TƏRANƏ DƏMİRİN YENİ ŞEİRLƏRİ

UŞAQLIQ ŞƏKİLLƏRİMƏ

Hamı şəkillərdə köhnə   vaxtdadı, 
Hamı gözlərində gülüş dayanıb.
Hamı  məhəbbətlə sığallanıbdı,
Hamı yanağında öpüş dayanıb.

Nimdaş paltarında,  təzə  donunda
Necə bəxtəvərdi şəkil uşaqlar.
Elə bil tərtəmiz göz ekranıyla
Sevincin rəsmini çəkir uşaqlar.

Heç kimin dünyadan xəbəri yoxdu,
Xoşbəxtdi çərçivə içində hamı.
Keçmiş zamandadı burda hər nə var,
Burda salamlayır illər adamı.

Hələ sabahından xəbərsiz baxır
Şəkildən üzümə gülən uşaqlar.
Hamısı  bir boyda ,bir biçimdədi–
Qaraşın uşaqlar, kürən uşaqlar.

Hələ  günahsızdı, hələ  qınaqsız, 
Hələ  ürəyimiz girov düşməyib.
Hələ bant bağlayıb saçına qızlar,
Hələ ki, oğlanlar kişiləşməyib.

Hələ yol gedirik sabaha sarı,
Hələ ki, aldadır nağıllar bizi.
Hələ ki, şeytanlar, cinlər  yol  gəlir,
Hələ ki, axtarır  paxıllar bizi.

Başımız qarışıb   qovub tutmağa,
Yoruruq yolları, qayalıqları.
Hələ keçməmişik  həsrət  içindən,
Hələ dadmamışıq ayrılıqları.

Hamı şəkillərdə köhnə vaxtdadı,
Hamı gözlərində gülüş dayanıb.
Hamı sevgi ilə sığallanıbdı,
Hamı yanağında öpüş dayanıb.

BU KƏND QOCALIB

Biz kənddən çıxanda bahardı hələ,
Hələ bu yerlərin çiçək çağıydı.
Hələ oğlanların dəli, havalı,
Qızların tərtəmiz  mələk çağıydı.

Qayıdıb gələndə gördüm yaz hanı?
Bu kəndin çəməni , otu qocalıb.
Qocalıb böyürkən kollarınacan,
Pişiyi qocalıb, iti qocalıb.

Mənim gəlişimə sevinmədi heç,
 Yollar  tanımadı məni  deyəsən.
Yadından çıxmışam torpağın, daşın,
Dumanın, çiskinin , çənin deyəsən.

Suvağı tökülən köhnə evlərin 
Qapısı qocalıb, damı qocalıb.
Məni tanımadı təzə qonşular,
Məni tanıyanlar hamı qocalıb.

Üşüdüm buz kimi baxışın altda,
Yer tapa bilmədim özümə burda.
Düşdü baxışlarım fikir toruna,
Durdu xatirələr üzümə burda.

Bu kənddən çıxanda bahardı hələ,
Hələ bu yerlərin çiçək çağıydı.
Hələ oğlanların dəli, havalı,
Qızların tərtəmiz, mələk çağıydı.

BİZİMDİ

Bu günü təqvimdən oğurlamışıq,
Bu günəş bizimdi, bu səhər bizim.
Bu yol, bu ağaclar, bu daş, bu divar,
Bu küçə bizimdi, bu şəhər bizim.

Səni ovuduram baxışlarımla,
Həsrətin ağrısı canından çıxır.
Bu gün Yer də bizim, Göy də bizimdi,
Bu gün başımıza səadət yağır.

Bizi unutmayıb sahil deyəsən,
Bizi xatırlayır görüş yerimiz.
Bu gün od vurmuşuq xatirələrə,
Bu gün yandırmışıq ayrılığı biz.

Dalğalar sahilə çırpır özünü,
Bizi salamlayır dəniz beləcə.
…Hələ ki, sabaha bir ömür qalıb,
Gəl tut əllərimdən bu gündən keçək.

İNDİ BU PAYIZDAN …

İndi bu payızdan şəhid qoxusu,
İndi bu payızdan qan iyi gəlir.
Nə dilin dönür ki, yamanlayasan,
Nə də gəlişini  sevməyin gəlir.

Həsrət havası var çöldə, bayırda,
Boşalır buludlar, dolur buludlar.
Torpaq qol götürüb oynayan anda
Başının üstünü alır buludlar.

Neçə arzu yatır xəzəlin altda,
Üstünü, başını örtüb gedirik.
Hələ ki, gizlənib günəş buludda,
Küləkdən , yağışdan tutub gedirik.

İndi bu payızın sevdası ayrı, 
İndi bu payısın odu başqadı.
İndi bu payızın mayası ayrı,
İndi bu payızın dadı başqadı.

Küsübdü dərələr, dağlar adamdan,
Yamaclar qanrılıb üzünə baxmır.
Şair olduğun da çıxır yadından,
Qələm də, varaq da sözünə baxmır.

İndi bu payızdan şəhid qoxusu,
İndi bu payızdan qan iyi gəlir.
Nə dilin dönür ki, yamanlayasan,
Nə də  gəlişini  sevməyin gəlir.

ALDADIR SƏNİ

Bu dünyanın  sonu bəlli, 
Başı da aldadır səni.
Çiçəyi də, çəməni də,
Daşı da aldadır səni.

Özündən baş açmır özü,
Hər yan savaş, hər yan hüzün,
Başına dəysin dolusu , 
Boşu da aldadır səni.

Gələri var, gedəri var,
Ziyanı  var,  xətəri var, 
Qurunun nə xəbəri var-
Yaşı da aldadır səni.

Nəfəsi  də   borc ,sələmdi,
Alıb vermək dərd, ələmdi, 
Baharı ayrı aləmdi,
Qışı da aldadır səni.

QOCA

 Yol-yol, küçə- küçə sürünən qoca,
Əlin ətəyindən  uzun  ,gedirsən.
Bəlkə neçə- neçə günahlarından,
Bəlkə savabından küsüb gedirsən.

Ləpirin yollardan utanır, bəlkə
Yollar da utanır izindən sənin.
Elə töyşüyürsən, sanki bu dünya 
Asılıb  bu yorğun  dizindən sənin.

Köhnə papağın da başından  düşür,
Papaq  da   yekədi başından,  qoca.
Göy üzü qapısın açıb haçandı,
Səni kim alacaq qışından, qoca

Bu şəhər, bu küçə, bu it, bu pişik
Topal  yerişindən  tanıyır səni.
Bəlkə də yanından keçən cavanlar
Qəlbində o ki var qınayır səni.

Sökük çəkmələrin yorub yolları,
Bezibdi bu şəhər, bu küçə səndən.
Bu daşlar, divarlar, evlər, ağaclar
Şəkil çəkdirirlər gizlicə sənnən.

Daha arzular da yorğun düşüblər,
Əlindən  tutmağa  gücü qalmayıb.
Şəhərin başına dolanıb ömrün, 
Daha  aldanmağa  küçə qalmayıb.

Özün də bilmirsən nə istəyirsən,
Hayana sürüyür ürəyin səni?
Sağından, solundan gözəllər keçir,
Vurur saçlarının küləyi səni.

Şəhərin  səs-küylü  küçələrində 
Küləklə, yağışla  sevişən qoca.
Çəlik ayaqların sözünə baxmır,
Alçaqda, çökəkdə sürüşən qoca.

ADAM BU PAYIZDA ÖLƏ, İLAHİ.

Adam bu payızda ölə, İlahi,
Üstünü xəzəllə  torpaqlayalar.
Vaxt gələ ,  yerində  ağaclar bitə,
Sonra budaq -budaq yarpaqlayalar.

Təzədən doğasan bir ağac kimi,
Dünyanın səninlə işi olmaya.
Yanında hərlənə  qurdlar , köpəklər,
Sənə batırmağa dişi olmaya.

Sakitcə dolana dünya başına,
Sən də  ağac kimi  durub baxasan .
Heç kim tanımaya bu baxışları,
Yiyəsiz baxasan, qərib baxasan.

Başına  yığışa gəlib keçənlər,
Hamı kölgə uma ağac adamdan.
Təpədən dırnağa tərsiz, tumarsız,
Bu susuz  adamdan, bu ac adamdan.

Günəş  budağında  çiçək toxuya,
Əl atıb gülündən öpələr sənin.
Dadın çıxarasan bu azadlığın–
Bu dağlar, dərələr, təpələr sənin.

Adam bu payızda ölə, İlahi,
Üstünü xəzəllə torpaqlayalar.
Vaxt gələ, yerində ağaclar bitə,
Sonra budaq-budaq yarpaqlayalar.

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI

QULU AĞSƏSİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir