
Səməd Vurğuna
Şeir ilk gənclik illərimin şeiridir. Sovet poeziyasının ruhu da var bu şeirdə. Əlbəttə, sonralar açılan bəzi söz-söhbətlər hamı kimi mənim də ürəyimi ağrıdır. O dövrü, o müdhiş zamanı yaşamadan kimlərisə rahatlıqla ittiham edə bilmərəm. Xalqımıza o anları, o dövrü yaşadanlara lənət oxumaqdan başqa əlimdən heç nə gəlmir. Onu bilirəm ki, şeir, poeziya deyəndə ilk başda ağıla gələn Səməd Vurğun olur. Dostlarım arasında Səməd Vurğunu sevənlər də çoxdur, sevməyənlər də.
Hər kəsin düşüncəsinə hörmətlə yanaşıram. Poeziya gününüz mübarək olsun.
Mən sənin gözünlə dünyaya baxdım,
Mən sənin ruhunla sevdim cahanı.
Adi kəlmələrlə, sadə sözünlə
Ucaltdın göylərə Azərbaycanı.
Tale yanmaq üçün yaratdı səni,
Qəmli simlər qoşdu könül tarına.
Bəşərin dərdini qəlbinə yığdın,
Qoşuldun zəncinin arzularına.
Yanmadın ömrünün iki ilinə,
O gözəl günlərin getmədi hədər.
Sənin tərcümədə, sənin dilində
Sevdim Tatyananı mən Humay qədər.
Bu ana torpağa borcunu verib,
Bəxtini tapşırdın bizim ellərə.
İnsan tək gəlmişdin bu dünyaya sən,
Bir mələk qismində qalxdı göylərə.
Müəllif: Elmira Cəfərqızı
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru