Ağstafanın Dağ Kəsəmən kəndindəyəm hal-hazırda. Farizin doğulduğu kənddə. Burada hər şey susur… Amma bu sükutun içində bir fəryad var. Qışqırmır, amma ürəyi parçalayır. Elə bil bu kəndin torpağı danışa bilir danışır, amma yalnız anlayana. Burada bir şəhid doğulub. Bu torpaqda ilk dəfə yeriyib, burada ilk dəfə “ana” deyib. Uşaq gülüşü ilə dolub bu küçələr. Amma indi həmin küçələr səssizdir. Ağaclar başını aşağı salıb, elə bil utanır nəyinsə qarşısında. Elə bil kəndin nəfəsi tutulub… Fariz bu kəndin ümidiydi. Bəlkə də hər kəsin anası öz balasını ona bənzədirdi. Çünki o, təkcə ailəsinin yox, bir xalqın oğluydu. Sadə, sakit, təmiz bir ömür yaşadı. Amma böyük bir ad qoydu getdi Şəhid adı. O ad indi bu kəndin ən uca yerindədir. Bu kənddə hər daşın, hər çayın, hər ağacın bir adı var Farizin adıyla. Çünki şəhid olan birinin doğulduğu yer, artıq sıradan kənd olmur. O kənd müqəddəsləşir. Farizin kəndində olmaq qürurdur… Amma bu qürur sinəni dağa döndərsə də, içində daimi bir ağrı qoyur. Çünki şəhidin kəndində nəfəs almaq belə başqa cür olur. Adam danışmağa utanır. Sanki səsini qaldırsan, ruhunu incitmiş olacaqsan. Bu kənd artıq sadəcə bir kənd deyil. Bu kənd Vətəndir. Çünki burada bir şəhid doğulub. O Şəhidi unutmayın.
Səhər tezdən yuxudan oyananda haradansa yadına dağlar, yaylaqları düşdü. Fikirni nə qədər cəmləşdirsə də, xəyallarını indiki ana, bu günün gərgin iş rejiminə çəkib gətirə bilmədi. Qəribə duyğular keçirirdi. Bu duyğular axaşam gördüyü qarma-qarışıq yuxuların təsirindən yaranmışdır. Lakin bu duyğular da onun yaylağa getmiş, xəyyalarını yığıb real indiyə gətirə bilmirdi. Sanki çoxdandır düşüncə, hisslərin və ağır işin altından çıxıb qaçmış xəyyalar canlarını qurtarıb yaylağa çıxmışlar.
-Günortadan xeyli keçmiş quzuları otarmağa aparırdı. Hələ isti olduğundan, quzular başlarını bir birlərinin kölgəsinə salıb, ağır- ağır gedirdilər. Sanki isti otlamaq həvəsini qızdırb, buxarlandırmışdı. Onların indiki halı ilə axaşmçağının sərinindəki hərəkətli vəziyyətləri arasındakı fərqi günəşin müdaxiləsi yaradırdı.
-Demək ki, günəş təkcə hərəkətverici qüvvə deyil, həm də sakitləşdirici, dayandırcı qüvvəyə malik imiş.
-O da əlindəki anasının tikdiyi məktəb çanatsı rolu oynayan içi kitabla dolu olan ağ torbanı gah bir- gah da digər əlinə keçirib, quzuların arxasıca gedirdi.
Birazdan təpəni aşdılar, quzular yavaş-yavaş yayılıb otlamağa başladılar. Vəli də torbasını açıb, kitablarını balaca bir daşın üstünə yığdı. Tarix kitabını vərəqləməyə başladı. Ona qəribə gələn o idi ki, kənddə bu kitabı oxuyanda gözü önündə canlanan hadislər bir cür, burada-dağlarda oxuyanda isə başqa cür mahiyyət kəsb edirdi. Sanki, dağlar tarixə, keçmişə daha yaxın idi, buradan daha aydın görsənirdi. Elə seçdiyi, daha doğrusu arzusunda olduğu hüquq fakültəsi haqqında düşüncələri də buradan fərqli görsənirdi. Buradan baxanda hüquq işçisi daha uca, sərt , eyni zamanda da təbii, saf dərk olunurdu. Ağlına gəldi ki, quzuları lap yuxarı, ən hündür yerə çıxarsa, orada tarix və başqa kitablarını oxusa, nə cür anlayar?
Əvvəl bu fikirinə gülməyi tutdu, amma sonra buna daha çox inanmağa başldı və quzuların yönünü yuxarı doğru yönəltdi.
-Ay Vəli, niyə durmursan, işə gecikirsən axı? Həyat yoldaşı Şəhlanın səsindən elə bil xəyyaları ürküb, yaylaqdan indiki yerə gəldi, ordan da tez işə getdi. Mürəkkəb olmasa da dolaşığa salınmış bir cinayət işinin istintaqı yekunlaşmış, məhkəməsi gedirdi.
Dağ kəndlərinin birində sürücü aftomobili yuxardın aşağı öz xoduna buraxmış, qəfil döngədən çıxan velisopedlə işə gedən fəhləni vurmuşdur. Fəhlə ağır vəziyyətdə bir neçə gün rayon xəstəxanasında reanimasiyada koma vəziyyətində qalsa da, beyni bərk zədələndiyindən onun həyatını xilas etmək mümükün olmamışdır.
Sürücünün atası, qardaşları və əmisi əl çəkmirdilər ki, bu qəzadır, qəsdən etməyib və s. ona görə də həbs oluna bilməz. Onlar hakimi və vəkili də sanki ələ almış, ya yoldan çıxarmışlar. Onlar da bütün yüngüləşdirici halları, eyni zamanda sürücü mütəhhimin 3 övladı olduğunu, ilk belə hadisə törətdiyini nəzərə alaraq, hər vəhclə kömək etməyə çalışırdılar.
-Nə etdilər, barışdıra bildiz Məmmədlə Füzulini? Yoldaşının qabağna çay qoyan Şəhla soruşdu. Vəli adəti üzrə qatığın üzündən qaymağını çay qaşığı ilə yığıb, ağzına qoydu, gözlərini qıyaraq dedi:
-Niyə barışmalıdırlar ki?
-Ona görə ki, Nurunun da 3 körpə balası var, o gedib içəridə yatsa, kim baxacaq onlara? Həm də Nuru çox ağıllı oğlandır deyirlər, heç kimlə ədavəti olmayan, sakit adamdır. İndi bir hadisədir də, qəzadır, taledir, ondan qaçmaq olmaz ki… Bir də nəzərə al ki, Məmməd və qardaşı Əbülfəz Nuru kimi deyillər. Əbülfəz özü bir neçə dəfə həbs edilib, çox inadkar və icəşkəndir. Sonra sənə zərər verə bilərlər.
Vəli çayından iki qurtum içib, bir anlıq gözlərini yumdu. Düşüncələri yenə ixtiyarsız yaylağa getdi. Quzlar daşlı, çınqıllı, sərt yoxuşla otlaya-otlaya yuxarı qalxırdılar. Lap yuxarıdakı, həmişə şıltaqlıq edən, quzuları dalına salıb, ora-bura çəkib aparan ağ telli, ala- bula çəpişin ayağı altından çıxan daş sürətlə aşağı yuvarlanıb, bir kürəqulaq quzunun böyründən necə dəydisə onu elə bil ildırım vurdu, yanı üstə yıxılıb, can verməyə başladı. Vəli əvvəl bilmədi neyləsin, ama tez özünə gəlib, onu mundar olmasın deyə başını kəsdi.
-Nə fikirləşirsən? Axır vaxtlar yaman düşüncəlisən, elə bil bu dünyanın adamı deyisən … – Şəhla dedi.
-Nə fikirləşməliyəm, heç nə. O gün Məmmədgil yas yerinə getmişdilər, dil-ağız eləməyə. Füzuli yaxşı edib, ki hamısını qovub, camaatın içində biabır edib. Sonra ona kiminləsə sifariş edib, pul təklif ediblər. Onu da rədd edib. Dünən də mənə sifariş göndərmişdilər. İyrmi min manat…
-Sən yaxşı düşün: İyrmi min manat… Qızımızın cehizlərinə pul düzələr, 3 uşaq uzun müddət atasız qalmır, özünə düşmən qazanmırsan. O biri tərəfdə isə onsuz da dünyasını dəyişmiş insana faydası olmaycaq qərar. Şəhlanın bu sözlərinə qulaq asa-asa evdən çıxan Vəli gülmsəyərək dedi:
-Narahat olma, pis düşünməyəcəm.
Məhkəmə başlamışdır. Bir neçə şahid dindiriləndən, vəkil danışandan sonra söz prokurora verilmişdi. Vəli ayağa qalxdı, əvvəl hakimlərə, sonra vəkilə, müttəhimə, müttəhimin qardaşlarına, əmisnə daha sonra isə Füzuliyə diqqətlə baxdı.
Hakimlər və vəkil baxışları ilə sanki deyirdilər ki, a kişi, gəl daşı tök ətəyindən, ortada filan qədər pul var, bizə mərdiməzarlıq etmə. Müttəhim ona zindan qapsı kimi baxırdı. Məmməd və qardaşı Əbülfəs isə, ilan kimi qıvrılıb, tmsah kimi ölü, amma dibi qəzəbli gözlərlə baxırdılar. Füzuli isə Vəliyə neytral, sanki heç nə düşünmədən, fikirləşə bilməyən beyindən gələn impulsların yaratadğı ifadə ilə baxırdı. Vəli təkrar çönüb müttəhimə baxdı, ona sanki elə gəldi ki, o vaxt yaylaqda ayağı altdan daş çıxıb quzunu öldürən həmən erkək çəpiş baxır. Onun gözləri ona görə yadında qalmışdır ki, həmin hadisədən bir-neçə gün sonra obaya qonaqları gəlmişdir. Babası da onu göndərmişdi ki, get bir çəpiş gətir, qonağımıza kəsək. O yolda heç nə düşünmədən, həmən ağ telli çəpişi seçmişdir.
Quzular zirvəyə çatmışdır. O çəmənlikdə ağzı üstə uzanıb, tarix kitabı oxuyurdu, hərdən də ən böyük arzusunun gerçəkləşəcəyi anlar göz önünə gəlirdi. Amma ona çox maraqlı idi ki, doğurdan da zirvələr tarixə, keçmişə daha yaxındır. Burdan yaxınlar-uzaqlar, hər şey daha aydın görsənir. Hakimin qəsdən öskürməyi, onu fikirdən ayıltdı. Sərt və ötkəm səslə:
-Cinayət baş veribsə, mütləq cəzası olmalıdr. Heç bir yüngülləşdirici hal ola bilməz. Cəzalar təkcə baş verən cinayət hadisəsi üçün kəsilmir, həm də gələcəkdə olacaqların qarşısını almaq üçün kəsilir. Mütəhimə 8 il 6 ay iş istəyirəm. Zaldakıların səsi batmışdı, baxışları bir-birlərin baxışları ilə toqquşub, zərbədən kəllələrini yellədirdi. Bunu gözləməyən Füzuliyə isə elə gəlirdi ki, Prokuror məhkəmə zalından deyil, uca dağın başından durub hayqırır.
Yunus Oğuz – çoxşaxəli istedad sahibi, dərin intellektualdı
Yunus Oğuz ötən əsrin 90-cı illərindən etibarən Azərbaycan ictimai fikrində tanınmağa başlayan görkəmli ziyalılardan biridir. İxtisasca filosof, fəaliyyətinə görə jurnalist, yaradıcılığına baxdıqda isə tarixi romanlar müəllifi olan Yunus Oğuz özünün çoxşaxəli istedada sahib olduğunu təsdiq edən bir şəxsiyyətdir. Mənim Yunus bəylə tanışlığım da həmin dövrlərə – 90-cı illərə təsadüf edir.
O, insan kimi çox maraqlı, ünsiyyətcil və dərin intellektual bir şəxsiyyət təsiri bağışlayır. Onunla istənilən mövzu ətrafında sərbəst və rahat söhbət aparmaq mümkündür. Yunus bəy insanı dinləməyi bacarır, söhbətə məzmun qatır və öz intellektual səviyyəsini də daim nümayiş etdirir. Bu gün Azərbaycan cəmiyyətində elə bir şəxs tapmaq çətindir ki, Yunus Oğuzu tanımasın. O, Azərbaycan mətbuatına da özünün mühüm töhfələrini verib. Yaratdığı “Olaylar” qəzeti geniş və zəngin mövzuları ilə daim diqqət çəkir. Günün əsas məsələlərinə dair həm redaktor, həm jurnalistlər, həm də müxtəlif ziyalılar bu qəzet vasitəsilə öz mövqelərini ifadə edə bilirlər. Kəskin rəqabət şəraitində fəaliyyət göstərməsinə baxmayaraq, bu gün də “Olaylar” qəzeti və informasiya agentliyi Azərbaycan mətbuatında tanınan və öz sözünü deyən media qurumlarındandır. Bütün bu uğurların arxasında Yunus bəyin əvəzsiz xidmətləri dayanır. Yunus Oğuzun tarixi mövzularda yazdığı əsərlər bu gün də yüksək qiymətləndirilir. Hesab edirəm ki, gələcək nəsillər tariximizin bəzi səhifələri haqqında məhz Yunus bəyin əsərlərindən daha dolğun təsəvvür əldə edə biləcəklər. Onun ictimai-siyasi fəaliyyəti də diqqətəlayiqdir. Yunus Oğuz üçün hər zaman Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqilliyimizin qorunması, ərazi bütövlüyümüzün təmin olunması və ölkəmizin beynəlxalq aləmdə nüfuz qazanması əsas prioritetlər olub. Bu prinsiplər onun siyasi fəaliyyətinin də ana xəttini təşkil edir. Bu dəyərli ziyalını doğum günü və yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı və gələcək fəaliyyətində böyük uğurlar arzulayıram. Əminəm ki, bundan sonra da Yunus Oğuzun həm siyasi, həm ədəbi, həm də jurnalistik fəaliyyətində maraqlı nəticələrə şahid olacağıq.
Yunus bəy bizim üçün təkcə dost deyil, həm də uzun illər ərzində tanıdığımız, hörmət etdiyimiz, yüksək peşəkarlıq və vətənpərvərlik nümunəsi olan bir şəxsiyyətdir. Onun xidmətlərini, fəaliyyəti və zəhmətini hər kəs yaxşı bilir və dəyərləndirir. O, yalnız siyasi və ictimai sahədə deyil, eyni zamanda söz və fikir sahəsində də böyük təcrübəyə malikdir. Onun fəaliyyəti hər zaman milli maraqlara, milli dəyərlərə sadiq bir mövqe ilə seçilib. Digər tərəfdən, o, dərin araşdırmaları, tarixçi kimi dəqiq biliyi və geniş dünyagörüşü ilə seçilir. Həmçinin o, siyasi fəaliyyətini də böyük məsuliyyət və enerji ilə davam etdirir. Yunus bəy həm ictimai-siyasi xadim, həm də publisist, jurnalist və tarixçi kimi yüksək səviyyəli peşəkar olmaqla yanaşı, kamil insandır. Onun uzun illər ərzində ölkəmizin ictimai-siyasi həyatına verdiyi töhfələr qiymətsizdir. Yazılarında, çıxışlarında, fəaliyyətində milli dəyərlərə və prinsiplərə bağlılıq hər zaman aydın şəkildə görünür. 65 yaşı münasibətlə Yunus bəyi ürəkdən təbrik edir, ona möhkəm sağlamlıq, zəkasının həmişə üstündə olmasını və gələcəkdə də böyük yaradıcılıq uğurları arzulayırıq. Hər zaman enerjili və məhsuldar qalması, jurnalistika, siyasi fəaliyyət və digər sahələrdə ölkəmizə, xalqımıza faydalı işlər görməsi diləyimizdir
MƏDƏNİYYƏTİN ALİ MƏQAMI – ETİRAF İnsanda təbii olan hər şey doğaldır, həm də gözəl. Uca Yaradanın lütfü olan və insanın da müdaxilə etmədiyi, əl gəzdirmədiyi xarici görünüşdən başlamış, daxili aləminə məxsus olan keyfiyyətlərinə qədər…
Çeşmənin gözündən axan dumduru, büllur, saf suya bənzər hal-xasiyyət kimi. Hiss və duyğuların xəfif bir titrəyişlə oyanışı, bu məqamda gülün tər-təzə ləçəklərinə toxunan ilk nəfəs təki… Bu gözəlliyi, paklığı duyaraq ürəkdolusu yaşamaq, etiraf etmək bəxtiyarlıqdır!
Bir də var, insanın özündən başlamış, ailəsi, dostu, yoldaşı – ümumən onu əhatə edən cəmiyyətə etirafı. Nədən qaynaqlanır, hansı zərurətdən yaranırsa yaransın, bütün hallarda etiraf etmək insanın kin-küdurətdən, riyadan-yalandan, göz-götürməzlikdən, paxıllqdan… azad olması, təmizlənib durulmasıdır. Əgər, bunu bacarırıqsa, nə xoş bizlərə!
Etirafı incəliyinə qədər dərk etməyin yolu qəlbimizdən keçir: əxlaqımızın, mədəniyyətimizin, etik davranışımızın mövcudi-məcmusundan. Ən ümdəsi, mənəviyyat aynasında qüsurumuzu, günahımızı görür və etiraf etməyi bacarırıqsa, eşq olsun bizi doğan analara!
Etiraf qəlb rahatlığıdır. Peşmançılıq ürəyindən dəyirman daşı kimi sallanıbsa, ondan azad olmaq – səhvini etiraf etmək dünyaya təzədən gəlmək kimidir…
Etirafın bir naxışı da ləyaqətdir. “Mən”in daşıdığı ləyaqət və səmimiyyətin meyarı etiraf… Varsa bunlar, hər addımda ona hazır olmalıyıq. İki şəxsin arasında olan ixtilafın yaratdığı küskünlük, anlaşmaya imkan verməyən eqo etirafın qarşısında maneədir, keçilməz səddir. Hətta, dövlətlər arasında mədəni əlaqələrin inkişafına əngəl olan, ona xələl gətirən iddialı münasibətlərin, düşmənçiliyin aradan qaldırılmasında belə, etiraf xalqlar arasında əmin-amanlığın qarantıdır.
Etiraf ailələr, tayfalar, dövlətlər, cəmimiyyətlər arasında sülhün təntənəsidir. Əl-ələ verib şərə, böhtana, acılara birlikdə qalib gəlməyin ipək yoludur.
Etiraf tərəflər arasında əyilməyən, sarsılmayan, sınmayan dostluqdur. Əgər bircə yol ona sarı gəldinsə, niyyətinə, istəyinə işıq çilədinsə, dost özünün şəfqəti, mərhrəməti, xeyirxahlığı ilə hər zaman yanındadı.
Etiraf etmək təbiəti, insanları sevərək, həzzi duyaraq yaşamaqdır. Bunu bacarırıqsa, aləm gözümzdə başdan-başa işıqdır, gözəllikdir, gözəllik… Demək ki etiraf bütün sevgilərin açarıdır, özü də qızıl açarı…
P.S. Yağışdan sonra göy üzü durulur, az sonra Günəş doğur, zərrin şəfəqlər bütün aləmə səpələnir, yer üzü gözəlliklə süslənir. Belə bir füsunkarlıq bütün canlıları ehtizaza gətirir. İnsan həyatının fövqündə ömrə zinət, təravət, lətafət bəxş edən duyğular oyanır. Bunlar romantika, səmimiyyət və mənəvi gözəlliyin etirafı, deyil, bəs nədir…
Milli Kitabxanada Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinə həsr olunmuş kitab sərgisinin açılış mərasimi keçirilib
22 iyul tarixində Milli Kitabxanada Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illik yubileyinə həsr olunmuş kitab sərgisinin açılış mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Milli Kitabxananın Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova Milli Mətbuatın 150 illik yubileyi münasibətilə mətbuat işçilərini və media nümayəndələrini təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Azərbaycan Milli Kitabxanasının fəaliyyətindən və dövlətin Kitabxanalara olan xüsusi qayğısından bəhs edərək bildirib ki, Milli Kitabxananın arxiv fondunun mühüm bir hissəsini dövrü mətbuat nümunələri təşkil edir. Əlavə edib ki, Azərbaycan Milli Kitabxanasında Həsən bəy Zərdabinin 1875-ci ildə yaratdığı “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatın, eyni zamanda ötən 150 il ərzində çap olunan dövrü mətbuat nümunələrinin orijinal nüsxələrindən ibarət zəngin arxiv fondu yaradılıb. Dövrü mətbuat nümunələrinin qorunub saxlanılmasında və mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasında Milli Kitabxananın əhəmiyyətli rol oynadığını vurğulayıb. XIX əsrin sonu və XX əsrin əvvəllərində çap olunan müxtəlif dövrü mətbuat nümunələrinin, “Əkinçi” qəzetindən başlayaraq müasir dövrədək nəşr olunan qəzet və jurnalların Milli Kitabxanada elektronlaşdırılaraq rəqəmsal nüsxələrinin yaradıldığını və bunun gələcək nəsillərə çatdırılması üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.
Tədbirdə çıxış edən digər natiqlər Həsən bəy Zərdabinin irsindən və müasir dövrdə medianın üzərinə düşən vəzifələrdən bəhs ediblər. Azərbaycan mətbuatının cəmiyyətin maarifləndirilməsində, ictimai rəyə təsir göstərməkdə və milli kimliyin qorunmasında oynadığı mühüm rolu qeyd ediblər. Eyni zamanda, bu cür sərgilərin gənc nəslin mətbuat tariximizə marağını artırmaq baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.
Tədbir çərçivəsində Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanmış “Milli mətbuat günü” adlı elektron məlumat bazasının təqdimatı keçirilib.
Elektron məlumat bazası “Rəsmi sənədlər”, “Əkinçidən başlanan yol”, “Ümummilli Lider Heydər Əliyev və Milli mətbuat”, “Milli mətbuatımızın banisi – Həsən bəy Zərdabi”, “İlk milli mətbuat”, “Qərbi Azərbaycanda ilk Azərbaycan mətbuatı”, “Nəşrlər”, “Yubiley medalı”, “Fotoqalereya”, “Videoqalereya” və s. bölmələrdən ibarətdir. Məlumat bazasında yerləşdirilən materiallar tammətnləri ilə təqdim olunur.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/M.Metbuat/index.html linkindən istifadə edə bilərlər.
Sonda qonaqlar “22 iyul- Milli Mətbuat günü” adlı kitab sərgisi ilə tanış olublar.
Sərgidə Azərbaycan milli mətbuatının inkişaf mərhələlərinin bütün dövrlərini əks etdirən kitablar, “Əkinçi” qəzetinin və eyni zamanda XX əsrin əvvəllərində çap olunmuş müxtəlif qəzet və jurnalların nüsxələri, görkəmli jurnalist və publisistlərin, mətbuat xadimlərinin əsərləri, nadir arxiv materialları, həmçinin Azərbaycan mətbuat tarixini əhatə edən elmi – tədqiqat işləri, biblioqrafiyalar nümayiş olunur.
Şairəm, çünki vəzifəm budur əşar yazım, Gördüyüm nikü bədi eyləyim izhar, yazım, Günü parlaq, günüzü ağ, gecəni tar yazım, Pisi pis, əyrini əyri, düzü həmvar yazım, Niyə bəs boylə bərəldirsən, a qare, gözünü? Yoxsa bu ayinədə əyri görürsən özünü?!
Şerə məşğul edərək xatiri-qəmmayilimi, Qoyuram qənşərimə kağızımı, çernelimi, Gəlirəm yazmağa bir kəlmə, – tutarsan əlimi, Qorxuram, ya nə üçün, – çünki kəsirsən dilimi! Ey əcəb, mən ki, sədaqət yolunu azmayıram, Hələ gördüklərimin dörddə birin yazmayıram!
Hələ mən dörddə birin yazmayıram, karına bax, Üstümə gündə söyürsən bu qədər, arına bax, Özün insaf elə, əfkarına, ətvarına bax! Istəmirsən yazam? Öz eybli kirdarına bax! Kişi, sən eybini qan, mənlə əbəs cəng eləmə! Özünü, həm məni bu barədə diltəng eləmə!
Görür ərbabı-qələm qayeyi-amalınızı, Məndən artıq yaza bilməkdə ikən halınızı, – Yazmır onlar dəxi on dörddə bir əfalınızı, Özünüzsüz olara yazdıran əhvalınızı… Yoxsa bu eybdən aləmdə mübərradır olar, Boylə alçaq yazıdan min kərə əladır olar!
Necə mən dörddə birin yazmağa əymən deyiləm, Qorxur on dörddə birin yazmağa həm əhli-qələm; Sən əgər söz verəsən: “Qorxma, qıl əhvali rəqəm”, Vazi-halın yazılarsa zili-zilü bəmi bəm, Elə bir halə düşərsən ki, tükün biz-biz olar, Əyninə geyməyə şey tapmasan, astar üz olar!
Вышла в свет новая книга под названием “Мунис Язылар – 1”, рассказывающая о жизни и творчестве Юнуса Огуз – заслуженного деятеля культуры, писателя, журналиста, главного редактора газеты “Olaylar”, автора исторических романов на важные темы.
Книга создана в результате проекта “Юнус Огуз – 65”, реализованного независимой литературной организацией журнал “Язярлар”, на основе статей – проникновенных слов и искренних дружеских пожеланий известных деятелей интеллигенции страны по случаю 65-летия Юнуса Огуза, опубликованных в этот период в различных печатных изданиях, а также на сайтах “olaylar.az”, “yazarlar.az”, “zefernews.az” и других.
Во вступительной статье профессора Бакинского государственного университета Джахангира Мамедли “Художник, оставивший след в журналистике и литературе” дана полная информация о творческой деятельности юбиляра как журналиста и писателя.
В книге представлены произведения Рашада Маджида, Низами Джафарова, Фазиля Мустафы, Акбара Гошали, Айдына Мирзазаде, Вугара Искендерова, Захида Оруджа, Сайяда Арана, Тараны Демир, Асифа Марзили, Заура Устаджа и других писателей, которые много лет близко знали Юнуса Огуза и хорошо разбирались в его многогранной деятельности. Редактором книги “Мунис язылар – 1”, составленной заведующим отделом литературной критики журнала “Язярлар” Гуннур Агаевой, является Заур Устадж, а издателем – Тунджай Шахрили.
В ближайшее время книга будет представлена юбиляру и широкой публике.
YUNUS OĞUZUN 65 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ KİTAB NƏŞR OLUNUB
Əməkdar mədəniyyət işçisi, yazıçı, jurnalist, “Olaylar” qəzetinin baş redaktoru, vacib mövzularda tarixi romanların müəllifi Yunus Oğuzun həyat və yaradıcılığından bəhs edən “Munis yazılar – 1” adlı yeni kitab işıq üzü görüb.
Kitab müstəqil ədəbi qurum olan “Yazarlar” jurnalı tərəfindən həyata keçirilmiş “Yunus Oğuz – 65” layihəsinin yekunu olaraq, bu müddət ərzində müxtəlif mətbu orqanlarda, eyni zamnda “olaylar.az”, “yazarlar.az”, “zefernews.az” və digər saytlarda yayımlanmış Yunus Oğuzun 65 illik yubileyi münasibətilə ölkənin tanınmış ziyalılarının məqalələri – ürək sözləri, səmimi dost arzuları əsasında ərsəyə gətirilib.
Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədlinin “Jurnalistika və ədəbiyyatda iz qoyan sənətkar” adlı giriş məqaləsində yubilyarın jurnalist və yazıçı kimi yaradıcılıq fəaliyyəti barədə tam dolğun məlumat verilib.
Kitabda Yunus Oğuz haqqında uzun illərdir onu yaxından tanıyan, çoxşaxəli fəaliyyətinə yaxşı bələd olan Rəşad Məcid, Nizami Cəfərov, Fazil Mustafa, Əkbər Qoşalı, Aydın Mirzəzadə, Vüqar İskəndərov, Zahid Oruc, Səyyad Aran, Təranə Dəmi, Asif Mərzili, Zaur Ustac və digər qələm adamlarının yazıları yer alıb. “Yazarlar” jurnalının ədəbi tənqid məsələləri üzrə meneceri Günnur Ağayeva tərəfindən tərtib olunmuş “Munis yazılar – 1” kitabının redaktoru Zaur Ustac, naşiri isə Tuncay Şəhrilidir.
Hələ Vətən müharibəsinin ilk günlərində həyəcanımı Azərbaycanda fəaliyyət göstərən KİV-lərə xitabən statusumda cəbhəyə heç olmazsa jurnalist kimi yollanmaq istəyimlə ifadə etmişdim. Bildirmişdim ki, mühüm bir güc strukturunda xidmət keçmiş hərbi staja malik polkovnik rütbəli zabit, ciddi mətbuat orqanlarında çalışmış jurnalist kimi hərbi jurnalistikanın sirlərinə bələdəm və təmənnasız olaraq öz kameramla, öz qələmimlə, öz maşınımda ən qaynar döyüş bölgələrində çəkilişlər aparmağa, reportajlar hazırlamağa, milli ordumuzun müzəffər yürüşünü işıqlandırmağa hazıram.
Nə gizlədim, o statusu paylaşanda mənə elə gəlmişdi ki, hazırki mətbuatımızda bu işi ən yaxşı bacaracaq azsaylı jurnalistlərdən biriyəm və qazanılacaq qələbəni vəsf etmək şansını itirmək istəmirdim.
Çox keçmədi ki, bir az inanmadığım, hərbi təcrübələrinə şübhəm olan həmin televiziya kanallları məni mavi ekranların əsirinə çevirdi, yalnız şoumenləri təbliğ etməkdə suçlandırılan mətbu orqanlar cəbhədən yaydıqları isti-isti xoş soraqlarla gözümüzün sevinc yaşlarını axıtdı, qürurumuzu yüksəldən informasiyaları peşəkar jurnalist qələmində xalqa çatdırdılar. Beləcə, qısa bir zaman kəsiyində Azərbaycanın DÖYÜŞKƏN MƏTBUATı formalaşdı.
Əslinə qalanda o mətbuat əvvəllər də olub. Təkcə “Səhər” qəzetinin yaradıcı kollektivini, bu mətbuat orqanında çalışanların və yaxud heç bu qəzetə aidiyyatı olmayan jurnalist və qeyri-jurnalistlərin ən qaynar nöqtələrdən isti-isti xəbərləri oxuculara çatdırması o dövr üçün hadisə idi. Nədənsə, mətbuatımızın qızıl səhifəsi olan 1990-cı illər “Azərbaycan” (əvvəl Qarabağa Xalq Yardımı Komitəsinin, sonra Milli Məclisin orqanı olan hər iki qəzet) “Azadlıq”, “Aydınlıq”, “Meydan” və digər mətbu orqanların fədakar müxbirləri barədə hələki ciddi bir söz deyildiyini eşitməmişəm.
Başında “başı papaqlı” nazirin dayandığı “Xalq ordusu” qəzetinin taleyi nazirin aqibətindən və onun müavindən də vacib “X” xanımının şıltaq istəklərindən asılı idi. Ancaq bu amil, sırasında çağdaş Azərbaycan hərbi mətbuatının simaları olan, bəzən erməni gülləsinə, ondan da betər və sarsıdıcı baş redaktorun qoçu jestlərinə baxmayaraq vəzifə borclarını ləyaqətlə yerinə yetirən jurnalistlərin fəaliyyətini kölgə altına almamalıdır.
…Qarabağa Xalq Yardımı Komitəsinin orqanı olan “Azad Azərbaycan” qəzetində məsul katib idim. İşğal xəbərlərinin komitə sədri dağ boyda Bayram Bayramovu günü-gündən həm cismən, həm də mənən necə əritdiyini görürdüm. Həmişə otağına girəndə qələmi ilə kağızlar arasında çarpışan böyük yazıçının hər acı xəbərdən sonra başını ovcunun içində gizlədib dəqiqələrlə sükuta daldığının şahidi olmuşam. Qəzetin baş redaktoru, gözəl şeirlər müəllifi, Laçının laçın oğlu Malik Fərruxla yazıların mövzu və məzmun üzrə çox səmimi və yaradıcı müzakirələrimiz çinar qamətli şairimizin doğma yurd-yuva haqqında bəd xəbərləri alanadək davam etdi. Ondan sonra yazılar və səhifələrin maketi ilə bağlı nə deyirdimsə, hiss edirdim ki, Malik Fərruxa yalnız səsim çatır. Dediklərim ona Laçın dərd-sərindən vacib görünmürdü və o yalnız kədərli gözlərini gizlətməklə başını aşağı salıb sadəcə təsdiqləyirdi. Malik Fərruxu da Laçın dərdi o dünyaya qovuşdurdu. Torpaqlarımızın işğalı komitə sədrinin müavini, bu gün xalq artisti Nurəddin Mehdixanlının gülər üzünə ilk kədər cizgilərini çəkdi, saçlarına ilk dən də elə o vaxtdan qondu. O vaxt gənc jurnalist kimi ilk addımlarını atan Qulu Ağsəsin bu günki uğurlarına nə qədər sevinsəm də, Ağdam kəndlərinin işğal olunması və 6 min şəhid vermiş Ağdamın hərbçi, mülki adamları ilə ermənilərin xüsusi amansızlığından puçurlanan kədər notları hələ də gözümün qabağından getmir. Kimisə unuda bilərəm deyə, hərb tariximizə ən yaxşı töhfələrini vermiş jurnalistlərimizin, video operatorlarımızın, fotoqraflarımızın adlarını bir-bir çəkmək istəmirəm. Hər halda, o materiallar təbliğat vasitəsi kimi öz işini görüb, bundan sonra da istifadə olunacağı zamanın işidir. Televiziya və radio, qəzet və jurnallar cəbhədən gələn xəbərlərlə həm də millətimin göz dağına, bir yaradıcı insanın ürəyində düyün-düyün ağrılara çevrilirdi və….
Azərbaycan ikinci dəfə müstəqilliyini qazananda bizə doğma olan sərhəd qoşunları da formalaşmağa başladı. Yeni yaradılmış “Sərhəd” qəzetinin məsul katibi vəzifəsinə hamımızın “Hünər” verilişindən yaxşı tanıdığımız baş redaktor şair Ramiz Duyğun tərəfindən dəvət aldım. Tam məsuliyyətimlə deyə bilərəm ki, dövlət sərhədlərimizin yadellilərdən təhvil-təslim prosesində və möhkəmlənməsində, gənclərin sərhədçi peşəsinə yiyələnməsində və əsgəri fəaliyyətdə fərqlənmələrində, hərbi nizam-intizama uyğun olaraq xidmətin qurulmasında bu sahədə əsil fədakarlıq göstərən peşəkar milli zabitlərimizlə yanaşı “Sərhəd”çi müxbirlərimizin də əməyi az olmayıb. Jurnalistikadan hərbi həyata qatılan yazıçı, şair əməkdaşlar – Elşad İsayev (Qoca), İlqar Quliyev, Lətif Şüküroğlu, İbrahim, Rüstəmli, Qardaşxan Əzizxanlı, İbrahim Rüstəmli, xanım jurnalistlər Xatirə Tağıyeva, Zərif Cəfərova və digərləri sonradan da hərbi mətbuatımızda jurnalist, yazıçı, şair, hətta alim kimi iz qoya bildilər. Şair Ramiz Duyğunun redaktorluğu ilə ezamiyyətlərə yollanıb materiallar hazırlamaqla bərabər, həm də ilk sərhəd qurucularına çevrildilər.
Daxili Qoşunların “Əsgər” qəzeti (Təranə xanıma min rəhmət), Daxili İşlər Nazirliyinin “Polis”, “Mübariz keşikdə” qəzetləri milli hərbi jurnalistikamızın unudulmaz səhifələrini şəhərin axarlı-baxarlı küçələrində deyil, məhz cəbhə bölgələrində yaratdılar. Bu mətbu orqanlarda onlarla savadlı, həm də cəsarətli jurnalist kadr yetişdi, ixtisaslı peşə sahibləri kimi püxtələşdilər, dövlətə, vətənə, xalqa ləyaqətlə xidmət etdilər.
….İkinci Qarabağ savaşında yenə nəzərlər televiziya ekranlarına zilləndi, qulaqlar radio efirlərinə dikildi, gözlər saytlarda, qəzet və jurnallarda yeni olan nə varsa ilk şahid durmaq və tez-tələsik paylaşmaq həvəsində oldu. QƏLƏBƏ SEVİNCLİ xəbərlər bizi ağuşuna aldı.
Vətən müharibəsində ilk növbədə ölkənin siyasi rəhbərliyinin xalqımızın monolit birliyinə nail olması, ordu quruculuğuna sərf olunan maddiyyatın və zehniyyatın bir hədəfə tuşlanması, nəhayət sözsüz ki, igid oğullarımızın şücaət və fədakarlıqları müzəffər yürüşümüzün təməlində duran başlıca amillərdir. Elə ilk günlərdən hələ qələbə soraqları eşidilənədək də hamı cəbhəyə can atırdı. On minlərlə gənc və yaşlı nəslin nümayəndələri hərbi komissarlıqlar qarşısında izdiham yaratmışdılar. Birinci Qarabağ savaşının veteranları, qazilər… məktəblilər belə ordumuz üçün nə isə etməyə çalışırdılar. Və sözsüz ki, mətbuat işçiləri də! 27 sentyabradək müəyyən şəxslərin ixtiyarında olan bəziləri ən baxımsız kanallarda, internet şəbəkələrdə, qəzetlərdə lüzumsuz, qalmaqallı, etikadan kənar, nə bilim, jurnalistikaya yaraşmayan metodlarla sözümüzü və zövqümüzü korlayırdılarsa, 44 günlük Vətən müharibəsi dövründə və ondan sonra hamı bir yumruq altında birləşməyi, bütövlükdə həm də söz həmləmizlə düşməni yerində oturtmağı bacardıq. Bu zəfərin xalqımıza, dövlətimizə, millətimizə nələr bəxş etdiyi hələ çox-çox sonralar, şəhidlərimizə tökülən acı göz yaşlarıı yanaqlarımızda quruduqca, qazilərimizin yaraları sağaldıqca daha aydın görünəcək. Bəli, sinəmizə çəkilən yaralar dərindir. Ancaq bu dərin yaraların məlhəmi doğma el-oba, böyüyüb boya-başa çatdığımız torpaqlar, ətrindən doymadığımız o laləzar çəmənlər, dağlar, düzlər, şırıltılı çaylar, qaynar bulaqlardır.
Döyüşkən mətbuatı vəsf edib söyüşkən mətbuatın bəzən peşəyə və peşəkarlığa, bəzən milli dəyərlərə, bəzən də hüquqa və qanuna zidd əməllərinə göz yummaq olmur. Əsasən xarici havadarlarından ruhlanan, qismən də səbatsızlıqdan və savadsızlıqdan yolunu azan bu cür üzdəniraqlar “Azərbaycan”, “Respublika”, “Xalq”, “525-ci qəzet”, “Şərq”, “İki sahil” kimi rəsmi və qeyri-rəsmi, “Bütöv Azərbaycan”, “İsmayıllı xəbərləri”, “Xudafərin”, “Zəngilanın səsi”, “Kredo” və digər aztirajlı rayon və sahə mətbu orqanlarından layiqli cavablarını aldılar. Ürəyindən keçənləri paylaşmaq istəyən oxucular həm də ən azı özləri qədər vicdanlı qələm adamlarının oxucusuna çevrildilər.
Bu savaş bizdə həm də qeyrətli bir mətbuat yetişdirdi. Cəbhə bölgəsində həyatını riskə ataraq ən qaynar nöqtələrdən, mənfur və gücsüz düşmənin mülki əhaliyə mərmi yağışları altında peşəkarcasına süjetlər hazırlayan hərbi müxbirlər, operatorlar o xəbərləri isti-isti birbaşa bizim evimizə ötürə bildilər. Fədakar, cəsarətli, şad xəbərlərdən mavi ekrandaca şaşırıb qalan, hətta sevincdən göz yaşlarını saxlaya bilməyən, çox təbii və səmimi surətdə seyrçini həyəcanlandıran aparıcılarımızdan günü bu gün də nə isə maraqlı jestlər, ürəyimizdən tikan çıxaracaq ifadələr, bütün səmimiyyəti ilə ruhumuzu coşduracaq məqamlar gözləyirik. Vətən müharibəsi və sonrakı dövrlərdə sevinc hisslərini bizə yaşadan KİV nümayəndələrinin fəallığı, hər birinin özünəməxsus yaradıcılıq tərzi ürəkləri riqqətə gətirdi.
Əlbəttə, o günlərdə böyük şücaətlər göstərərək qızğın döyüş bölgələrindən isti-isti xəbərlər çatdıran jurnalistlərimizə alqışlar sonsuzdur. Onları biz həmişə görürdük və xəbərlərini izləməklə bərabər, həm də dualarımızı əksik etmirdik. Bir daha, kimisə unuda biləcəyimdən ehtiyatlanaraq cəsur mətbuat nümayəndələrimizin adlarını bir-bir çəkmədən, televiziya kanallarımızda bizə ən xoş duyğuları yaşadan bir çox anları xatırlamadan hamısına bir seyrçi, dinlərici, oxucu, hərbi jurnalist kimi “var olun!” demək istəyi ürəyimdən keçir.
Hərbi jurnalistikamız, özünü bu sahəyə həsr etmiş mətbuat işçilərimiz öz sözünü deməyi bacardı. Özü də şərəflə və ləyaqətlə! Bizə qələbə yaraşır!