Nə ömür uzanır, nə yaş çoxalır

ÇOXALIR

Məni için-için göynədir bu dərd,
Nə dost tapmaq olur, nə də bir həmdərd.
Hayıflar olsun ki, dünyada namərd
Bir-bir azalırsa, beş-beş çoxalır.

Ət ala bilməyən durub şiş gəzir,
O deyəni demir bu gərdiş, gəzir.
Hər beş-on adamdan üçü iş gəzir,
İş yeri azalır, şeş-beş çoxalır.

Duyğusu yox olur duyanın bu gün,
Gözü doymur qarnı doyanın bu gün.
Xalqın dərisini soyanın bu gün
Evinə daşınan daş-baş çoxalır.

Nə deyim, nə deyim bu hüt-hütlərə,
Darağın dalından baxır lütlərə.
Durub baş əyirik yenə bütlərə,
Qalıb dünya özü çaş-baş, çoxalır.

Bürüyüb hər yeri nəşə qoxusu,
Dünyadan xəbərsiz yatır çoxusu.
Tutub gözlərini ölüm yuxusu,
Odlara qalanan oddaş çoxalır.

Nə vaxtın köçüdü bu köç, a Tanrım,
Bu zaman köçməzdik biz heç, a Tanrım.
Bu gedişi özün ölç-biç, a Tanrım,
Yurdu atıb gedən yurddaş çoxalır.

Yağışda günbəgün, qarda günbəgün,
Tüpürüb gedirlər yurda günbəgün.
Baxıram, baxıram, burda günbəgün
Doğma daş azalır, yad daş çoxalır.

Yurd salan, bir daxma quran azalır,
Torpağa bir şitil vuran azalır.
Hər gün mənə qahmar duran azalır,
Hər gün məni satan dadaş çoxalır.

İndi on-on doğur gündə dərdimiz,
Sığışmır şəhərə, kəndə dərdimiz.
Tanrı dərdimiz var, bəndə dərdimiz,
Bizi dərdə salan göz-qaş çoxalır.

İslamın sözünə qulaq as, qulaq,
Gözündən quruyur hər gün yüz bulaq.
Biz necə qayıdıb özümüz olaq,
Nə ömür uzanır, nə yaş çoxalır.

05 noyabr 2025
Novxanı

Müəllif: İslam Sadıq

İSLAM SADIĞIN YAZLARI

Mustafa Müseyiboğlu adına kitabxana

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir