
Rənglərin hüzuru
Deyirlər ki, insan bəzən danışa bilmədiklərini rənglərlə hopdurur. O da elə insanlardan biri idi.
(esse)
İllər boyu kətan lövhələrinin qarşısında durmuş, içində qopan fırtınaları rənglərə çevirmişdi. Çəkdiyi rəsmlərdə dağlar, yollar, insanlar vardı. Amma əslində o, heç vaxt onları çəkmirdi. O, öz yaralarını çəkirdi.
Rəssam insanlığın söndüyü bir şəhərdə yaşayırdı. O şəhərdə hər kəs gülümsəyirdi, amma gülüşlərin arxasında yorğunluq gizlənirdi. Sözlər mehriban idi, amma niyyətlər qaranlıq. İnsanlar bir-birinə toxunmurdu, bir-birini tükədirdi.
O isə həmişə haqqı deməyə çalışırdı. Nə qədər çətin olsa da. Amma haqqı dediyi hər gün sanki taleyi ona yeni bir sınaq göndərirdi. Bir qapı üzünə bağlanırdı, bir dost uzaqlaşırdı, bir ümid dağılırdı. Bəzən elə olurdu ki, susanların rahat yaşadığını görüb öz-özünə soruşurdu:
“Görəsən, səhv edən mənəm?”
Lakin yenə də susa bilmirdi.
Zaman keçdi.
Bir gün doğulduğu torpaqları arxada qoydu. Qərib bir ölkəyə yollandı. Heç kimin onu tanımadığı, heç bir küçənin uşaqlığını xatırlatmadığı uzaq bir yerə.
Amma hara getsə də, o şəhərin kölgəsi onun içindən çıxmadı.
Ruhu artıq yorulmuşdu.
Rəngləri solmuşdu.
Kətanları daha sakit idi…
Bir gecə yarımçıq qalmış rəsmin qarşısında dayanıb uzun müddət baxdı. Sonra pıçıltı ilə dedi:
- Tanrı, niyə haqqı deyənlərin yolu daha daşlı olur?
Sükut.
- Niyə insan ən çox öz vətənindən uzaqda qocalır?
Yenə sükut.
Bəlkə də Tanrı cavabı sözlə yox, zamanla verirdi.
O gecə son rəsmini çəkməyə başladı.
Kətanın bir tərəfində uzaqda qalan vətən vardı. O biri tərəfində isə yad torpaqlar. Bu iki yurdun arasında sonsuz görünən bir yol uzanırdı. Uzanan yol bu iki yurdu heç vaxt birləşdirməyəcəkdi. Rəssam isə iki yol arasında məskən salmışdı.
Rəsm tamamlananda fırçanı yerə qoydu.
Otaqda qəribə bir sakitlik vardı.
Sanki illərlə içində yatan yorğunluğunu kətana köçürmüşdü.
Amma özü də bilmirdi ki, bu rahatlığı xoşbəxtlik adlandırmaq olarmı? Çünki arzuya çatmaq hələ xoşbəxt olmaq demək deyildi.
Qaçmaq istədiyi o vətənin nisgili isə ürəyində sağalmayan bir yara salmışdı.
Bəzi yaralar zamanla bağlanar, bəziləri isə insanın taleyinə çevrilərdi. Onun yarası da elə yaralardan idi.
Müəllif: Dəniz Aslanlı
Dəniz Aslanlının digər yazıları
Oxuyun >> Gözündə tük var