
SƏNİ KÖÇÜRƏCƏM SEVGİ ŞERİNƏ…
Səni köçürəcəm sevgi şeirinə,
Dilimdə adınla hallanacaqsan.
Kəlmələr seçəcəm sənin xətrinə,
Dedikcə lalətək allanacaqsan…
Saçların şeirimlə sığallanacaq,
Sözümdə, misramda bir meh nəfəsi.
O gün dodağında gül ballanacaq
Coşacaq bülbülün öpmək həvəsi…
Gözlərin olacaq təşbehim, ölçüm,
Təmizlik tapacaq öz qiymətini.
De, hansı misranın gücüylə ölçüm
Sənin dünya boyda məhəbbətini?!
Yerişin, duruşun hazırca nəğmə,
Sən bir ilahisən xəbərin varmı?
Şair ilhamının gücünə rəğmən
Tanrı qüdrətini vermək olarmı?!
Səni köçürəcəm sevgi şeirinə,
Bir qəlbə sığacaq o boyda aləm.
Baş-başa verəcək sənin xətrinə
Can-ciyər olacaq fırçayla qələm.
Xəyallar içində gedib dərinə,
Bir məqam seçəcəm üzün güləndə.
Səni köçürəcəm sevgi şeirinə,
Bəxtəvər olacaq sevgi də, sən də!
Müəllif: Musa ƏLƏKBƏRLİ
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru