Dünya şairləri antologiyası 1 (H.Ş)

SORDUM

Gözlərim yol çəkir, hər yer qaranlıq,
Xatirən yadıma düşür bir anlıq.
Sənlə söhbət edib əhval soruşdum.
Özümü unutdum, səndən danışdım.

Sordum, yadındamı ilk görüşümüz,
Silinməz yaddaşdan o ilk günümüz
Qəlbim gözlərini heç unutmadı,
Baxışın, duruşun yaddan çıxmadı.

Üzündə təbəssüm heç görmədimki,
Qəlbin nə söyləyir, heç bilmədimki.
Sən necə, gecələr rahat yatırsan,
Mənimtək yuxunu qarışdırırsan?

Sənin də ürəyin tez-tez sıxılır,
Sənin də qəlbində bərk tufan qopur?
Bəzən nəfəs almaq çətin olurmu,
Könlündə sevgidən nəsə qalırmı?

Əzizlər, yaxınlar, doğma içində,
Səndəmi özünü tək hiss edirsən?
Sevinib, şadlanan dostlar yanında,
Qəlbin sızıldayır, çıxıb gedirsən ?

Yoxsa illər onu silib aparıb,
Sevgi əvəzinə bir nisgil qalıb.
Məndəsə başqadır, qoy deyim sənə,
Baxışın könlümə odunu salıb.

Yadına düşürmü o gözəl günlər,,
Xəyallar səni də aparır ora.
Neyləsəm də olmur, bu düşüncələr,
Göynədir qəlbimi, lap çəkir dara.

Nə olar yuxuda sənlə görüşək,
Demirəm yenidən sənlə birləşək.
O ötən zamandan biz söhbət salaq,
Nə olar arabir dur gəl, dərdləşək.

AĞDAM ASLANI

(Milli Qəhrəman Allahverdi Bağırova)

Ağdam torpağında dünyaya gəlir,
O futbol ulduzu zirvəsinə yüksəlir.
Ağdam və Allahverdi adı qoşa çəkilər,
Ürəyinin alovu yurdu üçün közərər.

Könüllü cəsurları igid başına yığır,
“Vətən oğulları” adlı bir taboru yaradır.
Torpaq üçün gecəni gündüzə qatır,
Elinin harayına vaxtında çatır.

Naxçivanlı, Pircamal kəndi uğrunda,
Aslantək döyüşüb uğur qazanır.
Yüzlərlə düşməni məhv eləyərək,
Əsədov adına medalı alır.

Şücaət göstərir Aranzəmində,
İgidlik dastanı düşüb dillərə.
Nə qədər əsiri xilas eləyib,
Şöhrəti yayılır bütün ellərə.

On bir yaşındakı bir körpə qızın,
Başına gələnlərdən dəhşətə gəlir.
Alçaq erməninin yerini tapıb,
Daş ilə vuraraq başını əzir.

Xocalı əsiri başqa bir qız da,
Ermənini görüb haray qoparır.
Atamı, anamı o öldürübdü,
Allahverdi qızın qisasını alır.

Məhv edir düşməni həmin dəqiqə,
Qızın acısına sərin su səpir.
O cəsur qəhrəman bir an dayanmır,
Mindən çox Xocalı əsiri dəyişir.

Xəyanət qurbanı olur qəhrəman,
Naxçıvanlı yolunda düşür minaya.
Onun ölümünə heç kəs inanmır,
Qəmginlik gətirir elə, obaya.

Uca bir məqama yüksəlib adı,
Qəlblərdə qalacaq Milli Qəhrəman.
Şəklini bəzəyir Qızıl Medalı,
Adını unutmaz can Azərbaycan!

YAŞIL GÖZLÜM

Bir payız fəslində gəzdim, dolaşdım,
Yaşıl gözlərinin sehrinə daldım.
Nə qədər çırpındım, qopmaq istədim,
Mən heç bacarmadım, orada qaldım.

Pərişan gözlərim yola dikildi,
Yaşıl gözlüm sənin üçün darıxdım.
Gecə -gündüz həsrətini çəkmişəm,
Sənin yollarına kədərlə baxdım.

İlk məhəbbət unudulmur ,deyirlər,
Gözlərinin sevdasına düşmüşəm.
Məhəbbət qəlbimi yaman incitdi,
Uzun illər qəm gölündə üzmüşəm.

Ömür boyu bu sevgiylə yaşadım,
Yaşıl gözlərindən doya bilmədim.
Qəlbimin alovlu ,xəlvət küncündən,
Gözlərə sevgimi silə bilmədim.

Könlüm o gözlərin intizarında,
O gözlər yadımdan heç çıxmadı da
Yuxuda da olsa bircə dəfə də,
O gözlər gözümə heç baxmadı da.

Hələ də ürəkdə izləri qalıb,
Bilmirəm görsəydim nələr olardı.
Mən özüm özümə heç güvənmirəm,
O gözlər canımı məndən alardı.

PAYIZ ÇAĞI

Xəyalınla söhbət etdim,
Mən soruşdum əhvalını.
Könlüm yaman çırpınırdı,
Görmək üçün hər halını.

Görəsən sən xəyalında,
Mənlə söhbət edirsənmi?
Yuxularda mənim kimi,
O yerlərə gedirsənmi?

Həsrət yamanca çoxalır,
Niyə görən payız çağı.
Çoşub yenə haray salır,
Könlümdəki qəm otağı.

Çiskin olur, yağış yağır,
Üşüdür həsrətin səsi.
Hava almaq olur ağır,
Yoxdursa sevgi nəfəsi.

Ötən günlər yada düşür,
Qəlb sıxılır payız çağı.
Zaman bir də geri dönməz,
Duman olur könül bağı.

QORXURAM

Sənə olan hisslərimi, illər boyu daşımışam,
Açıq, aşkar ölməsəm də, ölü kimi yaşamışam.
Çırpınardı könlüm daim, duyğularım nalə çəkib,
Yayın isti qızmarında, qış dumanı qəlbə çöküb.

Sənin üçün darıxmışam, duyğular görmək istərdi,
Qorxu məni üstələyər, ağıl isə yox deyərdi.
Əgər görsəm məhəbbətim bəlkə yenə alovlanar,
Sevgimizin sonu yoxdur, qəlbim kül olar, yanar.

Qorxuram ki, gözlərinin atəşindən yanaram,
Ürəyim də zəif düşüb, orda donub qalaram.
Düşüncələr yorur məni, ağlım görüşmə deyir,
Duyğularımsa həsrətdən acı çəkir, inləyir.

İllərin çox sualı ürəyimdə dolaşır,
Hisslərim görmək üçün alovlanır, alışır.
Bir tərəfdə qorxu var, tez-tez öndə dayanır,
Bir tərəfdə duyğu var, həsrət canımı alır.

Hansı daha üstündür, qorxu, yoxsa duyğular?
Cavab tapa bilmirəm, məni yorur suallar.
Qorxuram dözə bilmərəm, bu ayrılığa daha,
Zaman geri dönməyəcək, ümid yoxdur sabaha.

XTQ ƏFSANƏSİ

(Şəhidi gizir Kərim Əliyevə)

Şirindil, mehriban bir oğlan idi,
Şən zarafat edib, deyib – gülərdi.
Qoçaqlıq var idi onun canında,
Şirtək vuruşardı döyüş anında.

Bir gün zəng eləyib o, evlərinə,
Halallıq almışdı ana- atadan.
Hər kəsi soruşub əhval tutmuşdu,
Bir xahiş etmişdi öz anasından.

Əgər şəhid olsam ana, ağlıama,
Başını uca tut, Vətən sağ olsun.
Yurdu azad edib qorumalıyıq,
Mənimtək oğullar keşikdə dursun.

Baxma mənim az yaşıma ay anam
Gələnlər gəlib başıma can atam
Sən yazarsan məzar daşıma, qala
Dön geri gəl, dön geri gəl , can bala.

Sözlərdən ananın odlandı qəlbi,
Könlünü göynətdi hər bir sətiri.
Göz yaşı sel kimi axdı üzünə,
Qürurla baş əydi oğul sözünə.

Ucarlı balası qaldı yaddaşda,
O, belə söylədi çəkiliş olanda.
Birisi burada şəkillər çəkir,
Səhəri onlardan kim isə gedir.

Kərim o səhəri oldu döyüşdə,
Düşmənlər çox idi həmin o yerdə.
Güllələr yağıştək səpələnirdi,
Elə bil göylərdən od ələnirdi.

Ağır döyüşlərdə o yaralanır,
Əlində tək bircə qumbara qalır.
Əsir düşməməkçün düşmən əlinə,
Qumbaranı dartıb orda partladır.

On düşmən məhv edir həmin o yerdə,
Dostların canını Kərim qurtarır.
Özü bu sınaqda şəhid düşsə də,
Vətən oğulları qələbə çalır.

Əfsanə adını verdilər ona
Canlarını verib əziz torpağa.
Bilirik Cənnətdir sizin yeriniz
Qəlblərdə yaşayır hər şəhidimiz.

Müəllif: Həqiqət ŞAMİLLİ

HƏQİQƏT ŞAMİLLİNİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir