
Bu gün Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasından 107 il ötür
Martın 22-si Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 107 ili tamam olur. Görkəmli yazıçını böyük ehtiram və hörmətlə yad edirik!
İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində anadan olub.
Azərbaycan Pedaqoji İnstitutunun (ADPU-nun) Filologiya fakültəsində aspirant, müəllim, baş müəllim olmuş, Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi kimi çalışıb. “Azərbaycan” jurnalında baş redaktor , Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, SSRİ Yazıçılar İttifaqının katibi olub. Daha sonra Azərbaycan Yazıçılar İttifaqının sədri və Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilib.
İsmayıl Şıxlı “Konserv qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerklərini, “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” romanlarını yazıb.
Onun yaradıcılığında tərcümə ədəbiyyatı da mühüm yer tuturdu. O, XIX əsr fransız ədəbiyyatının məşhur realist yazıçısı Gi de Mopassanın, Türkiyəli yazıçı Əziz Nesinin “Taxtalıköydən məktublar” sərlövhəli satirik hekayələrini ilk dəfə 1980-ci illərdə tərcümə edərək azərbaycanlı oxucuya təqdim etmişdi.
“Qızıl Ulduz”, “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı”, II dərəcəli “Böyük Vətən müharibəsi” ordenləri və medalların, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanının və Azərbaycan Respublikasının “Şöhrət” ordeninin sahibi olan Xalq yazıçısı 1995-ci il iyulun 26-da Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Bu gün -martın 22-də, anadan olmasının107-ci ilində İsmayıl Şıxlının aşıq Ədalət Nəsibova yazdığı “A dünya” şeirini təqdim edirik:
Səndə neçə möcüzə var deyirlər,
Ən alisi Ədalətdi, a dünya.
Günəş batsa, “Kərəmi”nin alovu
Yerə-göyə kifayətdi, a dünya.
Şah pərdədə dilə gəlir o sirlər,
Sərraf görüb yel kimicə əsirlər.
Ədalətin sazındakı sehirlər,
Sevən qəlbə səadətdi, a dünya.
Xəyal yenə nə tez uçdu uzağa,
Vurğun məni vurğun edib Qazağa.
Şıxlı çıxan o müqəddəs ocağa
Nə vaxt getsəm, ziyarətdi, a dünya.
Haray baxır bu varlığa, vəhdətə,
Alqış deyir o ilahi qüdrətə.
Möcüzəli sənətkara, sənətə
Səcdə etmək sədaqətdi, a dünya.
ADPU-nun ETM-in elmi işçisi, Filologiya fakültəsinin müəllimi
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında