
SƏN və MƏN
Sənin üçün çox asandır yaşamaq,
Nəfsin ilə kama çatar muradın.
Məqamında işin düzdür, canın sağ,
Orbitində pərvaz edir qanadın.
Bu oyunda sənə udmaq gərəkdir
Zər tutmaqla hər niyyətin var olur,
Var- dövlət də elə həyat deməkdir,
Üfüqündən parlaq günəş doğulur.
Qürurunun varmı özgə güvənci,
Sifətində lövbər salıb bu qədər?
Mən ruhumdan əxz edirəm bu rəngi,
Sevinmirəm sevinməsə özgələr.
Öz mülkündü dildə vətən dediyin,
Millətindir rifah görən içində..
Ədalətin kələflndə var düyün,
İlmə vuran əlacsızdır seçimdə
Kimə düşür bu ocağın istisi,
Sən çəkərkən qabağına odunu?!
Kösöv bilməz kimi boğur tüstüsü,
Kim çıxardır qızınmağın dadını.
Hamı haqqı, rifahını axtarır,
Səadəti tapmır arzu eyləyən.
Qoy Şeytana atmasınlar daş, çamur,
Kölgəsində biri sənsən, biri mən.