Vaqif Mustafazadə 16 mart 1940-cı il

Vaqif Mustafazadə 16 mart 1940-cı il

Vaqif Mustafazadə 16 mart 1940-cı ildə Bakıda, İçərişəhərdə anadan olub. Atasının ölümündən sonra Vaqifin tərbiyəsi ilə anası məşğul olur.

4 yaşında pianoya maraq göstərməyə başlayır.

1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu (indiki kollec) bitirib.

1964-cü ildən “Orero” ansamblına, “Leyli” və “Sevil” qadın vokal-instrumental, həmçinin “Muğam” instrumental ansambllarına rəhbərlik etmişdir. 1965-ci ildə isə Gürcüstan Dövlət Filarmoniyasında “Qafqaz” caz triosunu yaradıb.

O, “Tallin-66” və “Tbilisi-78” Ümumittifaq caz festivallarının laureatı olmuşdur.

1966–1967-ci illərdə festivallarda Gürcüstanı təmsil edən Vaqif Mustafazadəni 1968-ci ildə mədəniyyət naziri, bəstəkar Rauf Hacıyev Tiflisdə görür və Azərbaycana işləməyə dəvət edir.

1979-cu ildə Azərbaycan SSR-in əməkdar artisti adını alır. Beləliklə, o, SSRİ-də əməkdar artist adını alan ilk caz ustası olur.

Onun “Muğam” simfoniyası tamamlanmamış qalır.

Vaqifin ifasını dinləyən amerikalı blyuz gitaraçısı və müğənni B.B. Kinq ayağa qalxaraq belə nida etmişdi: “Cənab Mustafazadə, mən bizim musiqini sizin ifa etdiyiniz kimi ifa etmək istəyirəm”.

Müğənni və aktyor Vaxtanq Kikabidze Vaqifi belə təsvir edirdi: “Bəstəboylu, dolu bədənli, lopabığ olduğuna görə mən ona ‘Şah Abbas’ deyirdim. Əsl Azərbaycan oğlu! Barmaqları qısa idi. Oturub ifa etməyə başlayanda hamının təəccübdən gözləri kəlləsinə çıxırdı. ‘Amerikanın səsi’ onun ifalarını tez-tez yayımlayırdı… Birdən yadıma düşəndə inana bilmirdim ki, belə böyük bir musiqiçi bizimlə işləyirdi. Demək istəyirəm ki, Sovet İttifaqında yaşamasaydı, hələ o vaxtlar caz sahəsində dünyanın ən böyük pianoçularından biri ola bilərdi”.

Bir dəfə Vaqifin triosu çıxış edəndə amerikalı caz prodüseri Uillis Konover heyranlığını gizlədə bilməmişdi. O, “bravo, bravo!” deyə qışqırırdı. Konover deyirdi ki, bu, onun indiyə qədər eşitdiyi ən lirik musiqidir. O, festivalda Vaqifə imzaladığı bir neçə valları (plastinkaları) bağışladı.

1979-cu ildə qızına həsr etdiyi “Əzizəni gözləyərkən” əsəri ilə Monakoda keçirilən caz müsabiqəsinin qalibi olur. O, bu festivaldan vətəninə “Ağ Royal” mükafatı ilə qayıdır.

16 dekabr 1979-cu ildə Daşkənddə konsert verərkən səhhəti pisləşir. Buna baxmayaraq, o, sona qədər musiqini ifa edir.

Onun səhnədə ifa etdiyi son əsər amerikalı bəstəkar Corc Gerşvinin “The Man I Love” (“Sevdiyim adam”) mahnısı idi.

Fasilədə onu xəstəxanaya çatdırırlar. Həyat yoldaşı Elza xanım Vaqifin son anlarını belə təsvir edir: “Vaqif gözünü açdı. Dedim: ‘Vaqif, bu gün bir az düzəl, sabah, Allah qoysa, gedirik’. Vaqif ‘yaxşı’ deyərək başını çevirdi və vəfat etdi”. O, ürək tutmasından vəfat etmişdi.

Vaqif vəfat edəndən sonra Uillis Konover “Amerikanın Səsi” radiosunda apardığı caz verilişində Vaqif Mustafazadənin vəfatını dünyaya duyurmuşdu.

VAQİF MUSTAFAZADƏ deyirdi ki, öz musiqi taleyindən çox razıdır. O, musiqidə özünü, öz simasını tapmışdı.

Yazarlar.az olaraq, doğum günündə ustad sənətkarı rəhmətlə anırıq. Ruhu şad olsun.

Məlumatı hazırladı: Leyla Mahirqızı

TƏRANƏ DƏMİRİN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir