
BİR SİRLİ QÜVVƏ VAR, QORUYUR MƏNİ
Hara gedirəmsə mənimlə gedir,
Bir sirli qüvvə var, qoruyur məni.
Tanrıdır, mələkdir, pirdir, ya nədir?
Bir sirli qüvvə var, qoruyur məni.
Süzülər, qəlbimə hey axar, dolmaz,
Ətirli nərgizdi, saralmaz, solmaz.
Mənsiz rahatlığı, dincliyi olmaz,
Bir sirli qüvvə var, qoruyur məni.
Qoynunda saxlayar, bələyə qıymaz,
İstiyə, soyuğa, küləyə qıymaz,
Böhtana, yalana, kələyə qıymaz,
Bir sirli qüvvə var, qoruyur məni.
Onunla bağlıdır hər bir anım da,
Yatır axşamımda, durur danımda.
O həm ruhumdadı, həm də canımda,
Bir sirli qüvvə var, qoruyur məni.
Yazılan şeirimin təzə- təridi,
Özümdən özümə bir az bəridi.
Ürəkdən sevdiyi Qəzənfəridi,
Bir sirli qüvvə var, qoruyur məni.
Müəllif: Qəzənfər MƏSİMOĞLU
QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru