Rafiq Yusifoğlu – Payız gözlərimə köçür

MEŞƏ İLƏ ÜZ-ÜZƏYƏM

Meşə ilə üz-üzəyəm,
Payız gözlərimə köçür…
Kənardan baxan nə bilsin
Ürəyimdən nələr keçir?

Ağac yanır diri-diri,
Göz yaşları sarı, iri…
Zamanın dəlik xəlbiri
Hər şeyi ələyir, seçir…

Bu yol axirət yoludu,
Yağan yağış, ya doludu?
Elə bil payız buludu
Mənim gözümdən su içir…

Gileyim yox taleyimdən,
Əsən payız küləyindən.
Bir səs gəlir ürəyimdən:
Kim nə əkib, onu biçir…

Xəzəllərdi sağım-solum,
Məndəmi saralım, solum?
Üzü qışa gedən yolum
Payızın içindən keçir…

23.11.2021

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir