UNUTMAYAQ TANIYAQ VƏ TANIDAQ

UNUTMAYAQ TANIYAQ VƏ TANIDAQ

Zəfər yolu, Haqqın yoludur!

Vətən sevdalı oğulların yoludur!

Şəhid leytenant Allahverdiyev Teymur Qüdrət oğlu

     Teymur Allahverdiyev Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək  döğulduğu torpaqda  dəfn olunan beş şəhiddən biridir.Birinci Qarabağ müharibəsində şəhid olan Neftçala sakininin nəşi 33 il sonra ata yurduna gətirilib. Allahverdiev Teymur 1967-ci ildə Neftçala rayonunun Qaçaqkənd kəndində anadan olub.1992-ci ildə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə itkin düşüb.Bu illər ərzində onun doğmaları ümüdə gözləyiblər,bir gün Teymur sağ salamat gələcək,  ayrılıq bitəcək.33 ildir ki,  bir ana gözü yolda ,qulağı səsdə,ürəyində nisgilə dediyi Allahım hamının balası gəldi,mənim balamdan bir soraq deyib  görüm görüb göynəyib, üzdə özünü tox tutub,inanıb Teymür gələcək.

   Allahverdiyev Teymur Qüdrət oğlu 1992-ci ilin yanvar ayında bir qrup Əfqanıstan müharibəsi iştirakçısı ilə birlikdə könüllü olaraq Vətənin müdafiəsinə qoşulmuşdu .O, Daşaltı əməliyyatı zamanı düşmənlə sona qədər vuruşaraq 18 silahdaşı ilə birgə qəhrəmancasına həlak olub.

       Bir  ana intizarı  başa catdı. Bu ağrının nə olduğunu onun doğmaları bilir. Teymurun qardaşı Sehran deyir anamız bizdən daha güclüdü, balasını rahat qarşıladı, Allaha şükr etdi gözümüz yollardan yığıldı dedi…Teymur doğma kəndimdə dəfin olundu.Ruhu şad olsun,uğrunda şəhid oldu Qarabağda Azərbaycan Bayrağı dalğalanır. Tabutuna bükülən Azərbaycanın üçrəngli Bayrağı şəhidin qardaşı Sehran Allahverdiyevə təqdim edilib.

Azərbaycan tarixinin qürur dolu anları!Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müharibə cinayətləri xalqımızı qələbə əzmini sarsıda bilməyib. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı-canı bahasına azad edilib. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir. Azərbaycan xalqnın, rəşadətli Azərbaycan Ordusunun, Dövlətimizin birliyi Qarabağda yeni bir tarix yazdı. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qanı-canı bahasına azad edildi. Onların əziz xatirəsi həmişə ehtiramla yad edilir.Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Biz qurtuluş savaşında minlərlə şəhid vermişik, həmvətənlərimiz arasında itkin düşənlər, yaralanaraq sağlamlığını itirənlər var.Vətənin qorunmasından önəmli heç nə yox və ola bilməz! Qədrini bilmək, uğuruna imza atmaq hər bir kəsin namus işidir! Haqq işi uğrunda can verən Oğullar Vətəni canı və qanı bahasına qoruyurlar,müstəqil dövlətimizin tarixi torpaqlarını düşmən tapdağından təmizlənməsinə imza atmışlar! Torpağında Şəhid yatan Qarabağımız var! Ya qalib, ya qazi, ya şəhid olmaq kimi şərəfli yolu seçərək əzmlə döyüşmüş, üçrəngli bayrağı Qarabağda dalğalandıran igid oğulların xatirəsini uca tutaq, gələcək nəsillərə tanıtmaq üçün Qarabağ müharibəsi qəhrəmanlarını Unutmayaq: Tanıyaq və Tanıdaq!

UNUTMAYAQ

Qan ağlayır analar,beli sınmış atalar!

Övladları Şəhid ,Qazi olanlar!

Ailənin yeganə övladını itirənlər!

Nəsli,kökü kəsilənlər!

Şəhid oğullar, başımızın Taçı onlar!

Torpaq uğrunda canlarından keçən,

Namus ləkəsini üstümüzdən silən,

Param parça olan oğullar!

Vətəni qorudular, Zəfər çaldılar!

Doğmaları od tutub yanır!

Hayqırır , göyə qalxır naləsi!

Gedən geri qayıtmayır!

Şəhidlər Uca məqamda!

Unutmayaq: -Məkirli düşmən,

Fürsət gözləyir!!!

Niyyətindən əl çəkməyib!

Düşmənin hiyləsinə Uymayaq!

Unutmayaq olanları:

-Naləsi Göyə qalxan Anaları!

Şəhid olan balaları!

Yarım çan Qaziləri!

Düşmən əsirlində olanları!

Bır olaq, Məsuliyyətli olaq!

31 oktyabr 2025-ci il tarixində Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid leytenant Allahverdiyev Teymur Qüdrət oğlu ailəsinin yaşadığı Qaçaqkənd kəndində vida mərasimi keçirilib. Vida mərasimindən sonra şəhid Qaçaqkənd kənd qəbiristanlığında Müdafiə Nazirliyinin təşkilatçılığı ilə yaylım atəşi və orkestrın ifasında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin ruhuna dualar oxunub, məzarına güllər düzülüb, əkil qoyulub. Onun tabutuna bükülən Azərbaycanın üçrəngli Bayrağı şəhidin qardaşı Sehran Allahverdiyevə təqdim edilib.

Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə Nazirliyinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin döyüş yoldaşları, rayon sakinləri, şəhid ailələri, qazilər, media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Teymur Allahverdiyev 1967-ci ildə anadan olmuşdur. 1992-ci ildə Şuşa şəhərinin müdafiəsi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür.

Teymur Allahverdiyev Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan beş şəhiddən biridir. Allah rəhmət eləsin. Amin.

Hörmət və Ehtiramla:

Zülfiyyə Vəliyeva

Respublikanın Əməkdar Müəllim

“Vətən və insan sevgisi” layihəsinin rəhbəri

FİLOLOGİYAMIZIN MAHİRƏ XANIMI və ya AZƏRBAYCAN ELMİ-BƏDİİ DÜŞÜNCƏSİNİN FENOMENİ

FİLOLOGİYAMIZIN MAHİRƏ XANIMI və ya AZƏRBAYCAN ELMİ-BƏDİİ DÜŞÜNCƏSİNİN FENOMENİ

Azərbaycan ədəbi-bədii-elmi mühitində öz yeri, öz mövqeyi, öz dəsti-xətti olan bir elm xadiminin, elm təşkilatçısının, təhsil sahəsində böyük xidmətləri olan, bədii əsərləri, şeirləri ilə çoxsaylı oxucuların dərin rəğbətini qazanmış bir insanın – Mahirə Nağı qızı Hüseynovanın 65 yaşı tamam olur.
Mahirə xanımı da, mahirəxanımsevərləri də ürəkdən təbrik edirəm!
Etiraf edim ki, bu yazıya başlıq seçəndə çətinlik çəkdim. Başlıq şərh olunacaq fikri, haqqında söz deyiləcək insanın fəaliyyətini yığcam və eyni zamanda əhatəli şəkildə əks etdirməlidir. Mahirə xanım böyük təcrübəyə malik təhsil işçisi, pedaqoq, müəllim, professor, filologiyanın bir-birindən fərqli müxtəlif sahələrinə aid çoxsaylı elmi əsərlərin müəllifi kimi tanınan tədqiqatçı-alim, yazıçı- publisist, şeirlərinə mahnılar bəstələnmiş şairə, elm və təhsil təşkilatçısıdır.
Bunların hamısını bir başlıqda vermək, bir başlıqla əhatə etmək qeyri-mümkündür. Mahirə xanımın çoxaspektli geniş fəaliyyəti başlığa sığmırdı…
İnternet resurslarında Mahirə xanım haqqında çox qısa və ümumi məlumatlara rast gəlmək olur:
Mahirə Nağı qızı (Nağıyeva) Hüseynova – filoloq-alim, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, tanınmış şairə.
2009-cu ildən ADPU-nun filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasında müxtəlif vəzifələrdə çalışıb, sonralar həmin kafedranın müdiri (2015–2018), Filologiya fakültəsinin dekanı (2018–2021 ), Beynəlxalq Əlaqələr üzrə prorektor (2021-ci ilin aprelindən) vəzifələrinə qədər pillə-pillə yüksəlib. 2024-cü ildən Milli Məclis yanında Toponimiya Komissiyasının üzvüdür. Uzun müddətdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında Filologiya Elmləri və Pedaqogika üzrə Ekspert Şurasının sədridir.
2012- ci il Mahirə xanımın həyatında çox unudulmaz, əlamətdar bir il olmuşdur. Həmin il Mahirə xanım çoxillik əməyinin məhsulu olan “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı dissertasiyasını uğurla müdafiə etmiş, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Professor Həsən Mirzəyev çox görkəmli Azərbaycan dilçisi, ictimai xadim kimi Mahirə xanımın həyatında, elmi yaradıcılığında dərin iz buraxmış insanlardandır. Həsən Mirzəyev çoxşaxəli filoloji dünyagörüşə və yaradıcılıq diapazonuna malik bir alim idi. Və həm də Həsən Mirzəyev xalqını,Vətənini, yaşadığı torpağı dərin məhəbbətlə sevən bir insan idi. Onun Azərbaycan dilində feil nitq hissəsi ilə bağlı tədqiqatları dilçi-alimlərimizin stolüstü kitabı sayılır. Feil nitq hissəsini tədqiqat obyekti seçməsi də təsadüfi deyildi. Feil nitq hissəsi sırf milli sözlərdən ibarət sözlər qrupudur. Dilimizdə alınma feillər yoxdur. Həsən müəllim həmişə bunu xüsusi olaraq vurğulayardı. O, folklora, aşıq yaradıcılığına, onomastikaya aid də bir çox örnək tədqqiqatların müəllifidir. Professor Həsən Mirzəyevlə Mahirə xanımın yaradıcılıqlarında oxşar cəhətlər çoxdur: mövzu genişliyi, filoloji düşüncə tərzi, elmi şərh və faktlara, toplanmış materiala həssas münasibət. Və Mahirə xanımın dissertasiya mövzusu kimi “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” mövzusunu seçməsi də təsadüfi deyildi. Mahirə xanımın bir dilçi-alim, geniş profilli filoloq kimi yetişməsində Həsən Mirzəyevim xidmətləri böyükdür və mənə elə gəlir ki, Həsən müəllim Mahirə xanımı öz ideyalarının, yarımçıq qalmış işlərinin davamçısı kimi görürdü. Düşünürəm ki, Mahirə xanım professor Həsən Mirzəyevin ümidlərini doğrulda bilib və indinin özündə də geniş elmi-bədii- pedaqoji-təşkilati fəaliyyəti ilə yanaşı, eyni zamanda Həsən Mirzəyev irsinin də ən layiqli davamçılarından hesab olunur.
Şagird, tələbə öz elmi, dünyagörüşü, yaradıcı fəaliyyəti ilə müəllimindən öndə, irəlidə olmalıdır. Bu, dialektik inkişafın, təkamülün, zamanın tələbidir. Cəmiyyət irəliyə, yeniliyə, inkişafa doğru istiqamətlənib. Bu mənada Mahirə xanım Həsən müəllimin elmi irsinə həssas yanaşır, onun ideyalarını ləyaqətlə inkişaf etdirir, daha yüksək pilləyə qaldırır.
Professor Həsən Mirzəyev “kohnə kişilərə” xas ağayana, mərd, xeyirxah, sözünü deyən, vədinə əməl edən bir şəxsiyyət idi.
O, nitqində “mənə elə gəlir ki”, “səhv etmirəmsə”, “fikrimcə” kimi ifadələri işlətməyi sevmirdi, fikri qəti və inandırıcı idi.
KİÇİK BİR XATİRƏ. Mən elmlər doktorluğu dissertasiyamı 90-cı illərin əvvəlində Leninqradda (indiki Sankt-Peterburq) dünyaşöhrətli alim R.Q. Piotrovskinin rəhbərliyi altında müdafiə etməyi planlaşdırmışdım. SSRİ-nin süqutundan sonra Azərbaycanda AAK təşkil olundu və Azərbaycanda müdafiə etməli oldum. Doktorluq işim aparıcı müəssisə kimi Azərbaycan Dövlət Pedaqoji İnstitutuna göndərilmişdi. Rektorun dərkənarından sonra dissertasiya işimi filologiya fakültəsinin dekanına təqdim etdim. Müdafiəyə az qalmış məlum oldu ki, dekanlıq mənim işimin müzakirəsini “unudub”. Əlbəttə, xoşagələn hal deyildi. Mən dissertasiyamı götürüb Akademiyaya qayıtmaq istəyəndə rəhmətlik Həsən Mirzəyevlə qarşılaşdım. Məni çox mehriban qarşıladı, xoş sözlərlə salamladı. Məsələdən xəbər tutan kimi çox əsəbiləşdi. Məni kafedrasına apardı. Dedi ki, heç narahat olmayın. Sizin işin müzakirəsini özüm keçirəcəyəm və Siz nəzərdə tutulmuş vaxtda müdafiə edəcəksiniz. Dedi və elədi. Alimliyi hamı tərəfindən etiraf olunurdu, insanlığının, qayğıkeşliyinin də şəxsən şahidi oldum.
Mahirə xanım 2017–ci ildə “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzusunda doktorluq dissertasiyanı da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda uğurla müdafiə etmiş və filologiya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. Həmin tədqiqat Mahirə xanımın dilçilik, ədəbiyyatşünaslıq və folklorşünaslıq sahəsində çoxillik araşdırmalarının sintezini özündə əks etdirir və elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.
Mahirə xanım bir çox Beynəlxalq(Almaniya, Danimarka, Rumıniya, Türkiyə, Özbəkistan, Qırğızstan, Qazaxıstan, Tatarıstan və s.) və Respublika seminar, simpozium və konfranslarında Azərbaycan elmini ləyaqətlə təmsil etmiş, Azərbaycan elminin nüfuzunu yüksəltməyə nail olmuşdur:

  • III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu;
  • Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı;
  • Doktorantların və Gənc Tədqiqatçıların XVI Respublika Elmi Konfransı;
  • 13-cü Uluslararası Türk Dünyası Sosyal Bilimlər Kongresi;
  • Bakı Slavyan Universiteti – VI Beynəlxalq Elmi Konfrans;
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti – “I Türkoloji Qurultayın Türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” Respublika elmi-praktik konfransı;
  • AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu – Müasir Dilçiliyin Aktual Problemləri. Beynəlxalq Elmi Konfrans;
  • Tatarıstan Respublikası, Kazan Federal Universiteti. Beynəlxalq Türkoloji Elmi Konfransı;
  • Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayı;
  • 2024-cü ildə Qərbi Azərbaycan İcmasının təşkil etdiyi “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” adlı II Beynəlxalq konfrans;
  • Türkiyənin Kahramanmaraş şəhərində Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun rəhbərliyi ilə yazılışının 950-ci ildönümündə Beynəlxalq “Divanu Lugat’t-Türk” Simpoziumu;
  • Türkiyənin Malatya şəhərinin Ərəbgir ilçəsində IV Beynəlxalq Oğuzlar Simpoziumu;
  • Özbəkistanın Cizzak Dövlət Pedaqoji Universitetinin 50 illiyi ilə bağlı “Təhsilin inkişafı strategiyası dəyərlərə əsaslanan tərəqqidır” adlı elmi-praktik konfrans;
  • AMEA-da keçirilən “Divanü lüğat-it-türk”- 950″ mövzusunda beynəlxalq elmi konfrans;
  • Türkiyənin Ankara şəhərində keçirilən “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda Beynəlxalq Konfrans;
    Seçilmiş əsərləri(məqalə və tezislər):
  1. “Сравнительное исследование причастия в тюрксkих языках (на основе исследований профессора Г. Мирзоева)”. Хабаршы, Вестник филология сериясы, Серия филологическая, Алматы, 2010, № 1–2.
  2. “Об исследованиях проф. Гасана Мирзоева, посвященных категории переходности и непереходности глагола”. Известия Таврического национального Университета им. В. И. Вернадского. Научный журнал Серия Филология. Симферополь, 2010 Том 23 (62), № 3.
  3. “Лингвистические исследования Гасана Мирзоева и их значение для современной тюркологии”. Материалы III Международной научной конференции. Нальчик, 17ноября 2010 г.
  4. “Фонологические повторы на языке ашугов народных поэтов Азербайджана в XIX–XX веках (по округу Даралаяз)”. Московский Государственный Лингвистический Университет. Вестник. МГЛУ. Москва 2014. № 3 (661).
  5. “Стилистическая форма выражения диалектизмов в творчестве Азербайджанских ашугов и народных поэтов XIX–XX веков (по материалам Даралаяз)”. Научные исследования в сфере гуманитарных наук: открытия XXI века Пятигорск, 2015
  6. “Literární prostředí ašyghů a lidových basníků Ázerbájdžánu XIX – XX století: zdroje myšlenek a poetická inika prožitých lidem tragedií”. Charles University Prague, ACSC, bulletin. Çeletna 20, Post index 11000, Praha 1.
  7. “Поэтическая позиция и информационные возможности зоонимов”. Московский Государственный Лингвистический Университет. Вестник. МГЛУ. Москва 2015 г.
  8. “Azerbaycan ozan el şairlerinin eserlerinde hidronimlerin üslubi, sanatsal, ahlaki açıdan özellikleri”. Adıyaman Universiteti, 17 sayı, İstanbul 2015.
  9. “XIX-XX centuries, language and style features of the ashik and folk poets creativity – according to Daralayaz region of the Western Azerbaijan”. Journal Papers on language and literature. Vol.23. No:4. 2016. USA Southern Illinois University.
  10. On the origin of the names of some Azerbaijani dishes and drinks. British Journal for Social and Economic Research. Volume 3, Issue 2, April 2018
  11. Çağdaş türk ləhcələrində yemək adları. Tatarıstan Respublikası, Kazan Federal Universiteti. 26 aprel 2018-ci il
  12. Language contacts of azerbaijani and kazakh turkic languages (on the basis of azerbaijanian dialectologist, academician Mammadaga Shiraliyev’s creative works) Qazaxstan, Nur-Sultan, dekabr 2019-cu il
  13. Bashkir mythological meetings in the study of F.G.Khisamitdinova. Başqırdıstan, Ufa, yanvar 2020-ci il
  14. İntegration of equestrian terms into dialects of Turkic languages Turkic Studies Journal. – Qazaxıstan, . – № 3, oktyabr, 2020
  15. Bashkir mythological meetings in the study of F. G. Khisamitdinova. Международная научная конференция “Диалектология. Этнолингвис-тика. Этимология. Мифология”, Уфа, 2–5, 2022.
  16. Mahmud Kaşğarinin “Divan”ında əksini tapan bəzi leksik vahidlərin müasir Azərbaycan və Özbək dillərində paralellərin müqayisəli təhlili. “Таглимда филологиянм ривожлантмришнинг глобал масалаларь” Özbəkistan, 7 may 2022.
  17. İndiki Ermənistanda Azərbaycan mənşəli paleotoponimlərdə baş vermiş fonetik hadisələrin linqvistik xüsusiyyətləri. Almatı, Qazaxstan, 2023.
    Bu göstərilənlərdən başqa 70-dən artıq elmi məqalənin müəllifidir.
    Redaktoru və redaksiya heyəti üzvü olduğu jurnallar:
  • Euroasia Journal of Social Sciences & Humanities jurnalında redaksiya heyətinin üzvü;
  • 2020-ci ildən “Linqvistika problemləri” Beynəlxalq Elmi jurnalının təsisçisi və baş redaktoru;
  • “Azərbaycan dili və ədəbiyyatın tədrisi” jurnalının redaksiya şurasının üzvü;
  • BDU-nun nəşr etdirdiyi “Türk filologiyası” jurnalının redaksiya heyətinin üzvü;
  • “Elmi iş” jurnalının redaktoru;
  • “Mahmud Kaşğarlı” jurnalının təsisçisi və baş redaktoru;
  • 2014-cü ildən “Filologiya və pedaqogika: elmi araşdırmalar” Beynəlxalq Elmi jurnalının təsisçisi və baş redaktoru;
  • Azərbaycan Dövlət Pedaqoji Üniversitetinin “Gənc Müəllimlər” qəzetinin redaksiya heyətinin üzvü;
  • Azərbaycan Dövlət Pedaqoji Üniversitetinin nəzdində yaradılan “İz” jurnalının baş redaktoru;
  • Cizzak Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət Pedaqoji Üniversitetinin birlikdə əməkdaşlığı ilə hazırlanan “Ədəbi Əlaqələr Yaradıcılıq Prosesinin Güzgüsü” adlı antologiya vəsaitinin baş redaktoru;

Elmi əsərləri (kitablar):

  1. Ulu öndərimizin natiqlik məharəti. Bakı: “Avropa” nəşriyyatı, 2009
  2. Ulu öndərimizin natiqlik məharəti xalqımızın ən böyük sərvətidir. Bakı: “Avropa” nəşriyyatı, 2011
  3. Missiya. Bakı: ADPU-nun nəşriyyatı, 2019
  4. Baxış bucağı: Heydər Əliyev və strateji azərbaycançılıq, Bakı: ADPU-nun nəşriyyatı, 2023,
  5. Heydər Əliyev və Azərbaycan dilinin inkişaf strategiyası, Bakı, “Elm” nəşriyyatı, 2023,
  6. Dərdi dərin Həsən Mirzə. Bakı: “Vətən” nəşriyyatı, 2013
  7. Azərbaycan poeziyasında “Dağ” obrazı. Bakı: “Vətən” nəşriyyatı, 2013
  8. Ədəbiyyatşünaslığa xidmət əzmi ilə. Bakı: Elm və təhsil” nəşriyyatı, 2013
  9. Həsən Mirzəyev və Azərbaycan dilində fel (seçmə fənn), (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2014
  10. Həsən Mirzəyəvin yaradıcılığnda filologiya məsələləri (metodik vəsait). Bakı: “Vətən” nəşriyyatı, 2014
  11. Muxtar Hüseynzadə və Azərbaycan dilinin morfologiyası(seçmə fənn), (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2014
  12. Əbdüləzəl Dəmirçizadə və Azərbaycan dilinin fonetikası(seçmə fənn), (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2014
  13. Azərbaycan Dövlət Pedaqoji Universitetində “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə yenidənhazırlanma təhsili üçün (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2016
  14. XIX–XX əsrlər Azərbaycan aşıq və el şairlərinin yaradıcılığında onomastik vahidlərin linqvopoetikası (Dərələyəz mahalı üzrə). ADPU-nun nəşriyyatı, 2015
  15. Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığında dialektizmlərin öyrədilməsinə dair (Dərələyəz mahalı üzrə), (metodik vəsait). Bakı: “Vətən” nəşriyyatı, 2015
  16. Müasir Azərbaycan dili: Punktuasiya məsələləri (dərs vəsaiti). Bakı: Afpoliqraf mətbəəsi, 2017
  17. Aşıq və el şairlərinin poetikası. Bakı: 2017
  18. Üslubi morfologiya. ADPU-nun mətbəəsi. Bakı: 2018
  19. Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığının dil, üslub xüsusiyyətləri. (Dərələyəz mahalı üzrə) Bakı: 2018
  20. XIX–XX əsrlər Azərbaycan aşıq və el şairlərinin əsərlərinin linqvistik təhlili (dərs vəsaiti). Bakı: “Avropa” nəşriyyatı, 2018
  21. Azərbaycan dilinin yemək və içki adlarının tarixi-etimoloji lüğəti. Bakı: ADPU-nun nəşriyyatı, 2018
  22. Dilin elmi və estetik problemləri. Bakı: ADPU-nun nəşriyyatı, 2019
  23. Azərbaycan dilçiliyində ümumtürk dillərinin dialekt və şivələrinin müqayisəli aspektdə tədqiqi məsələləri. Bakı: ADPU-nun nəşriyyatı, 2019
  24. Ozan və halk şairlərinin poetikası. Ankara, 2020
  25. Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası. Bakı, 2020
  26. Yanından keçmə dağların… Bakı, 2021
  27. Türk Ocakları Derneği Bursa Şubesi. – Bursa, 2022, Biblioqrafiya, Bakı: ADPU-nun nəşriyyatı, 2022
  28. Sözün və əməlin yaratdığı tarix, Bakı: ADPU-nun nəşriyyatı, 2022
  29. Mahmud Kaşğarinin “Divani-lüğət – it-türk” əsərinin qrammatik xüsusiyyətləri., Bakı: ADPU-nun nəşriyyatı, 2022,
  30. Bir təfəkkür tərzinə fərqli baxışlar. Mahirə Hüseynova: Alim və şair ömrünün detalları, Bakı: ADPU-nun nəşriyyatı, 2022
  31. Qərbi Azərbaycan paleotoponimlərinin linqvistik etimoloji təhlili, Bakı: ADPU-nun nəşriyyatı, 2023
  32. Durğu işarələrindən istifadənin xüsusi halları, Bakı, “Elm və təhsil”, 2023.
    Qeyd etmək lazımdır ki, türk dünyasının tanınmış alimi və şairi olan Mahirə xanımın Türkiyə və Qazaxıstanda kitablarının təqdimatı keçirilib.
    Bu siyahı şəklində sadalanan əsərlərin hər biri haqqında saatlarla danışmaq, təhlil etmək olardı. Bu, ayrıca bir tədqiqatın mövzusu ola bilər. Əsərlərin siyahısı müəllifin elmi dünyagörüşünü, elmi və bədii təfəkkürünün miqyasını, sanbalını öyrənmək baxımından önəmlidir. Bəzən faktlar daha çox şey deyir.
    Bədii əsərləri:
  33. Mənim anam (şeirlər kitabı). Bakı, “Vətən” nəşriyyatı, 2006.
  34. Su at dalımca, ana (şeirlər kitabı). Bakı, “Vətən” nəşriyyatı, 2006
  35. Ana sevgisindən doğan nəğmələr. Bakı, “Avropa” nəşriyyatı, 2008
  36. Yaşadacaq anam məni (şeirlər kitabı). Bakı, “Qismət” nəşriyyatı, 2009
  37. Ana kəndim Xalxalım. Bakı, “Avropa” nəşriyyatı, 2010
  38. Ömrün çıraqdır sənin. Bakı, “Avropa” nəşriyyatı, 2010
  39. Sözün hikməti (şeirlər kitabı). Bakı, “Vətən” nəşriyyatı, 2012
  40. Analı dünyam (şeirlər kitabı). Bakı, “Vətən” nəşriyyatı, 2015
  41. Haqqa çağıran səs (şeirlər kitabı). Bakı: “Vətən” nəşriyyatı, 2015
  42. Bayatılar. Bakı, “Apostroff” nəşriyyatı, 2015
  43. Bayatılar və üç şeir. Bakı, “Apostroff” nəşriyyatı, 2015
  44. Ruhuna beşiksə, tanı, Vətəndir. Bakı, Afpoliqraf mətbəəsi, 2017
  45. Onun daş nağılı (şeirlər kitabı). Bakı, ADPU, 2020
  46. Salam olsun (şeirlər kitabı). Bakı, ADPU, 144 s.
  47. Konuşan taşlar (şeirlər kitabı). Ankara: “Berikan” yayınevi, 72 s.
  48. Yanından keçmə dağların (şeirlər kitabı). Bakı, ADPU nəşriyyatı, 2021
  49. Lövbər adam (Şeirlər kitabı). Bakı, ADPU nəşriyyatı, 2022
  50. Anamın kitabı. Bakı, ADPU nəşriyyatı, 2025
  51. Mirzəlioğlunun dəftəri. Bakı, ADPU nəşriyyatı, 2025
    Mahirə xanım uzun müddətdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Filologiya Elmləri və Pedaqogika üzrə Ekspert Komissiyasının sədridir. Çox çətin, eyni zamanda məsul və şərəfli bir vəzifədir. Bu vəzifənin icra etməklə, eyni zamanda tam obyektiv və ədalətli qalmaq daha çətin vəzifə, daha çətin sınaqdır. Amma Mahirə xanım şəxsi keyfiyyətləri, səriştə, bacarıq və erudisiyası ilə bu çətinliyin öhdəsindən gələ bilir.
    Rusların bir məsəli var: “Талантам надо помогать, бездарности пробьются сами” – (İstedada (talanta) kömək etmək lazımdır, bacarıqsızlar (qabiliyyətsizlər) özləri yarıb keçərlər).
    AAK-ın Ekspert Komissiyasının sədri kimi Mahirə xanım istedadlı insanlara, talanta kömək edir, bacarıqsıza(qabiliyyətsizlərə) isə yarıb keçməyə imkan vermir.
    KİÇİK BİR HAŞİYƏ. Ekspert Komissiyasının iclasında mənim elmi məsləhətçisi olduğum doktorantın işi müzakirə olunurdu. Mən onun namizədlik işinin də elmi rəhbəri olmuşdum. Əsasnaməyə görə səsvermə zamanı mən iclas zalını tərk etməli idim. Əslində, doktorantımın kənardan dəstəyə heç ehtiyacı da yox idi.
    Səsvermədən əvvəl bir neçə dəqiqəliyə söz istədim. Dedim ki, mən bu gün işi müzakirə olunan doktorantın namizədlik işinin də elmi rəhbəri olmuşam. Çox istedadlı, yüksək elmi göstəricilərə malik tədqiqatçıdır. Hətta, namizədlik işinin müdafiəsi zamanı ona birbaşa elmlər doktoru elmi dərəcəsi verilməsini təklif edənlər də var idi. Bu kiçik çıxışdan sonra dedim ki, indi isə səsvermənin nəticələrinə təsir göstərilməməsi üçün icazə verin iclas zalını tərk edim.
    Mahirə xanım özünəməxsus təmkin və ciddiliklə dedi ki, Siz səsvermənin nəticəsinə artıq təsir göstərdiniz. Səsinin tonu sakit və mülayim idi, amma təsiri kifayət qədər idi….
    Şeirlərinə bəstələnmiş mahnılar:
    HƏR ŞEİR MAHNI OLMUR və ya hər şeirdən mahnı yaranmır. Hər şeir də melodiyaya uyuşmur, mahnıya çevrilmir. Şairlə nəğməkar şairin fərqi də məhz bundadır!
    Mahirə xanımın şeirlərinə indiyə kimi 26 mahnı bəsələnmişdir, hələ bundan sonra neçəsi də bəstələnəcək…
    Həmin mahnıların bəstəçiləri Sevinc Mansurova, Hacı Nazim, Arif Səlimov, Tahir Mahiroğlu, Ruslan Səfəroğlu, Tahir Əkbər, ifaçıları – adlı-sanlı müğənnilər Brilyant Dadaşova, Lalə Məmmədova, Bəyimxanım Vəliyeva, Mətanət İskəndərli, Səyyad Aydınoğlu, Ümidə Mələk, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Eldəniz Məmmədov, Ehtiram Hüseynov, Abgül Mirzəyev, Qurban Abbasov, Cabir Abdullayev, Gülüstan Əliyeva və başqalarıdır.
    Mahirə xanımın sözlərinə bəstələnmiş aşıq mahnıları da sevilə-sevilə ifa olunmaqdadır.
    Təltif və mükafatları, fəxri adları:
  • 2003 – “İlin ən yaxşı müəllimi”;
  • 2004 – Azərbaycan Respublikasının “Qabaqcıl təhsil işçisi” döş nişanı;
  • 2007 – “Qızıl qələm” Media Mükafatı Laureatı;
  • 2018 – “İlin Alimi” Media Mükafatı Laureatı;
  • 2020 – Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyi – “Milli Ordu-100” medalı;
  • 2021 – “Əməkdar müəllim” fəxri adı;
  • 2021 – “Səməd Behrəngi” Beynəlxalq mükafatı;
  • 2024–2028-ci illər üzrə – “Turan üçün Birləşmiş Ziyalılar Təşkilatı”-nın BZT Turan Akademiyasının Fəxri Komitə sədri;
  • 2024 – Türkiyə Cümhuriyyəti BZT Turan Akademisinin fəxri doktoru diplomu;
  • 2024 – Naxçıvan Dövlət Universitetinin fəxri professoru;
  • 2024 – Özbəkistan Kokand Universitetinin fəxri diplomu;
  • 2024 – “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı;
  • 2024 – Dünya Söz Akademiyasının Rəyasət Heyətinin fəxri akademiki;
  • 2024 – Maxpirat adına Turan Elmlər Akademiyasının fəxri akademiki və döş nişanı;
  • 2024 – Beynəlxalq Elmlər Akademiyasının fəxri akademiki və döş nişanı;
  • 2024 – Mamun Universitetinin fəxri professoru;
  • 2024 – Özbəkistan respublikası Daşkənd İqtisadiyyat vəPpedaqoji universitetinin fəxri professoru;
  • 2024 – Özbəkistanın Cizzax Dövlət Pedaqoji Universitetinin fəxri professoru;
  • 2025 – “Dədə Ələsgər Ocağı” ictimai birliyinin “Aşıq Ələsgər-200” yubiley medalı;
  • 2025 – Dədə Ələsgər Ocağı İctimai Birliyinin fəxri diplomu;
  • 2025 – BZT Turan Akademiyasının Türk Dünyası Alim Qadınlar Şurasının sədri;
  • 2025 – Xarəzm Təkmilləşdirmə və Pedaqogika İnstitutu və Məharət Mərkəzinin fəxri professoru;
  • 2025 – AMEA-nın Rəyasət Heyətinin Fəxri fərmanı;
  • 2025 – AMEA Nəsimi adına Dilçilik İnstitutunun Fəxri professoru.
    VƏ SONDA :
    Yüz illərdi ruhumuzla yol gəlir,
    Nakam eşqə başdaşıdı “Kərəmi”.
    Qoşulubdu karvanına kədərin,
    Yorulmadı, qəm daşıdı “Kərəmi”.

Bu dünyanın hikmətini bilən az,
Bu dünyada ağlayan çox, gülən az.
Deyirlər ki, axar, axar, qurumaz,
Başdan-başa göz yaşıdı “Kərəmi”.
Bu yanıqlı misraların da müəllifi Mahirə xanımdır!
Təbrik edirik, Mahirə xanım!.
Cansağlığı, müqəddəs və şərəfli, çoxşaxəli elmi-təşkilati, pedaqoji fəaliyyətinizdə, bədii yaradıcılığınızda uğurlar və yenə uğurlar arzulayırıq!
Yolçu yolda gərək!
Yorulmayasınız!

Məsud Mahmudov,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Süni intellekt və kompüter dilçiliyi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor

Əməkdar artist Dilarə Əliyeva ilə Oslodakı gənclərin “Bir gülüş günü” adlı görüşü keçirilib

Əməkdar artist Dilarə Əliyeva ilə Oslodakı gənclərin “Bir gülüş günü” adlı görüşü keçirilib

Norveçin paytaxtı Oslo şəhərində Oslo Azərbaycan Evinin və Osloda Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin təşkilatçılığı ilə “Deichman Bjorvika” Mədəniyyət Mərkəzində teleaparıcı və əməkdar artist Dilarə Əliyeva ilə Oslodakı gənclərin “Bir gülüş günü”adlı görüşü keçirilib. Görüşdə çıxış edən D.Əliyeva soyuq şimalda belə bir isti görüşün keçirilməsindən çox məmnun olduğunu bildirib. Bu görüşün onun yaradıcılığında da xoş izlər buraxacağını deyən əməkdar artist gənclərlə bu cür görüşlərin keçirilməsinin vacib olduğunu qeyd edib. Vətəndən uzaqda sənət adamlarımız ilə belə bir görüşlərin keçirilməsi çox təqdirəlayiq olduğunu deyən əməkdar artist bu görüşlərin gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında da xüsusi rolu olduğunu qeyd edib.
Sözügedən görüşdə D.Əliyevanın səsləndirdiyi şairə Sevinc Çılğının “Mən bu qadını tanıyıram”… şeiri və 8 fevral Beynəlxalq Nənələr Gününə həsr edilmiş, D. Əliyevanın rol aldığı “Nənəyə məktub” qısametrajlı filmi göstərilib və iştirakçıların marağına səbəb olub.
Gənclərin suallarını cavablandıran əməkdar artist xoş və yumoristik söhbətləri ilə görüşü daha maraqlı və canlı edib.
Qeyd edək ki Azərbaycandan gəlmiş istedadlı ifaçı Orxan Cəlilovun ifa etdiyi “Azərbaycan”mahnısı da görüşə əlavə rəng qatıb.
Sonda ssenarist və prodüser Fariz Əliyev tərəfindən qələmə alınan “Dilarənin monoloqları”adlı kitab əməkdar artistin imzası ilə görüş iştirakçılarına təqdim edilib və xatirə fotosu çəkilib.


Qeyd edək ki, sevilən aktrisamız ilə keçirilən bu görüş Oslo gənclərinin yaddaşında xoş bir xatirə olaraq qalacaqdır.

Məlumatı hazıladı: Günay ƏLİYEVA

GÜNAY ƏLİYEVANIN DİGƏR YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“Xəzər nəğmələri” ədəbi birliyinin növbəti tədbiri keçirilib

“Xəzər nəğmələri” ədəbi birliyinin növbəti tədbiri keçirilib

1 noyabr 2025-ci il tarixində Neftçala şəhər Mərkəzi Kitabxanasında “Xəzər nəğmələri” ədəbi birliyinin növbəti tədbiri keçirildi. Ədəbi tədbirdə AYB -nin üzvü, şair-publisist, Azərbaycan poeziyasında öz dəst-xətti ilə seçilən şair Təranə Dəmir qonağımız oldu. Birliyin üzvləri Böyükağa Məmmədov, Əlovsət Əliyev, Müzəffər Məzahim, “Gündoğar” qəzetinin redaktoru Bədirə Niftəliyeva və başqaları Təranə Dəmirə uzun məsafəni qət edib görüşə gəldiyi üçün səmimi qəlbdən minnətdarlıqlarını bildirdilər. Eyni zamanda Təranə xanım da bu dəvətin təsəbbüskarlarına ürəkdən təşəkkür etdi, tədbir boyu rəngarəng şeirlərini səsləndirdi və tədbir iştirakçılarına imzalı kitablarını bağışladı. Sonda xatirə şəkli çəkildi.

Biz də öz növbəmizdə görüşün çox səmimi və rəngarəng keçməsində Neftçala rayon Mərkəzi kitabxanasının əməkdaşlarına dərin təşəkkürümüzü bildiririk. Eyni zamanda Təranə xanıma da yaradıcılığında uğurlar diləyirik.

Zabil Pərviz,

Şair, AYB-nin üzvü, “Xəzər nəğmələri” ədəbi birliyinin sədri

Müzəffər ordunun şanlı əsgəri – Zaur Ustac

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru