USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
13 sentyabr İldırım Əkbəroğlunun (Füzuli) anadan olduğu gündür. Doğum günündə şairi rəhmətlə anır, canından çox sevdiyi Azərbaycana həsr etdiyi sonetlər cələngini təqdim edirik:
“DƏRDİM, SEVİNCİM” (Sonetlər çələngi 15 nəğmədən ibarətdir. Nəğmələr doğma Azərbaycanımıza həsr edilib! Dərdim, sevincim, Azərbaycanım…) I Olmasın, olmasın sənsiz bir günüm, Ancaq qucağında uyuyaram mən. Kimə yetə bilər harayım, ünüm Əgər sən olmasan, ey ana Vətən.
Qdludur torpağın əzəldən, başdan Dağlarda qarın da qığılcım çaxar. Sənin ürəyini döyündürən qan Mənim də qəlbimdən dolanıb axar.
Fikirlər uçdumu uzağı çəkər, Görüb dərdlərini sızlasam əgər Demə uşaq kimi ağlar, kürəm mən.
II
Demə uşaq kimi ağlar, kürəm mən. Sənin çəkdiklərin tarixdə azmı. Sökülən, danılan, dağ çəkdirilən Bir ana övladı de, ağlamazmı?
Çiçəklər içində çiçəyin incə, Nəğmən nəgmələrə ilk cığır açdı. Elə bir ocağa döndü ki, Gəncə Bütöv yer üzünə nurunu saçdı.
Dildən dilə düşdü şöhrətin, adın Çoxları üstünə oynatdı atın. O gündən qaraya tutuldu günüm.
Eh, bir də həyatda deyilki yalan Pis gözə bıçaqdır qiymətli olan Eşit, Azərbaycan, başına dönüm.
III
Eşit, Azərbaycan, başına dönüm, Çiçəklər oxşayar, tikanlar dalar. Yadından çıxıbmı “Məvailər”im… Qiymətli zər kimi oğurlandılar.
Vətən yanğısıdır, Vətən yanğısı, Insan ürəyində dərdin dərini. Bəlkə də dönəndə durna sırası Oxuyur onların nəğmələrini.
Dəyişən dəyişib, qalanlar qalır, Kimi üz çevirib astarın salır. Tarixsə dəyişməz həməndir, həmən.
Pərvanə vurğundur yanarsa şamda, Bəzən qovurlanıb, sızıldasam da Sənin şöhrətinlə öyünürəm mən.
IV
Sənin şöhrətinlə öyünürəm mən Dillərdə əzbərin birmi, ikimi. Saysız övladın var dillərdə gəzən, Həsən oğlu kimi, Nizami kimi
Çoxu çiçək olub öz çəmənində Olana olan tək qiymət verən az. Qarşımda eşmirəm ocağı mən də Sənin çiçəyindən gülündən olmaz.
Düşüb şerləri hey dildən-dilə Sənin Nizaminin hikməti ilə Ilkin açmadımı dünyada bahar.
Azmı çürüyübdür qılınclar qında, Ulu əsrlərin ulu yolunda Qartal duruşun var, qartal adın var.
V
Qartal duruşun var, ulu adın var. Cır meyvə gətirməz cır deyilsə tum. Doğuldun, bələyin oldu dümağ qar Qurdu beşiyini Turan xatunun.
Qəlbinin mayası od idi deyə Oğlun da, qızın da pir bildi odu. Sənin sevincinə, yaşına yiyə, Ağsaqqal seçdilər Dədəm Qorqudu.
Başsız el-obadan əksilməz qada, Ixtiyar sahibi şah olubsa da, Sözü ötən olub ağsaqqalının.
Bir alaq kökündən göyərər mini Necə ki, görmədin Aruz kimini, Başından aşıbdır dövlətin, varın.
VI
Başından aşıbdır dövlətin, varın Var-dövlət daş-qaşdır, qızıldır məgər?! Şerin var bir bəndi fateh şahların Bütöv sərvətinə, zərinə dəyər.
Çox düşüb kəsərdən baş kəsən yaraq, Kəsərdən düşməyib sözün sətiri. Haq sözü daş-qaşdan üstün tutaraq Dahi olmadımı oğlun Xəqani.
Nə olsun çoxları özündən deyib, Həmişə başını aşağı əyib Meyvəli ağaclar, ay gözümə nur.
Keçib qanımıza qəlbindəki köz, Nahaqdan üzünə haqq dediyin söz- Dünyanın özünə çıraq olubdur.
VII
Dünyanın özünə çıraq olubdur. Bir el yolunda da çıraq yandıran. Dilindən köz alıb, dağından qürur Yoluna nur oldu Xətai balan.
Çox tapdaq olmuşdun düşmənə, yada Boynu bükülüydü açan gülün də. Həsrəti qürbətdə zoğ atdısa da Füzuli axır ki, ötdü dilində.
Doğma havasını çalmaq dəmində, Ötə bilərsə də özgə simində…. Daha gözəl ötüb öz simi tarın.
Demə ki, dərd deyil, dərdsə də azdır. Şerini özgənin dilində yazdı Sinəndə göz açan söz sərrafların.
VIII
Sinəndə göz açan söz sərrafların Vaxt olub çiçəkcə anılmayıblar. Dilləri dillərdə ötüb onların, Ancaq haqq yolunda yanılmayıblar.
Fəzlullah Nəimin iki bölünüb, Dözmüsən dərdini sən uda-uda. “Ənəlhəqq” söyləyib Allaha dönüb, Nəsimi – dərisi soyulubsa da.
Tarix canı deyib hər soyan kəsə Ancaq görmüşük ki, soyulan isə Haqqın yollarına şəfəq, nur salıb.
Onunla fəxr edib öyündüm ki, mən- Talanıb, soyulub, danılsan da sən, Çoxunun gözləri əlində qalıb.
IX
Çoxunun gözləri əlində qalıb Baxma ki, çoxları daş atıb sənə . Nadir əsərlərin azmı talanıb, Dönüb özgələrin qiymətlisinə.
Söz də tarix deyil hər yetən dana, Qarğa verə bilməz bül-bül yerini. Məgər çıxmadımı, de öz adına Bodenşted Vazehin nəğmələrini?…
Qələm dediyini deyə bilməz ox, Bu həyat yolundsa çox görünüb, çox, Talayan alçalıb, soyan alçalıb.
Elə soyulmağın dərddimi təkcə, Yox, sənə can atıb yetişmədikcə…. Çoxunu dərd alıb, fikir-qəm alıb.
X
Çoxunu dərd alıb, fikir-qəm alıb, Sən çiçək açdıqca, gətirdikcə bar. Bəzən də illərcə qonağın qalıb, Sənə quyu qazan, tor quran da var.
Yolunda keçsək də, bir, canımızdan, Uyduq neçəsinin əməllərinə. Özümüz sıyrılıb öz qınımızdan, Qırdıq özümüzü düşmən yerinə.
Qeyrət məqamında uduzmuşuq biz- Elə ki, bilinib kəramətimiz, Səni döndəriblər yola, səkiyə.
Sənin çörəyini yeyənlər ki, var, Çox məqam gözləyib, çox göz qoyublar, Qızıl qanını da sorsunlar deyə.
XI
Qızıl qanını da sorsunlar deyə Sərhədlər keçiblər, dağlar aşıblar. Zoru keçməyəndə keçib hiyləyə, Söz verib, and içib “qardaşlaşıblar”.
Eləı ki hiylənin yırtılıb qını, Əvvəl qeyrətini veriblər bada. Dartıb bədənindən şah damarını, əmzik tək əmiblər onu sonra da.
Xəncər qayıdarmı sipər yoxdusa , Övlad ürəyində təpər yoxdusa….. Ay anam, nə xeyri deyilən sözün.
Mənim də öz gücüm çatır dilimə, Ay Vətən, günahkar özünsən demə. Bil, alnın açıqdır, bil, ağdır üzün.
XII
Bil, alnın açıqdır, bil, ağdır üzün. Səndə sınmaz olan duruşa əhsən . Ay elim, ay obam, fikir ver özün, Bu dərdə sənsən ki, tab gətirmisən.
Bir de hansı qartal uça bilərdi Bircə qandıyla zirvə tənində. De, hansı torpaqda çiçək gülərdi Sənin torpağın tək darda, çətində.
Paklıq ələnibdir səndəki oda, Bir gözün həmişə ağlayıbsa da Əsrlər içində gülüb bir gözün.
Baxıb keçmişinə balan kimi mən, Üz tutub deyirəm, inan, ürəkdən Bütövdür yerişin, bütövdür sözün.
XIII
Bütövdür yerişin, bütövdür sözün Belə bir gedişi ariflər anlar. Qaranlıq uçruma bürünsələr də, Büdrəməz heç zaman bütöv olanlar.
Mən də bir övladam yuxusu sərsəm, Taleh gəncliyimlə oynadı oyun. Adına zərrəcə ləkə gətirsəm, Qoy gəlsin burnumdan çörəyin, suyun.
Özümə qənimmiş mənim bu andım…. Ömür yollarında sərtlik qazandım…. Alnımı daşlara hey döyə-döyə. Iki yad ocağa bölünməz bir ev, Ay Vətən, qəlbimdə bütövsən, bütöv, Qəlbini bölsə də Araz ikiyə.
XIV
Qəlbini bölsə də Araz ikiyə, Nəğməni bir tonda çalan tarın var. Üz tutub o taya “Şəhriyar” deyə Səsinə səs verən Bəxtiyarın var.
Bir ağac kökündən söylə bir mənə Iki özgə ağac çıxa bilərmi?! Bir çay əsrlərlə biri-birinə Söykənən dağları yıxa bilərmi?!
Açdım əllərimi qucam mən səni Tikanlı məftillər qoymur birini, Biri də halsızdır başına dönüm.
Təki hürsün itin, yansın çırağın, Təki məndən olsun gələn sorağın, Olmasın, olmasın sənsiz bir günüm.
XV
Olmasın, olmasın sənsiz bir günüm, Demə uşaq kimi ağlar, kürəm mən. Eşit, Azərbaycan, başına dönüm Sənin şöhrətinlə öyünürəm mən
Qartal duruşun var, ulu adın var. Başından aşıbdır dövlətin, varın Dünyanın özünə çıraq olubdur. Sinəndə göz açan söz sərrafların.
Çoxunun gözləri əlində qalıb Çoxunu dərd alıb, fikir-qəm alıb Qızıl qanını da sorsunlar deyə
Bil, alnın açıqdır, bil, ağdır üzün. Bütövdür yerişin, bütövdür sözün Qəlbini bölsə də Araz ikiyə…
Bir gün məni dəli küləklərdən, həzin nəğmələrdən, qələmindən süzülən duyğulu şeirlərdən soruşacaqsan. Səni atıb gedən sevgilərin sonunda məni soracaqsan , axtaracaqsan. Məni yox olduğum yerdə var sanacaqsan. Gecələrin qaranlığında yuxuları sındıran dan yerindən, üfüqdə şəfəq-şəfəq sökülən Günəşdən soruşacaqsan. Arxamca boylanacaqsan son ümidin qırıldığı an yenə məni düşünəcəksən. O zaman unutmayıb, unudulacaqsan . Ümidimin talan olmuş son nöqtəsində məni soruşacaqsan. Sən mənim , mənsə zamanın tutub ətəyindən sənin bitib tükənməyən arzularından köçəçəyəm sonsuzluğa . Yenə məni axtaracaqsan, soruşacaqsan. Özünü boş-boşuna yoracaqsan. Ehey, yorma özünü! Mən sənin üçün ölüyəm. İnsan öldükdən sonra sevilir, anılır, amma geriyə dönmür . Amma geriyə dönmür…
Görürsən, Elçin də boynunu burub, Onu da dərd, kədər, qəm, qüssə yorub, Dolub sənin kimi, dayanıb, durub, Ancaq yox nə hirsi, nə kini, bulud.
HEYİF SEVGİMİZƏ
Heyif sevgimizə, çox şirin idi, Döndü birdən-birə, o acılaşdı. Nədən tale bizə “ayrılın” dedi? Qəlbimdə kədərlə qəm bacılaşdı.
Uçdu bir sevginin divarı, damı, Sağ qalan bu eşqin təməli oldu. Deyirlər pis gözlər yıxır adamı, Hansı xəbis gözün əməli oldu?
O gün, yollarımız ayrılan vaxtı, Yanan qəlbimizdən köz qoparmışıq. Ayrıldıq, beləymiş bu eşqin bəxti, Hərəmiz ürəkdə od aparmışıq.
Görən hansı evin çırağısan sən, Qurduğun ocağın istisi varmı? Ölməyən bir eşqin dayağısan sən, Bu eşqin mənimtək xəstəsi varmı?
Kim bilir, hardayıq indi hərəmiz, Durub aramızda ayrılıq, həsrət. İndi yuxulardır görüş yerimiz, Hələ də qəlbimi döyür məhəbbət.
15.08.2023
SALAM, ŞUŞA!
Otuz il bizimçün döndün xəyala, Nəhayət yetişdik şirin vüsala, Səni görmək üçün çıxmışam yola, Arzum həqiqətlə yürüyür qoşa, Salam, Şuşa!
Qəhrəman ordumuz keçilməz dağla Gəldi harayına dişlə, dırnaqla, Qırdı düşmənləri yüngül yaraqla, Salıb öz izini qayaya, daşa, Salam, Şuşa!
Yaşadın bəxtinə düşən qədəri, Unut bundan sonra qəmi, kədəri, Hər dün gözəlləşən gözəl şəhəri Bütün elim-obam gəzib dolaşa, Salam, Şuşa!
Nəhayət yetişdim Cıdır düzünə, Bələndim Vaqifin şirin sözünə, Düşərək ustadın aydın izinə, İlhamım çağladı, təb gəldi cuşa, Salam, Şuşa!
Gəldim, gözlərində gülüşü gördüm, O mavi səmanı, günəşi gördüm, Səni əbədilik qəlbimə hördüm, Daha bundan sonra bəxtəvər yaşa, Salam, Şuşa!
18.07.2024
BU ZƏFƏRİ GÖZÜMÜZTƏK QORUYAQ
O zaman ki, Vətən yada yem idi, Hər günümüz kədər idi, qəm idi, Nər oğullar düşmən üstə yeridi, Mənfurlardan təmizləndi Qarabağ, Bu zəfəri gözümüztək qoruyaq.
Bu torpaqda ulu bizik, əzəl biz, Hər qarışda babalarım salıb iz, “Qisas” dedi bizə Vətən eşqimiz, Yurdumuzdan yadellini darayaq, Bu zəfəri gözümüztək qoruyaq.
Hər qayası and yerimiz, pir oldu, Pir uğrunda igidlərim şir oldu, Şəhid qəbri ən müqəddəs yer oldu, Şəhidləri unutmayaq, arayaq, Bu zəfəri gözümüztək qoruyaq.
Doğransa da Vətən yüz yol, diridir, Qarabağım dərdin yüzdən biridir, Bu qələbə ruhdan buzu əridir, Savalana salam deyir Murovdağ, Bu zəfəri gözümüztək qoruyaq.
Nəhayət ki, qovduq yurddan düşməni, Qarabağdan qaçdı, getdi erməni, Xoşbəxt görək bundan sonra Vətəni, İndi daha yaramızı sarıyaq, Bu zəfəri gözümüztək qoruyaq.
26.04.2024
AZ DEMİŞƏM
Sənə mən, nazlı nigarım, həmişə “can” demişəm, az demişəm. “Məni candan eləyən sevgili canan” demişəm, az demişəm.
Nə atam var, nə anam, gör neçə vaxtdır aparıbdır Yaradan, O səbəbdən də sənə “ən əziz insan” demişəm, az demişəm.
Döyüşərkən mələk ilə nəzər etdim tökülən göz yaşına, Gözü şəhlam, gözünə canımı qurban demişəm, az demişəm.
Məni məftunmu edər hər gözü muncuq, dili şəkkər, sözü bal? “Olmuşam dünyada yalnız sənə heyran” demişəm, az demişəm.
Demə eşqimlə bu şair itirib ağlını, sərsəm dolanır, “Ürəyindir bu dəli eşqimə ünvan” demişəm, az demişəm.
Gecətək qapqara Məlhəmli günün, ay gözəlim, ağ elədin, Səni öz bəxtimə sübhtək açılan dan demişəm, az demişəm.
29.11.2024
ÇƏKİR
Onda ki, nazlı nigarım gözünə qarə çəkir, Yandırır qəlbimi eşq atəşinə, narə çəkir.
Lalətəkdir yanağı, qönçə qızılgül dodağı, Mən gülün aşiqiyəm, qəlb məni gülzarə çəkir.
Yoxmu, Tanrım, görəsən, ağ günü aşiq olanın, Eşqə məhbus olanın kim gününü qarə çəkir?
Gözlərindən çilənən nur məni divanə edir, Düşdüyüm çöllərə, ellər, məni mahparə çəkir.
Qəlbimi qəsb eləyibdir o mələk üzlü gözəl, Fikrimi qəlb bu səbəbdən elə dildarə çəkir.
Süzdürüb gözlərini son dəfə baxdın mənə tərs, Yoxsa Məlhəmli bu eşqlə səni zinharə çəkir?
Azərbaycan kinematoqrafiyasının ən parlaq səhifələrindən biri də Naxçıvanda çəkilmiş tarixi filmlərlə bağlıdır. Bu qədim torpaq təkcə öz abidələri, təbiəti və mənəvi mühiti ilə deyil, həm də kino sənətinə bəxş etdiyi nadir çəkiliş məkanları ilə seçilir. Naxçıvanın dağları, qalaları, tarixi kəndləri əsrlərin yaddaşını özündə yaşadır və məhz buna görə də böyük tarixi şəxsiyyətlərin ekran həyatı bu torpaqda daha inandırıcı və təsirli görünür. Kino tariximizdə xüsusi yeri olan “Babək” və “Nəsimi” filmləri də bunun bariz nümunəsidir. “Babək” filmi Azərbaycanın kino sənətində ən çox yadda qalan tarixi ekran əsərlərindən biri olub. Eldar Quliyevin rejissorluğu ilə ərsəyə gələn bu filmin çəkilişləri Naxçıvanın Culfa bölgəsində, Əlincə qalası ətrafında aparılıb. Bu qədim qalanın möhtəşəm görünüşü Babəkin mübarizə ruhunu tamaşaçıya birbaşa çatdırmaq üçün ideal məkan rolunu oynayıb. Filmin hazırlanması üçün böyük miqyaslı dekorasiyalar qurulub, yüzlərlə kütləvi səhnə iştirakçısı cəlb olunub. Yerli əhalinin epizodik rollarda çıxış etməsi isə filmin həm kütləvilik, həm də reallıq təsirini gücləndirib. O dövrün ən bahalı filmlərindən sayılan “Babək” Azərbaycan tamaşaçısında milli qürur hissi oyatmaqla yanaşı, Naxçıvanın tarixi məkanlarını da əbədiləşdirib. Tarixi filmlərin digər möhtəşəm nümunəsi isə Həsən Seyidbəylinin rejissorluğu ilə ekranlaşdırılan “Nəsimi” filmidir. Şair və filosof İmadəddin Nəsiminin həyatını, ideyalarını və faciəsini əks etdirən bu film estetik dəyəri, bədii gücü ilə Azərbaycan kinosunda xüsusi yer tutur. Çəkilişlərin bir hissəsi Naxçıvanın Əlincə qalası, Xanəgah kəndi və Əlincəçay vadisində aparılıb. Bu yerlər təkcə dekor rolunu oynamayıb, həm də filmin emosional gücünü artırıb. Qədim dağlar və qalanın divarları Nəsiminin həyat yolunun dramatizmini, onun azadlıq və haqq uğrunda mübarizəsini tamaşaçıya daha təsirli göstərib. Məşhur edam səhnəsi də Naxçıvanda lentə alınıb və bu epizod həm aktyor oyunu, həm də tarixi atmosfer baxımından çox uğurlu alınıb. Hər iki filmin çəkilişində yerli əhalinin iştirakı ayrıca bir məqamdır. Naxçıvan sakinləri bu filmlərdə, təkcə tamaşaçı yox, həm də birbaşa iştirakçı olublar. Onlar döyüşçü, kəndli, tacir və digər obrazlarda çıxış etməklə tarixi hadisələrin canlandırılmasına töhfə veriblər. Bəzi səhnələrin çəkilişi zamanı hətta real həyəcan və duyğular yaşanıb. Məsələn, “Nəsimi” filmində dərisinin soyulması səhnəsini izləyən kənd sakinlərinin bu hadisəni gerçək zənn etməsi xalqın həm hadisəyə emosional bağlılığını, həm də filmin təsir gücünü göstərirdi. Bu filmlərin əhəmiyyəti təkcə bədii cəhətləri ilə məhdudlaşmır. Onlar Azərbaycanın tarixi şəxsiyyətlərini tanıtmaqla yanaşı, milli kimliyimizin formalaşmasına da xidmət edib. Babək və Nəsimi kimi qəhrəmanların obrazları gənc nəsildə azadlıq, mübarizə, ədalət və inam ideyalarını gücləndirib. “Babək” və “Nəsimi” filmləri bir daha sübut etdi ki, tarixi kino ilə milli ruhu oyatmaq mümkündür. Bu filmlər həm də Naxçıvanın tarixi abidələrinin təbliğində mühüm rol oynayıb, bu diyarın qədim mədəniyyət ocağı olduğunu bir daha göstərib. Bu gün Naxçıvan yenə də kino üçün cəlbedici məkana çevrilmək potensialına malikdir. Qədim qalalar, möhtəşəm dağ mənzərələri, tarixi kəndlər, eyni zamanda doğma diyarımızın inkişaf tempini ortaya qoymaq üçün yeni filmlər təbii dekor rolunu oynaya bilər. Gələcəkdə Naxçıvanın zəngin tarixi irsindən bəhrələnən yeni bədii ekran əsərlərinin çəkilməsi həm milli kinematoqrafiyamız, həm də mədəniyyətimizin təbliği üçün vacibdir. Naxçıvan, sadəcə, bir bölgə yox, minilliklərin sınağından çıxmış bir mədəniyyət xəzinəsidir. Əlincə qalası, qədim məscidlər, türbələr, kilsələr və təbiətin yaratdığı möcüzəvi mənzərələr bir çox rejissor üçün canlı tarix kitabçasıdır. Bu torpaqda çəkiləcək hər bir film təkcə bədii əsər deyil, həm də gələcək nəsillərə ötürüləcək vizual sənəd, milli yaddaşın qorunması üçün mühüm vasitədir. Üstəlik, müasir texnologiyalar və beynəlxalq kino bazarına çıxış imkanları Naxçıvanda çəkiləcək filmlərin dünya auditoriyasına təqdim olunmasına şərait yaradır. Əgər vaxtilə “Nəsimi” və “Babək” filmləri Azərbaycanın sərhədlərini aşaraq digər ölkələrdə də maraqla qarşılanıbsa, bu gün çəkiləcək yeni ekran əsərləri beynəlxalq festivallarda iştirak edə, ölkəmizin mədəni simasını daha da gücləndirə bilər. Naxçıvan həm də kino turizmi üçün geniş imkanlar açır. Dünyanın bir çox yerində insanlar tarixi filmlərin çəkildiyi məkanlara xüsusi maraq göstərirlər. Əgər “Babək”in çəkildiyi Əlincə qalası, yaxud “Nəsimi”nin lentə alındığı Xanəgah kəndi haqqında daha çox film çəkilsə, bu yerlərə gələn turistlərin sayı da artar. Beləliklə, kino mədəniyyətlə yanaşı, iqtisadiyyatın da inkişafına töhfə verər. Bu səbəbdən Naxçıvan tarixi mövzulu filmlər üçün açıq səhnədir. İmadəddin Nəsiminin, Babəkin, Cəlil Məmmədquluzadənin, hətta daha qədim dövrlərin qəhrəmanlarının obrazlarını bu torpaqda canlandırmaq həm tamaşaçı üçün təsirli olar, həm də xalqımızın kimlik yaddaşını möhkəmləndirər. Yeni nəsil rejissorların və gənc aktyorların bu prosesə qoşulması isə Azərbaycan kinosunun inkişafına yeni nəfəs gətirə bilər.
Həyatda özümü həmişə borclu sandığım, şeirləri dillər əzbəri, unudulmaz şairimiz, əmim Sərraf Şiruyə yaşasaydı bu gün – sentyabrın 11-i 83 yaşı tamam olacaqdı. Ruhu şad olsun. Amin:
Unudulmaz Sərraf Şiruyənin əziz xatirəsinə
Qazana bilməzdin bu qədər şöhrət, Sözün bəyənilib gəlməsə xoşa. Hayanda oluram, göstərib hörmət Sənin doğman kimi çəkirlər başa.
Sənət məbədiydi evin, ocağın Kaş ki susan dilin bir ağız dinə. Mən sənə hamıdan bir köynək yaxın, Sən mənə hamıdan əzizsən yenə.
Hər xoş sorağından çatılan qaşlar, Şahlıq öyrədirdi tale quşuna. Bir vaxt ünvanına atılan daşlar, İndi məzarının dönüb daşına.
Üstümdə zəhmətin, haqqı-sayın çox, Gücüm çatmadı ki, qadanı sovam. Sevgi-nəvazişdə təkcə əmim yox, Bir az atamıydın, bir az da babam.
Dillərə düşəndən nəsil-soyuna Adın şərəf oldu fəxri ad kimi. Cılız bədəninə, yosma boyuna Təbin verilmişdi mükafat kimi.
Çoxdur məclislərdə adını öyən, Şahidi olmuşam neçə kərə də. Səndən söz istəyən, şeir istəyən Biganə deyildin gözəllərə də.
Könüllər oxşayan istedadını Zaman sınağıyla çəkdi dərinə. İndi gəzdiririk sənin adını Dövlətin verdiyi sənəd yerinə.
Arzu ünvanıydı Təbriz sözünün, Yerlərə sığmayan həsrətin göycə. Yaşı qurumayan ağlar gözünün: “Biri Qarabağdı, biri də Göyçə.”
Hədəfdə sonuncu düşməndir həmlə, Yoxsa tapdaq altda Vətən usanı. Hər gün yaraqlanıb dəftər, qələmlə Səngər eyləmişdin yazı masanı.
Göynəyib Yelmara amanla, ahla Alovsuz yanırdı ruhun bədəndə. Necə vuruşurdu Vəzir silahla, Elə döyüşürdün qələmlə sən də.
Cinasdan hörülmüş təcnislər qəsrin, Sözə naxış vuran söz zərgərisən. Həmişə deyirəm, sən bizim əsrin Sazsız qoşma qoşan Ələsgərisən.
Sentyabrın 11 -də Bakı Ekspo Mərkəzdə Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin rəhbərliyinin təşkilatçılığı ilə keçirilən Sərgi və Konfransda Abşeron rayonu Ceyranbatan Su Təchizatı İdarəsinin əməkdaşları da yaxından iştirak edib. Çıxışçılar sudan səmərəli istifadə etməyin vacib şərt olduğunu vurğulayıb , eyni zamanda abunəçiləri problemlərin aradan qalxması yollarında birgə addımlar atmağa çağırıb. Yeni planlardan , yeni proqram layihələrindən söz açılıb.
Su həyatdı. Biz də bu təşəbbüsə qoşuluruq . Gəlin hər birimiz su işçilərinin pərdəarxası əməyini yüksək qiymətləndirək və bu işdə əlimizdən gələn köməyi əsirgəməyək.