
İSTƏYİRƏM YOLUM DÜŞSÜN…
İstəyirəm yolum tez-tez düşsün Allah dərgahından,
Bilsən necə güc alıram mən Onun seyrəngahından.
Ağrılarımdan arınıb, quş kimi xəfif oluram,
Hər sualın cavabını yenə də Onda buluram.
Nadan bilməz niyə gəlib bu dünyaya, qayəsi nə?
Missiyası nədir onun, görəvi, vəzifəsi nə?
Bilməz ki, iradə nədir, nəfsinə qul olmaq nədir,
Özü qul yaranmış ikən, qula qul, çul olmaq nədir.
Düşünməz ki, hər canlını geyimilə yaradırkən,
İnsanı çılpaq yaratdı Allah, niyə Yer fəsadkən..
Əgər insan unudarsa əmanəti, ləyaqəti,
Nəyə gərək varmı, yoxmu üzərində qiyafəti?!
Abırdı, həyadı geyim, ədəbdir, həm mərifətdir,
Bu dünyada libasıdır, o dünyada hidayətdir.
İnsanı insan edən şey duyğu, düşüncə, əməldir,
Kamaldan yoxsul kimsələr heyvandır, bu ki, məsəldir.
İnsanlar ağaca bənzər, yüksəyə, nura can atar,
Sınaqdan keçmək istəyən dərinliyə, kökə batar…
İstəyirəm yolum tez-tez düşsün Allah dərgahından,
Bilsən necə güc alıram mən Onun seyrəngahından.
Müəllif: ADİLƏ NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru