
“YAXŞI ADAM”A BAYRAM TƏBRİKİ
Bu gün səhərdən Günəşin al şəfəqlərinin təbiəti nura qərq etdiyi bir vaxtda Novruz və Ramazan bayramları münasibətilə doğmalara, dostlara təbriklər göndərir, hər biri ilə xoş diləklərimi bölüşürəm. Eləcə də ünvanıma gələn bayram təbriklərindən ruhlanır, fərəhlənir və bu ovqatımdan könlümcə rahatlıq duyuram…
Bu bayram günlərində illərlə bir-birindən xəbər tutmayan, elindən, obasından ayrı düşən insanlar əziz günlərdə dostlarını, doğmalarını arayıb-axtarır, ürək dolusu sevinclə əhvallaşır, bayramlaşırlar.
Ramazan və Novruz bayramlarında ilk olaraq kimsəsizlərə, əlillərə, şəhid balalarına, əlsiz-ayaqsızlara, unudulmuşlara, tənhalara, yaşlı insanlara baş çəkmək, onları sevindirmək, xalqımızın savab adlı milli dəyərlərindəndir. Bu adətləri yerinə gətirənlər el-obada yaxşı adam kimi tanınır, sevilir, xalqın etimadını qazanır, hörmətlə qarşılanır.
Dünyada yaxşı adamların sayı nə qədərdir, onu heç kim bilmir, amma hər kəs yaşadığı məkanda yaxşıları tanıyırsa, nə xoş bizlərin halına! Əbəs yerə demirlər ki, dünya yaxşıların çiyni üstə qərar tutur. Bu söz bir qədər obrazlı deyilsə belə, burda bir həqiqət də var: Yaxşıların çox olduğu yerdə doğruluq, düzlük, təmiz əxlaq, inam, etibar, böyüyə hörmət var…
Belə yaxşı adamlardan biri də Beyləqan Rayon İcra Hakimiyyətinin Başçısı, hörmətli Əziz Əzizovdur. Düşünürəm ki, bir elin, yurdun rəğbətini qazanmış bu Yaxşı Adam məxsusi bayram təbrikini haqq edir.
Mən Əziz müəllimi bəlkə də 1 il-dən bir qədər artıq vaxtdır ki, tanıyıram. İlk təəssüratım yaxşı olsa da haqqında elə də çox məlumata malik deyildim. Onu son bir ildə Beyləqana tez-tez səfərlərim zamanında, el arasında olduğum vaxtlarda dost-tanışlarla söhbətlərimdən tanımağa başladım.
Rayona hər gəlişimdə bir təzəlik, yenilik, səliqə-sahman gözümü oxşayır, könlümü açırdı. Hər dəfə də Başçı haqqında xoş sözlər eşidir, hər kəslə, hamıyla səmimi, mehriban davranışlı, sadə bir rəhbər işçi olduğunu söyləyirdilər. Eşitdiklərimin izi ilə addım-addım “irəlilədim”. Tərcümeyi-halı ilə tanış oldum. Beyləqan Rayon İcra Hakimiyyətinin rəsmi səhifəsindən fəaliyyətini izləməyə başladım. Rayonda görülən bütün işlər, Əziz müəllimin qəsəbə və kəndlərdə keçirdiyi səyyar qəbullarda, inzibati binada vətəndaş qəbullarında görüşləri – insanların problemlərinə həssaslıqla yanaşması, həllinə kömək etməsi, qayğı göstərməsi…, rayonda müxtəlif mövzularda keçirilən tədbirlərin cəmiyyət həyatı ilə bağlılığı, küçələrin, yolların, bərpası, səliqəyə salınması, bir sözlə, Beyləqanın dinamik inkişafının əksini səhifədəki paylaşımlarda görürdüm. Bu paylaşımlara yazılan rəylərdə vətəndaşların razılığını, Başçıya təşəkkürünü ifadə edən fikirləri oxuduqca düşüncəmdə Əziz müəllim haqqında fikirlərim formalaşırdı.
Hiss edirdim ki, Əziz Əzizov Beyləqana özünün mükəmməl iş proqramı ilə gəlib. Bu proqramın bütün bəndləri cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsaslanırdı: Böyük zəhmət və bacarıqla xalqın xidmətində durmaq, əhalinin sosial, mədəni yüksəlişi yolunda çalışmaq rayon rəhbərlərinin ümdə vəzifəsidir. Bütün bunların fonunda İnsan amili öndə olmalıdır…
Əziz müəllim özünün iş prinsipində Prezidentin tapşırıqlarına ciddi şəkildə əməl edir, böyük səylə çalışır, dövlətinə, xalqına sədaqətlə xidmət edir…
Əziz Əzizov hər gün çöldə, bayırda insanların arasındadır. Ağac əkilir, təmizlik işləri aparılır, bir bel də Başçının əlindədir. Hətta yer əkməyin çəmini, yöntəmini fəhlələrə başa salır. Torpağın dilini, sirrini bilən təsərrüfatçı kimi onlara tövsiyələrini verir…
Əziz Əzizovun təşəbbüs və təşkilatçılığı ilə bayramqabağı rayonda böyük tədbirlər keçirilir. Bu bayramlar ərəfəsində Əziz müəllim nə qədər şəhid ailələrini, əlilləri, yaşlıları təkcə bir vəzifə adamı kimi deyil, El Adamı olaraq yad etdi, hər birinin könlünü aldı. Qadınlar bayramında, İftar süfrəsində onları böyük şadlıq sarayında bir araya gətirdi. O, Beyləqan ailəsini qeyrətlə, zəhmətlə, işgüzarlıqla idarə edən bir Başçıdır…
Bəziləri bu sətirləri oxuyanda düşünər ki, bu kimi tədbirlər bütün rayonlarda keçirilir. Etiraz etmirəm, amma səviyyə, məzmun, ideya, layihələrə özəl yanaşma, başqadır. Müqayisə üçün bir neçə rayonun rəsmi səhifəsinə baxa bilərsiniz…
Beyləqan camaatının hər birinin həyatında Yaxşı adam kimi yeri olan hörmətli Əziz müəllim! Sizi müqəddəs Ramazan bayramı və ilimizin təzəlik ayı, günü olan Novruzun gəlişi münasibətilə ürəkdən təbrik edirəm.
P.S. Bilirəm, bu bayram təbriki Əziz Əzizovu yaxından tanıyan, onun sadəliyini, təmizliyini, mərhəmətini, xeyirxahlığını bilən bütün Beyləqan camaatının da ürəyindən olacaq.
Bayramlarınız mübarək, Yaxşı adam!
Hörmətlə, Şəfəq Nasir
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında