumqayıtda görüşər, ötən günləri xatırlayar, zarafatlaşardıq. Televiziyada işləyən oğlumu – Gündüzü çox tərifləyərdi. Deyərdi ki, kimin nə həddi var ona bir söz deyə. Əsl kişi oğlu kişidi… Ancaq adını çəkmək istəmədiyim bir nəfərin namərdliyi onu yandırıb yaxardı… Məmməd Aslan haqqın tərəfdarı idi. Haqq onun üçün dostluqdan da uca idi. Qarlı bir gündə metroda rastlaşdığımız, birlikdə sözləşib Yazıçılar Birliyinə getməyimiz, Anar müəllimin otağında özü orada olmayan Sabir Sarvanı özü orda olan dostlarımızdan birlikdə necə müdafiə eləməyimizin təfərrüatı indi də yadımdadır… Bir dəfə Sumqayıtdakı evində onun ziyarətinə getmişdim. Bir az nasazlamışdı. Evindəki səliqə-səhman diqqətimi cəlb elədi… Bir az təəccübləndim də… Axı o tək yaşayırdı… Xeyli söhbətləşdik, dərdləşdik. Ayrılanda mənə bir neçə kitab da hədiyyə elədi… Sonuncu görüşümüz isə nəşriyyatın dəhlizində oldu. Zarafatlaşdıq. Jurnalın vəziyyətini soruşdu. Dedim ki, indi mətbuat reanimasiyada sistem altında yatan xəstəni xatırladır. Sistemdən ayrılan kimi ölümə məhkumdu… Sözlərim çox xoşuna gəldi. Harasa getməli idi. Dedi ki, görüşüb söhbətləşərik… Ancaq bir də görüşmək bizə qismət olmadı… Onsuz darıxanda daxili dünyasının bədii aynasına dönən kitablarını vərəqləyir, şeirlərini oxuyuram. Yaxşı ki, Məmməd Aslanın düçüncələrinin bir qismi onun həm uşaqlar, həm böyüklər üçün nəzərdə tutulan şeirlərinə, hekayələrinə, publisistik yazılarına hopub. “Dağ ürəyi” (1969), “Səsimə səs ver” (1978), “Ürək möhlət verəydi” (1980), “Ömrün yarı yaşında. (1986), “Saxla izimi dünya” (1989) kitablarında toplanan şeirlərdə Məmməd Aslanın zəngin, bənzərsiz poetik düşüncələri öz əksini tapıb. Burada yurd həsrətli vətən, təbiət, sevgi şeirləri ayrı-ayrı poetik biçimdə diqqətimizi cəlb edir. Müəllifin bayatı, gəraylı, qoşma formalı şeirlərində folklor motivləri, ənənəyə bağlılıq çox güclüdür. İlk kitabında gedən ilk şeir – “Çiçək dənizi” adamı ofsunlayır:
Əlvan gül dənizi, çiçək dənizi, Ətirli dalğalar dizimdən mənim. Getməz bu yerlərin göyçək dənizi Ürəyimdən mənim, gözümdən mənim.
Yönəldim bulağa, bir qurtum içim, Cığır fərşə dönüb, gül əlçim-əlçim, Bəs necə tapdayım, bəs necə keçim, Min naxış pozular izimdən mənim.
Yamacı çağırdım, dağı səslədim, Cavab gələr deyə ümid bəslədim. Bir coşub-çağlayan nəğmə istədim, Küləklər çıxmadı sözümdən mənim.
Qurşağı çəmənə sancılıb göyün, Çiçəklər füsunkar, quşlar ərköyün, Ürəyim yaylaqda itibdi bu gün Xəbərim olmayıb özümdən mənim.
Bu misraları oxuyanda istər-istəməz Məmməd Aslanın sevdiyi, sitayiş elədiyi Məhəmməd Füzulinin bir misrasını xatırlayıram: “Heyrət, ey büt, surətin gördükdə lal eylər məni.” Məmməd Aslanın əksər şeirləri elə bil ki, heyrat məqamında araya-ərsəyə gələn poetik mətnlərdi.
Bu, körpəlik beşiyim, Mənim dağım, dərəmdi. Zirvəsinə baş əyim, Uludu, möhtərəmdi.
Bir tifildim, aləmdim, Çiçəyinə bələndim. Bulağından bal əmdim, Mənim şəhdim, şirəmdi.
Ürəyim axr çayda, Uyuyur bu laylayda. Dəlidağ özü boyda Kəklikotum, zirəmdi.
Ölçüsü bayatı, qafiyələnməsi gəraylı formasında olan, dil və ifadə gözəlliyi ilə zəngin 10 bəndlik şeir bu misralarla bitir:
Yenə çiçək fəslidi, Hava gül nəfəslidi, Bu dağlar – Xan Əslidi, Məmməd – Yanıq Kərəmdi.
Kəlbəcər dağlarının füsunkar gözəlliyini rəssam dəqiqliyi ilə əks etdirən Məmməd Aslanın bütün şeirlərinin lirik qəhrəmanı elə şairin özüdür. Şairin digər kitablarında gedən təbiət şeirlərini də oxuduqca adam istər-istəməz hər şeyi unudur, lirik qəhrəmanın yol yoldaşına çevrilir, təbəti onun gözüylə görür, onunla birlikdə duyğulanır, həyəcanlanır. Bu baxımdan Məmməd Aslanın əksər şeirləri sirayətedicidir, cazibədardır. Peyzaj detallarının dəqiqliyi, dil, ifadə gözəlliyi şeirlərin həm bədii dəyərini, həm də təsir gücünü xeyli dərəcədə artıran vasitəyə çevrilir.
Sənə pənah gətirmişəm, Dəlidağ, Dərgahında mən xəstəyəm, sən – həkim. Məni görüb nə tökmüsən qaş-qabaq, Gəldiyimi xəbər verib sənə kim?
M.Aslan ənənəvi janrlara yenilik cizgilrı qatmağı bacaran bir qələm sahibi idi. Məsələn, onun bayatı ritmli, hər misrası 7 hecalı şeirlərinin bir qisminin gəraylı kimi təqdimi maraq doğurur. Bayatı ilə gəraylının sintezi şeirin ritminə, ahəngdarlığına əhəmiyyətli dərəcədə təsir edən bir vasitəyə çevrilir. “Nazim yanğısı” şeirində olduğu kimi:
Misralar bir-birini əvəz elədikcə Nazim Hikmətin portreti göz önündə canlanır. “Dolu döymüş ağac”, “baltalanmış ceviz”, “dərya daşdıran gözlər” və s. bu portreti tamamlayan səciyyəvi cizgilərdı.
Şeir belə bitir:
Oddan-alovdan betər Ayrılıq məni ütər. Qəbrim üstə qəm bitər, Gülümə bax, qaraçı.
“Qarşı yaxa məmləkət”. Bu torpağa mən həsrət, Vətənsiz öldü Hikmət, Ölümə bax, qaraçı…
Bu misraları yazanda Məmməd Aslanın heç ağlına da gəlməzdi ki, “vətənsiz” ölmək, Kəlbəcərdə yox, Zaqatalada dünyasını dəyişmək, Masazırda dəfn olunmaq var imiş qismətində… Məmməd Aslan ənənəvi formada yeni söz deməyi bacaran bir şair idi. Bu baxımdan onun 20 Yanvar hadisələri zamanı qələmə aldığı “Ağla, qərənfil, ağla” şeiri çox səciyyəvidir:
Məmməd Aslan uşaqlar üçün də gözəl şeirlər, poemalar, mənzum nağıllar, hekayələr yazan istedalı bir qələm sahibi idi. “Böyürtkən böyrü tikan” (1972), “Səhəri kim açır”(1972), “Dəvə niyə gövşəyir” (1980) kitablarına Məmməd Aslanın uşaq şeirləri, “Durnalar lələk salır” (1982) kitabına isə balacalar üçün yazılmış tərbiyəvi əhəmiyyətli nəsr əsərləri daxil edilmişdir. Məmməd Aslanın həm də çox güclü bir publisist idi. “Bizdən sonra nə qalır” (1979) kitabında toplanan yazılar göstərir ki, onun publisistikası da əslində mayasında, cövhərində poetik ovqat olan yaradıcılıq nümunələridir. Məmməd Aslanın Türkiyə səfərindən sonra yazılan “Ərzurumun gədiyinə varanda” (1985) kitabını oxucular çox böyük maraqla qarşılamışdılar. Bu kitab əslində qadağalar dövründə Azərbaycan oxucusu üçün türk dünyasına açılan ilk pəncərə kimi maraq doğururdu. Müstəqillik illərində Türkiyəyə müntəzəm gediş-gəliş Məmməd Aslanın yaradıcılığına yeni bir istiqamət verirdi. Şairin türk şeirindən, o cümlədən Yunis İmrədən, Aşıq Veysəldən elədiyi tərcümələr, uyğnlaşdırmalar dili bir, qanı bir, dini bir insanların yaxınlaşmasına kömək edən bir vasitəyə çevrilirdi.
Bir soy ki bir daşa baş qoysa əgər, O daş millət üçün səcdəgah olar! Kök özünü sevsə, Haqq onu sevər! Bir soyun ayarı tam agah olar.
Qaya sədası var başın yasında: Baş, daşın üstündə heykələ dönər! Orxon-Yeniseyin daş-qayasında Hələ Türklüyümün nəbzi döyünər.
“Nur içində nur”, “Allahın rəsulu”, “Bir sultan yaşardı Sultantəpədə” kitablarında Məmməd Aslanın türk dünyasına, islam əxlaqına bağlılığı aydınca sezilməkdədir. Şairin bu mövzuda olan əsərlərini oxuyanda belə qənaətə gəlirik ki, istedadlı qələm sahibi həm də iman sahibi olanda onun yazdıqlarının dəyəri də qat-qat artır. Məmməd Aslanın bütün şeirləri istər mövzu və problematikasına, istərsə də bədii sənətkarlıq məziyyətlərinə görə diqqəti cəlb edir. Sevinirəm ki, onun yaradıcılığı əsasında yazılan fəlsəfə doktorluğu dissertasiyası mənim elmi rəhbərliyim altında araya-ərsəyə gəlib. Ümid eləyirəm ki, gələcək tədqiqatçılar da Məmməd Aslanın yaradıcılıq yolunu başqa istiqamətlərdə elmi araşdırmaya cəlb edəcəklər. Çünki şairin müxtəlif janrlı yaradıcılıq nümunələri tədqiqata zəngin material verir. 1939-cu ildə gözəlliklər diyarı Kəlbəcərdə dünyaya göz açan Məmməd Aslan 2015-ci ildə yurdumuzun başqa bir gözəlliklər diyarında – Zaqatalada gözlərini əbədi yumdu. Gözəllik aşiqi olan Məmməd Aslan ömrünün sonuna qədər gözəlliklər axtarışında idi. Elə bil ki, Kəlbəcərə dönə blməyən Məmməd Aslan yurdumuzun başqa guşələrində olan gözəllikləri görüb lentə almaqla təskinlik tapırdı. Özündən sonra təkcə bədii əsərlər yox, misli-bərabəri olmayan verilişlər yadigar qoyub getdi Məmməd müəllim. Şairdən yadigar qalan o lentlərə baxanda Məmməd Aslan “əlvan gül dənizi, çiçək dənizi”ndə sehrli bir adanı xatırladır. Elə gözəl, elə şirin, elə obrazlı bir dillə təbiəti təqdim eləyirdi ki, onun heyranlığı istər-istəməz tamaşaçılara da sirayət eləyirdi. Verilişinin adı “Dərədən-təpədən” idi. Azərbaycanda elə bir dərə, təpə, dağ, yamac yox idi ki, Məmməd Aslanın ayağı ora dəyməsin. Bənövşəli, nərgizli, laləli, süsənli yamaclar, yaylaqlar onun təqdimatında öz gözəlliyini birə-on qat artırırdı elə bil. Gah uca dağları, gah gül-çiçəkli yamacları, çəmənləri, gah şəlalələri, gah qıjıltıyla axan çayları həm şeirlərinin, bədii-publisistik yazılarının, həm də kameranın yaddaşına hopdururdu. Ayrı-ayrı fəsillərdə təbiətin rənglərinin dəyişməsi də Məmməd Aslanın nəzərindən qaçmırdı. Onun qar yağa-yağa çəkdiyi verilişi indi də yaxşı xatırlayıram. Məmməd Aslan peşəkar operator deyildi, ancaq təbiət gözəlliklərindən zövq almaq, kimsənin görə bilmədiyini görüb göstərmək, təqdim elıəmək bacarığı onu bu sahədə də peşəkarlar sırasına qaldırmışdı. “Şöhrət” ordenli Əməkdar mədəniyyət işçisi Məmməd Aslan Azərbaycan ədəbiyyatının həm yaradıcısı, həm də yorulmaz təbliğatçısı idi. Onun əsərlərinin dili olduqca saf və koloritli idi. Çünki Məmməd Aslan zəngin bir folklor mühitində dünyaya göz açan, dilini, ədəbiyyatını, incəsənətini sevən bir təəssübkeş qələm sahibi idi…
Folklorumuzu, klassik ədəbiyyatımızı, dilimizin incəliklərini, məna çalarlarını mükəmməl bilən, iman sahibi olan, sözə böyük dəyər verən, “sözündən nur yağan” şair ömrünün ixtiyar çağında, 2014-cü ildə yazırdı:
Vəzincə ən yüngül, mənaca ağır: Söz dünyaya sığmaz; tək ağla sığır. İqlimlər dəyişir sözün zəhmindən: Sözdən şaxta düşür; sözdən nur yağır…
Ruhu şad olsun sözə, sənətə həmişə böyük dəyər verən, ömrünü şam kimi gilə-gilə şeir-sənt yolunda əridən Məmməd Aslanın!
Rafiq Yusifoğlu, şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.
Bu gün Azərbaycan Respublikasının Xalq artisti Yaşar Nurinin anım günüdür. Bu münasibətlə sənərkarın qəbri ziyarət olundu. Ziyarətdə Azərbaycan Teatr Xadimləri İttifaqının nümayəndələri, Akademik Milli Dram Teatrının aktyorları və Yaşar Nurinin həyat yoldaşı iştirak etdilər. Sənət dostları Yaşar Nurinin xatirəsini dərin ehtiramla yad etdilər, onunla bağlı xatirələrini bölüşdülər. Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılov, sədr müavini İlham Namiq Kamal aktyorun həyat və yaradıcılıq yolundan, onun Azərbaycan mədəniyyətinə bəxş etdiyi dəyərli sənət incilərindən danışdılar.
Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım ziyarətdə iştirak edən hər kəsə dərin minnətdarlığını bildirdi. Allah rəhmət eləsin.