
NAXÇIVANA ZƏRBƏ: REGİONDA ETİMAD BÖHRANININ YENİ MƏRHƏLƏSİ
Öncədən bildirim ki, aşağıdakı qeydlər açıq mənbələrdə yayılan məlumatlara əsaslanan şəxsi analitik düşüncələrdir.
2026-cı il martın 5-də Naxçıvan Muxtar Respublikasına edilən dron hücumu regionda təhlükəsizlik mühitinin nə qədər həssas olduğunu bir daha göstərdi. Məlumatlara görə, dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanı ərazəsinə düşmüş və nəticədə bir neçə nəfər xəsarət almışdır.
Azərbaycan tərəfi hücumun İran ərazisindən həyata keçirildiyini bildirərək bunu ölkənin suverenliyinə qarşı yönəlmiş təhlükəli addım kimi qiymətləndirib. İran isə bu ittihamları rədd edərək hadisə ilə əlaqəsinin olmadığını bəyan edib. Beləliklə, hazırkı mərhələdə tərəflərin mövqeləri bir-birinə zidd olaraq qalır.
Naxçıvanın seçilməsi, xüsusən də məktəb və hava limanı ərazisinin seçilməsi heç də təsadüfi görünmür. Bu ərazi həm İranla, həm də Türkiyə ilə sərhəddə yerləşən və regionun təhlükəsizlik balansında mühüm rol oynayan strateji məkandır. Bu səbəbdən burada baş verən hərbi insident təkcə lokal hadisə kimi deyil, daha geniş geosiyasi kontekstdə qiymətləndirilir.
Eyni zamanda Azərbaycanın İranla münasibətlərdə son illər nümayiş etdirdiyi mövqe də diqqətə alınmalıdır. Azərbaycan dəfələrlə öz ərazisinin hər hansı ölkəyə, o cümlədən İrana qarşı istifadə olunmasına imkan verməyəcəyini açıq şəkildə bəyan edib.
Bundan əlavə, İranın ali dini rəhbərinin vəfatı ilə bağlı Azərbaycan Prezidenti tərəfindən İranın Bakıdakı səfirliyinə gedilərək başsağlığı verilməsi, müxtəlif böhranlı vəziyyətlərdə İran vətəndaşlarının təxliyəsinə yardım göstərilməsi, eləcə də İranda günahsız mülki insanların həlak olmasının Azərbaycan tərəfindən böyük təəssüf hissi ilə qarşılanması rəsmi Bakının humanitar və məsuliyyətli yanaşmasının göstəricisidir.
Hətta İranın bu günə qədər Azərbaycana qarşı nümayiş etdirdiyi bəzi xoşagəlməz addımlara baxmayaraq, Azərbaycan tərəfi humanitar məsələlərdə yardım göstərməyə hazır olduğunu dəfələrlə ifadə edib.
Məhz bu fon nəzərə alındıqda, Naxçıvanda baş verən belə bir hadisə qarşılıqlı etimad və qonşuluq münasibətləri baxımından dərin təəssüf hissi doğurur.
Hadisənin bütün detalları və motivləri barədə qəti nəticə çıxarmaq üçün hələ tezdir. Lakin bir həqiqət artıq aydındır: regionda sülh və sabitlik yalnız qarşılıqlı hörmətə, beynəlxalq hüquqa riayətə və mehriban qonşuluq prinsiplərinə əsaslandığı halda davamlı ola bilər.
06.03.2026
Müəlif: Qurban Rzayev
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında