
İMZANIN ARXASINDAKI ADAM
(Ayətxan Ziyadın 57 illik yaradıcılıq yoluna işıq salan
“İmza – bu günün kimliyi, sabahın zamansız ekosistemi”
kitabı çapa hazırlanır)
İmza – müəllifin adını bildirən simvoldan daha geniş məna daşıyır. O, insanın sözə münasibətini, düşüncə tərzini, fəaliyyət istiqamətini və zaman qarşısında mövqeyini ifadə edir. Hər imzanın arxasında bir ömür, həmin ömrün təcrübəsi, axtarışları və müəyyənləşdirdiyi mənəvi-intellektual meyarlar dayanır. Lakin imzanın həqiqi məzmunu heç də yalnız müəllifin yaşadığı dövrlə məhdudlaşmır, yazılan sözün, yaradılan əsərin və irəli sürülən fikrin sonrakı nəsillər üçün hansı məna daşıması da bu məzmunun tərkib hissəsidir.
“İmza – bu günün kimliyi, sabahın zamansız ekosistemi” toplusu bu münasibətləri Ayətxan Ziyadın yaradıcılığı və çoxşaxəli fəaliyyəti əsasında araşdırmaq məqsədi daşıyır. Kitabın əsas istiqaməti bir müəllifin bioqrafik və yaradıcılıq məlumatlarını toplamaqla kifayətlənmək deyil, onun müxtəlif janrlarda qələmə aldığı əsərlərdə ifadə olunan insan, cəmiyyət, yaddaş, mənəviyyat və həqiqət anlayışlarını bütöv şəkildə nəzərdən keçirməkdir. Burada cavab gözləyən sual belədir: “Ayətxan Ziyad” imzası Azərbaycan jurnalistikası, publisistikası, ədəbiyyatı və elmi düşüncəsi üçün kimdir?
Sualı cavablandırmaq üçün müəllifin yaradıcılığına yalnız ayrı-ayrı mətnlərin məcmusu kimi yanaşmaq kifayət etmir. Şəxsiyyətin düşüncə xüsusiyyətləri, həyata baxışı, ictimai mövqeyi və mənəvi meyarları müxtəlif yazılarda fərqli şəkildə üzə çıxır. Bəzən bir məqalədə ifadə olunan fikir başqa bir əsərdə bədii obraz, tarixi hadisəyə münasibət və ya insan taleyinin təhlili vasitəsilə yeni məna çaları qazanır. Buna görə də, A.Ziyadın yaradıcılığının bütöv mənzərəsini müəyyənləşdirmək üçün onun publisistik, elmi və ədəbi-tənqidi mətnlərini qarşılıqlı əlaqədə nəzərdən keçirmək vacibdir.
Kitabdakı bölümlərdən birinin “Sözün çoxqatlı yaddaşı və Ayətxan Ziyad yaradıcılığının poetik-fəlsəfi arxeologiyası” adlandırılması da bu yanaşmadan irəli gəlir.
“Mahiyyətin iki üzü: mənəviyyat və idrak” bölməsində müəllifin şəxsiyyətini, sənət dünyasını və sözə münasibətini müxtəlif istiqamətlərdən araşdıran məqalələr bir araya gətirilib. Bu yazılar A.Ziyadı yalnız müəyyən əsərlərin müəllifi kimi deyil, düşünən, müşahidə edən, araşdıran və öz qənaətlərini oxucu ilə bölüşən bir şəxsiyyət kimi təqdim edir. Burada ömür və insanlıq anlayışları, yaradıcılıqla şəxsiyyət arasındakı əlaqə, Azərbaycan yazısında müəllif imzasının yeri, jurnalistika, yazıçılıq və tədqiqatçılığın ortaq cəhətləri, eləcə də sözün həqiqət qarşısında məsuliyyəti əsas müzakirə istiqamətləridir.
“Sözün yaddaş arxeologiyası: ‘Ayətxan Ziyad’ imzasının fəlsəfi qatları” bölməsi isə bu axtarışı nəzəri və fəlsəfi müstəviyə keçirir. On fəlsəfi qatda sözün çəkisi, bilik və tarix, zaman və şüur, tənqid, tarixi yaddaş, elmi bütövlük, mənəvi-intellektual məsuliyyət, daxili təcrübə, uşaqlıq yaddaşı və əsərin müəllifdən sonrakı taleyi kimi məsələlər araşdırılır. Mişel Fukonun bilik arxeologiyası və Anri Berqsonun zaman nəzəriyyəsi də daxil olmaqla, fəlsəfi yanaşmalar müəllifin mətnlərini hazır nəzəri qəliblərə salmaq üçün deyil, onların məna qatlarını daha dərindən anlamaq üçün nəzərdən keçirilir. Təhlillərdən məqsəd fəlsəfi anlayışları nümayiş etdirmək yox, həmin anlayışların A.Ziyadın yaradıcılığında hansı sualları meydana çıxardığını və hansı düşüncə əlaqələrini aydınlaşdırdığını göstərməkdir.
Kitabda müxtəlif illərdə yazılmış təbrik və mesajlardan bəhs edən bölmə də ümumi məzmun daxilində özünəməxsus yer tutur. Belə mətnlər ilk baxışda gündəlik ünsiyyət nümunələri təsiri bağışlaya bilər. Lakin onların dilindəki münasibət, seçilən ifadələr və müraciət olunan şəxslərə yanaşma müəllifin insanlarla əlaqələrini, ünsiyyət mədəniyyətini və şəxsi münasibətlərə verdiyi dəyəri müəyyən dərəcədə əks etdirir. Bu baxımdan onlar yaradıcılığın yalnız ədəbi və elmi mətnlərdə deyil, gündəlik söz münasibətlərində də təzahür edən tərəfini anlamağa kömək edir.
Kitabdakı məqalələr və nəzəri təhlilləri birləşdirən əsas xətt “Ayətxan Ziyad” imzasının arxasında dayanan şəxsiyyəti, düşüncə tərzini və yaradıcılıq mövqeyini müəyyənləşdirməkdir. Bu baxımdan təqdim olunan bölümlər vahid suala müxtəlif tərəflərdən cavab axtarır: “Müəllifin sözü hansı həyat təcrübəsindən doğur?” “Hansı dəyərləri ifadə edir və zaman keçdikcə hansı mənaları qoruyub saxlaya bilər?”
Kitabın adındakı “bu günün kimliyi” ifadəsi müəllifin yaşadığı dövrlə, ictimai mühitlə və həmin mühitdə tutduğu mövqe ilə əlaqəlidir. Hər bir yaradıcı şəxsiyyət öz zamanının dilində danışır, onun problemlərinə münasibət bildirir və müşahidə etdiyi gerçəkliyi öz düşüncə süzgəcindən keçirir. Lakin müəllifin kimliyi yalnız yaşadığı dövrə verdiyi cavablarla müəyyənləşmir. Onun bu gün yazdıqlarının sabah necə oxunacağı, hansı fikirlərin yeni suallar doğuracağı və hansı mətnlərin sonrakı oxucular üçün əhəmiyyət qazanacağı da imzanın məzmununa daxildir.
“Sabahın zamansız ekosistemi” anlayışı isə bu kontekstdə sözün və yaradıcılıq irsinin zamanla münasibətini ifadə edir. Burada söhbət əsərlərin zaman xaricində mövcud olmasından deyil, onların müxtəlif dövrlərdə yenidən oxunmaq, başqa suallar doğurmaq və yeni mənalar qazanmaq imkanından gedir.
Hər mətn gələcəyə eyni dərəcədə təsir göstərmir. Onun davamlılığı mövzunun aktuallığı ilə yanaşı, insanı anlamaq gücündən, həqiqətə münasibətindən və sonrakı oxucunun düşüncəsində yarada bildiyi məna ilə də bağlıdır. Buna görə də, imzanın gələcəkdəki yeri əvvəlcədən müəyyənləşdirilmiş nəticə deyil; əsərlərin məzmunu, sənət xüsusiyyətləri və zamanla qurduğu münasibət əsasında formalaşan bir prosesdir.
Bu kitab Ayətxan Ziyadın yaradıcılığını həmin prosesin daxilində nəzərdən keçirməyə çalışır. Məqsəd müəllifin fəaliyyətini mübaliğəli ifadələrlə təqdim etmək və onun yaradıcılığına əvvəlcədən müəyyənləşdirilmiş qiymət vermək deyil. Əsas məqsəd mətnlərə əsaslanmaq, müxtəlif yaradıcılıq sahələri arasındakı əlaqələri göstərmək və oxucunun özü üçün də qənaətə gəlməsinə imkan yaratmaqdır. Çünki yaradıcı şəxs haqqında əsaslı fikir mübaliğəli mülahizələrlə deyil, əsərlərin məzmununu, düşüncə xüsusiyyətlərini və ifadə imkanlarını araşdırmaqla formalaşır.
“İmza – bu günün kimliyi, sabahın zamansız ekosistemi” kitabı da məhz bu niyyətlə qələmə alınıb. O, Ayətxan Ziyadın şəxsiyyətini və yaradıcılığını bir neçə istiqamətdən dəyərləndirməklə, müəllif imzasının hansı mənəvi və intellektual təcrübədən yarandığını, müxtəlif janrlarda necə təzahür etdiyini və gələcək oxucu üçün hansı düşüncə imkanları açdığını müəyyənləşdirməyə yönəlir.
Nəticədə, imza yalnız yazılmış mətnin altında duran ad deyil. O, müəllifin sözə münasibətində, gerçəklikdən seçdiyi məqamlarda, insan talelərinə yanaşmasında və fikirlərinə görə daşıdığı məsuliyyətdə formalaşır. Bu məsuliyyətin gələcəyə ötürülməsi isə yazının zamanla münasibətindən asılıdır. Kitabın əsas düşüncə istiqaməti də burada cəmlənir: bu günün müəllif kimliyini anlamaq üçün onun yaratdıqlarına baxmaq, sabah üçün hansı mənaların qala biləcəyini müəyyənləşdirmək üçün isə həmin əsərləri diqqətlə oxumaq və təhlil etmək lazımdır.
***
A.Ziyadın peşəkar yazıçı-jurnalist, tədqiqatçı ömrünü üç mərhələdə təsnifatlandırmaq olar:
– 1969-2001-ci illər. Bu illərin əhatəsində öncə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində (indi QSC), sonra respublikanın müxtəlif qəzet və jurnallarında çalışmış, yaxud çap olunmuşdur;
– 2001-ci ildən yaradıcılığına kitab nəşri də daxil olub. “Sənsiz, yaxud Arifsizlikdə ötən ömür” kitabı ilə açılan bu səhifə bu gün 30-dan çox kitabla davam etdirilməkdədir.
– 2015-ci ildən bu ömürə elmi tədqiqatla məşğul olmaq kimi bir missiya da əlavə olunub.
Bu da xüsusi qeyd olunmalıdır ki, Azərbaycan ədəbiyyatında və jurnalistikasında “dissident ədəbiyyatı” və “Azərbaycan səlcuqları” mövzuları ilk dəfə A.Ziyad tərəfindən tədqiq edilmişdir.
Kimdir Ayətxan Ziyad İsgəndərov? Bu sualı daha təfərrüatı ilə “Bu mənəm – Ayətxan Ziyad” kitabında yazıçı-jurnalist, tədqiqatçının özü cavablandırıb.
AzTV-də işlədiyi müddətdə Azərbaycan LKGİ MK (VLKSM MK) Komsomol Projektoru Qərargahının üzvü, AzTV Azad Həmkarlar Komitəsinin üzvü, AzTV Bağçılıq-bostançılıq təsərrüfatının sədri, AzTV DOSAAF-n sədri, AzTV Xalq Drujinası Qərargahının sədri (və s.) kimi ictimai işlərdə fəallıq göstərmişdir;
– 1979-cu ildə Gənc Jurnalistlərin II Ümumittifaq Qurultayının nümayəndəsi olmuşdur (Moskva şəhərində keçirilmişdir);
– Ümumittifaq Teleradio Verilişləri Komitəsində (Moskva)yaradıcılıq təcrübəsi keçmış, kosmonavtların Baykanur Kosmodromunda (Moskva)olmuşdur;
– I Qarabağ müharibəsinin ilk günlərindən Atəşkəsə qədər (6 il sərasər) hər ayın 7-10 gününü cəbhə bölgələrində olmuş, Azərbaycan ordusunun döyüş yolunu tarixiləşdirən efir materialları ilə çıxış etmişdir.
– AzTV-də Hərbi Proqramlar və Salnamə baş redaksiyası yaradılmasının təşəbbüskarından olmuşdur.
– 2000-ci il parlament seçkilərində deputatlığa namizəd olmuşdur.
– “XX əsr Azərbaycan yazıçıları” ensiklopediyasında barəsində yazılmışdır.
– Haqqında vikipediya yaradılmışdır.
1980-ci ildən SSRİ Jurnalistlər İttifaqının, 2010-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2015-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Mükafatları
– 1980-ci ildə Azərbaycan LKGİ MK-nın Fəxri Fərmanını almışdır;
– Azərbaycanlı əsgər Rahib Məmmədova həsr etdiyi “Əfsanəyə dönən ömür” adlı radio verilişi pul mükafatı və əmək kitabçasına yazılmaqla dəyərləndirilmiş, verilişin mətni “Ölməzlik” toplusunda nəşr edilmişdir (Bakı-Azərnəşr-1989. Səh: 60-67);
– Hərbi-vətənpərvərlik mövzusunda yazan jurnalistlərin yaradıcılıq müsabiqəsində “Ədalət” qəzetinin xüsusi mükafatını almışdır;
– 2012-ci ildə «Əsrin ziyalıları» Xeyriyyə İctimai Birliyinin «İlin alimi – İlin ziyalısı» diplomu,
– 2019-cu ildə “Qafqaz-Media” İB-nın təsis etdiyi “İlhamlı Azərbaycan” diplomu,
– 2021-ci ildə 70 yaşı münasibəti ilə ADPU ETM-in kollektivi tərəfindən məxsusi ödül ilə mükafatlandırılmışdır.
– 2021-ci ildən “Yazarlar”ın redaksiya heyətinin üzvüdür.
– 2021-ci ildə WWW/YAZARLAR/AZ-ın fəxri üzvü seçilmiş, “Ziyadar”, 2022-ci ildə “Bayram Bayramov” və “Vinstsas” diplomlarna, 28.09.2026-cı ildə “Yazarlar” jurnalının “Durna teli – Qızıl qələm”, 02.10.2026-cı ildə “Yazarlar”ın “Əsrin yazarı” ödülünə layiq görülmüşdür.
Peşəkar jurnalist olduğu kimi,
həm də peşəkar redaktordur
Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Jurnalistika fakültəsini bitirəndən (1975-ci ildən bugünə qədər) redaktor işi əmək fəaliyyətinin tərkib hissəsi olub. Deyir, yazdığını əgər pozmağa “gücün” çatmırsa, səndən qələm sahibi çıxmaz. Öz yazılarına isə ən azı üç dəfə “qənim” kəsilir. Həm də yazdıqlarının üzərində o qədərdə “şəkil çəkir” ki (redəktə nəzərdə tutulur), redəktəsini özündən savayı kim isə çətinliklə baş açıb islah edə (nizama sala) bilir. Redəktə işi üçün həmişə 70 il dünyaya meydan oxumuş SSRİ-nin yaradıcısı Vladimir İliç Ulyanovun (Leninin) təqribən bu məzmundakı kəlmələrini nümunə çəkir: “Vaxtım olmadığı üçün uzun alındı”.
2013-cü ildə redaktoru olduğu və “Ön söz” yazdığı Reyhan Miqdadqızının kitabına xoş ovqatlı bir ad “bağışlayıb”: “Sevgim bir yaşıl yarpaq, ətri məndən”. Deyir, “İstədim oxucu bilsin ilk kitab müəllifi olan R.Miqdadqızının sevgisinə həyatın hansı rəngləri qatılıb”. 2019-cu ildə Ankarada nəşr edilmiş kitabına da bənzər ad qoyub: “Ömrüm bir yaşıl yarpaq, rəngləri mənimkidi”.
Bəs yarım əsri adlayan yaradıcılıq ömrü yaşayan Ayətxan Ziyadın (İsgəndərov) öz ömür yolu həyatın hansı rənglərini özünə hopdurub? Həyatın hansı rənglərinin sınağından və qınağından keçib bu ömür sahibi? “Bu mənəm – Ayətxan Ziyad” adda kitabında müəllif özü bu sorğunu cavablandırmağa çalışıb.
…A.Ziyad bu gün də sutkanın 16-18 saatını yorulub-usanmaq bilməyən enerji ilə qələmə sarılıdır. Bu, şablon, söz xatirinə deyilən söz deyil, söylənilənləri fakt olaraq Ayətxan Ziyadı tanıyıb-bilənlərin hamısı görür, ərsəyə gətirdiyi kitablar buna şahidlik edir.
AVMVİB, AJB və AYB-nin üzvü,
“Yazarlar” jurnalının baş redaktoru, şair-publisist.
Oxuyun >> Gözündə tük var