
ÇÖRƏYİN QİYMƏTİ
Bir neçə il əvvəl biz, bir qrup özbəkistanlı gənc, Rusiyanın şəhərlərində yerləşən ali məktəblərdən birində təhsil alırdıq. Universitet binası yataqxanamızdan o qədər də uzaqda deyildi. Piyada da gedə bilərdik. Bəzən isə nəqliyyatdan da istifadə edirdik.
Bir gün dərsimizin birinci saatı olmadığı üçün, vaxtımız bir az geniş idi. Mömüncan adlı dostumla piyada yola çıxdıq. Ətrafda insanlar gur idi. Hər kəs öz işinə tələsirdi, heç kimin başqası ilə işi yox idi.
Biz piyada yoluyla gedərkən, birdən gözümüz bir parça ağ çörəyə sataşdı. Mömüncan tez qaçıb çörəyi götürdü və:
— Vay, namərdlər e, çörəyi yerə atıblar! – deyib, onu “puf-puf” edərək təmizlədi, öpdü, gözünə sürtdü və mənə uzatdı. Mən də eyni hərəkəti etdim və çörək parçasını yol kənarındakı ağac budaqları arasına qoydum.
Yolumuza davam etdik ki, arxamızdan bir səs eşitdik:
— Ребята, постойте на минутку…
Biz dayandıq və arxaya çevrildik. İnsanlar axını arasından bir rus kişi bizə tərəf sürətlə gəlirdi. Təxminən 50-55 yaşlarında olan bu insan nədənsə həyəcanlı idi. Dostumla ikimiz bu vəziyyətə təəccübləndik.
Üstündəki geyimləri özünə yaraşırdı. Sinəsində bir çox nişanlar vardı. Bizə yaxınlaşdıqda:
— Haralısız? – deyə soruşdu.
— Özbəkistandan, Namangan şəhərindənik – dedik.
— Hə, elə fikirləşirdim ki, bu oğlanlar buralı deyil. Eşitmişəm, “Namanganskiye yabloki” (Namangan almaları) mahnısını – dedi, gözləri parlayaraq. Həqiqətən də o vaxtlar bu mahnı çox məşhur idi, rusca versiyası da dillərdə gəzirdi.
— Həqiqətən orada bizim Miçurinskdəki qədər alma olur? – deyə maraqlandı.
Biz Namanganda təkcə alma deyil, digər meyvələrin də çox olduğunu, həmçinin şəhərin güllər şəhəri kimi tanındığını dedik.
— Mənim adım Nikolaydır. Sadəcə Kolyə əmi də desəniz olar – deyə özünü təqdim etdi. – Yolunuzdakı məktəbdə hərbi təlim fənnini tədris edirəm. İndicə gördüyüm hərəkətiniz məni çox sevindirdi. Belə gənclərin varlığı qəlbimi şad etdi.
— Eh, oğlanlar, bir parça çörəyin qədrini biz yaxşı bilirik – deyib dərindən ah çəkdi.
Və bizim az əvvəl ağac budaqları arasına qoyduğumuz çörək parçasını götürüb çantasına qoydu.
— Bilin ki, bu bir parça çörəyə neçə-neçə insan möhtac olub…
İkinci Dünya Müharibəsinin alovlu illəri… Hər yer yanır. Faşist işğalçıları kənd və şəhərləri müvəqqəti ələ keçirib, insanları qovmuşdular. Uşaqlar da, böyüklər də aclıq içində.
Hər yer çörək kartı ilə işləyirdi. Bir adama düşən gündəlik pay 30-50 qram idi. Bizim batalyon cəbhənin ön xəttində vuruşurdu. Belarusiyanın kiçik bir kəndini faşistlərdən azad etdik. O zaman yanımıza 9-10 yaşlarında bir oğlan qaçaraq gəldi və bizi evlərinə apardı.
Evə daxil olduqda, 40 yaşlarında bir qadın halsız halda uzanmışdı. Bu, həmin oğlanın anası idi. Bir neçə gündür ki, duz belə dadmamışdı. Faşistlər onların bütün ərzaqlarını alıb aparmışdı. Qızardılmış kartof qabıqlarını yeyirdilər.
Onların bu acınacaqlı vəziyyətini görüb, əsgərlərimizdə faşistlərə qarşı daha da çox nifrət hissi yarandı. Yanımdakı əsgərlər öz çantalarından bərkimiş çörək, suxarı və konservlər çıxarıb qadının yanına qoydular.
Qadın çörəyi alıb gözünə sürtdü, ağladı və oğluna baxaraq:
— Al, Grişenka, ye, qarnını doyur! – dedi.
Uşaq isə:
— Yox, yox, ana, sən ye. Axı bir neçə gündür ki, heç nə yeməmisən! – deyirdi.
Bu mənzərəni görən əsgərlərimiz, faşistləri torpağımızdan tez bir zamanda qovmaq gərəkdiyini bir daha hiss etdilər.
— Bəli, mən bu cür hadisələrin şahidi olmuşam – dedi Kolyə əmi.
— İndicə sizin etdiyiniz hərəkəti görüb o günləri xatırladım.
Yerə atılmış bir parça çörəyin yanından laqeyd keçən insanlara baxıb demək istəyirdim:
“Eh insanlar, insanlar! Siz bu çətin illəri belə tez unutdunuzmu?”
Biz Kolyə əmi ilə sağollaşarkən, o bizə ünvanını verdi.
— Evimə gəlin, sizə müharibə xatirələrimi danışaram – dedi.
Biz, o müharibənin dəhşətli illərini görmüş bir insanla sağollaşarkən, onun dedikləri qulaqlarımızda səsləndi.
Və bir daha dərk etdik ki, hər şeyin qədrini bilmək lazımdır. Xüsusilə də çörəyin – bu əvəzolunmaz nemətin bir parçasını belə israf etməmək, ona ehtiram göstərmək lazımdır.
Mahmudjon SOLİYEV,
Tərcüməçi: Cahangir NAMAZOV,
“YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi