Məqsəd varsa, həyat da var Məqsəd insanın həyatına rəng qatır. Məqsədi olmayan insanın həyatı mənasız kecir. Onların vaxtı boş keçir. Və belə insanlar qocalanda bu həyatda heçnə etmədilər deyə peşman olurlar. Məqsədsiz insanın motivasiyası az olur və ya hec olmur. Onların enerjisi enir və heçnə etmədən özlərini yorğun hiss edirlər. Belə insanlar öz həyatlarını axarına buraxırlar və “nə olacaq oda olacaq” deyib yaşayırlar Məqsədli insanlar. Onların həyatı mənalı olur. Onlar yuxudan oyandiqda ilk öncə öz məqsədini nece həyata keçirəcəyini düşünürlər və kiçik addımlarla öz məqsədinə doğru gedirlər. Onların enerjisi yüksək olur. Belə insanlar hec kimə qulaq asmırlar, öz fikirlərini üstün tuturlar . Onlar bilirlər gec tez öz məqsədinə catacaqlar. Ətrafdakılar Onların məqsədinə gülə bilər,səndə alınmaz deyərlər.,amma onlar nə olursa olsun qabağa gedirlər. Hər kəsin öz həyatı var, öz dünyagörüşü. Özünü tanıyan insanın həyatı gözəl olur. Cətinlik olur,amma buna baxmayaraq inkişaf edə edə , hər səfdə dərs cixardıb birdə o səhvi etmirlər. Məqsədlər cürbəcür olur. Kimsə arıqlamaq istəyir , kimsə varlanmaq , kimsə oxumaq və ya işləmək istəyir. Mənim məqsədimi soruşsanız, mən insanlara xidmət etmək istəyirəm. Bu mənim əsas məqsədlərimnən biridir Və buna görə də çalışıram. Sizdə çalışın ,dayanmayin,ruhdan düşməyin. Alınmasa hədəfinizə çatmağin yolunu axtarın . Və ən əsası inanin. İnanınki alınacaq. Əgər bilmirsinizsə nəyə qadirsiniz, nə Məqsəd qoyasınız qabaqınıza, nə işlə məşqul olasınız . Əgər məqsədiniz yoxdusa, baxın ətrafınıza görün sizi nəyə görə tərifləyirlər . Məqsəd insanın hərəkəte gətirir. Xəstə olsan belə ,imkanın olmasa belə. Məqsədin varsa- həyat daa var deməkdir. Öz həyatını dəyərləndir . Sən qapını döyki, qapı sənə açılsınBunu yadınızda saxlayın ki, “MƏQSƏD VARSA, HƏYAT DA VAR”
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
ÖZÜN KİMİ OL Bu məqaləni yazmaqda məqsədim, hər bir kəsi özü kimi olmağa dəvət etməkdir. Biz hər birimiz cəmiyyətdə oluruq və istəyirik ki, bizi qəbul etsinlər, hər kəsin xoşuna gələk. Amma çox təəssüf ki, nə qədər biz çalışırıq başqasının xoşuna gələk, o qədər də bizdən ya üz döndərirlər, ya da bizdən istifadə edirlər. Səbəb isə bundan ibarətdir ki, biz özümüzü olduğumuz kimi qəbul etmirik. Ya bizi artıq çəki, sakit olmağımız, utancaq olmağımız, çox danışmağımız, ya da məhdudiyyətli olmağımız narahat edir. Yəni səbəblər çoxdur. Və peşə ilə bağlı narahatçılığımız da var. Bəzi insanlar öz fikirlərini ifadə edə bilmirlər, nə istədiyini deyə bilmirlər və belə halda onlar istər şəxsi həyatında, istərsə də karyerasında mənfi nəticələrə gətirib çıxarır. Realda baş vermiş bir hadisə nümunə çəkim: Bir Lamiya adında xanım olur. O, öz kollektivinə oxşamaq istəyər, amma çox çətin olur belə həyatı davam etdirmək. Ona heç kim dəyər vermirdi, onu görməzdən gəlirdilər. Belə ki, Lamiya axırda qərar verdi ki, özü kimi olacaq və beləcə o, öz fikirlərini ifadə etməyə başladı, özünü necə varsa, elə də qəbul etdi. Lamiyanın həyatı yaxşılığa doğru dəyişildi. Kollektiv və rəhbər ona dəyər verməyə və hörmət etməyə başladılar. Özünə dəyər verən insan çox şeylər qazanır. Bir xanım var idi, o qədər istədiyinə başı qarışmışdı ki, özünü unutmuşdu, öz istəklərini, arzularını qurban vermişdi. Qarşı tərəf isə ona soyuq davranmağa başladı və ondan uzaqlaşdı. Həmin xanım özünü qəbul etdi, öz həyatını qurdu, kurslara yazıldı, inkişaf etməyə başladı və öz güvəni özünə qayıtdı. Özünü olduğu kimi qəbul etdi. Beləliklə, xanım başqasıyla ailə qurub xoşbəxt oldu. Heç kim gərək öz arzusundan əl çəkməsin. Bir şagird sakit və çox utancaq idi. O, öz sinif yoldaşlarına oxşarmaq istəyirdi, amma alınmırdı. Axırda şagird öz xoşladığı sahə ilə — rəssamlıqla məşğul oldu və nəticədə çox böyük nailiyyətlər, uğurlar qazandı. Bəziləri var ki, zahiri görkəminə görə utanırlar. Məsələn, bir müğənni var idi, onun ön dişləri qabağa çıxırdı və müğənni oxuyanda öz dişlərini çalışırdı dodaqları ilə gizlətsin ki, pis görünməsin. Bunu görən görkəmli şəxsiyyətlərdən biri ona dedi ki, bir də belə etməsin. Çünki o, olduğu kimi hamı tərəfindən həm seçilir, həm də sevilir.
Fiziki məhdudiyyətli insanlar haqqında da misal çəkmək istərdim. Elələri vardır hansı ki, yeriyə bilmirlər, amma asan xidmətdə və ya digər sahədə nə qədər yüksəliblər. Yəni heç vaxt məyus olmaq lazım deyil, əksinə variantlar axtarmaq lazımdır və özünü hər hansı bir sahədə tapmaq lazımdır. İnsana həyat bir dəfə verilib. Bu həyatı kim nə deyər, kim nə fikirləşər, kim məndən məmnun qalar, yox — özünü ön planda qoymaq lazımdır. Özünü hər tərəfli qəbul etmək və həyatını davam etdirmək lazımdır. Həyatda ən çətin, amma ən gözəl seçim — özün kimi qalmaqdır!
Yəqin çoxlarının yadındadır.Neçə illər bundan əvvəl tanınmış bir Azərbaycan siyasətçisi mətbuatda belə bir iddia ilə çıxış etmişdi ki, güya 37-ci ildə,KQB də, Səməd Vurğun Mikayıl Müşfiqə qarşı ifadə verib.Həmin siyasətçinin o məsuliyyətsiz iddiası Azərbaycanda böyük səs küyə səbəb oldu.Bir çox insan bu iddianı həqiqət kimi qəbul elədi.Siyasi çevrələrdə az-çox söz sahibi olan, xalq arasında da yetərincə tanınan bir şəxs niyə yalan danışsın ki? Bu məsələ ilə bağlı söz- söhbətlər, mübahisələr isə kəsilmək bilmirdi.Nəhayət,həmin məsələ ilə əlaqədar olaraq,vaxtı ilə Azərbaycanın Baş prokuroru olmuş mərhum İlyas İsmayılov bəyanat verdi və həmin bəyanatda o,dediyim siyasətçinin nəinki yalan danışdığını, həm də o ciyasətçisinin yumşaq desəm, məsuliyyətsiz biri olduğunu isbat elədi. Budur,İlyas İsmayılovun həmin bəyanatından bir hissə: “-…Hələ Azərbaycanım Baş prokuroru işlədiyim zaman Səməd Vurğunun guya Mikayıl Müşfiqə qarşı ifadə verdiyi haqqında şayiələr yayılmışdı.Mən arxivdən Mikayıl Müşfiqin cinayət işini tələb etdim.Cinayət işi ilə tanış olduqda, deyilənlərin tam əksinə, Səməd Vurğunun onu bacardığı qədər müdafiə etdiyini gördüm.Yazıçılar İttifaqının sədri Anarı çağırıb işlə onu da tanış elədim”. Hər dəfə Səməd Vurğun haqqında yalan,qərəzli məlumatları oxuyanda məni həmişə bir məsələ narahat edib:Səməd Vurğuna qarşı bu pis niyyətli insanların,bu böyük şairi ciddi cəhdlə gözdən salmaqda niyyətləri nədir? Səməd Vurğuna olan böyük el məhəbbəti onları niyə bu qədər narahat edir? Bəzilərinin təkcə Səməd Vurğuna deyil,digər işıqlı şəxsiyyətlərimizə qarşı qərəzli,böhtan dolu pislikləri nədən,haradan,kimlər tərəfindən qaynaqlanır? O qədər cavabı məlum,eyni zamanda cavabı qaranlıq qalan suallar var ki…
DOSTUMUN maaşı: 17160 manat Mənim maaşım: 400 manat Beləliklə, orta hesabla maaşımız 8780 manatdır, ikimiz də “firəvan” dolanırıq… Başqa cür desək, mənim 2 almam var, DOSTUMUN 10 alması var. Orta hesabla bizim 6 almamız var. Mən kələm yeyirəm, DOSTUM ət yeyir. Orta hesabla biz kələm dolması yeyirik.
Bu təsvir əslində riyazi olaraq düz, amma məntiqcə yanıldıcı bir ironiya üzərində qurulub. Təsvirdə qeyd olunan hesab doğrudurmu? Riyazi baxımdan: (17160 + 400) / 2 = 8780. Yəni adi (sadə) orta qiymət düzgün hesablanıb. Bu, ədədi orta adlanır. Bəs problem haradadır? Problem ondadır ki, bu orta reallığı əks etdirmir. Niyə? Cəmiyyətdə 2 nəfər yox, minlərlə insan var. Maaşlar çox fərqlidir (biri çox yüksək, biri çox aşağı). Belə halda sadə orta “şişir” və həqiqi vəziyyəti gizlədir. Bu tip vəziyyətlərdə daha düzgün göstərici: median (orta mövqe) Median nədir? Sadə dillə desək, bütün maaşları sıraya düzürük, ortada qalan rəqəm median olur. Bu isə “tipik insanın maaşı”na daha yaxındır. Məsələn: 100 nəfərin 90-ı 500 manat alır 10 nəfər 10 000 manat alır Ədədi orta çox yüksək çıxacaq. Amma median ≈ 500 manat olacaq və bu, reallığa daha yaxındır. Şəkildəki ironiya nədir? “2 alma + 10 alma = orta 6 alma” misalı çox yerindədir. Mesaj budur: Orta göstərici bəzən insanı aldadır. Eyni şey: “Mən kələm yeyirəm, nazir ət yeyir, orta hesabla dolma yeyirik”. Bu, açıq-aşkar istehza ilə deyir ki: Statistik rəqəmlər bəzən həyatın həqiqətini gizlədir. Nəticə: Hesablama riyazi olaraq doğrudur, amma statistik olaraq düzgün nəticə vermir. Çünki uyğun metod seçilməyib. Maaşlar necə qiymətləndirilir? Adətən 3 əsas göstərici istifadə olunur:
Ədədi orta (orta maaş) Bu, hamının maaşı toplanıb sayına bölünür. Problem: çox yüksək maaş alan az sayda insan bu rəqəmi “yuxarı çəkir”, ona görə də kağız üzərində hər şey yaxşı görünür. Şəkildəki misal məhz bunu tənqid edir.
Median (ən real göstərici) Bu, maaşların ortasında duran rəqəmdir. Niyə vacibdir? Orta, insanın qazancını göstərir, kənar (çox yüksək və ya çox aşağı) maaşlardan təsirlənmir. Məsələn: 100 nəfərin yarısı 500 manat, yarısı 600 manat alırsa, median ≈ 550 manatdır.
Minimum və paylanma (çox vacib detal) Sadəcə bir rəqəm yetərli deyil. Daha düzgün baxış belədir: Neçə nəfər 400–600 arası alır? Neçə nəfər 1000+ alır? Maaşlar necə bölünüb? Buna statistikada “paylanma” deyilir. Şəkildəki ironiyanın demək istədiyi budur: “Orta maaş” həmişə xalqın real vəziyyətini göstərmir. Çünki: Əgər az sayda insan çox qazanırsa, çox sayda insan az qazanırsa, onda orta rəqəm yüksək çıxır. Amma əksəriyyət bunu hiss etmi. Alma misalının dərin mənası: Səndə 2 alma var, başqasında 10 alma var: Orta = 6 alma Amma reallıqda: Səndə yenə 2 alma var. Yəni orta sənin vəziyyətini dəyişmir. Sadə nəticə: Ədədi orta ümumi görünüşdür, amma aldada bilər. Median, real vəziyyətə daha yaxındır. Paylanma ən dürüst mənzərədir. Ən sadə və əyani misallar: 5 nəfərin maaşı: 400 400 400 400 4000 Paylanma (statistik paylanma): 4 nəfər (80%) → 400 manat 1 nəfər (20%) → 4000 manat Nə görürük? İnsanların böyük hissəsi 400 manat alır, yalnız 1 nəfər çox yüksək maaş alır. Yəni real vəziyyət açıq görünür. Müqayisə üçün: ədədi orta – 1120 manat (aldadıcı görünür). median = 400 manat Paylanma – kim nə qədər alır, hamısı görünür. Qısa desək: Paylanma, “kim haradadır?” sualının cavabıdır. 04.04.2026
Türkan Hüseynlinin “Çiçəkli 8” əsəri haqqında (dördüncü yazı) Müasir Azərbaycan təsviri sənətində gənc nəslin nümayəndələri (uşaq və yeniyetmələr) öz fərdi baxış bucaqları, səmimi ifadə vasitələri və duyğusal yanaşmaları ilə seçilirlər. Bu baxımdan gənc rəssam Türkan Hüseynlinin “Çiçəkli 8” əsəri həm ideya, həm də bədii ifadə baxımından diqqətəlayiq nümunə kimi dəyərləndirilə bilər. Əsərin kompozisiya mərkəzində yerləşən “8” rəqəmi ilk baxışda sadə bir forma təsiri bağışlasa da, əslində çoxqatlı məna yükü daşıyır. Bu rəqəm sonsuzluğun işarəsini xatırladır və həyatın davamlılığı, zamanın dövriyyəsi, yenilənmə və əbədilik ideyalarını simvolizə edir. Rəssamın bu formaya müraciəti təsadüfi deyil – burada həm də qadın başlanğıcının, zərifliyin və həyatverici enerjinin rəmzi gizlənir. Yəqin ki, Türkan balamız anasına “8 mart” hədiyyəsi kimi başlayıb ərsəyə gətirdiyi bu əsər adi bayram münasibətilə hazırlanmış açıqcadan daha çoxunu özünüdə ehtiva edir. Əsərin fonunda istifadə olunan sakit mavi tonlar tamaşaçıya sükunət və harmoniya hissi aşılayır. Mavi rəng burada həm səma, həm də ruhani təmizlik anlamında çıxış edir. Bu fon üzərində yerləşdirilmiş çəhrayı rəngli “8” forması isə sevgi, incəlik və mərhəmət kimi insani keyfiyyətləri ön plana çıxarır, mükəmməlliyi, tamlığı simvolizə edir. Rənglərin bu cür kontrast və eyni zamanda ahəngdar istifadəsi rəssamın estetik duyumunun yetkinliyindən xəbər verir. Əsərin ətrafını bəzəyən çiçəklər isə kompozisiyanın ən canlı və emosional hissəsidir. Qırmızı, sarı və bənövşəyi çiçəklər həyatın müxtəlif çalarlarını, duyğuların rəngarəngliyini ifadə edir. Qırmızı çiçəklər ehtirası – həyat eşqini və enerjini, sarı çiçəklər ümid və işığı, bənövşəyi tonlar isə dərinlik və düşüncəni simvolizə edir. Bu çiçəklərin “8” fiqurunun ətrafında yerləşdirilməsi həyatın gözəlliklərinin məhz bu sonsuz dövrün içində çiçəkləndiyini göstərir. “Çiçəkli 8” əsəri eyni zamanda qadın dünyasına incə bir ithaf kimi də qəbul oluna bilər. “8” rəqəmi vizual olaraq qadın siluetini xatırladır və çiçəklərlə birlikdə təqdim olunması qadının təbiətlə, həyatla və yaradıcılıqla ayrılmaz bağını vurğulayır. Bu yanaşma əsərə həm fəlsəfi, həm də emosional dərinlik qatır. Texniki baxımdan əsərdə sərbəst fırça vuruşları, sadə lakin təsirli formalar diqqəti cəlb edir. Rəssam detallara həddindən artıq yüklənmədən, əsas ideyanı aydın və təsirli şəkildə təqdim etməyi bacarıb. Bu isə gənc rəssamın artıq formalaşmaqda olan fərdi üslubunun göstəricisidir. Nəticə etibarilə, “Çiçəkli 8” sadəcə dekorativ bir tablo deyil, həyatın sonsuz axarını, qadınlığın gözəlliyini və təbiətin əbədi yenilənməsini özündə birləşdirən poetik bir vizual əsərdir. Türkan Hüseynlinin bu əsəri onun gələcək yaradıcılıq yolunda daha böyük uğurların müjdəçisi kimi qiymətləndirilə bilər. Yolun daim açıq və gül-çiçək olsun, Türkan xanım – rənglərin Şahzadəsi!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
-Ata, ata… qalx ata, işin yarımçıq qalıb… İşini qurtaranda mənə yağlı boya, bir də fırça alarsan. Yaxşı ata? Özü də heç kimlə göndərmə, özün gətir. Yaxşı?
-Yaxşı mənim mələk balam, özüm gətirəcəm.
-Söz verirsən? Bax, anam da yanımdadır, o da eşidir.
-Hə, Turan, mən də şahidəm. Mələk qızımızın sözünü yerə salma, yoxsa…
-Yoxsa nə? İnciyərsən? Yox gözəlim, mən buna imkan vermərəm… nə də dözə bilmərəm…
-Mənim mərd balam! Qalx, get vədinə əməl elə!
-Ana, sənsən? Nə qəribə geyimdəsən? Saçların rəngində…
-Burda hamı belə geyinir, mənim balam. Qalx igidim, işini sona çatdır!
-Qalxa bilmirəm ana…
-Ata… qalx da… fırça, boya yadından çıxmasın haa…
-Neynirsən onları qızım?
-Şuşa Qalasının şəklini çəkəcəm.
-Şuşa Qalasının? Sən Şuşanı görmüsən ki, mələk qızım?
-Həə, görürəm, indi görürəm. Qan içindədir… karandaşla cizgilərini də çəkmişəm… sən də ordasan…
-Göstər görüm! Bəs o səmadakılar nədir? Heç quşa oxşamırlar…
-Quş deyillər, ata. Onların ürəyi dəmirdəndir, qanadlarında ölüm daşıyırlar… Sən öz işini sona çatdır ki, onlar da yenidən quşa çevrilsinlər… qalx ata!
-Qalx Turan! Qalx, mənim həyatım!
-Qalx oğlum! Qalx igidim! Yoldaşlarını darda qoyma… sən onların son ümidisən…
-Hara gedirsiniz? Ana! Məni də gözlə!
-Yox! Sənin üçün bura gəlmək hələ tezdir. İşini başa çatdır…
-Ana… Aysel… Mələk…
… Əlli cürə səsin qarışığından beyni az qalırdı ki, parça-parça olsun. Özündən ixtiyarsız olaraq əlləri ilə başını var gücü ilə sıxırdı… Sıxdı, sıxdı və birdən bərkdən, lap bərkdən bağıraraq gözlərini açdı. Səsi qayalara çırpılıb qulaqlarına dolanda ayıldı. Başının üstündən Şuşa Qalasına tərəf uçan raketlər sanki mərmilərlə bəhsə girmişdilər… Onu ayılmağa sövq edən hansı qüvvə idi? Doğmalarının çağırışı, başı üzərindən sürətlə uçan mərmilərin, ya qulaqlarının uğultusu, yoxsa?… yoxsa öz bağırtısı, qəlbinin hayqırtısı?…
Nə olmuşdu, necə olmuşdu, indi o hardadır, niyə belə taqətsiz şəkildə uzanıb, onu saxlayan nədir, niyə qolları havadadır?… Əlləri salamat idi, ilk olaraq bunu dəqiqləşdirə bildi- əllərini yuxarıya qaldırıb öz gözləri ilə gördü. Bədəni, ayaqları daş kimi idi, keyimişdi. Təkcə sağ dabanında küt ağrını hiss edirdi. Yadına düşdü: onu güclü partlayışın dalğası geriyə tullayanda sağ dabanı nəyəsə ilişmişdi… bir də ki, havada uçduğu yadına düşdü… arxası üstə uçurdu… sonra… şaqqıltı səsi… onu kimsə qucağına alıb yuxarıya tulladı, yenidən qucağına aldı. Bu qucaq anasının qucağına həm bənzəyirdi, həm də yox- həm yumşaq idi, həm də yox… sonrası yadında deyildi… Sağ ayağı sallaq vəziyyətdə idi, sol ayağı nəyəsə ilişmişdi, başının üzərində nə isə yellənirdi. Bu ağac budağı deyildimi?! Budağı yana itələyib başına qaldırmağa cəhd elədi, başı çox ağır idi, 27 il çiyinləri üzərində şəstlə gəzdirdiyi başından çox-çox ağır idi. Lap zindan da olsa qaldırmalı idi, qaldıracaqdı, nəyin bahasına olursa olsun qaldırmalı idi ki, ətrafı müşahidə edə bilsin. Əllərini qabağa uzadıb başqa bir budaq tapdı, ondan bərk-bərk tutub özünə tərəf dartdı. İlk gözünə görünən qayalıq oldu- o, qayalıqdan asılı vəziyyətdə qalmışdı… Çətinliklə də olsa, oturaq vəziyyəti ala bildi. Ətrafa boylandı, ehtimalı tam təsdiqini tapdı- qayalıqdan sallanan bu ağac onu parça- parça olmaqdan xilas etmişdi. Bir neçə saat ərzində cəhənnəmə göndərdikləri onlarla ermənilərin leşlərindən fərqli olaraq onun cəsədinin qalıqları qurda-quşa qismət olmamışdı- Yaradana çox şükür! Bəs bu nə ağacı idi, belə şəraitsiz yerdə, qayaların şahlıq elədiyi bir məkanda necə bitib böyüyə bilmişdi? Gövdəsi Turanın biləyi qalınlığında olan bu ağac onun ağırlığına necə tab gətirmişdi?… Yulğun ağacının möhkəm və elastik olduğunu bilirdi. Rəhmətlik anasının yun çubuğu yulğun ağacının nazik budağından hazırlanmışdı. Bəs bu ağac?… özü də iynəyarpaqlı. Əgər meşə ağacı idisə, tikanları olmalı idi. Elə tikanlar ki, Turanın zirehli jiletinin metal lövhələri arasından da olsa özünə yol açıb onun bədənini deşməyə qadir tikanlar… Müvazinətini düzəldib qayalara tərəf irəlilədi. Daşlardan tuta-tuta yuxarıya qalxdı. Yolun kənarında dabanını zədələmiş daşı tanıya bildi. Çəkməsinin daban hissəsində daşın izi, daşın baş hissəsində isə çəkmənin izi qalmışdı. Snayper tüfəngi də daşa söykənib sahibini gözləyirdi. Sanki Turan özü söykəmişdi. Bilirdi ki, tüfəngdə güllə yoxdur. Elə bu səbəbdən də yola çıxmışdı- erməni leşlərinin ətrafında sahibsiz qalan silahlardan ən azı birini götürmək üçün. Lakin yaxınlıqda partlayan mərmi buna imkan verməmişdi… Yadına düşdü ki, mərmi Qismətin mövqeləndiyi yerin lap yaxınlığında partlayıb. Dərhal yolu keçib Qisməti axtarmaq istədi. Lakin Xankəndi istiqamətindən gələn tankın üstündən başına yağdırılan pulemyot güllələri buna imkan vermədi. Cəld bayaq ona badalaq atmış həmin daşın arxasına uzandı, daş indi onun xilaskarına çevrildi. Əlini kitelinin ürəyinin üstündəki cibinə saldı. Hər ehtimala qarşı saxladığı sonuncu güllə yerində idi. Döyüş yoldaşları hamısı belə edirdi, hələ üstünə ad və soyadlarının baş hərflərini də həkk edirdilər- hər ehtimala qarşı… Düşmən onu görmüşdümü, aydınlaşdırmaq mümkün deyildi, çünki, o, güllələri yol boyu sağa-sola səpələyirdi. Turanın isə yalnız bir dəfə atəş açmaq şansı vardı, yalnız bir dəfə… Güllə dığanın alnının ortasından dəydi, pulemyot dərhal susdu. Tank irəliləməkdə davam edirdi. Turan fürsətdən istifadə edib badi yoldaşının mövqeləndiyi yerə tələsdi. Lakin, gördüyü mənzərədən çox sarsıldı- Qismət şəhid olmuşdu, onun qumbaraatanı da bu səbəbdən susurdu…
-Qardaş! Niyə belə etdin, qardaş? Axı biz söz vermişdik- Cıdır düzündə, İsa bulağının qarşısında, Gövhər Ağa məscidində namaz qılıb önündə… şəkil çəkdirəcəydik… döyüşçü yoldaşlarımızla sənin toyuna gələcydik. Qardaş! Niyə əhdinə vəfasız çıxdın?…
…Tank yaxınlaşmaqda davam edirdi. Qismətin cəsədini arxası üstə yerə uzatdı, öz jiletini çıxarıb onun üstünə sərdi, bir ucu ilə üzünü örtdü. Qumbaraatanı götürüb yola çıxdı.
-Gəlin alçaqlar, görün qardaşlarımın qisasını sizdən necə alıram.
Bir qədər əvvəl Qismətin vurduğu, hələ də tüstülənən tank yolu bağlamışdı. Barıt iyi, yanmış cəsdlərin iyi bir-birinə qarışmışdı. Xankəndidən üzü yoxuşa, Şuşa istiqamətində qalxan asfalt yol belə cəsədlərin və alovlanan hərbi texnikaların aqibətinə şahidlik edirdi… Bu, yəqin ki, ermənilərin son həmləsi idi.
Turan bayaq arxasında uzandığı daşın yanında dayanmışdı, qumbaraatanı tanka tərəf tuşlayıb onun məhz tüstülənən tanka yanaşmasını gözləyirdi. Tank da elə həmin yerdə, Turanın istədiyi yerdə dayanıb lüləsini onun istiqamətinə yönəltmişdi. Mərmilər hər iki lülədən eyni anda çıxdı. İki mərmi qarşı-qarşıya uçurdu. Yolda bir-birlərinə tuş gələcək, ya yandan ötüb məqsədlərinə doğru irəliləyəcəkdilər? Hansı daha sürətli idi, ünvana daha tez çatacaqdı?…
Turan qumbaratanı qayalıqdan aşağı tullayıb özü də ardınca atılmışdı. Bu dəfə könüllü olaraq qayqlıqdan sallanan bayaqkı xilaskarına pənah aparırdı. İldırım sürətilə üstünə uçan mərmi buna imkan verəcəkdimi? Yol kənarındakı kollardan, üzü aşağı qaya daşlarından, uçurumun sonundakı ağacların budaqlarından sallanan, hələ qanları axan cəsədlərə, ya da ki, cəsəd qalıqlarına bənzər bir hala düşəcəkdimi? Əgər bütün bunlar heç biri baş verməsydi, bayaqkı ağac, həmin ağac, qayalıqda bitmiş o tənha ağac yenə də onun xilaskarına çevriləcəkdimi?!..
Turan son dəfə üzünü çevirib qala divarlarına tərəf boylana bildi. Bu o qədər ani bir zaman kəsiyində baş verdi ki, heç ən müasir elktron cihazlar belə həmin anın yaratdığı aydınlığı yaddaşında əks etdirməyə macal tapmazdı. Qala divarlarının başı üzərində səma tər-təmiz idi, daha o istiqamətdə dəmir ölüm quşları görünmürdü. Əks tərəfdə bir tank qülləsi alov donuna bürünüb uçuruma doğru yuvarlanırdı. Turan isə, hansı səbəbdənsə, qayalığı özünə yurd eləmiş o tənha ağaca pənah aparırdı…
Yazıçı şair Aysel Əliyevanın yeni kitabının təqdimatı olub
Bu gün Yazıçılar Birliyində tanınmış şair,yazar Aysel Əliyevanın Qırğızıstanda yenicə işıq üzü görən “Könül Dünyası” adlı şeirlər kitabının təqdimatı keçirilib.Təqdimatda Orta Asiya ölkələrinin şair,yazıçıları iştirak edib. Xatırladırıq ki, Əliyeva Aysel Nazim qızı Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Qırğızıstan Yazıçılar Birliyinin üzvü, Kərkük Kültür Dərnəyinin fəxri üzvüdür. Azərbaycanın “Qızıl Qələm” , Qırğızıstanın Çingiz Aytmatov “Qızıl Qələm” döş nişanı ilə təltif olunub. 2025- ci ildə Qırğızıstan Yazıçılar Birliyinin şer müsabiqəsində “Altın Qələm ” I dərəcəli diploma layiq görülmüşdür. Bundan əvvəl onun “Duyğu Dənizi”, “Qəlbimin Harayı” , “Xalqımızın Mehribanı” adlı şeir kitabları nəşr edilib. Onun şerləri qardaş ölkə Türkiyədə, o cümlədən Qırğızıstanda, İranda, Qazaxıstanda , Özbəkistanda yayımlanır. Bir çox ədəbi Antologiyalarda şerləri yer alıb. Şairin qəlbində Vətənə sevgi, Turan sevdası xüsusi yer almışdır. Qırğızıstanda yenicə işıq üzü görən “Könül Dünyası” adlı şeirlər kitabı Aysel Əliyevanın ( Aysel Nazim qızının) ədəbi yaradıcılığının uğurunun yeni bir başlanğıcıdır. Kitabın tərtibatı və nəşrinə Özbəkistanlı şair, yazıçı və ədəbiyyat səfiri Müqimcan Nurboyev köməklik göstərib . Kitabın üz qabığındakı əsərin müəllifi isə Azərbaycan Respublikasının əməkdar rəssamı, Təsviri sənət üzrə fəlsəfə doktoru Rəşad Mehdiyevdir.
Yazarlar.az olaraq, biz də öz növbəmizdə Aysel Əliyevanı təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
“Türk hissiyatlı, İslam etiqadlı, Avropa qiyafəli fədai”
Hər dəfə onun adı çəkiləndə ötən əsrin Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri- Əli bəy Hüseynzadənin aşağıdakı kəlmələri yadıma düşür: “Türk hissiyatlı, İslam etiqadlı, Avropa qiyafəli fədai.” Çünki o da avropa qiyafəsində türk qanlı, müsəlman etiqadlı, mütərəqqi düşüncəli, vətənini, xalqını, dövlətini dərindən sevən soydaşlarımızdan biridir. Bəzən adama elə gəlir ki, o heç vaxt dincəlmir, daim fəaliyyətdədir, yazıb yaradır…
Deyir ki:- “Yaxşı yadımdadır, illər öncə “Altun bitik” adlı kitabım işıq üzü görəndə çox yaxşı qarşılandı, hətta ona görə mənə Rəsul Rza Mükafatı da verdilər. Bizim ustad şairimiz Sabir Rüstəmxanlının iş otağında masaüstü kitab olduğunu gördüm. Rəhmətlik Robert Minnulinin timsalında Tatarıstanda belə rezonans doğurduğunun şahidi oldum. Bir çox insanların o kitaba münasibətindən demək olar ki, ortaq dillə bağlı ehtiyacı ifadə edə bilmişdik. Çox şadam ki, indi bu, fərdlərin yox, artıq ortaq türk qurumlarının qayğısına, vəzifəsinə çevrilib. İndi Türk Dövlətləri Təşkilatının yan qurumları kimi təqdim edə biləcəyimiz Beynəlxalq Türk Akademiyası var, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu var, həmin qurumların, onlarla əməkdaşlıq edən alimlərimizin çalışmaları var. Belə başa düşürəm ki, ortaq dil, ortaq əlifba mövzusu adını çəkdiyim qurum, quruluşlar və bizim qardaş ölkələrdəki elm-təhsil ocaqları da öndə olmaqla onların araşdırma mövzusudur. Bu məsələlər yalnız ədəbiyyatçılar, şair, yazıçılar tərəfindən həll oluna bilməz. Bizlər töhfə verə bilərik. Bu, elə məhz elmi və akademik münasibət tələb edir. Düşünürəm ki, sevda və peşəkarlıq hal-hazırda yanaşı getməlidir. Burada nə tələsə bilmərik, nə gecikə bilmərik. Bax, belə səssiz və sakit bir şəkildə bu prosesin irəliləyəcəyinə inanıram.”
Nə işlə məşğul olduğunu, hansı ideyaya qulluq etdiyini yaxşı bilir. İdeya uğrunda çalışmağın nələrə qadir olduğundan, gördüyü işlərin necə nəticələnəcəyindən də xəbərdardır. Yaradıcılıq- deyəndə o, yalnız şeir, hekayə yazmağı nəzərdə tutmur, ümumiyyətlə, ədəbiyyatda, ədəbi əlaqələrdə bəlli bir tarix yaratmağa çalışır…
“Dil mövzusunda orta asiyalı qardaşlarımızın bəzi məsələlərdə şansı bizdən daha çoxdur. Bilirsinizmi, bizim coğrafiyada- Anadoluda, otaylı bu taylı Azərbaycanda, Özbəkistanda ərəb-fars sözləri dilin ritmini pozan elementlərlə daxil olub. Ancaq qazaxlarda, qırğızlarda, Rusiya Federasiyasında yaşayan türk xalqlarında dil daha özünəməxsus şəkildə və öz ilkinliyini qoruyub saxlayıb. Əlbəttə, dünyada başqa dillərdən söz almamış dil yoxdur, bütün dillər söz alış-verişində olublar. Ancaq biz bu gün görürük ki, öz türkcəmizdə başqa alternativ özgə sözlərdən istifadə edirik. Ortaq türkcə mövzusunda təkcə bizim respublika deyil, ondan öncəki dövrlərdə Anadoluda və başqa ölkələrdə türkologiya üzrə araşdırmalar da olub. 1926-cı ildə birinci türkologiya Qurultayı da Bakıda keçirilmişdir. Hazırda Beynəlxalq Türk Akademiyası dil mövzusunda çox yaxşı təhsil vəsaitləri və dərsliklər üzrə ciddi çalışır. Son vaxtlar görürük ki, bu bayraqdarlıq Azərbaycanın və Türkiyənin əlindədir. Biz bu məsələdə universal ortama gəlib çıxmışıq. Biz yeni bir dil yaratmırıq, hələlik ən çox daşıyıcısı olan, təsərrüfat baxımından Türkiyə türkcəsi faktiki olaraq ortaq dil statusuna malikdir. Ancaq digər türkcələrimizin də zaman-zaman bir birinə söz alış-verişinin intensivləşməyinə, yeni söz yaradıcılığına, arxaikləşmiş sözlərin lüğət tərkibimizdən çıxarılmasına ehtiyac var. Bu məsələdə şairlərimizin, medialarımızın, filmlərimizin rolu çox böyükdür. Gəlin etiraf edək, türkiyəli qardaşlarımızın sayəsində türk sineması türk ölkələrinə xeyli yeni adlar, deyimlər, üslüblar bəxş edir. Biz o kino sənayesindən faydalanmalıyıq. Biz bu ortaq türkcə ideyamızı ortaq keçmişdən ortaq gələcəyə gedən yolumuza inkişaf etdirməliyik…”- söyləyir.
Maraqlı və məzmunlu insandır. Özünü daha çox, məhz türkçülüyə həsr edib və bu yolda xeyli əziyyətlərə də qatlaşıb. Mehriban, səmimi, təvazökardır. Sürətli düşünə bilir, hadisələrə obyektiv yanaşmağı bacarır. Araşdırma məsələlərində pərgardır, real faktlara istinad edir. Necə deyərlər, boş-boş şeylərə vaxt ayırmağa onun nə zamanı var, nə də həvəsi. Cəmiyyət içində rəftarı və davranışı ilə örnək ziyalılardandır…
Deyir ki:- “Bizdə son illərə qədər türk dünyası deyiləndə, heç vaxt Güneydən danışılmırdı. İlk dəfə Güney Azərbaycan yazarlarını türk dünyası yazarları sisteminə aid edən əsas qurumlardan biri Dünya Gənc Türk Yazarlar Birliyi oldu. Ola bilər ki, Güneydəki mövcud ictimai-siyasi durumlardan dolayı bəzi yazarlarımızı təzyiqə məruz qoymamaq üçün belə addımlar atılırdı, mən kiminsə işinə kölgə salmaq istəmirəm, ancaq, nəhayətdə, bu işi biz həyata keçirdik. Güney Azərbaycansız, Təbrizsiz, Ərdəbilsiz, Savalan ruhu olmadan, nə türk dünyası birliyi ola bilər? İndi güney və türk dünyası mövzusu bir çox öyrəşmədiyimiz ünvanlardan da tirajlanmaqdadır, əlbəttə, mən daha çox yazarlar dünyasını nəzərdə tuturam. Ancaq bunu da təqdir edirəm ki, bir zaman biz Türk Dünyası deyəndə, Güney Azərbaycan deyəndə, bizə xəyalpərəst kimi baxan, lağlağı edənlərə, indi görürəm ki, daha çox güneyçi türkçüdürlər. Qoy olsun, bu ziyanlı deyil, nəticə etibarilə, bəlkə də, bir faydaları oldu, amma kaş ki, daha səmimi bir ortamda bu işi görsünlər. Hazırda bizi daha ruhlandıran, güc verən ən əsas amil dövlətin münasibətidir…”
Bəli, haqqında söhbət açdığım Əkbər Qoşalı maraqlı və məzmunlu aydınlarımızdandır. Bir söhbətlə onun fəaliyyətini əhatə etmək qeyri-mümkündür. Onun barəsində danışarkən, gərək həyatını, yaradıcılığını, xidmətlərini hissələrə bölüb saatlarla ərz edəsən…
Əkbər Qoşalı 1973-cü ildə Tovuz rayonunun Qoşa kəndində anadan olub. Orta təhsilini əvvəlcə həmin kənddə, sonra isə Çatax kənd orta məktəbində alıb. 1995-ci ildə indiki Azərbaycan Texniki Universitetini “Elektronika mühəndisi” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1998-2001-ci illərdə isə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi” istiqaməti üzrə ikinci ali təhsilə yiyələnib. On beşdən çox kitabın müəllifidir. Xidmətləri müxtəlif mükafatlara, o cümlədən “Tərəqqi” medalına layiq görülüb…
Aprelin 3-ü yazıçı, publisist, şair Əkbər Qoşalının 53 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayıram…